
BÖYÜK QAPANMA
MDB ölkələri gələcəkdə öz enerji sistemlərini Avropa sistemləri ilə də sinxronlaşdırmaq niyyətindədir
Müəllif: Əli XASAYOĞLU Alyona MOROZ Bakı
Energetika təhlükəsizliyi məsələləri beynəlxalq forumların, dövlətlərin çoxtərəfli və ikitərəfli münasibətlərinin gündəliyində başlıca yerlərdən birini tutmaqdadır. Bu baxımdan da elektrik energetikası sahəsində əməkdaşlığa böyük önəm verilir. Hazırda müxtəlif ölkələrin enerji sistemlərinin əlaqələndirilməsi və sinxronlaşdırılması üzrə səylərində nəzərəçarpacaq dərəcədə fəallaşma müşahidə edilir. Bu baxımdan, Azərbaycan da istisna deyil.
Təmiz ixracatçı
Ondan başlayaq ki, hazırda milli enerji qurumunun - "Azerenerji" ASC-nin diqqəti Azərbaycanın regionlarının enerji təminatının yaxşılaşdırılmasına yönəlib. Modul tipli elektrik stansiyalarının tikilməsi qısa bir zamanda ölkə üzrə istehsal gücünü 1 min MVt artıraraq, 5,7 min MVt-a çatdırmağa imkan verib. Yaxın perspektivdə "Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı" çərçivəsində yeni generasiya güclərinin tikilməsi və mövcud olanların yenidənqurulması düşünülür. "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyevin sözlərinə görə, Qubada gücü 104 MVt olan yeni elektrik stansiyasının tikintisi başa çatdırılıb, hazırda stansiyada elektromexaniki montaj işləri görülür, bu ilin sonuna kimi işlər başa çatdıqdan sonra stansiya istismara veriləcək. Şirvanda 780 MVt-lıq "Cənub" elektrik stansiyasının tikintisi də davam etdirilir. Füzulidə isə gücü 25 MVt-a çatan SES-in inşaası planlaşdırılıb.
Həmçinin bu il Sumqayıtda 525 MVt gücü olan yeni buxar-qaz tipli qurğu istismara veriləcək. Onun tikintisi tam başa çatdırılıb və hazırda sazlama və uyğunlaşdırma işləri görülür.
Özü də bu, gələcəkdə ölkə üzrə elektrik enerjisi istehsalı gücünü 10 min MVt-a qaldırmağa imkan verəcək, görülməkdə olan bütün işlərin tam siyahısı deyil. Xatırladaq ki, enerjiyə qənaət siyasəti çərçivəsində abunəçilərə elektrik sayğaclarının quraşdırılması, həmçinin qabaqcadan ödəniş kartları olan - smart - sayğacların tətbiqi sayəsində Azərbaycanın energetika potensialı heç də tam gücü ilə işə salınmayıb. Məsələn, 2008-ci ildə Azərbaycanda 20 mlrd 175,8 mln kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2007-ci ildəkindən 2% azdır. Bu ilin yanvar-may aylarında isə istehsal 8,8 mlrd kVt/saatdan azacıq çox olub.
Buna görə də tam məntiqlidir ki, son illərdə Azərbaycan elektrik enerjisi sahəsi üzrə idxalçıdan ixracatçıya çevrilib. Yalnız may ayında ölkədən 58,1 mln kVt/saat elektrik enerjisi ixrac edilib ki, bunun da qiyməti $2164,1 mindir, ilin əvvəlindən isə 190,7 mln kVt/saatlıq və ya $6716,7 minlik elektrik enerjisi ixrac edilib. Bu, fiziki mənada, 63,1 mln kVt/saatlıq ($2392,6 min) idxalı 3,02 dəfə ötüb. Müqayisə üçün deyək ki, apreldə 14 mln kVt/satlıq ($465,9 min), martda 45,6 mln kVt/saatlıq ($423,7 min), fevralda 45,6 mln kVt/saatlıq ($1666,1 min), yanvarda 61,1 mln. kVt/saatlıq ($1996,9 min) elelktrik enerjisi ixrac edilib. Özü də, sözügedən 5 ay müddətində elektrik enerjisinin orta ixrac qiyməti $0,0352, idxal qiyməti isə $0,0379 olub.
