14 Mart 2025

Cümə, 23:32

YOLLAR BAKIDA BİRLƏŞİR

Müəllif:

01.07.2009

Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana ilk gəlişindən düz bir il sonra o, növbəti dəfə işgüzar səfərlə Bakıya gəldi. Özü də belə blits-səfər üçün tərəflərin iş qrafiki kifayət qədər sıx oldu. İmzalanan sənədlər isə səfərin səmərəliliyini göstərirdi.

Prezidentlər iki birgə bəyanat imzaladılar: Xəzər dənizi və dövlət sərhədlərinin delimitasiyasının yekunlaşdırılmasının əsas prinsipləri, eləcə də Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Samur çayının su resurslarının bölüşdürülməsi haqqında. 

Bundan başqa, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə "Qazprom" arasında "Azərbaycan təbii qazının satış və alışına dair müqavilənin əsas şərtləri" imzalandı. 

Azərbaycanla  Rusiya Federasiyasının Kabardin-Balkar Respublikası hökuməti arasında ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlığa dair razılaşma da imzalanmış sənədlər sırasında idi. 

Bundan başqa, ölkələrin xarici işlər nazirləri Elmar Məmmədyarovla  Sergey Lavrov iki hökumət arasında Azərbaycanın Rusiyada, Rusiyanın isə Azərbaycanda diplomatik nümayəndəliklərinin yerləşdirilməsi və xidmətinə dair razılaşmanın hazırlanması ilə bağlı birgə bəyanatla çıxış etdilər.

Ümumiyyətlə, son 1 il ərzində Azərbaycan və Rusiya prezidentləri arasında bir neçə görüşün baş tutması, həmçinin sonuncu, nisbətən qısa görüş zamanı xeyli vacib sənədlərin imzalanması faktı iki ölkə arasında münasibətlərin dinamik və strateji xarakterindən xəbər verir. Bunu növbəti dəfə prezidentlərin özləri də təsdiqləyiblər.

Bu arada Medvedevin Bakıya səfərini işıqlandıran, demək olar ki, bütün Rusiya və dünya KİV-də əsas diqqətin razılaşmalardan birinə - qaz müqaviləsinə yönəlməsi də təəccüblü deyil. "Dmitri Medvedev rəqiblərinin Azərbaycan qazını "ələ keçirmək" ümidlərini yox etdi", "Medvedevdən qaz jesti", "Azərbaycan Rusiyanı qazla həvəsləndirir", "Rusiya "Nabukko" kəmərini deşdi", "Azərbaycan qazı 2010-cu ilin əvvəlində Rusiyaya axacaq"  - D.Medvedevin Azərbaycana səfəri haqda yazan KİV-in səhifələri bu cür başlıqlarla bəzənmişdi.

Doğrudan da, enerji sahəsində əməkdaşlıq Azərbaycan-Rusiya münasibətlərində aparıcı yer tutur. Bunu dövlət başçıları da öz bəyanatlarında qeyd ediblər. Eyni zamanda, onlar qaz mövzusunu siyasiləşdirməməyə çağıraraq, bunun yalnız qarşılıqlı maraqlara uyğun və kommersiya münasibətləri çərçivəsində olduğunu vurğulayıblar. 

Həqiqətən də, məntiqi baxımdan, Azərbaycanın digər marşrutların yaradılmasını gözləməsi doğru olmazdı. Axı Azərbaycanla Rusiya arasında tranzit ölkə yoxdur, üstəlik, qaz kəmərlərinin tikintisinə investisya yatırılması və digər xərclərə də ehtiyac duyulmur. Odur ki, yalnız məsələnin texniki və kommersiya tərəflərini razılaşdırmaq qalırdı və tərəflər də bunu etdilər. 

Azərbaycan prezidenti eyni zamanda açıq şəkildə bildirdi ki, Rusiya marşrutu ölkə qazının ixrac marşrutlarından yalnız biridir və dünya bazarlarına çıxışın digər variantları da istisna olunmur. "Bizim üçün qaz sahəsində Rusiya ilə əməkdaşlıq  həm də yeni bazara çıxış, qaz təchizatının diversifikasiyası imkanları deməkdir. Bəzən "diversifikasiya" sözünü eşidən zaman yalnız istehlakçılar üçün diversifikasiya nəzərdə tutulur. Lakin Rusiya, həmçinin artıq Azərbaycan kimi istehsalçılar üçün də təchizatın diversifikasiyası istehlakçılarda olduğu qədər vacibdir", - deyə İ.Əliyev qeyd edib.

