
TALANMIŞ DİYAR
Ermənistan tərəfindən ərazisinin 20%-i işğal edilən Azərbaycanın itkiləri milyard dollarlarla ölçülür
Müəllif: Zeytulla CABBAROV Bakı
Azərbaycanın regionlarında indi kənd təsərrüfatı işlərinin qızğın vaxtıdır. Kəndlilər əkir, səpir, yaxşı məhsul almaq üçün lazım olan hər bir işi görürlər, heyvandarlar sürüləri yaşıl otlaqlara qovurlar - bir sözlə, bütün ölkədə həyat qaynayır. Aqrar sektorun artıq bu il 10 faizə çatmış inkişaf templərini dəstəkləmək, ölkəni meyvə və tərəvəzlə təmin etmək, eləcə də yetərincə taxıl tədarük eləmək üçün hər bir iş görülür, ötən il ölkədə rekord 2,5 mln. ton taxıl yığılmışdı...
Ancaq artıq 16 ildir ki, Azərbaycan torpaqlarının 20%-i öz sahibləri ilə "ünsiyyət" sevincini hiss edə bilmir, Azərbaycan xalqı öz torpağının nemətlərindən bəhrələnməkdən məhrumdur. Əgər erməni silahlı qüvvələri bu rayonları işğal etməsə idilər, Azərbaycan iqtisadiyyatının hanısı səviyyəyə yüksələ biləcəyini bu gün yalnız hesablamaqla asanca təsəvvür etmək olar.
60 mlrd. dollarlıq oğurluq
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin (KTN) məlumatına görə, bu gün bir milyon hektardan artıq torpaq işğal altındadır. Onlardan 180 min hektardan çoxu əkinə yararlıdır. "Bu rayonların iqtisadiyyatında ənənəvi olaraq aqrar bölmə üstünlük təşkil edirdi", - deyə KTN-in torpaqşünaslıq üzrə baş eksperti Qurbanəli Hüseynov bildirir.
Qeyri-hökumət təşkilatlarındakı (QHT) mənbələrin məlumatına görə, Azərbaycan torpaqlarının işğalından birbaşa və dolayısı ilə itkiləri 60 mlrd. dolları ötüb. Mədəniyyət obyektlərinin, muzeylərin, tarixi abidələrin dağıdılması və talan edilməsi ilə yanaşı, təcavüzkar həm də amansızcasına işğal edilmiş ərazilərdə faydalı qazıntı yataqlarını istismar edir. Bunlar Kəlbəcərin 30 tondan artıq qızıl, Şuşanın 340 min kubmetrdən artıq su ehtiyatlarıdır. Minlərlə hektar bərəkətli torpaqlar erroziyaya məruz qalıb.
Sərsəng su anbarının, həmçinin yeddi nadir gölün balıq ehtiyatları talan edilib, onlarca çay istifadə olunur və müxtəlif tullantılarla çirkləndirilir. İşğal edilmiş torpaqların flora və fauna zənginlikləri talan edilir və məhvə məruz qoyulur. Bunların sırasına Laçın, Qubadlı, Daşaltı və Bəsitçay qoruqlarının 200-800 yaşlı çinarlarını, nadir və dekorativ ağac növlərini də aid etmək olar.
Məhv edilmiş iqtisadiyyat
Yalnız Qarabağın dağlıq hissəsində yaradılmış müəssisələri, onların texnikasını və avadanlığını sadalamaq yetərlidir ki, erməni tərəfinin SSRİ dönəmində vilayətin sosial-iqtisadi baxımdan ümumi respublika göstəricilərindən geri qalması barədə iddiaları kökündən təkzib edilsin. Hələ münaqişə başlamamış Azərbaycanın ovaxtkı rəhbərliyi ölkənin dağ rayonlarının, o cümlədən Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQVM) inkişafı barədə qərar qəbul etmişdi.