Qeyd edək ki, 2008-ci ildə Azərbaycan tərəfindən 808,8 mln. kVt/saatlıq ($27357 min) elekltrik enerjisi ixrac edilib ki, bu da həmin ilki 266,5 mln kVt/saatlıq ($10520,7 minlik) idxaldan 3,03 dəfə çoxdur. Keçən il 1 kVt/saat elektrik enerjisinin orta ixrac qiyməti $0,0338, idxal qiyməti isə $0,0395 olub. 2007-ci ildə isə elektrik enerjisi ixracı 443,3 mln kVt/saat ($9666,6 min), idxalı isə 773,7 mln kVt/saat ($23409 min) təşkil etmişdi. Başqa sözlə, idxal ixracdan iki dəfəyə qədər çox idi. Onda 1 kVt/saat elektrik enerjisinin orta ixrac qiyməti $0,0218, idxal qiyməti isə $0,0303 təşkil edirdi.
Şəksiz, ölkənin yüksək elektrik enerjisi potensialı və elektrik enerjisi ixracı həcminin artırılması Azərbaycanın qonşu ölkələrlə əməkdaşlıq imkanlarını yetərincə gücləndirib. Buna əlavə olaraq, Azərbaycan, Rusiya və İran arasında yeni yüksək gərginlikli elektrikötürmə xətlərinin tikintisini də xatırlatmaq yerinə düşərdi. Bu, sinxronlaşdırılmış Xəzəryanı enerji sisteminin formalaşdırılmasına əlverişli şərait yaradır.
Hazırda elektrik energetikası sahəsində Azərbaycanın əsas tərəfdaşı Rusiyadır. Bizim ölkənin elektrik enegetika sistemi Rusiyanınkı ilə paralel rejimdə işləyir. Lazım olanda Gürcüstanın enerji sistemi ilə də paralel iş rejimi tətbiq edilir. İran və Türkmənistan ilə isə "ada" tipli enerji mübadiləsi rejimi gerçəkləşdirilir.
Azərbaycandan Türkiyəyə...
Ancaq bu sahədə əməkdaşlıq potensialı hələ tükənməyib və bu, Bakıda MDB Elektrik Energetika Şurasının (EEŞ) Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Türkmənistan, Özbəkistan və Ukrayna təmsilçilərinin iştirakı ilə keçirilmiş 35-ci iclasında bir daha təsdiq olundu. İran təmsilçiləri də qonaq qismində iclasa qatılmışdılar.
Gündəliyin dolğun olmasına baxmayaraq, energetiklər əsas diqqəti enerji sistemlərinin sinxronlaşdırılması məsələlərinə yönəltmişdilər. Qeyd edilmişdi ki, enerji sistemi Ermənistan və Türkmənistanla sinxron rejimdə işləyən İran, Azərbaycan və Tacikistanla da bu cür əməkdaşlıqda maraqlıdır.
Bu istiqamətdə müəyyən işlər görülür və nəticələr artıq var. İranın öz energetika sistemini sərhədyanı ölkələrlə sinxronlaşdırma cəhdlərini Elektrik Energetikası Şurası da dəstəkləyib. Bu o deməkdir ki, yaxın gələcəyin məqsədi "böyük sinxronlaşmadır".
Beləliklə, Azərbaycan ərazisindən keçməklə Rusiyadan İrana və ya əksinə elektrik enerjisi tranziti mümkün olacaq. Özü də bunun üçün şərait artıq mövcüddur, Azərbaycanın və Rusiyanın energetika sistemləri artıq sinxron rejimdə işləyirlər, müəyyən müddətdə İranın energetika sistemi ilə də paralel iş görülür.
