14 Mart 2025

Cümə, 22:35

KOREYA SİNDROMU SINDIRILDI

Azərbaycan taekvondoçuları Bakıda keçirilən komanda dünya kubokunda "bürünc" qazandılar

Müəllif:

01.07.2009

Azərbaycanın taekvondo üzrə yığma komandası tarixində yeni səhifə açmış oldu. Söhbət millinin İdman Sarayında keçirilən komanda Dünya Kubokunda iştirakından gedir - milli bu turnirin bürünc medallarını qazandı. 

Amma daha vacib olanı isə nəticə yox, dünya taekvondosunun lideri sayılan koreyalılar üzərində əldə edilən qələbədir. Onların şərəf  kürsüsünə qalxa bilməmələrinin "günahkarı" məhz Azərbaycan idmançıları oldular.

 

Finalın bir addımlığında

Komandamız üçün turnirin gedişi heç də asan olmadı - taekvondoçularımız qrup mərhələsinin başlanğıcında Rusiya komandasına məğlub olduqdan (2:3) sonra Braziliya (4:1) və İtaliya (5:0) millilərini məğlub etməklə, ən yaxşı nəticə göstərən qrup ikincisi oldu. Bu nəticə komandaya ən güclü səkkizliyə daxil olmaq imkanı verdi və bununla da millimiz,  müəyyən mənada "başından yuxarı tullandı". Axı dörddəbir finalda komandamızın rəqibi olan koreyalılar turnirin əsas favoriti hesab edilirdilər. Bu qarşılaşmada Erik Robertsin baş rolda çəkildiyi 80-ci illərin məşhur "Yaxşıların yaxşısı" filminin davamı üçün ssenari sayıla biləcək hər şey var idi: Samir Aydınov (54 kq) aldığı zədənin ağrısına baxmayaraq, Donq Kyu Kim üzərində böyük hesablı (16:7) qələbə qazana bildi və həlledici - beşinci döyüşdə, hər şeyin əlavə vaxtda müəyyənləşdiyi zaman Ramin Əzizov (+82 kq) Senk Xun Lidən üstün oldu.

Maraqlıdır ki, Ramin heyətdə ikiqat Olimpiada iştirakçısı Rəşad Əhmədovu əvəzləyib və buna səbəb ruslarla döyüşdən sonra sonuncunun səhhətində problemlərin yaranmasıdır. Bu səbəbdən də məşqçilər heyəti risk etmək istəməyərək, meydana ehtiyat oyunçunu atdı və o, etimadı doğrultdu. 

Ümumiyyətlə, komandanın gənc üzvləri təcrübəlilərlə müqayisədə daha yaxşı təsir bağışlayıblar. Bu fikri xüsusilə dünya çempionatının üçüncüsü olmuş Təvəkkül Bayramov haqda söyləmək olar - o, turnirdə bir görüşdə belə qələbə qazana bilməyib.

Belə təsəvvür yaranır ki, komanda koreyalılarla qarşılaşmada tam gücünü qoyduğu üçün  yarımfinalda türklərə qarşı müqavimət göstərə bilmədi. Və nəticədə, qarşılaşma vaxtından əvvəl türklərin (turnirin qalibi də məhz onlar oldular) qələbəsi ilə başa çatdı.

Amma istənilən halda, bu turniri Azərbaycan üçün olduqca uğurlu adlandırmaq olar. Elə təkcə koreyalılar üzərində qazanılan qələbə nəyə desən dəyərdi. Bundan başqa, yarış açıq şəkildə göstərdi ki, millidə yaxşı perspektivə malik gənclər yetişib və onlar artıq indidən nəticə göstərmək iqtidarındadırlar. Belə idmançılardan xüsusilə Dünya Kubokunda bir yarışda da məğlubiyyət acısı dadmamış S.Aydınovu, həmçinin koreyalılar üzərində qələbənin əsas "günahkarı" olmuş R.Əzizovun adlarını çəkmək olar. 