Bununla bağlı olaraq, DQVM-də və Ermənistan tərəfindən indi işğal altında saxlanan rayonlarda tikinti işləri genişləndirilmişdi. Burada yaxşı texniki avadanlığa malik güclü tikinti təşkilatları yaradıldı. Qısa müddət ərzində tikinti materialları üzrə qabaqcıl müəssisələrin, o cümlədən DQMV-dəki mərmər zavodunun da istehsalı artırıldı. Döyüş əməliyyatlarının gedişində bu müəssisənin bütün maddi-texniki bazası məhv edildi, nəzərdə tutulan layihələri isə heç cür gerçəkləşdirmək mümkün olmadı.
İşğal olunmuş ərazilərdə fəaliyyət göstərən sənaye sahələri ölkə iqtisadiyyatında önəmli yerə malik idi. Burada əsasən yeyinti və yüngül sənaye, tikinti materialları müəssisələrinin inkişafı üstünlük təşkil edirdi. Sözügedən müəssisələrin bu regionda inkişafına güclü kənd təsərrüfatı, xammal və yerli təbii ehtiyatlar müsbət təsir göstərirdi. İşğal edilmiş ərazilərdə ən inkişaflı sahələr sırasında yağ, pendir, şərabçılıq, qismən yüngül sənaye müəssisələrini göstərmək olar, onlar yerli əhalini lazımi ərzaq məhsulları ilə təmin edirdilər. DQMV öz inkişafına və malik olduğu sənaye sahələrinə görə keçmiş Azərbaycan SSR-in bölgələri arasında dördüncü yeri tuturdu. Ondan qabaqda isə yalnız Abşeron, Gəncə-Qazax rayonları, Naxçıvan MR gəlirdi.
Kənd təsərrüfatının prioritet istiqamətləri sırasında taxılçılıq, yem istehsalı, üzümçülük, tütünçülük, kartof becərilməsi, pambıqçılıq, ət-süd istiqamətli heyvandarlıq, xüsusilə də qoyunçuluq irəlidə gəlirdi. Üzümçülüyün və şərabçılığın inkişafı ilə bağlı regionda iri sovxozlar yaradılaraq, şərab zavodları tikilmişdi. Yeni əmtəə məhsulu isə tütünçülük idi.
Öz növbəsində, həmin vaxtlar Azərbaycanda istehsal edilmiş taxılın 14,3%-i, üzümün 31,5%-i, ətin 14,5%-i, südün 17,1%-i, yunun 19,3%-i və ipəyin 17% -i işğal edilmiş rayonların payına düşürdü. Özü də bu ərazilərdə ekoloji baxımdan ən təmiz və keyfiyyətli kənd təsərrüfatı məhsulları becərilirdi.
Əgər rəqəmlərin dili ilə danışılarsa, işğal edilmiş rayonlarda 645,5 min hektar ərazi kənd təsərrüfatı üçün yararlı idi, onların 185,5 min hektarı əkin sahələri, 40 hektarı isə meyvə verən gənc üzümlüklər idi. Rayonlarda orta hesabla ildə 80 min ton taxıl, 20,5 min ton pambıq mahlıcı, 324,3 min ton üzüm, 23,5 min ton kartof istehsal edilirdi.
Yuxarıda qeyd edildiyi kimi ,heyvandarlıq regionun kənd təsərrüfatının prioritet sahələrindən biri idi. Ölkənin 21 rayonunda sürülər buraya yaylağa gətirilirdi. Yarımköçəri heyvandarlıq indi xırda buynuzlu mal-qaranı bürümüş bir sıra xəstəliklərin qarşısını alırdı. Yalnız Kəlbəcərin fərdi təsərrüfatlarında 11840 iri buynuzlu və 103480 xırdı buynuzlu mal-qara, 1550 arı ailəsi var idi. İndi işğal altında olan başqa rayonlar üçün də bu cür zəngin siyahı sadalamaq olar.
Rayonların dalbadal və qəfil işğalı qoyun sürüləri və iri buynuzlu mal-qara naxırlarını döyüş bölgəsindən çıxarmağa imkan vermədli. Bu ərazilərdən xırda sürülərlə çıxarılan heyvanlar da yaşamadılar və yolda aclıqdan və susuzluqdan qırıldılar. Qeyd edək ki, yalnız təxmini rəqəmlərlə ermənilər 313,1 min iribuynuzlu mal-qara, o cümlədən 111,2 min inək və camış, 1 mln 98 min keçi və qoyun ələ keçiriblər. Nəticədə bölgə illik hesabla 20 min ton ət, 75,5 min ton süd, 846 ton heyvandarlıq məhsulları itirib.