Hazırda enerji sistemlərinin fəaliyyətinin əlaqələndirilməsi, yeni xətlərin və yarımstansiyaların tikintisi haqqında Azərbaycan - İran sazişində nəzərdə tutulmuş layihələrin gerçəkləşdirilməsi başa çatdırılır. 2004-cü ildə Azərbaycan prezidentinin İrana səfəri çərçivəsində bağlanmış sazişdə 350 kilometrlik elektrik ötürmə xəttinin və beş yarımstansiyanın tikintisi planlaşdırılıb.
Rusiya ilə Azərbaycan arasında enerji mübdiləsinin həyata keçirilməsi üçün nəzərdə tutulan 330 kV-luq "Xaçmaz" yarımstansiyasının da tikintisi başa çatdırılır. Beləliklə, iki ölkə arasında hələ ki tək olan enerji mübadilə xəttinə biri də əlavə olunacaq.
Bundan başqa, Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin sözlərinə görə, Gürcüstan prezidenti Mixail Saakaşvilinin Bakıya səfəri çərçivəsində Azərbaycan və Gürcüstan tərəfindən Türkiyəyə elektrik enerjisi ixracı məsələsi müzakirə edilib. Konkret olaraq, Azərbaycanla Gürcüstan arasındakı 500 kilovoltluq elektrikötürmə xəttinin yenidən qurulmasının vacibliyi vurğulanıb. Nazir bildirib ki, Azərbaycan il ərzində orta hesabla 1 min MVt elektrik enerjisi ixrac etmək gücündədir.
"Bu, tam realdır və yetərincə enerji potensialına malik Azərbaycan üçün də əlverişlidir. Həmçinin gələcəkdə ixrac imkanlarımızı daha da artıracaq enerjiqoruyucu texnologiyalarının tətbiqi də istisna deyil", - deyə nazir vurğulayıb.
Həmçinin Natiq Əliyev bildirib ki, ixracatın coğrafiyası Qara dəniz bölgəsi ölkələrinin hesabına genişləndirilə bilər. Başqa sözlə, yaxın zamanlarda Azərbaycan iri elektrik enerjisi ixracatçısına çevriləcək.
Əlbəttə ki, Türkiyəyə elektrik ixracatı məsələsi MDB EEŞ-in də iclasında müzakirə edilib. E.Pirverdiyevin sözlərinə görə, hazırda Azərbaycan, Türkiyə və Gürcüstan üç ölkəni birləşdirən enerji dəhlizinin texniki iqtisadi işlənmə (Tİİ) sənədinin layihəsini hazırlayırlar. Dəhlizin istifadəyə verilməsi Azərbaycana elektrik enerjisi ixracatını qayadaya salmağa imkan verəcək.
Bununla yanaşı, "qlobal sinxronlaşdırma" planları yalnız MDB və Türkiyə çərçivəsində məhdudlaşmır. Ekspertlər səviyyəsində qızğın müzakirə edilən məsələlərdən biri də Avropa ölkələrinin enerji sistemləri ilə sinxronlaşdırmadır. Bu, MDB məkanı ölkələrinə nə verəcək? İlk öncə qeyd etmək gərəkdir ki, Avropa enerji sistemində tezlik sabitliyi göstəricisi MDB-yə baxanda yüksəkdir. Avropa standartlarına görə, tezlikdə yol verilə bilən xəta səviyyəsi plyus-minus 0,05%-dir. Amma MDB-nin indiki enerji sistemində bu göstərici 0,2%-dir. Beləliklə, Avropanın enerji sistemi ilə sinxronlaşdırma MDB ölkələrini də enerji sistemlərini çağdaş standartlara uyğunlaşdırmağa məcbur edərdi.
Enerji sistemlərinin sinxronlaşdırılması həm də MDB ölkələrinin inkişaf etməkdə olan iqtisadiyyatlarına sərmayə axınını da gücləndirərdi. Enerjitutarlı istehsala sərmayə qoyan istənilən sərmayəçi öz biznesini qurmaq istədiyi ölkənin enerji sisteminin, işləməyə alışdığı standartlara uyğun olmasında təbii ki, maraqlı olardı.
MƏSLƏHƏT GÖR: