14 Mart 2025

Cümə, 23:32

PROQRESSİV ƏLAQƏLƏR

Azərbaycanla Rusiya ticari -iqtisadi münasibətlərdə regional liderliyi qoruyurlar

Müəllif:

15.07.2009

Bu gün əminliklə demək olar ki, Azərbaycan-Rusiya iqtisadi münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. İki ölkə arasında keçən ay bağlanmış qaz sazişi göstərdi ki, Avropa bazarlarına istiqamətlənməsinə baxmayaraq, ticarət-iqtisadiyyat sahəsində Azərbaycan üçün Rusiya yenə də birinciliyini qoruyur. Bu həm də onunla sübut edilir ki, bizim ölkə üçün asan və qonşu dövlət üçün nisbətən ağır formada yaşanan qlobal böhrana, ticarət dövriyyəsinin azalmasına baxmayaraq, iki ölkə bir-biri üçün vacib olaraq qalmaqdadır.  Hər iki ölkəni MDB məkanı üzrə əsas tərəfdaşlar da adlandırmaq mümkündür. Bunda qarşılıqlı əməkdaşlığı gerçəkləşdirən işgüzar insanların da böyük rolu var. Bu əməkdaşlıq həm birbaşa və birgə sərmayələrlə müəssisələrin yaradılması, həm də  hansısa brendi qonşu ölkənin bazarına çıxarmaqla özünü göstərir. 

 

Zəhmətə görə mükafat

Uğurların davam etdirilməsinə marağı itirməmək üçün çəkilən zəhmətləri qiymətləndirmək çox vacibdir. Bunun üçün həm kiçik əmək kollektivi çərçivəsində, həm də ümumi dövlət miqyasında bütöv mükafat təltifi sistemləri mövcuddur. Eyni zamanda həm də dövlətlərarası mükafatlar da var. Bu mükafatlara layiq görülənlər adətən ölkələrarası ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı sahəsində ən yaxşı uğurlara nail olan şəxslərdir. 

Bu baxımdan, 2008-ci ildə Rusiyanın Azərbaycandakı səfirliyi, Azərbaycan-Rusiya İşgüzar Əməkdaşlıq Palatası  və Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyi tərəfindən təsis edilmiş "Proqres" mükafatı müəyyən mənada unikal hadisədir. Axı o, yalnız insanların uğurlarını qeyd etməklə kifayətlənmir, həm də işgüzar münasibətlərin möhkəmləndirilməsinə töhfə vermiş bütöv şirkətlərin işini də qiymətləndirir. 

"Mən düşünürəm ki, Rusiya səfirliyinin bu mükafatı niyə təsis etməsi heç kimə sirr deyil, Rusiya Azərbaycanla dost münasibətlərdə maraqlıdır və iqtisadi əlaqələr bu münasibətlərin əsasında durur", - deyə Rusiya Federasiyasının ölkəmizdəki səfiri Vladimir Doroxin bu mükafatın hər iki ölkə üçün önəmini şərh edərkən bildirib. 

O, həmçinin bu əlaqələrin möhkəmləndirilməsində və genişləndirilməsində hər iki ölkənin humanitar-informasiya təşkilatlarının da böyük rolu olduğunu vurğuladı. Sevindirici və xoş haldır ki, "Proqres" mükafatının təşkilatçıları da bunu unutmurlar və xatırlayırlar, belə ki, artıq ikinci ildir ki, laureatlar sırasına "Region plus" jurnalı da var. Axı gerçəkdən Azərbaycanla Rusiya münasibətlərində elə bir önəmli hadisə olmayıb ki, jurnalda işıqlandırılmasın. "Region plus" yalnız yerli deyil, həm də regional miqyasda mövcud olan siyasi, iqtisadi, sosial, mədəni və idman uğurlarını, eləcə də probemlərini maksimum dərəcədə obyektiv işıqlandırmağa çalışır. 

Bu sözləri informasiya məkanında həmkarlarımız olan "Trend" İnformasiya Agentliyi barədə də demək olar. Agentlik bu yay iki birbaşa mükafata layiq görülüb. Bunlardan biri "Proqres"dir. İkincisinə isə Rusiya baş naziri Vladimir Putin qol çəkib. Bu mükafat rus dilinin və mədəniyyətinin qorunması, vahid rusdilli dünya məkanının inkişafı, humanitar əlaqələrin dəstəklənməsi və möhkəmləndirilməsi xidmətlərinə görə Rusiya Federasiyasının hökuməti tərəfindən verilmiş fəxri tərifnamədir. Daha bir "humanitar" mükafatçı isə Rusiya Təhsil Akademiyasının Smolnı Universiteti oldu. 

 

Müvəqqəti problemlər 

İşgüzar əlaqələrin stimullaşdırılmasının önəminə qayıdaq. Bu məsələ hazırda gerçəkdən də çox vacibdir. Qeyd etmək lazımdır ki, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi bu il azalsa da, "Proqres" nominatları qarşısında çıxış edən V. Doroxin bildirdi ki,  pessimizmə qapılmaq olmaz. "Ticarətdə azalma var, amma o, bütövlükdə MDB üzrə olandan azdır", - deyə diplomat vurğuladı. Qeyd edək ki, Rusiyanın MDB ölkələri ilə ticarət dövriyyəsi birinci rübdə 46,6% azalıb. O cümlədən ixrac  46%, idxal 47,9% azalıb. Azərbaycanla münasibətlərdə azalma isə cəmi 11,3% təşkil edib. Amma hər iki ölkə hələ də keçənilki $2,5 mlrd.-lıq rekord səviyyəyə çıxmağa ümidini itirmir (2008-ci ilin yekunlarına görə, ticarət dövriyyəsinin həcmi $2402,5 mln. olub, bu qabaqkı ilə müqayisədə 40% artım deməkdir).

Rusiyanın Azərbaycandakı Ticarət Təmsilçiliyinin başçısı Yuri Şedrinin sözlərinə görə, Azərbaycanla münasibətlərdə bu gün ciddi narahatçılığa səbəb olan məsələ Rusiyadan maşın-texniki məhsulların ixracatının nəzərəçarpacaq dərəcədə azalmasıdır. "Rusiyanın bu sahəsi kritik günlər keçirir, dünya bazarlarındakı əlverişsiz durum fonunda iri müəssisələrin fəaliyyəti dayandırılıb. Amma düşünürəm ki, bu, ötəri meyldir və durum mütləq sabitləşəcək. Bu, cari ildə  baş tutmasa da, gələn il gerçəkləşəcək", - deyə Y.Şedrin vurğulayıb. 

V.Doroxin onu da bildirdi ki, bu yaxınlarda bağlanmış qaz sazişi iki ölkə arasında yeni səhifə açır. Bunun hesabına qarşıdan gələn iki ildə ticarət dövriyyəsi $500 mln. arta bilər. Yada salaq ki, ilkin mərhələdə qaz nəqlinin həcmi ildə 500 mln. kubmetr təşkil edəcək, sonrakı illərdə isə artırıla bilər. Bundan başqa, Rusiyanın "Qazprom" şirkəti "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsindən potensial qaz alıcıları siyahısına salınıb. Həmçinin, əldə olan razılaşmalara görə, başqa potensial alıcılar tərəfindən bərabər şərtlər təqdim edilən zaman üstünlük "Qazprom"a veriləcək.

Göründüyü kimi, Azərbaycan-Rusiya ticari - iqtisadi münasibətlərinin gələcək inkişafı üçün baza gerçəkdən də böyükdür. Bu il durumu  yalnız iş dünyasının subyektləri arasında əməkdaşlığın dinamikasının artırılması düzəldə bilər. Səfir V.Doroxin bildirdi ki, 2009-cu ildə iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün yaxşı nümunə kimi Xırdalanda "Baltika-Baku" pivə zavodunun açılışını göstərə bilərik və bunu Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına iri sərmayə yatırımı saymaq olar. Bu fakt da, təbii ki, məqsədi iki ölkə arasında qarşılıqlı sərmayə axınını  təmin etmək olan "Proqres" tərəfindən nəzərə alınıb. 

Qeyd etmək lazımdır ki, "Baltika-Baku"nun əsas fəaliyyət prinsipi artıq mövcud olan milli pivə brendlərinin qorunması olub. Bu da bütövlükdə Azərbaycan ticarət markalarının və brendlərinin Rusiya bazarında mövqelərinin möhkəmlənməsinə xidmət edir. 

     

Markanı belə qoruyun!

Ümumiyyətlə, Azərbaycan brendləri və ticarət markaları getdikcə ölkənin daha bir fəxrinə çevrilirlər. Təsadüfi deyil ki, "Proqres"in 23 nominasiyasından yarıdan çoxu Rusiya bazarında ad almış konkret məhsullarımızla bağlıdır. Məsələn, tanınmış brendimiz "Azərçay" mükafat alıb və bu, "Azersun Holding" MMC-nin uğurudur. Bu marka tamamilə inamla Rusiya ticarət mərkəzlərinin piştaxtalarını fəth edir, bir daha sübut edir ki, Azərbaycan çayı dünyanın aparıcı istehsalçılarının məhsulları ilə rəqabət aparmaq qabiliyyətindədir. 

Eyni sözü "Gilan Holdinq" tərəfindən məhz Rusiya istehlakçıları üçün istehsal edilən "Zolotoy sad" şirələri haqqında da demək olar. Regionun şirə bazarında böyük rəqabət olmasına baxmayaraq, "Zolotoy sad" artıq təbii meyvə şirəsi həvəskarlarının xoşuna gəlməyi bacarıb. Ümumiyyətlə, Rusiyada həmişə Azərbaycan torpağında becərilmiş məhsullara həvəs göstəriblər. Bizim meyvə və tərəvəzlər Rusiya istehlakçılarının zövq siyahısında həmişə birinci yeri tutub. 

Hətta Rusiya Federasiyasının hökumətinin təmsilçiləri Azərbaycan xurmasını, heyvasını və narını çox sevdiklərini gizlətmirlər. Özü də sevindiricidir ki, artıq Azərbaycanda bu meyvələrin yüksək keyfiyyətli emalını gerçəkləşdirməyi də öyrəniblər. Bizim nar şirəmiz "Grante" hətta Moskvada beynəlxalq "Prodekspo-2009" sərgisinin qalibi olub və dünyanın 37 ölkəsi arasında birincilik sevincini yaşayıb! Göyçayda yerləşən, Azərbaycan mənşəli Rusiya senatoru Fərhad Əhmədov tərəfindən satın alınmış "Aznar" zavodunun məhsulu da "Proqres"in mükafatından kənarda qala bilməzdi. Və həm də bunun son mükafat olmadığını ehtimal etmək olar. Axı "Aznar" qarşısına 100 faizlik təbii nar şirəsi istehsalı üzrə dünya lideri olmağı məqsəd qoyub. 

Bu gün Azərbaycan istehsalçıları həm də Rusiyanın alkoqollu içkilər bazarını fəth etməyi qarşılarına məqsəd qoyublar və deyəsən, buna artıq nail olurlar. İstənilən halda, "Proqres"in təşkilatçıları artıq bu il "NAIGS C Tovuz-Baltiya" şirkətini Azərbaycan şərabçılığının ən yaxşı ənənələrini Rusiya bazarına daşıdığına görə mükafatlandırıblar. 

 

Birbaşa rabitə 

Bütün bu sadalananlardan elə təəssürat yarana bilər ki, Rusiya və Azərbaycan arasında ticarət əlaqələri yalnız ərzaq məhsullarının satışına yönəlib. Amma belə deyil. Bu gün Azərbaycanın "Gazelli" şirkətinin kosmetik vasitələrinin ixracı sahəsində, həmçinin "AzRosPromİnvest"in sənaye məhsullarının Rusiya bazarına daxil olmasında və s.-də böyük uğurlar əldə edilib. Onlar da "Proqres" mükafatı alıblar. 

Bu mükafatın nominantı olmuş bir sıra şirkətlər isə Rusiya məhsullarının Azərbaycan bazarına daxil olunması üçün səylər göstərirlər. Bunların sırasında  ətraf mühitin müdafiəsinə yönəldilmiş elmi-texniki məhsul istehsal edən "LUKoyl-Volqoqrad NİPİmorneft"in Bakı filialı, tanınmış "Russkie samotsvetı" şirkəti, boru məhsulları istehsal edən TMK Ticarət Evi, su obyektlərinin tikintisi ilə məşğul olan "Fuadakva" şikrəti var. 

Elə şirkətlər də var ki, ikitərəfli əlaqələrin yaxşılaşdırılmasına sözün həqiqi mənasında yardım edirlər. O cümlədən "Azercell" şirkəti Azərbaycanla Rusiya arasında sabit mobil telefon rabitəsini təmin edir. Şirkət qonşu dövlətdə o qədər populyardır ki, Rusiya Federasiyasından olan abunəçilər "Azercell"in 3,5 milyonluq abunəçi ordusunda sayca ikinci yeri tuturlar. Eyni birbaşa təmas effekti AZEL ("Azerbaijan Elektronics") şirkətinin məhsullarının istifadəsi zamanı da müşahidə edilir. Şirkət Azərbaycan bazarına qabaqcıl informasiya texnologiyalarının daxil edilməsi ilə məşğuldur. Əlbəttə ki, nəqliyyatçılar olmasa, rabitə də olmaz. Nəqliyyatın inkişafında isə xüsusi rol "Avtolucks Expedition & Logistics" şirkətinə məxsusdur. Şirkət 2002-ci ildən avtonəqliyyatdaşımaları və ekspeditor xidmətləri bazarında işləyir. Bu şirkətin Azərbaycanda strateji tərəfdaşı "TSL Group"dur.

Maliyyə sahəsində də Azərbaycan - Rusiya əlaqələrinin nəzərə çarpacaq inkişafını qeyd etmək gərəkdir. Sürətli maliyyə rabitəsini Azərbaycanın "Zaminbank"ı uğurla gerçəkləşdirir, tezliklə Bakıda Rusiya "Vneştorqbank"ının nümayəndəliyi açılacaq.  İki ölkənin sığorta bazarlarının arasında əlaqələrin möhkəmləndirilməsinə Rusiyanın "İnqosstrax"sığorta şirkəti fəal yardım göstərir. 

Özü də yuxarıda söylənənlər yalnız iki ölkənin paytaxtları arasında əlaqənin təmin edilməsi ilə kifayətlənmir. Bu gün həm Azərbaycan, həm də Rusiya regionların inkişafına, regionlararası birbaşa əlaqələrin yaradılmasına böyük önəm verir. Belə ki, bu gün Rusiya Federasiyasının 30 subyekti ilə Azərbaycan arasında ticarət-iqtisadiyyat əlaqələri qurulub. 10 subyektin hər biri ilə ayrılıqda illik ticarət dövriyyəsi $100 mln.-u ötür. 

Rusiya hökuməti ilə qarşılıqlı əməkdaşlığın səviyyəsinin yüksəldilməsi məqsədi ilə razılaşdırılmış hədəflərə əsaslanaraq, biz Rusiya Federasiyasının subyektləri ilə birbaşa əlaqələrin inkişaf etdirilməsini davam etdirəcəyik. Rusiya tərəfinin məlumatına görə, indi  Rusiya Federasiyasının 83 subyektindən 72-nin Azəraycanla iqtisadi əlaqələri var.  Özü də doqquz subyektin hər birinin Azərbaycanla qarşılıqlı ticarət dövriyyəsi $100 mln.-u keçir. Onların sırasında Moskvanı, Moskva vilayətini, Sankt-Peterburqu, Nijni Novqorodu, Stavropol diyarını, Sverdlovsk və ya Samara vilayətlərini, Tatarıstanı və Dağıstanı göstərmək olar. 

Regionlararası münasibətlərə diqqətin artmasını göstərən başqa bir fakt isə "Proqress" tərəfindən regionların infrastrukturunun inkişafında göstərdiyi xidmətlərə görə "Evsen Group"un başçısı Əli Evsenin fəaliyyətinin xüsusi mükafata layiq görülməsidir. "AzSamand" avtomobil zavodunun,  STAR televizor zavodunun, həmçinin "Azerelektronika" məişət cihazları zavodunun yaradılması ilə bu şirkət Şamaxının inkişafında böyük iş görüb. 

Yekunda bildirmək gərəkdir ki, Azərbaycan-Rusiya ticarət əlaqələri yalnız yuxarıda sadalanan şirkətlərlə bitmir, bu sadəcə onların inkişafına çəkilən əməyə nümunədir. Hesab edilir ki, dünya iqtisadi böhranının təsirləri zəifləyəndən sonra "Proqres"in nominatlarının sayı artacaq. Özü də buna yalnız mükafatın təşkilatçıları deyil, həm də iki ölkənin hökumətləri can atırlar. Hökumət iş adamlarının qarşısında ticarət dövriyyəsinin $3 mlrd.-a  qaldırılması barədə məsələ qoyub. 



MƏSLƏHƏT GÖR:

516