Müəllif: Nigar KƏRİMOVA Bakı
Bakı şəhərinin rəhbərliyi narahatdır ki, yay tətillərinn başlamasına baxmayaraq, Bakı çimərlikləri istirahət edənləri hələ də tam qəbul etməyə hazır deyil. Baxmayaraq ki, iyunun 10-da artıq termometrlərin şkalası +29 dərəcəni göstərirdi. Rəsmi olaraq isə çimərlik mövsümü hələ mayın 15-dən açılsa da bəzi həvəskarlar artıq yazın ortalarından dənizə getməyə başlamışdılar. Onları gerçəkdən bu istirahət növünün fanatları da adlandırmaq olar, çünki ətrafdakı nöqsanlara baxmayaraq onlar inadla çimərliklərə getməkdədirlər. Və bu halda söhbət yalnız ənənəvi olaraq problemli dövlət çimərliklərindən getmir. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) şöbə müdiri Ziyəddin Kazımov "Region plus"un əməkdaşı ilə söhbətində bildirib ki, özəl çimərliklər də mükəmməllikdən uzaqdırlar.
Su da sahilinə bənzəyir
Bir sıra sahil əraziləri və çimərliklər elə çirklənib ki, böyük zibilliyə bənzəyirlər. Özü də buna yalnız yayda rast gəlmək olmur. Məişət tullantıları çimərliklərə qışda da atılır. Amma qış vaxtı dəniz sahilində istirahət edənlər az olduğundan biz də onları nadir hallarda görürürk. Dövlət çimərliklərində zibil qabına, tullantı çəninə və ya zibil çuxuruna elə də tez-tez rast gəlmək mümkün deyi.
"Ortadan yuxarı səviyyəli" özəl çimərliklərdə vəziyyət xeyli yaxşıdır, amma ideal da deyil. "Bahalı" çimərliklərdə təmizliyə riayət edilir, amma su hər yerdə eynidir - hardasa sanitar normalara uyğun gəlir, hardasa yox. Həm də tam keyfiyyətli sahil istirahət zonalarına getməyə hər kəsin imkanı çatmır.
"Ancaq yüksək xidmət səviyyəsi və gözəl dizayn heç də bu çimərliklərin standartlara uyğun gəlməsi və insan sağlamlığı üçün təhlükəsiz olması demək deyil", - deyə Z. Kazımov qeyd edir. Nazirlər Kabinetinin qərarı ilə çimmək üçün nəzərdə tutulmuş çimərlik zonalarının təmizlənməsini Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyi həyata keçirməlidir.
"Öz tərəfimizdən biz ölkənin bütün çimərliklərində reydlər keçirir, sanitariya-gigiyena durumu barədə əldə edilmiş arayışları rayon icra hakimiyyətlərinə göndəririk. Uyğun olaraq, müvafiq instansiyalar konkret məlumat əldə edərək, lazımi işləri görməyə borcludurlar", - deyə mütəxəssis bildirir. Düzdür, burada insanlar öz tərbiyə və şüur səviyyələrinə uyğun istirahət edirlər. Kimlərsə zibili birbaşa sahilə atır, kimlərsə zibilin üstünü yüngülvari qumla örtməyə çalışır. Alma cecələri, boş butulkalar, polietilen torbalar, şüşə qırıqları, qəzet cırıqları - çimərliklərin tanış mənzərəsidir. Çimərliklərin çirklənmə səviyyəsi gündən-günə artır, zibillər dənizə düşür və dalğalar onu aparır, son nəticədə suyun keyfiyyətinin pisləşməsinə səbəb olur.
Z.Kazımov bildirir ki, hər il çimərlik mövsümünün açılmasından qabaq RGEM Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə birgə Azərbaycanın sahil istirahət zonalarının monitorinqini aparır. "Növbəti mövsümə hazırlıq səviyyəsi müəyyən edilir. Bu il dəniz suyunun sanitar-texniki durumu ilə tanış olmaq, kimyəvi, bakterioloji və radiasiya çirklənməsinin səviyyəsini aşkar etmək üçün keçirilən monitorinqə mayda başlanıb. Amma nəticələri indidən söyləmək düzgün olmaz. Hava şəraitinin kəskin pisləşməsi bizə işi başa çatdırmağa imkan vermədi. Biz güclü külək üzündən dəniz suyunun laboratoriya analizini apara bilmədik. Ancaq düşünürəm ki, artıq iyunun sonlarında bu işin ilkin nəticələri açıqlanacaq", - deyə Kazımov vurğulayıb. O cümlədən hansı çimərliklərdə çimmək və dincəlməyin mümkünlüyü, hansında qeyri-mümkünlüyü də açıqlanacaq. Mütəxəssis bildirib ki, adətən, Mərdəkan-Şüvəlan zonasının çimərlikləri təhlükə doğurur. Amma keçən ilin çimərlik mövsümünün sonunda ETSN vəziyyətin düzəldiyini qeyd etmişdi və bu, istismara yeni modul tipli təmizləmə qurğularının verilməsi ilə bağlı idi.
