
KULTURİSTLƏR ÜÇÜN DƏMİR FAKTOR
Azərbaycan millisi güney qafqaz kubokunu qazandı
Müəllif: Zəki FEYZULLAYEV Bakı-Rustavi-Bakı
Bodibildinq üzrə Azərbaycan yığması Rustavidə keçirilən Güney Qafqaz kubokunu qazanaraq, növbəti dəfə regionun ən güclüsü olduğunu sübut etdi. Gürcüstan və Ermənistandan olan rəqibləri ilə yarışan idmançılarımız əsl master-klass göstərərək, bir çox standartlara görə hamıdan üstün olduqlarını nümayiş etdirdilər.
Rustavidə isti qarşılanma
İndiyədək keçirilən 3 analoji turnirdən fərqli olaraq, bu dəfə Güney Qafqaz Kuboku yarışı Gürcüstanın Rustavi şəhərində baş tutdu. Və bu bizim üçün də çox uğurlu alındı, çünki Azərbaycan yığmasına dəstək vermək üçün Gürcüstanda yaşayan azərbaycanlılar da gəlmişdilər. Komandamız da əsl liderlərə xas ustalıq nümayiş etdirdi: turnirə yollanmış 4 bodibildinqçimizin hər biri qalib oldu.
Turnirdə Azərbaycanı ikiqat Avropa çempionu Yalçın Məmmədov (80 kq), “Avro-2007”-nin finalçısı Rövşən Quliyev (90 kq), Avropa çempionatlarının üçqat mükafatçısı Vüqar Verdiyev (90 kq) və dünya çempionatının finalçısı, klassik bodibildinqdə uğur qazanmış Fərhad Quliyev təmsil edirdilər. Maraqlıdır ki, hər dörd idmançımız absolyut kateqoriyada çempionluq uğrunda yarışırdı və bu mükafata V.Verdiyev sahib çıxdı.
Bu yarış növbəti dəfə Azərbaycan yığmasının yüksək statusunu göstərdi. Təsadüfi deyil ki, gürcüstanlı bodibildinq həvəskarları bizim atletlərimizin əvvəlki Güney Qafqaz kuboklarındakı iştirakından xəbərdar olduqları üçün, bu turnirə məhz Azərbaycan yığmasını izləmək üçün toplaşmışdılar. Və idmançılarımız da əsl şou göstərərək, publikanı razı saldılar. Turnirin yekunlarını şərh edən Milli Federasiyanın prezidenti Rauf Bünyadəliyev etiraf edir: komandamızın səviyyəsi o qədər yüksək idi ki, bu, turnirin əhəmiyyətini də, sanki, artırırdı. "Azərbaycan regionun digər ölkələri üçün, bir növ, standarta çevrilib, bu idman növünün inkişafından ötrü hamı bu standarta yaxınlaşmağa çalışır. Burada heç rəqabət də olmadı - hamı Azərbaycan bodibildinqinin regonun lideri olduğunu qəbul edirdi. Bu cür səviyyəyə çatandan sonra isə insan çalışır ki, sadəcə, zövq alsın. Məhz buna görə biz son illər respublika turnirlərini Bakıda yox, əyalətlərdə keçiririk. Çünki rayonlarda bu yarış publikanı daha çox maraqlandırır. Amma Rustavidə bizim şahidi olduğumuz mənzərəni çoxdandır vətəndə görmürük. Böyük bir azarkeş ordusu turnirdən dərhal sonra yalnız bir xahişlə - idmançılarımızla şəkil çəkdirmək və onlara minnətdarlığını bildirmək üçün bizə tərəf axışdı. İdmançı üçün isə bu, çox şeydir", - deyə R.Bünyadəliyev vurğulayır.
Novi Sadedən olan "gümüş"
Rustavi turniri ərəfəsində Novi Sadda keçirilmiş Avropa Çempionatında komandamız Vüqar Verdiyevin sayəsində bir gümüş medal qazandı. Hərçənd, bizim komanda ilkin mərhələni itkisiz keçdi və iştirakçılarımızın 6-sı da finala vəsiqə qazandı. Odur ki, biz daha böyük nəticəyə ümid edirdik. Digər tərəfdən, son illər bodibildinqçilərimiz çox sabit çıxış edirlər və bu da bizə yüksək nəticələrə ümid üçün əsas verirdi. R.Bünyədəliyevin sözlərinə görə, Avropa çempionatının nəticəsi onda ikili hiss yaratdı. "Birinci mərhələdə idmançılarımızın hamısı finala vəsiqə qazandı və bu bizdə fərəh hissi doğurmaya bilməzdi. Amma yekun nəticələr ürəyimizcə olmadı. Çünki həm fiziki hazırlıq, həm psixoloji cəhətdən uşaqların ən yüksək yerlər uğrunda yarışa hazır olması bizdə optimizm yaratmışdı. Hakimlər haqda o qədər danışılır ki, buna toxunmaq istəmirəm. Amma 13 illik stajı və "A" beynəlxalq kateqoriyası olan, Avropa və dünya çempionatolarında iştirak etmiş bir hakim kimi deyə bilərəm ki, Vüqar Verdiyev Avropa çempionu olmalı idi! 5-ci yeri tutmuş Yalçın Məmmədov isə, minimum, ikinci yerə layiq idi. Fərhad Əliyev və Həmid Rza Keşaniyə gəlincə, onlar layiq olduqları yeri - dördüncü pilləni qazandılar", - deyə Bünyadəliyev qeyd edir.