Bunlarla yanaşı, heyətdə hələ təcrübə toplamaqda olan Rövşən Məmmədov (63 kq), həmçinin 22 yaşında az qala veteran hesab olunan İlkin Şahbazov (72 kq) da var. 

Odur ki, komandanın potensialı var və sadəcə, onu reallaşdırmaq qalır.

Üstəlik, komanda bu nəticəyə turnirlərə qatılmadan nail olub: bu il komanda daha çox təlimlərə güc verib və yalnız İranda keçirilən turnirdə iştirak edib. Lakin Dünya Kubokundan sonra, yəqin ki, komandanın turnir təcrübəsi çox olacaq. Artıq indi taekvondoçularımız mövsümün ikinci yarısına, xüsusilə Kopenhagendə keçiriləcək dünya çempionatına hazırlaşmalıdır.

Təəssüf ki, Dünya Kubokunda qadınlardan ibarət komanda kişilərin uğurunu təkrarlaya bilmədi və qrup mərhələsini adlamadı. Yunanlar və braziliyalılara məğlub olan xanımlarımız yarışı ilkin mərhələdə tərk etdi ki, bu da ustalığın artırılmasının vacibliyini göstərir. 

Bu istiqamətdə atılmış ilk addım, yəqin ki, qadınlardan ibarət yığmanın baş məşqçisi postuna sabiq dünya çempionu, idmançı karyerasını başa vurmuş  Niyaməddin Paşayevin təyinatıdır.

Xatırladaq ki, Dünya Kubokundan əvvəl paralimpiyaçılar arasında I Dünya çempionatı da Bakıda keçirilib və burada da Azərbaycan millisi özünü yaxşı tərəfdən göstərib. Komandamız 1 qızıl, 2 gümüş və 3 bürünc medal əldə edib. Turnirin əsas qəhrəmanı isə finalda İsrail təmsilçisi David Ben-Elişi məğlub etmiş Cahangir Bayramov (+80 kq) olub.

Paralimpiyaçılarımızın göstərdiyi nəticə, həqiqətən, valehedicidir. Üstəlik məlumdur ki, komandanın heyətinə yalnız taekvondoçular yox, bir müddət əvvələdək başqa növdə çıxış edən idmançılar da daxildir. Söhbət yüngül atlet, iki dəfə Ümumdünya paralimpiya oyunlarında iştirak etmiş və bu turnirin mükafatçısı olmuş Aleksandr Polişşukdan gedir. O, lazımi məşqlərdən sonra Şərq döyüş növünün özəlliklərini öyrənib və dünya çempionatında 80 kiloqramadək olan çəki dərəcəsində finaladək irəliləyib. Aleksandr həlledici qarşılaşmada türk Bayram Kayrana məğlub olsa da, əldə edilmiş ikinciliyi idmançının aktivinə yazmaq olar.

Daha bir gümüş medalı finalda fransalı Nikolas Saeza-Manzanaresə məğlub olmuş Rəhman Ələkbərov əldə edib (68 kq). 

Üçüncü mükafatçılar Rövşən Qəhrəmanov (58 kq) və Vüqar Adışirinovdur (80 kq). 

80 kiloqramdan artıq çəki dərəcəsində isə D. Bayramova rəqib tapılmayıb və o, bütün qarşılaşmalardan qalib ayrılaraq, finala yüksəlib, finalda da israilli Ben-Elişdən üstün olub. 

Beləliklə, Azərbaycan komandası bütün növ medal qazanıb və bununla da sonradan start götürən Dünya Kubokunun iştirakçılarına yaxşı nümunə göstərib.