İndi qalır yalnız 2010-cu ildən etibarən hər il Rusiyaya 500 milyon kubmetr təbii qazın nəqlinin təmin edilməsi. Özü də razılaşmada da əks olunduğu kimi, sonradan bu həcm artsa belə, Azərbaycana öz qazını "Nabukko" ilə də istiqamətləndirməyə əngəl yaratmayacaq. "Bizim ölkəmizin qaz potensialı kifayət qədər böyükdür və deyə bilərəm ki, bu il qaz hasilatının həcmi təxminən 27 milyard kubmetrə çatacaq. Gələn ilə isə 30 milyard kubmetrdən artıq qaz hasil etməyi planlaşdırırıq", - deyə İ.Əliyev qeyd edib.

Ümumilikdə, Azərbaycanla Rusiya arasında iqtisadi sahədə əməkdaşlıq üçün böyük potensial var. D.Medvedevin də söylədiyi kimi, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 1,2 milyard dollara çatıb. Bu il qlobal maliyyə böhranı şəraitində müəyyən azalma müşayiət olunsa da, Rusiya Azərbaycanın ticari-iqtisadi tərəfdaşları arasında ilk üçlükdəki yerini qoruyur. Bu ilin 4 ayının yekunlarına görə, Rusiya Azərbaycanın 3-cü ən böyük ticarət tərəfdaşıdır. İxracatçı ölkələr arasında isə o, inamla liderlik edir. Rusiya prezidentinin Azərbaycana son səfəri çərçivəsində imzalanmış sənədləri nəzərə alsaq, iki ölkə arasında ticarət dövriyyəsinin kəskin şəkildə artacağını gözləmək olar.

Prezidentlərin görüşünün digər nəticələrinə gəlincə, İ.Əliyev bildirib ki, "tərəflər ölkələr arasında sərhədlərin tam delimitasiyasına nail olmaq üçün vacib addım atıblar". O, bu istiqamətdə gələcəkdə aparılacaq işlər və sənədlərin imzalanması üçün prinsiplərin razılaşdırıldığını söyləyib. 

Xəzər dənizi ilə bağlı bəyanatda isə "dənizin hüquqi statusuna dair hazırlanan Konvensiyanın bir çox əsas aspektləri ilə bağlı ümumi yanaşmanın artdığı bildirilir. Buraya Xəzər dənizinin akvatoriyasının delimitasiyası və onun cənub hissəsində dibinin bölüşdürülməsi, həmçinin təhlükəsizlik, tranzit, biosferin qorunması və digər məsələlər daxildir.

Səfər çərçivəsində tərəflər Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr də aparıblar. Gözlənildiyi kimi, D.Medvedev bir daha ölkəsinin problemlə bağlı mövqeyini təsdiqləyərək bildirib ki, Moskva bu məsələdə beynəlxalq hüquq prinsiplərinə əməl edilməsini istəyir: "Söhbət təbii ki, əsas beynəlxalq qurumların qərarlarından, xüsusilə BMT-nin Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələrindən gedir". 

Rusiya prezidenti bildirib ki, " münaqişənin kifayət qədər yaxın perspektivdə həll edilməsi üçün böyük şanslar var". Ermənistanın dövlət başçısı ilə son görüşünün nəticələrinə bir daha aydınlıq gətirən  Azərbaycan prezidentinin sözlərinə görə, əsas tərəfdaş ölkələrdən sayılan Rusiyanın tutduğu mövqe artıq real nəticələr verməkdədir: "Mən deyərdim ki, bu gün danışıqlar prosesi həlledici mərhələyə qədəm qoyur. Artıq biz Dmitri Anatolyeviçlə qeyd etdik ki, bu ay danışıqların Sankt-Peterburqda keçirilmiş raundu kifayət qədər effektli alınıb. Biz irəliyə doğru daha bir addım ata bilmişik".

 Ümumilikdə D.Medvedevin son səfərinin nəticələri bir daha göstərir ki, Moskvanın regional siyasətində Bakının rolu artır. Özü də iki ölkə prezidentini fəal dialoqa sövq edən əsas amillərdən biri də dövlətlərin yerləşdikləri coğrafi məkanlarında - Azərbaycanın Güney Qafqazda, Rusiyanın isə geniş Avrasiya və ümumilikdə dünyadakı liderlik mövqeyidir.


MƏSLƏHƏT GÖR:

330