Həyat davam edir, amma...
Artıq 16 ildir ki, Ermənistan tərəfindən işğal edilmiş rayonlardan məcburi köçkün düşmüş insanlar ata-baba torpaqlarında kənd təsərrüfatı məhsulları istehsal edə bilmirlər. Onların indi yaşadığı ərazilərin torpağı, iqlimi və kənd təsərrüfatı bitkilərinə aqrotexniki qulluq qaydaları başqadır. Bununla yanaşı, dövlətin yardımı ilə qaçqınlar və məcburi köçkünlər yaşadıqları ərazilərdə 760 fermer təsərrüfatı yaradıblar, bu təsərrüfatlar 45 min adamı əhatə edir. Qaçqınların təsərrüfatında 800 min baş mal-qara saxlanır.
İşğal olunmuş rayonlardan yalnız Ağdam və Füzulidə bərpa işləri aparılır, o da bu rayonların işğaldan azad edilmiş kiçik hissəsinin payına düşür.
Ağdam rayonunda torpaqların 77%-dən çoxu işğal edilib. Kəndlilər onun yalnız kiçik bir hissəsində kənd təsərrüfatı məhsulları əkib becərirlər. 87 kəndi isə ermənilər dağıdaraq, yerlə bir ediblər. Ağdamın nisbətən iri müəssisələri sırasında "Pambıq" ASC-ni və "Şərab" ASC-ni, "Araz" fermer təsərrüfatını göstərmək olar. Quzanlı kəndində pambıq zavodu tikilib. Başqa kəndlərdə dəyirmanlar, çörəkbişirmə və qənnadı sexləri fəaliyyət göstərir, ticarət və ictimai iaşə şəbəkəsi işləyir. 2008-ci ildə taxıl istehsalı 30 min tondan, kartof istehsalı 10 min tondan, tərəvəz istehsalı 40 min tondan çox olub.
Heyvandarlıq sahəsində iribuynuzlu mal-qaranın sayı 31 min baş, xırda buynuzlu mal-qaranın sayı isə 108 min baş olub. Süd, ət göstəriciləri artıb, quşçuluq yüksək templərlə inkişaf edir. Özəl təsərrüfatlarda bir milyondan artıq ev quşu var, yumurta istehsalı 79 milyon ədədə çatıb. Yalnız 2009-cu ilin birinci rübündə 1,2 mln. manatlıq məhsul istehsal edilib, əmtəə dövriyyəsi 4,4 mln. manata qədər yüksəlib. 2007-ci ilə baxanda 19 min hekatara qədər yüksəlib.
Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində 13 qəsəbə və 22 kənd yerləşir. Azərbaycan prezidentinin əmri ilə rayonun işğaldan azad olunmuş ərazisində qaçqınlar üçün qəsəbələr salınaraq istismara açılıb. Hazırda burada 54 min adam yaşayır. Burada iribuynuzlu mal-qaranın sayı 18 min başa, qoyun və keçilərin sayı isə 70 min başa çatır. Füzuli şəhərinin özü və daha 58 kənd hələ də işğal altındadır.
Ancaq zaman ötür və ölkə ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğal edilməsi nəticəsində Azərbaycanın itkiləri artır. Davam edən işğal nəticəsində ermənilərin özləri də heç bir iqtisadi gəlir əldə etmirlər. Avantüristlər istisna olunmaqla, xarici investorlar regiona getmirlər. Kənardan verilən ianələr hesabına yaşayan Ermənistan isə burada iqtisadi proqramlar gerçəkləşdirmək imkanında deyil. Ermənistanın özündə də hakimiyyəti ələ keçirmiş seperatçı Dağlıq Qarabağ rejiminin rəhbərləri özlərinin şəxsən varlanmaları üçün Azərbaycan torpaqlarını talan edirlər.
MƏSLƏHƏT GÖR: