15 Mart 2025

Şənbə, 00:44

ECAZKAR MELODİYA

Azərbaycan muğamı "Qafqaz və İbrit dağları arasında" səsləndi

Müəllif:

01.07.2009

Dünya şöhrətli muğam ifaçısı Alim Qasımov ilk dəfə Azərbaycanı “Qafqaz və İbrit dağları arasında” musiqi festivalında təmsil edəndə onu dinləyənlər heyrətlərini gizlədə bilmirdilər. Sanki ovsunlanmışdılar. Hər kəs belə bir musiqini bir də nə zaman canlı dinləyə biləcəyini düşünürdü. Lakin vaxt keçdi və İsraildə keçirilən bu musiqi bayramında Azərbaycan muğamının ecazkar sədaları yenidən ucaldı. Azərbaycan yenidən hamını heyrətləndirdi. 

Qırx iki ölkənin qatıldığı bu festivalın iştirakçıları və tamaşaçıları gənc muğam ifaçısı Bəyimxanım Mirzəyevanın ifasına və Azərbaycan musiqisinin gözəlliyinə heyran qalmışdılar. Gənc ifaçı ilə söhbətimiz zamanı bildirdi ki, İsrail musiqiçilərinin müşayiəti ilə ifa olunan Azərbaycan muğamı və təsnifləri tamaşaçıları sanki ovsunlamışdı: “Bildiyiniz kimi bu festivala ilk dəfə Azərbaycandan 2000-ci ildə xalq artisti Alim Qasımov iştirak etmişdi. Bu dəfə isə mənim seçilməyim məni çox sevindirdi və üzərimə böyük bir məsuliyyət qoydu. Mən orada Azərbaycan muğamının gücünü və qüvvəsini bir dərk etdim”.

İfaçı bu festivalda iştirakı özü üçün böyük sınaq hesab edir. “İlk dəfə deyil ki Azərbaycan muğamını ölkəmizdən kənarda təbliğ edirəm. Ancaq bu festivalın ağırlığı məncə festivalda ilk iştirak edənin kimliyi ilə bağlı idi. Çünki məndən əvvəl Azərbaycanı bu festivalda Alim Qasımov təmsil edib. Nazim Abdullayev və Səyavuş Kəriminin mənə etimad göstərərək məni festivala göndərdilər və mənə inandıqlarını bildirdilər. Azərbaycanın ikinci dəfə özü də Alim Qasımovdan sonra  42 ölkənin qatıldığı bu festivalda iştirak etməsi və təmsil edən şəxsin özüm olmağım boynuma həddindən artıq böyük məsuliyyət qoyurdu. Onu da qeyd edim ki, mən İsrail musiqiçilərinin müşayiəti ilə səhnədə çıxış etdim”,-deyə Bəyimxanım vurğulayır. 

Deyir ki,  konsert proqramı boyunca İsrail tamaşaçılarının alqışları səngimək bilmirdi: “Festivalda ilk dəfə olaraq 1 saat 45 dəqiqəlik konsert verdim. Əslində, əcnəbilərin, xüsusilə də israillilərin bizim muğamı bu cür gözəl qəbul edəcəklərini gözləmirdim. Konsertdən sonra onların alqışları, gəlib öz ürək sözlərini bildirmələri doğrudan da məni qürurlandırdı və təbii ki bu təkcə mənim adım deyil, Azərbaycanın adının və Azərbaycan muğamının gücü, qüvvəsi və qüdrəti idi”. 

Konsert proqramından sonra iranlı tamaşaçıların ifaçımıza yaxınlaşaraq, Azərbaycan muğamının öz muğamlarından daha gözəl olduğunu etiraf etmələri də ugurun göstəricisidir.

Onun sözlərinə görə, əcbəbi dinləyicilərin Azərbaycan musiqisini bu qədər sevib tanımaları ürəyini qürur hissi ilə doldururdu: “Əslində, proqrama bir neçə muğam və bir təsnif daxil edilmişdi. Azərbaycanda “Dağlarda duman gözəldi” təsnifini hazırladığıma baxmayaraq, orada məndən Cahangir Cahangirovun “Ay qız” mahnısını istədilər. Mən nəinki etiraz etmədim, hətta həddindən artıq sevindim ki, burada Azərbaycan musiqisini tanıyırlar və məmnuniyyətlə bu mahnını ifa etdim”. 

“Sənə göstərilən etimadı doğrulda bildinmi?” sualını isə Bəyimxanım təvazökarlıqdan cavablandırmadı. Onun əvəzinə bu sualı festivalın Azərbaycandan olan ilk iştirakçısı, xalq artisti Alim Qasımov cavablandırdı. “Bəyimxanımın ifasını bəyənirəm. Bu festivalda onun çıxışını eşitməsəm də, hər halda öz həmyaşıdlarından ifası ilə fərqləndiyi üçün bu festivala göndərilib. Onu da qeyd edim ki, ümumiyyətlə, Azərbaycan musiqisinin hər janrında istedadlı gənclər çoxdur. Son illərdə muğam sahəsində də istedadlı gənclərin sayı artmaqdadır. Mənim onlara yeganə məsləhətim öz üzərlərində işləmələri və daha böyük uğurlara nail olmalarıdır.  Oradakı iştirak özü böyük uğurdur və Bəyimxanıma daha böyük uğurlar arzulayıram”, - deyə A. Qasımov bildirdi.

Xalq artistinin sözlərinə qüvvət olaraq, Azərbaycanda muğama göstərilən xüsusi diqqəti vurğulamaq yerinə düşərdi. Tarixdə muğam musiqisinin öz köklərini qədim hind, ərəb, İran, türk-şaman musiqisindən götürüldüyü deyilir. Amma bu gün muğam Şərqin hüdudlarını aşaraq ümumbəşəri sərvətə çevrilib. Onu müxtəlif ölkələrdə böyük həvəslə araşdırır və dinləyirlər. Lakin dünyada muğamın inkişafına və təbliğinə Azərbaycandakı qədər diqqət yetirildiyi ikinci bir ölkə yoxdur. Bu mənada təkcə Heydər Əliyev Fondunun keçirdiyi muğam müsabiqələri və muğam həvəskarlarını hələ də öz təsiri altında saxlayan beynəlxalq festivalı göstərmək kifayətdir. 

Bütün bunlar son illər sivilizasiyalararası dialoqa əhəmiyyətli töhfələr verən Azərbaycan mədəniyyəti barədə daha zəngin, daha dərin mülahizələr yürütməyə imkan verir. Muğam musiqimizə diqqəti artırıb, onu dünyada daha geniş təbliğ etməklə biz həm sürətlə qlobollaşan dünyada ölkəmizin müsbət imicini çox yüksəldirik, həm də insanlığın, Yer üzünün sonrakı inkişafının münaqişələrə yox, ahəngə köklənməsinə xidmət edirik.


MƏSLƏHƏT GÖR:

384