16 Mart 2025

Bazar, 00:11

TƏLİM MEYDANINDAN İSMARIŞ

İ.Əliyev: "Biz Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün güc də tətbiq edə bilərik. bu bizim suveren hüququmuzdur"

Müəllif:

01.07.2009

İyunun 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 91-ci ildönümü ilə əlaqədar olaraq, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunların birləşmə və hissələrinin iştirakı ilə genişmiqyaslı birgə operativ-taktiki təlimlər keçirildi. Hərbi birləşmələr və bölmələrin taktiki hərbi hazırlığını nümayiş etdirən təlimləri Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də izlədi.

Bir neçə ordu növünün iştirakı ilə genişmiqyaslı təlimlərin keçirilməsi, Azərbaycanın siyasi xəttində prioritet istiqamətlərdən biri olan ordu quruculuğu və onun daha da gücləndirilməsi strategiyasının daha bir təsdiqi idi. 

Təlimlərdə güclü hərbi imkanlara malik texnika nümayiş olundu. Onların arasında 300 millimetrlik yaylım atəşli reaktiv sistemi xüsusilə qeyd etmək lazımdır. O, uzaq məsafədəki hədəfin, düşmənin böyük hərbi hissələrinin və silahlarının məhv edilməsi üçün ən etibarlı hərbi maşınlardan biridir. 

Bundan başqa, təlimdə 203 millimetrlik "Pion" özüyeriyən artilleriya qurğusu da nümayiş etdirildi: o isə bu növ silah-sursat içərisində ən güclüsü sayılır. 

Düşmənin texnikasını, dislokasiya rayonunda yerləşən canlı qüvvəsini və idarəetmə məntəqələrini məhv etmək iqtidarında olan özüyeriyən 2C3 "Akasiya" və 2C1 "Qvozdika" artilleriya qurğuları da şərti döyüşə çıxarılan silah-sursat arasında idi. 

Təlimdə ordunun manevr və atəş imkanlarını kifayət qədər genişləndirən T 72 M-1 tankları, motoatıcı hissələrin daşınmasını təmin edən son modelli hərbi zirehli maşınlar, terrorçu və kəşfiyyat-diversiya qruplarına qarşı keçirilən xüsusi əməliyyatlarda istifadə olunan STOM M-3-SOFA və ABİR M-462 maşınları da sınaqdan çıxarıldı. Təlimlərə cəlb edilmiş şəxsi heyət isə qarşıya qoyulmuş bütün hədəflərə çataraq, yüksək hərbi hazırlıq nümayiş etdirdi.

Azərbaycanda ilk dəfə bu cür təntənəli şəkildə keçirilən genişmiqyaslı hərbi təlimlər, ordunun hər an qarşıya qoyulan istənilən tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirmək iqtidarında olduğunu isbatlamış oldu. Hərbçilərimiz önündə çıxış edən Ali Baş Komandan tam haqlı olaraq bəyan etdi ki, bizim ordumuz regionun ən güclü ordusudur. "Mən tez-tez hərbi hissələrdə oluram və orada gün-gündən hərbi gücümüzün necə artdığını görürəm. Bu gün keçirilən genişmiqyaslı hərbi təlimlər də bunun ən gözəl nümunəsi idi", - deyə Azərbaycan prezidenti bildirib. O, bununla əlaqədar, ötən il Silahlı Qüvvələrin yaradılmasının 90 illik yubileyi ilə əlaqədar keçirilən hərbi paradı da xatırladıb və həmin tədbiri "imkanlarımızın əyani surətdə göstəricisi " adlandırıb.

İ.Əliyevin çıxışında ordumuzun Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə hazır olması haqda bəyanatı isə xüsusi yer tutur: "Bizim ərazi bütövlüyümüz pozulub. Uzun illərdir torpaqlarımız işğal altındadır. Biz problemi sülh yolu ilə həll etməyə çalışmışıq və indi də çalışırıq. Lakin atəşkəsin elan edilməsindən sonrakı 15 ildə aparılan danışıqlar heç bir nəticə vermir. Belə olan halda, təbii ki, ordumuzun gücünə bel bağlamalıyıq". Prezident bildirdi ki, Azərbaycanda istənilən məqsədə nail ola biləcək silahlı birləşmələr var və lazım gələrsə, biz Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün güc tətbiqinə də əl ata bilərik. 

"Bu bizim suveren hüququmuzdur. Beynəlxalq hüquq normaları da bizə bu imkanı verir. Mən Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağına əminəm. Bu ədalətsizliyə son qoyulacaq", - deyə İ.Əliyev bildirib.

Prezident bir daha qeyd edib ki, bizim hərbi qüdrətimiz, hətta böhran dövründə də inkişafda olan Azərbaycan iqtisadiyyatının böyük potensialı hesabına yaradılıb: "Bu il bizim dövlət büdcəmiz, təxminən, 16 milyard dollara çatıb. Azərbaycan bütün bunlara öz gücü hesabına nail olub. Biz bəzi başqa dövlətlər kimi xarici yardımlardan asılı deyilik, özümüzü xarici dövlətlərin yardım və ianələri hesabına təmin etmirik". 

Prezident və Ali Baş Komandan çıxışını bu sözlərlə bitirib: "Müharibə hələ bitməyib və yalnız birinci mərhələ sona çatıb. Biz doğma torpaqlarımızı düşmən işğalından güc yolu ilə azad etməyə hər zaman hazır olmalıyıq".

İ.Əliyevin bu çıxışını yalnız Azərbaycan xalqına yox, həm də onun səbrini sınağa çəkən hər kəsə ünvanlanmış çağırış saymaq olar. Torpaqlarımızın beşdəbir hissəsini işğal etmiş Ermənistan və "sülhməramlı fəaliyyəti" ilə indiyədək təcavüzkarın geri çəkilməsinə nail olmayan aparıcı dövlətlər, ilk növbədə ATƏT-in Minsk Qrupunun həmsədrləri bilməlidirlər ki, Azərbaycan ərazi bütövlüyünün pozulmasına daim dözmək fikrində deyil. Bunun üçün bizim kifayət qədər insan, intellekt, iqtisadi və təbii ki, həm də hərbi potensialımız var və bunu son hərbi təlimlər də bir daha göstərdi. 

Başqa sözlə, bizim sülh prosesini dəstəkləməyimiz müvəqqəti xarakter daşıyır və müzakirələr nəticəsində irəliləyişin əldə edilməyəcəyi təqdirdə torpaqların işğaldan azad olunması, öz torpaqlarımızda tarixi ədalətin bərpa edilməsi üçün güc yoluna əl atılmasından başqa variant qalmayacaq. Özü də bu yol - təcavüz və işğalın qarşısının alınması - beynəlxalq hüquqda, BMT-nin Nizamnaməsində, müxtəlif beynəlxalq instansiyaların Dağlıq Qarabağ münaqişəsinə dair bütün qətnamə və sənədlərində əksini tapıb, həmin sənədlərdə erməni qoşunlarının Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarılmasının, ölkənin ərazi bütövlüyünün bərpasının vacibliyi qeyd olunub.

Bir məqam da qeyd edilməlidir ki, İ.Əliyevin sözügedən bəyanatı Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü ərəfəsində səsləndirilib. Xatırladaq ki, görüş haqda razılaşma iki ölkənin xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyanın Parisdə baş tutmuş danışıqlarında razılaşdırılıb. Nazirlərin görüşü isə ümumilikdə müsbət fikirlərlə müşayiət olunub və bu, 2009-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair baza prinsiplərinin razılaşdırılacağına ümidin qaldığını söyləməyə əsas verir. Qeyd edək ki, Paris görüşünün nəticəsini yalnız vasitəçilər yox, həm də münaqişə tərəfləri yekdilliklə müsbət qiymətləndiriblər. 

Beləliklə, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün artıq iyulda Moskvada baş tutması mümkündür.

Nazirlərin son danışıqlarının müsbət qiymətləndirilməsi belə düşünməyə əsas verir ki, Ermənistan, ən azı, güzəştə getməyə hazır olduğuna işarə edib, sülh prosesinin irəliləməsi üçün isə bu, çox vacibdir. 

Bu baxımdan, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzanın bəyanatı diqqəti çəkir: "Danışıqların iştirakçıları Dağlıq Qarabağın öz müqəddəratını təyin etmə hüququnu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində səsvermə yolu ilə müəyyənləşdirməyə çalışırlar".

Görünür, artıq Ermənistan ciddi beynəlxalq təzyiqlə üzləşir və bu, onu münaqişənin yeganə həll perspektivi ilə razılaşmağa vadar edir. Bu yol isə işğala son qoyulması və Azərbaycanın ərazi bütövlüyünün təminidir. Hətta daim ermənipərəst mövqeyi ilə tanınan Minsk Qrupunun sabiq rusiyalı həmsədri Vladimir Kazimirov da Yerevanı danışıqlarda böyük elastikliyə, "ictimaiyyəti müəyyən güzəştlərə hazırlamağa" çağırıb.

Bununla yanaşı, bir məqam da aydındır: sülh prosesinin maraqları Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal edilmiş rayonlarından tam və şərtsiz çıxarılmasını tələb edir. Əks halda bu prosesin  inkişafı haqda düşünmək belə mümkün deyil. Ermənistan bundan sonra da Azərbaycan ərazilərinin işğalı siyasətindən əl çəkməsə, danışıqlar prosesinin davam etdirilməsinin heç bir mənası qalmayacaq. 

Güney Qafqazda sülhün bərpasında maraqlı olduqlarını bildirən dünyanın nüfuzlu güclərinin isə hələ ki Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların bərpasının qarşısını almağa çalışdıqlarını işdə sübut etmək üçün şansları qalır. Bunun üçün onlar, heç olmasa, indi işğalçı Ermənistana qarşı bütün təzyiq vasitələrini işə salmalı, Yerevanı Azərbaycanın işğal edilmiş torpaqlarından çıxmağa məcbur etməlidirlər. 

Əks halda, Azərbaycan bunu öz hərbi gücü vasitəsilə etməli olacaq.



MƏSLƏHƏT GÖR:

610