Su sudan seçilir
"Düşünürəm ki, suyun kimyəvi, bakterioloji və radiasiya çirklənməsinin səviyyəsi keçən ilkinə uyğun olacaq. Axı nə baş verir? İldən-ilə bir sıra çimərliklərdə durumun qiymətlədirilməsi "yaxşı" və "nisbətən yaxşı" anlayışları arasında dəyişir. Məsələn, keçən il Şüvəlan, Mərdəkan, Şıx çimərliklərində, Qaradağ rayonundakı Sahil qəsəbəsinin çimərliyində və Sumqayıt ərazisində Corat qəsəbəsindən Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə qədər uzanan çimərlik sahəsində çimmək qadağan edilmişdi. RGEM tərəfindən Bakı, Sumqayıt və Abşeron çimərliklərində aparılmış monitorinqin nəticələri bu ərazilərin çirklənməsini ortaya çıxardı. Bu istirahət zonalarının bağlanması barədə qərar sahələrin tullantı suları ilə intensiv çirklənməsi, təmizləmə qurğularının keyfiyyətsiz işi üzündən verildi. Başqa çimərliklərdə çimmək isə təhlükə doğurmurdu.
Pirşağı-Pirallahı sahil ərazilərində araşdırmalar göstərdi ki, "Mayak" istirahət zonasına yaxın ərazilərdə, Dübəndi sahillərində, "Şimal" DRES ərazisində, Mərdəkan sahil zolağında, "Marina beach" istirahət zonasının ərazisində, Bilgədəki kardioloji sanatoriyanın ərazisində, həmçinin "Amburan" çimərliyində su mikrobioloji baxımdan normal səviyyədə olub. Mərdəkan sahil zolağında ("Qızılqum" istirahət zonasının ərazisində) araşdırmalar zəif çirklənmə ortaya çıxardı. Buzovna qəsəbəsi ərazisində modultipli təmizləmə qurğusunun dəyişdirilməsi hesabına keçən ilin beş ayı ərzində cəmi bir dəfə zəif çirklənmə qeydə alınmışdı və bu da güclü külək üzündən baş vermişdi. Buzovna sahil zolağında (köhnə kənd ərazisində) zəif çirklənmə müşahidə edilib.
Pirşağı sahil zolağının Qızılnohur və Şorgöl ərazilərində də bağırsaq çöplərinin miqdarı normalara uyğun gəlirdi. Nardaran sahil zolağının çirklənmə səviyyəsi də yavaş-yavaş normalara yaxınlaşır. Bununla belə, Z.Kazımov bu il vəziyyətin yaxşılaşacağını istisna etmir. "Biz ümid edirik ki, prezident İlham Əliyevin "Xəzər hövzəsini çirklənmədən qoruma tədbirləri haqqında" sərəncamından sonra modul tipli lokal təmizləmə qurğularının tikilməsi hesabına göstəricilər xeyli yaxşılaşacaq. Bütün çağdaş standartlara uyğun gələn belə təmizləmə qurğuları Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran qəsəbələrində, həmçinin "Amburan" çimərliyinin ərazisində quraşdırılıb", - deyə mütəxəssis vurğulayır.
Ziyəddin Kazımov bildirir ki, dəniz suyunun lazımi kimyəvi-bakterioloji göstərcilərə uyğunluğunun müəyyən edilməsi ilə yanaşı, RGEM-in monitorinq qrupu özəl çimərliklərin sahiblərinin tullantı sularının dənizə axıdılmasının qarşısının alınması ilə bağlı fəaliyyətlərinə də nəzarət edir. Bu məsələyə laqeyd münasibətlə bağlı akt bağlanılır və hüquq-mühafizə orqanlarına müraciət edilir, hətta çimərliklərin fəaliyyətinin dayandırılması da mümkündür.
Z.Kazımov təəssüflə bildirir ki, hazırda ölkədəki çimərliklərinəksəriyyəti rayon icra hakimiyyətlərinin səhlənkar münasibəti üzündən dözülməz antisanitariya durumundadır. "Abşeron yarımadasında səkkiz iri dövlət və özəl çimərlik var. Çimərlik zonasının dövlətə məxsus və ya özəl olmasından asılı olmayaraq, istirahət edənlər orada vaxt keçirirlər, buna görə də cavabdeh şəxslər həm paytaxt sakinləri üçün, həm də şəhərin qonaqları üçün normal şərait yaratmalıdırlar", - deyə mütəxəssis vurğulayıb.
Maraqlıdır ki, çimərliklərin çoxunun ərazilərində yerləşdiyi Qaradağ və Əzizbəyov rayonlarının icra hakimiyyətlərindən dənizkənarı istirahət zonalarında sanitariya-gigiyena baxımından vəziyyətə şərh verməkdən imtina etdilər. Böyük ehtimalla deməyə sözləri yox idi.
Çimərlik mövsümü ərəfəsində ürəkaçan yeganə fakt Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə xidmətinin işidir. Hazırda, demək olar ki, ölkənin bütün çimərliklərində xilasedicilər, müşahidə qüllələri, boğulanları qurtarmaq üçün katerlər və başqa xüsusi texnika mövcuddur. Ancaq FHN-dən təəssüflə bildirilir ki, çimərliklərin demək olar heç birində Nazirlər Kabinetinin spirtli içkilərin satışına qadağa qoyan 1998-ci il tarixli sərəncamına əməl olunmur. Amma bununla yanaşı, əksər bədbəxt hadisələr suda sərxoş vəziyyətdə olan insanların başına gəlir.
Qeyd edək ki, 2006-cı ildə FHN-in yaradılmasından və xilasetmə xidmətinin onun tabeiliyinə verilməsindən sonra, sahil ərazilərinin təmizlənməsi və ictimai çimərliklərdə 40 xüsusi xilasetmə mərkəzinin tikilişi qərara alınmışdı.
MƏSLƏHƏT GÖR: