
QORUMAQ VƏ ARTIRMAQ
Yuri Şedrin: "Böhran şəraitində başlıca hədəfimiz ölkələr arasında ötənilki ticarət dövriyyəsini əldə etməkdir"
Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Ötən il Azərbaycanla Rusiya arasındı ictimai-siyasi əlaqələr çox dinamik inkişaf edərək, uğurlu olub. İlin yekunlarına görə, iki tərəfli ticarət dövriyyəsi $2,4 mlrd.-ı ötərək, proqnozlaşdırılan iki milyardlıq səviyyəni keçib. Bu ilin başlanğıcından isə qlobal böhran şəraitində iki ölkə arasında ikitərəfli ticarət dövriyyəsinin həcmi xeyli azalıb. Ancaq Moskva və Bakı qarşılıqlı iqtisadi əməkdaşlığın zəifləməməsi üçün əllərindən gələni etməyə hazırdırlar. Rusiyanın Azərbaycandakı Ticarət Təmsilçiliyinin başçısı Yuri Şedrin iki ölkə arasındakı əməkdaşlığın problemlərindən danışıb.
- Rusiya - Azərbaycan iqtisadi münasibətlərinin indiki səviyyəsi necədir?
- Qlobal iqtisadi böhrana baxmayaraq, ölkələrimiz arasında ticari-iqtisadi əlaqələr bütövlükdə sabit səciyyələndirilə bilər. Rusiyanın federal gömrük xidmətinin məlumatına görə, keçən il ikitərəfli ticarət dövriyyəsi qabaqkı ilə baxanda 39,3% artıb. Bununla belə, MDB dövlətlərinin iqtisadiyyatları bu və ya başqa şəkildə dünya böhranının təsirlərinə məruz qalıblar. Belə ki, beş ayın yekunlarına görə, Azərbaycan - Rusiya ticarət dövriyyəsi 11,3% azalaraq $580 mln. təşkil edib. Rusiyadan Azərbaycana ixracat 8%-ə qədər, Azərbaycandan isə Rusiyaya ixracat 17,3% azalıb.
Əsas səbəb Rusiya iqtisadiyyatının bir sıra sektorlarında, hər şeydən əvvəl isə maşınqayrımada yaranmış məlum problemlərdir. Həmçinin bizim istehlak bazarında ənənəvi Azərbaycan ixracatı malları azalıb. Oxşar problemlər yaxın xarici ölkələrdə də müşahidə edilir: İlin əvvəlindən Rusiyanın MDB ölkələri ilə ticarət dövriyyəsi orta hesabla 46,6% azalıb.
Ötəri problemlərə baxmayaraq, Rusiya ilə Azərbaycan arasında ticari və iqtisadi əməkdaşlığın perspektivləri kifayət qədər ümidverici görünür. Rusiya ixracatının əsas cəhəti əlavə dəyər vergisi yüksək olan məhsulların, o cümlədən maşın-texnika qrupundan olan məhsulların payının çox olmasındadır. Gözlənilir ki, bu il Rusiyandan müxtəlif energetika avadanlığının, avtomobillərin, tikinti texnikasının, ehtiyat hissələrinin ixracatı artacaq.
Bütövlükdə, 2009-cu ildə ticarət dövriyyəsinin proqnozlaşdırılan həcminə - $2,5 mlrd.-a çatmaq mümkündür. Bununla belə, cari ilin əsas hədəfi ötən il əldə edilmiş ticarət dövriyyəsi göstəricisinin qorunmasıdır.
- İlin əvvəlindən Azərbaycan ixracatının bir sıra neftdənkənar bölmələrində ixaracatın müəyyən qədər azalması baş verib, həmçinin Rusiya istiqamətində də eyni proses müşahidə edilir. Bu mənfi meyli necə dəf etmək olar?
- Azərbaycandan Rusiyaya ixracatın strukturunda ərzaq malları üstünlük təşkil edir (bu, Rusiyaya ixarcatın 53%-ə qədərdir). Eyni zamanda, Rusiya bazarına kimya sənayesi məhsulları, nasos-kompressor boruları, pambıq və s. göndərilir. Böhran nəticəsində bu sahələr də çətin günlər keçirir. Bizə bəllidir ki, Azərbaycan hökuməti tərəfindən böhran əleyhinə tədbirlər hazırlanıb və həyata keçirilir. Orada o cümlədən ölkənin ixracat imkanlarının diversifikasiyası, neftdənkənar bölməyə dövlət dəstəyi nəzərdə tutulub.
Ehtimal edirik ki, bu tədbirlər ən qısa zamanda nəzərə çarpacaq nəticələr verəcək və biz Azərbaycan ixracatının, o cümlədən Rusiyaya ixracatın artırılacağının şahidi olacağıq. Buna, şəksiz ki, bu yaxınlarda Azərbaycandan bizim ölkəyə təbii qaz verilməsi barədə bağlanmış saziş də yardımçı olacaq (Rusiya Federasiyasının prezidenti Dmitri Medvedevin Azərbaycana səfəri çərçivəsində bağlanmış sazişlərdən söhbət gedir - Red.).
- İki ölkənin qarşılıqlı sərmayə fəallığının artırılması baxımından hansı imkanlar var?
- Təəssüf ki, bizim ölkələrin birbaşa sərmayələşdirmə səviyyələri hələ ki, ikitərəfli ticarətin tempinə uyğun gəlmir. Rusiya şirkətlərinin Azərbaycan bazarında sərmayə fəallığının aşağı olmasının əsas səbəblərindən biri iki ölkə arasında indiyə kimi sərmayələrin təşviqi və qarşılıqlı müdafiəsi barədə sazişin bağlanmamasıdır. Belə bir sazişin olmaması sərmayəçilər üçün müəyyən risk deməkdir, çox vaxt onlar bazara başqa ölkələrin bayrağı altında girməyə məcbur olurlar. Ancaq son zamanlar hər iki ölkənin hökumətləri bu sazişin işlənməsi üçün az iş görməyiblər və sözügedən önəmli sənədə bu il qol çəkiləcəyi istisna edilmir.
Dövlətlərarası sazişin olmamasına bayxmayaraq, son illərdə Azərbaycan iqtisadiyyatına qoyulan Rusiya sərmayələri artmaqdadır. Hazırda Azərbaycanda Rusiya kapitalının iştirak etdiyi beş yüzə yaxın müəssisə fəaliyyət göstərir. Onların üçdə biri yüz faizlik Rusiya kapitalı ilə qurulub.
Buna bariz misal kimi Rusiyanın "Baltika" ASC pivə şirkətinin Azərbaycanın "Baku Castel" şirkətinin səhmlərini almasını göstərmək olar. Müəssisənin yenidən qurulmasına $20 mln. sərmayə yatırılıb və bu ilin may ayında müəssisənin tənətənəli açılışı həyata keçirilib. Rusiyanın "Crocus International" holdinqi Abşeron yarımadasında beynəlxalq səviyyəli kurort kompleksinin tikilntisi üçün $1 mlrd.-a yaxın sərmayə yatırmağı planlaşdırır.
Bu yaxınlarda Rusiyanın "Sinterra" şirkəti ilə yerli "Aztelekom" şirkəti arasında birgə müəssisənin (BM) yaradılması barədə sənədlərə imza atılıb. Yeni BM Dərbənd - Quba sahəsində transsərhəd optik lif keçidi çəkməklə ilkin ötürmə qabiliyyəti 10 Qbit/san-a bərabər olan beynəlxalq rabitə xətti yaratmağı nəzərdə tutur.
Bir il qabaq isə Azərbaycan Rusiyanın "Vneştorqbank"nı əldə edib. Və bu gün Azərbaycan maliyyə bazarı ilə Rusiyanın əksər sığorta və lizinq şirkətləri maraqlanırlar. Başqa tərəfdən isə hazırda ixracatın, hər şeydən öncə aqrar məhsulların ixracatının asanlaşdırılması və sistemləşdirilməsi üçün Rusiyanın bir sıra regionlarında Azərbaycana məxsus loqistik mərkəzlərin yaradılması məsələsi müzakirə edilir. Belə mərkəzlərdən biri Tambov vilayətində yaradıla bilər. Perspektivdə innovasiya layihələrinin dəstəklənməsi, hər iki ölkənin kiçik və orta sahibkarlarının əməkdaşlığının təşviqi üçün birgə Rusiya - Azərbaycan vençur fondunun yaradılması məsələsinə baxıla bilər.
Bir sözlə, əməkdaşlıq üçün geniş meydan var. Rusiya və Azərbaycan arasında siyasi münasibətlərin yüksək səviyyəsi ilə milli iqtisadiyyatların artan potensialı, ikitərəfli ticari-iqtisadi əlaqələrin gələcək inkişafı üçün yaxşı əsasdır.
MƏSLƏHƏT GÖR: