14 Mart 2025

Cümə, 23:36

SUVEREN HÜQUQLAR VƏ “MÜSƏLMAN HƏMRƏYLİYİ”

İran islam respublikası Israil prezidentinin Qazaxıstana səfər etməsinə normal yanaşdı, Türkiyə səfərinə də etiraz etmədi. görəsən, Azərbaycanı digər qonşulardan fərqləndirən nədir?

Müəllif:

01.07.2009

"Hələ sizin ölkənizə səfər etməmişdən Azərbaycana vurğun idim. Dövlətlərimiz arasında oxşarlıq var. Bizim ölkələrimiz ərazicə böyük olmasalar da, insanlarımızın ürəyi çox genişdir", - deyə İsrail prezidenti Şimon Peres iyunun 28-29-da Bakıya səfəri zamanı bildirib. Xatırladaq ki, onu səfərdə böyük nümayəndə heyəti müşayiət edirdi - 3 nazir və 50-dək biznes təmsilçisi.

Ş. Peresin Bakıya səfəri ilə bağlı razılaşma bu ilin mayında Praqada İsrailin xarici işlər naziri Aviqdor Libermanla Azərbaycan prezidenti İlham Əliyevin görüşündə əldə edilmişdi. O vaxtdan Peresin səfəri ilə bağlı bir çox versiya və fikirlər irəli sürülüb. Lakin Azərbaycanla İsrail birlikdə bütün neqativ fikirləri kənara ataraq, istəklərinə nail oldular. Və qeyd etmək lazımdır ki, bu səfər ilk növbədə özünün diplomatik kamilliyini və xarici siyasətdə müstəqilliyini bir daha nümayiş etdirən rəsmi Bakı üçün son dərəcə uğurlu keçdi. 

İsrail nümayəndə heyətinin Bakıda olduğu 2 gün ərzində tərəflər arasında münasibətlər, həmçinin iqtisadi sahədə əlaqələr, Güney Qafqaz və Yaxın Şərqdəki vəziyyət və digər məsələlər müzakirə edildi.

"Bizim münasibətlərimiz uğurla inkişaf edir. Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizin uğurlu inkişafında mühüm rol oynayacaq", - deyə öz növbəsində İ.Əliyev bildirib. O xatırladıb ki, Azərbaycanda yəhudi icması əsrlər boyu sülh və dostluq şəraitində yaşayıb və yaşayır : "Azərbaycanda doğulmuş, amma hazırda İsraildə yaşayan və işləyən İsrail vətəndaşları da ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayırlar. Əslində, onlar Azərbaycanın İsraildəki diasporu kimi fəaliyyət göstərirlər".

Buna cavab olaraq, Ş.Peres xüsusi qeyd edib  ki, Azərbaycanda yüksək tolerantlıq mövcuddur. O, Azərbaycanda yəhudi icmasına xoş münasibətə görə minnətdarlığını bildirib: "Bu, tarixən belə olub. Azərbaycanı tərk edərək İsrailə gələn yəhudilər ölkəniz haqda daim xoş fikirlər söyləyirlər. Biz böyük və çox şey vəd edən yeni bir yolun başlanğıcındayıq. Bu gün kiçik dövlətlər özlərinin yenilikləri ilə kifayətlənməməli, yeni  üfiqlərə, milli konsepsiya və təfəkkürə tərəf irəliləməlidirlər. Əldə ediləcək razılaşmalar bizim ikitərəfli əlaqələrimizin inkişafına imkanlar yaradacaq".

"Azərbaycan yəhudilərin, müsəlmanların və xristianların düşmənçilik və fanatizm olmadan yaşadıqları yerdir. Bu səbəbdən də Azərbaycan mənim üçün xüsusi ölkədir və əminəm ki, ona etibar edə bilərəm. Onun öz mədəni kökləri var. Nefti almaq olar. Mədəniyyəti isə yaratmaq lazımdır. Azərbaycan öz mədəniyyətini yaradıb", - deyə Peres Trend News agentliyinə müsahibəsində bildirib.

Qeyd etmək lazımdır ki, Azərbaycanda tolerantlıq ruhunun yaradılması üçün vaxtilə ümummilli lider Heydər Əliyev çox işlər görmüşdü və ölkədə antisemitizmə yol verməyəcəyini qəti şəkildə söyləmişdi.

Bakıda İsraillə Azərbaycan arasında iki hökumətlərarası saziş imzalandı. Bunlar mədəniyyət, elm və təhsil, eləcə də informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa dair sazişlərdir. Bundan başqa, İsrailin "Şikun u-binuy" şirkətinin Azərbaycan paytaxtında dəyəri 350 milyon dollar olan avtomagistral inşa etməsi, digər şirkət - Aeronautics-in isə yüksək texnologiyalar zavodu tikməsinə dair  razılaşmalar da əldə edildi. 

Azərbaycan rəsmiləri ilə görüşlərində Ş.Peres bildirib ki, iki ölkə arasında məhsuldar mübadilə olmalıdır: Azərbaycan İsrailə neft, İsrail isə Azərbaycana texnologiya verə bilər. 

Bakıda Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevlə görüşü zamanı İsrailin milli infrastruktur naziri Uri Landau da ölkəsinin diversifikasiya siyasəti çərçivəsində böyük həcmdə Azərbaycan nefti və qazını almaqda maraqlı olduğunu təsdiqləyib. 

İsrail Azərbaycandan öz ərazisinə neft-qaz borusunun tikintisində də maraqlıdır. ARDNŞ-dən verilən açıqlamada bildirilir ki, Azərbaycanda reallaşdırılan qlobal layihələrlə maraqlanan Landau, ölkəmizdən  İsrailə enerji xətlərinin çəkilişini, diversifikasiya baxımından vətəni üçün böyük əhəmiyyət daşıdığını bəyan edib. 

R. Abdullayevin fikrincə, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin fasiləsiz işləməsi gələcəkdə Xəzər neft və qazının Qırmızı dənizə çıxışının nəzərdən keçirilməsinə imkan yaradır.

Karbohidrogenlərin Azərbaycandan İsrailə daşınması haqda danışan Ş.Peres isə bildirib ki, bunun "həm iqtisadi, həm də siyasi aspektləri var".

Qeyd edək ki, 2008-ci ildə İsraillə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 3,6 milyard dollar təşkil edib. Bu ilin 5 ayının yekunlarına görə, İsrail Azərbaycandan məhsul idxal edən ölkələrin sırasında 4-cü yeri tutur. Həmin dövrdə Azərbaycan ixracının 7,31%-i onun payına düşür. İsrail Azərbaycandan əsasən xam neft alır. Bununla yanaşı, İ.Əliyev əmindir ki, 2009-cu ildə ticarət dövriyyəsinin həcmi ötənilki rəqəm ətrafında, hətta ondan daha yüksək olacaq. Prezident bunu iki ölkə arasında kənd təsərrüfatı, səhiyyə, turizm, elm və texnologiya, həmçinin kosmik sənaye sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlərin olması ilə izah edib. Məsələn, artıq məlumdur ki, Azərbaycan və İsrail birgə pilot fermer təsərrüfatı yaratmağa hazırlaşır. 

Şimon Peresin Bakı səfərində başlıca yeri isə təbii ki, siyasət tutur.

Xüsusi qeyd olunmalıdır ki, İsrail prezidenti ölkəsinin Azərbaycanın ərazi bütövlüyü prinsipinə sadiq olduğunu, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə çözülməsinin vacibliyini bəyan edib. "İşğala baxmayaraq, siz mədəniyyət və nikbinliyinizi qoruyub saxlaya bilmisiniz. Mən əhalisi 8 milyondan bir qədər artıq ölkədə 1 milyon insanın qaçqın və məcburi köçkün düşməsinin nə qədər çətin olduğunu anlayıram. Bu, o anlama gəlir ki, ölkə vətəndaşlarının hər 8 nəfərdən 1-i məcburi köçkündür. Lakin siz, həqiqətən də, bu problemin öhdəsindən ləyaqətlə gələ bilmisiniz", - deyə Ş.Peres bildirib.

Bu bəyanatın arxasında İsrailin Azərbaycana sadəcə dəstək verməsindən daha artıq məqamlar dayanır - söhbət həm də ABŞ-ın dəstəyindən gedir. Hətta belə də demək olar ki, ABŞ özünün etibarlı strateji müttəfiqi olan İsrail vasitəsilə regionda təsir imkanlarının artırılması istiqamətində daha bir addım atdı. Eyni zamanda Bakının daim birbaşa və ya dolayı yolla Ağ evin diqqət mərkəzinə düşməsi Azərbaycanın geosiyasi çəkisini göstərir, onun Güney Qafqazdakı strateji rolunu bir daha təsdiqləyir. 

Bununla yanaşı, ayıdındır ki, Azərbaycan İsraillə əlaqələrini möhkəmləndirməklə həm də öz maraqlarının qorunmasında daha geniş məkan əldə etmiş olur. Düşünmək olar ki, bundan sonra Bakı ABŞ-ın nüfuzlu yəhudi lobbisinin daha böyük dəstəyinə ümid edə bilər. Çünki onlar da Vaşinqtonun İsrailin müttəfiqləri ilə münasibətlərinin möhkəmləndirməsində maraqlıdırlar. ABŞ-ın qanunverici orqanlarında rəsmi Bakı üçün o qədər də əlverişli olmayan qanunların qəbuluna təşəbbüs göstərən erməni lobbisinə qarşı təpkinin daha da sərtləşməsi sözsüz ki, heç də az əhəmiyyət daşımır.

Lakin, hətta Amerika amilini kənara qoysaq belə, Azərbaycan özlüyündə geosiyasi meydanda xeyli çəkiyə malik İsraillə əməkdaşlıqdan çox şey qazanacaq.

Əksər müşahidəçilər Peresin Bakı səfərini Azərbaycanla İsrailin İran-Ermənistan müttəfiqliyinə qarşı uğurlu addımı kimi dəyərləndirirlər: beynəlxalq birliyin rəyi ilə hesablaşmadıqlarına görə, bu ölkələr faktiki olaraq "regionun təcridolunmuşları" hesab edilirlər.

Lakin bu ölkələrin Peresin Bakı səfərinə reaksiyası da fərqli idi. Ermənistan daim olduğu kimi, bu dəfə də baş verənləri müşahidə etməklə kifayətləndiyi halda, İran İsrail prezidentinin Azərbaycana səfərinə kəskin etiraz etdi. Məsələn, İranın Baş Qərargah rəisi Həsən Firuzabadinin bəyanatında Peresin Bakı səfərinin, İran-Azərbaycan münasibətlərində problemlər  yaradacağı bildirilirdi. O, hətta İsrailin Azərbaycandakı səfirliyinin bağlanmasını da vacib saymışdı. 

1news.az İranın Fars agentliyinə istinadən xəbər verir ki, İran parlamentinin deputatları ölkənin xarici işlər naziri Mənuçöhr Möttəkiyə müraciət edərək, məsələyə aydınlıq gətirilməsini istəyiblər. İranlı deputatların fikrincə, Peresin Azərbaycana səfəri İranla mehriban qonşuluq siyasətinə xidmət etmir.

Lakin Bakı açıq şəkildə bəyan edir ki, digər dövlətlərin onun daxili işlərinə qarışmasına imkan verməyəcək. Nəticədə iyunun 29-da belə bir məlumat yayıldı ki, İslam Respublikası Azərbaycandakı səfirini məsləhətləşmələr aparmaq üçün Tehrana çağırıb.

İran məsələsi üzrə məşhur israilli ekspert Mənaşe Əmir hesab edir ki, Şimon Peresin Bakıya səfərinin Tehranı bu qədər narahat etməsi Azərbaycanın İrandan daha da uzaqlaşması ilə bağlıdır. Bakı ilə Tehranın münasibətlərində, həqiqətən də, ağrılı məqama toxunan ekspert deyib: "Unutmaq olmaz ki, İran fəal şəkildə Ermənistanı dəstəkləyir, ona silah və neft verir, hərbi-texniki, maddi köməklik göstərir, Ermənistanı enerji resursları ilə təmin edir. İran bir dəfə də olsun Ermənistanı Azərbaycana qarşı təcavüzkar siyasətinə görə ittiham etməyib".

Lakin Peresin Bakı səfərinin Azərbaycan - İran münasibətlərinə dərindən təsir göstərəcəyini düşünmək də olmaz. İran hazırda öz xislətini sonadək nümayiş etdirəcək durumda deyil, Azərbaycan isə öz xarakterini çox yaxşı göstərə bildi.

Bir məqam da qeyd edilməlidir ki, Ş.Peresin Bakı səfəri İsrailin Qafqaza fəal müdaxiləsinin başlanğıcı da sayıla bilər. Lakin bunun çox yumşaq və ehtiyatla baş verəcəyi aydındır. Axı İsrail regionda təsir imkanları baxımından, Türkiyə, Avropa İttifaqı və ABŞ-a "uduzur". Amma belə niyyət var. Məsələn, Knessetin sabiq deputatı, "İsrail-Azərbaycan" beynəlxalq təşkilatının rəhbəri Yosef Şaqal bir müddət əvvəl bildirmişdi ki, İsrail Ermənistanla Azərbaycan arasında vasitəçilik etməklə regiondakı mövqeyini möhkəmləndirə bilər.

Bundan başqa, Peres Bakıya səfərindən İsrailin Qəzza zolağındakı əməliyyatlarından sonra Türkiyə ilə gərginləşmiş münasibətlərinin bərpası üçün də çox güman ki, istifadə etməyə çalışıb. Azərbaycanın İsraillə hərbi kəşfiyyatçı və pilotsuz təyyarələr istehsal edəcək  zavodun tikintisinə dair razılığa gəlməsi də çox şeydən xəbər verir. İsrailin Elta Systems Ltd müdafiə şirkəti ilə peyk sisteminin yaradılması sahəsində də əməkdaşlıq ediləcək. 

Xatırladaq ki, bir müddət əvvəl  bu qurum hava şəraitindən asılı olmayaraq, Yerin yüksək keyfiyyətli şəkillərini çəkə bilən TecSAR peykinin yaradıldığını elan edib. Azərbaycanın hərbi ekspertlərinin fikrincə, bu, dağlıq ərazilərdə hərbi əməliyyatların aparılması üçün əvəzedilməz sistemdir. Qarabağın landşaftını nəzərə alsaq, bu sistemin, həqiqətən də, əvəzedilməz olduğunu söyləmək mümkündür.

Bundan başqa, İsrail ilə Azərbaycan birgə PDM (Piyadaların Döyüş Maşını) istehsalı ilə bağlı da danışıqlar aparır. "Namer" tipli tam təchiz edilmiş, super-müasir PDM-in 2 milyon dollara başa gələcəyi bildirilir. İki ölkə, müdafiə sənayesinin başqa sahələrində də əməkdaşlıq etməyi planlaşdırır. Şimon Peres isə tezliklə İsraildə Azərbaycan səfirliyinin açılacağına da ümid etdiyini dilə gətirdi: "Düşünürəm ki, əməkdaşlıq inkişaf etdikcə, bu addımın vacibliyi də artır".


MƏSLƏHƏT GÖR:

568