 

WTF- dən olan rəqiblər

Çempionatın təşkilinə gəlincə, Ümumdünya Federasiyası (WTF) və onun prezidenti Çunq Von Çu tərəfindən təşkilatçılıq çox yüksək dəyərləndirilib. Təsadüfi deyil ki, Azərbaycanda yüksək səviyyəli bazanın olduğunu və yerli federasiyanın aktiv fəaliyyətini nəzərə alan WTF ölkəmizə taekvondo üzrə regional mərkəz statusu verib. O da təsadüfi deyil ki, WTF turnirlərinin reqlamentinə edilmiş dəyişikliklər ilk olaraq Bakıda sınaqdan keçirilib. Söhbət elektron jiletlərdən və videotəkrarlardan gedir. "İdmanın bir çox növlərində elektronika özünü doğruldub və bu səbəbdən gələcəkdə hakimlik daha ədalətli olacaq. Etiraz doğuran epizodları araşdırmaq üçün videotəkrardan istifadə olunacaq. Artıq çoxlu tərəfdar qazanmış bu yeniliyi fəal şəkildə tətbiq edəcəyik", - deyə Çunq Von Çu bildirib.

O, taekvondonun olimpiya proqramına salınması perspektivinə də toxunub: "Bu gün Beynəlxalq Olimpiya Komitəsi 2016-cı il Olimpiadasına yollanacaq 26 idman növünün siyahısını müəyyənləşdirib və onların arasında taekvondo da var. MOK-un payızda Kopenhagendə keçiriləcək sessiyasında isə Olimpiadaya yollanacaq daha 2 idman növünün adı müəyyənləşəcək. Odur ki, taekvondonun perspektiviylə bağlı narahatlığa əsas yoxdur". 

Prezident xatırladıb ki, WTF üzvü olan ölkələr  sayına görə FİFA-dan sonra ikinci yeri tutur. Bu gün qurumun tərkibinə 189 ölkə daxildir və tezliklə daha 2 üzvnün  də  onların sıralarına qoşulacağı  gözlənilir. 

Planetdə bu idman növü ilə məşğul olanların sayı isə 17 milyona çatır.

WTF prezidenti azərbaycanlı azarkeşləri millinin Olimpiadada medal qazanmaq perspektivləri ilə bağlı ümidsiz olmamağa da çağırıb. 

"Bu idman növü sürətli templərlə inkişaf edir və Olimpiadada mükafatçılar sırasına Əfqanıstan da düşüb, Meksika isə 2 qızıl medal qazanıb. Odur ki, sizdə hər şey hələ qarşıdadır", - deyə Çunq Von Çu bildirib. 

Onun bu sözləri Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov tərəfindən də dəstəklənib. Nazir qeyd edib ki, Azərbaycan taekvondoçuları yüksək nəticə əldə etmək üçün lazım olan hər şeyə malikdirlər: "Artıq ardıcıl olaraq ikinci Olimpiadadır ki, idmançılarımız medalın bir addımlığında qalırlar. Bu nə ilə bağlıdır? Azərbaycanın Taekvondo Federasiyası ən nümunəvi federasiyalardan biri olduğu üçün bu suala birmənalı cavab vermək çətindir. Millinin istifadəsində əla kompleks var, bu idman növü rayonlarda fəal şəkildə inkişaf edir, məşqçilər heyəti ciddi cəhdlə işləyir. Ola bilsin ki, millinin məşq sistemi daha da sərtləşdirilməli və ya oraya yeni mütəxəssislər dəvət olunmalıdır".

Milli federasiyanın birinci vitse-prezidenti Füzuli Musayev isə yarışın bitməsindən sonra belə bir fikir söyləyib ki, Azərbaycan yığması səviyyəsinə görə əksər favoritlərdən heç də geri qalmır. "Bizdə hazırkı liderləri əvəz edəcək perspektivli gənclər yetişir. Odur ki, komanda yenilənir", - deyə F.Ələkbərov qeyd edib. 

Görünür, yenilənmə prosesi təzə başlayır və indi uşaqların beynəlxalq təcrübə toplamaları və güclülər sırasında yerlərini möhkəmləndirmələri vacibdir. Bunun üçün bir neçə il lazım gələ bilər. Lakin Dünya Kubokunda koreyalılar üzərində qazanılan qələbə idmançılarımızda özünəinamı, şübhəsiz ki, bir qədər də artırdı.


MƏSLƏHƏT GÖR:

488