Onu ən çox narazı salan isə Y.Məmmədovla bağlı vəziyyət oldu. Yekun nəticələrin elan olunmasından sonra əksər mütəxəssislər və hakimlər Bünyadəliyevə yaxınlaşaraq çaşqınlıqlarını gizlətmirdilər: "Hamı soruşurdu ki, bu, necə ola bilər? Niyə öz kateqoriyasında ən yaxşı təsir bağışlayan Yalçına 5-ci yeri verdilər? İkinci və ya üçüncü pillədə olmaq, yenə, adamı razı sala bilər, amma ona 5-ci yer istər-istəməz məyusluq yaradır. Odur ki, biz çox pərt olduq.
V.Verdiyev də qızıl medala ümid edirdi. Beynəlxalq və Avropa Federasiyasının prezidenti Rafael Santoxa yekun nəticələri elan etmədən məni mükafatçıları təbrik etmək üçün səhnəyə dəvət etdi. Səhnəyə qalxanda mən gözucu mükafatçılara yazılan diploma baxdım və gördüm ki, birinci yeri sabiq dünya çempionu, slovakiyalı Peter Tatarkaya veriblər. Və sonda səhnədə onların ikisi qalanda, Vüqar daxilən həyəcanlanırdı, ümid edirdi, mən isə artıq bilirdim ki, o, ikinci yeri tutub" - deyə R.Bünyadəliyev bildirir.
Vüqar Verdiyevin ulduzu
Milli Federasiyanın başçısı ötən ilin yekunlarına görə, Avropa Federasiyasının reytinqində üçüncü olan Vüqarla bağlı məsələyə ayrıca toxundu. "Hər bir idmançının öz statusu var və bu status həm onun beynəlxalq arenada qazandığı uğurlardan, həm də bir insan kimi özündən asılıdır. Bu baxımdan, Verdiyev ən yüksək statusa malikdir. Adicə bir misal çəkim: hər dəfə yarışdan əvvəl idmançıların çəkisi müəyyənləşdiriləndə, çempionatın iştirakçıları bir-bir Vüqara yaxınlaşırlar, onunla şəkil çəkdirmək, söhbətləşmək istəyirlər. Çünki Vüqar həqiqətən də ulduzdur. Bəlkə də idmançı haqda belə sözlər söyləmək düzgün deyil, amma mən bunu demək istəyirəm. O, bizim bodibildinq məktəbinin nümayəndəsidir və azərbaycanlı kulturistin belə yüksək beynəlxalq reytinq, nüfuz və hörmət sahibi olduğunu görəndə, fərəhlənməyə bilmirsən. Məsələn, Avropa Federasiyası hər il köhnə qitənin ən yaxşılarının reytinqini açıqlayır və ötən ilin yekunlarına görə, Vüqar 3-cü yerdədir. Fərhad Quliyev isə klassik bodibildinq reytinqində 10-cu pillədədir və bu da, çox yüksək göstəricidir" - deyə Bünyadəliyev qeyd edir.
Xatırladaq ki, Azərbaycanın Milli Federasiyası artıq gələn il Bakıda keçiriləcək dünya çempionatına hazırlıq strategiyasını müəyyənləşdirib. Çünki Avropa çempionatlarında Azərbaycan komandası daim mükafata əsas namizədlər sırasında olsa da, dünya çempionatında rəqabət daha ağırdır. "Buna görə də belə qərara gəlmişik ki, yaxın yarım il ərzində uşaqları çox yormayaq. Ona görə də Dohada keçiriləcək dünya çempionatı və gələn ilin Avropa çempionatına biz daha az heyətlə qatılacağıq. Yəqin ki, Qətərdəki mundiala Həmin Rza Keşani (100 kq) qatılacaq, çünki o, bu cür turnirlərdə qələbə qazanmaq üçün alışıb-yanır. O, karyerasına təzə başlasa da, artıq ciddi nəticələr əldə edib.- ötənilki Avropa çempionatında 5-ci idi, bu dəfə 4-cü oldu. Əsas liderlərimiz isə 2010-cu ilin Bakı çempionatına hazırlaşacaqlar. Rəqabət çox güclü olacaq və biz sənhədə "qonaqpərvərlik" nümayiş etdirməyi düşünmürük. Digər aspektlərdə qonaqpərvərliyimizə söz yoxdur, amma yarışda iştirakda heç bir güzəştdən söhbət gedə bilməz. Biz yüksək yerlər uğrunda yarışırıq və həm mən özüm, həm də idmançılarımız buna çox məsuliyyətlə yanaşmalıyıq. Əgər biz dünya çempionatını təşkil etməyi üzərimizə götürmüşüksə, deməli, öz azarkeşlərimizi yüksək nəticələrlə də sevindirməliyik. Və biz buna nail olacağıq" - deyə R.Bünyadəliyev vurğulayıb.
Bir sözlə, qarşıda Azərbaycan yığmasını yeni turnirlər gözləyir. Məsələn, Rövşən Quliyev veteranlar arasında Avropa çempionatına hazırlaşır və finala vəsiqə qazanmaq üçün yaxşı imkanlara malikdir. Vüqar Verdiyev isə ilin sonunda nüfuzlu "Avro-elit tur" turnirinə qatılacaq. Onu da deyək ki, ənənəvi olaraq, bu turnirə ən güclü kulturistlər toplaşır.
Odur ki, bodibildinqçilərimizə darıxmağa imkan verilməyəcək, zaman elə sürətlə ötür ki, gələn ilin dünya çempionatına hazırlığı artıq bu gündən başlamaq lazımdır.
MƏSLƏHƏT GÖR: