15 Mart 2025

Şənbə, 00:37

HƏR İŞDƏ BİR XEYİR VAR

Qlobal böhran şəraitində tətil mövsümü turizm xidmətlərində qiymətlərin endirilməsi ilə yadda qalacaq

Müəllif:

15.06.2009

Dünya böhranın təsirləri, demək olar ki, bütün iqtisadi fəaliyyət sahələrində özünü göstərir. Dünya turizm sektoru da istisna deyil. Dünya Turizm Təşkilatının (DTT) məlumatına görə, keçən il dünya üzrə turizm xidmətlərində 2%-ə yaxın artım qeydə alınmışdı; bu il isə o, çətin ki, sıfırdan yüksək olsun. Xoşbəxtlikdən, bu mənfi meyil bizim ölkədə yetərincə zəif səviyyədə müşahidə olunacaq. Yerli turizm agentliklərinin, mehmanxana və istirahət zonalarının xaricdən gələn turist axınından asılılığı çox aşağıdır. Daxili turizm və ölkədən kənara turizm axınında isə böyük ehtimalla azalma gözlənilmir. 

 

Turistdir, ya yox?

DTT-nin araşdırması göstərir ki, iqtisadi problemlərə baxmayaraq, Qərb ölkələrinin sakinləri səyahətlərdən imtina etməyəcəklər, amma aşağı büdcəli və yaxın məsafəli səyahətlərə üstünlük verəcəklər, turların müddətini azaldacaqlar, planetin uzaq guşələrindəki ekzotik ölkələrə bahalı səyahətləri yaxşı çağlara qədər təxirə salacaqlar. Başqa sözlə, daxili turizmə və yaxın ölkələrə səyahətlərə üstünlük verəcəklər. Əgər Qərbi Avropa sakinlərindən söhbət gedirsə, onlar üçün Yaxın Şərq və Şimali Afrika regionu daha əlverişli olacaq. Bu baxımdan, Azərbaycan da Gürcüstan, Türkiyə, Rusiya, İran və Türkmənistandan keçən turizm layihələrinə qoşulmaqla, Qərb şirkətlərinin marağına ümid edə bilər. 

"Dünya böhranına baxmayaraq, ötən il Azərbaycana gələn xarici turistlərin sayı qabaqkı ilə baxanda  39,4% artaraq, 1,4 mln təşkil edib. Bundan başqa, biz bu il turist axınının, təxminən, 15% artmasına ümid edirik", - deyə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. 

Bu, çoxdurmu və gələnləri hansı qruplara aid etmək olar? DTT tranzit  sərnişin olmadan yad ölkədə üç gündən artıq qalmış istənilən adamı "xarici turist" qrupuna aid edir. Aydındır ki, bizim ölkənin mütləq rəqəmləri həqiqi vəziyyəti əks etdirmir, çünki bizim ölkəyə üç və dörd gündən artıq müddətə gələn xaricilərin əksəriyyəti ya iş ezamiyyəti, ya da şəxsi işləri üçün gəlirlər. Bakı otellərində yerlərin 44-72%-i məhz bu cür xaricilərin hesabına  dolur. 

İndi başqa ölkələrin vətəndaşlığında olan keçmiş həmvətənlərmizi də unutmaq olmaz. Onlar da məzuniyyət vaxtı Azərbaycana gələrək, qohumlarına baş çəkirlər, bir qayda olaraq, turizm şirkətlərinin xidmətindən istifadə etmirlər. Beləliklə, bizim ölkəyə gələn xaricilərin ümumi kütləsindən iş adamlarını və iş ezamiyyətinə gələnləri, həmçinin keçmiş həmvətənlərimizi çıxmalı oluruq. Çünki onların səfərinin məqsədi istirahət deyil, başqa səbəblərdir. Başqa sözlə, dünya turizm böhranı ən pis halda ölkəmizə gələn xaricilərin tətil zonalarımıza baş çəkən dörddə birinin imtinasına səbəb ola bilər.

 

Turoperatorlar arasında rəqabət...

Təbii ki, xaricdən turizm cəlbinin inkişafı sahənin vacib bölmələrindəndir. Amma daha maraqlı məsələ isə bu il tətil vaxtlarında istirahət etmək istəyən həmvətənlərimizi nə gözləməsi ilə bağlıldır. KİV-də aparıcı turizm agentliklərinin rəhbərlərinin və menecerlərinin dediklərindən belə anlamaq olur ki, böhran bizim vətəndaşların dünyanı görmək imkanlarına elə də mənfi təsir göstərməyəcək. 

Bundan başqa, bu il xaricə turizm yollayışlarının qiyməti 20%-ə qədər azalacaq, dünyanın otel şəbəkələri zərər içindədirlər və qiymətləri qaldırmaq istəməyəcəklər. İnternet saytlarında yerləşdirilmiş qiymətlərdən belə görünür ki, bizim ölkədə populyar olan Türkiyə, Misir və Kiprə səfərlərin qiymətləri  artmayıb və bəzi hallarda hətta azalıb. Bu ölkələrə bir həftəlik səfər adambaşına uyğun olaraq  550, 700, 500 manat təşkil edir. Ötən ilin yay-payız aylarında dollar qarşılığında avronun məzənnəsinin düşməsi də Avropa ölkələrinə yollayışların qiymətinin enməsinə müsbət təsir göstərib. 

Turizm agentliklərinin xidmətinin bahalaşması yalnız aviabiletlərin kəskin bahalaşması şəraitində mümkündür, neftin qiymətinin aşağı olması nəzərə alındıqda bu cür dəyişikliklər ehtimalı çox aşağıdır. Aviabiletlərin qiymətinin aşağı səviyyədə olmasına təsir göstərən başqa amil isə, xüsusilə də, Cənubi, Mərkəzi və Şimali Amerika ölkələrində apreldə başlanmış  "donuz qripi" epidemiyasıdır. Epidemiya turizm və biznes axınlarını xeyli aşağı salıb. 

Yerli turizmə gəldikdə isə bu seqmentin inkişafı vətəndaşların turizm yollayışlarına pul çatdırmaq imkanından asılıdır. Yollayışların qiyməti isə son illərdə inflyasiyanın yüksəkliyi, pansionatların və otellərin tikinti xərclərinin, işçi heyətinin saxlanması və haqqının ödənilməsi xərclərinin artması üzündən xeyli yüksəlib. 

Düşünmək olar ki, bu il həmin meyil əks istiqamətə yönələcək. "Bizim ölkədə mehmanxana sektorunun xidmətləri ucuz deyil, amma hazırda bir sıra otellərdə qiymətlər 20-25% ucuzlaşıb, tezliklə bu proses bazar iştirakçılarının böyük bölümünü əhatə edəcək", - deyə Ə.Qarayev ehtimal edir. Başqa tərəfdən, turizm bazarında strukturun dəyişilməsi və istehlakçılarda yeni zövqlərin formalaşması da bu meyili gücləndirir. 

Ekoloji, idman və etnoqrafik turizm növlərinə meyl edən insanların sayı getdikcə artır. Bu turizm növləri az-çox Şəkidə inkişafdadır, orada hətta Ailə Turizmi Assosiasiyası yaradılıb. Qax və Lənkəran rayonlarında da inkişaf var. Son illərdə İsmayıllı, Qəbələ, Qusar, Lerik və Masallı rayonlarının dağ kəndlərində ənənəvi at marşrutlarının da daxil olduğu etnoqrafik turizm inkişaf etməyə başlayıb. Xınalıqda da inkişaf  var və oraya hətta rahat avtobuslarla da getmək olur. Başqa sözlə, kiçik turizm sektorunda təkliflərin formalaşması bizim turistlər üçün ölkənin iri pansiontlarında baha başa gələn istirahətlərə alternativlər yaradır. Bu da qiymətlərin azalmasına təkan verir.

 

Otellərarası rəqabət  

Azərbaycanda turizm xidmətlərinin ucuzlaşmasına başqa obyektiv amillər də təkan verir: rəqabət yüksəlir və təkcə keçən il mehmanxana sayı 2007-ci illə müqayisədə 16,9% artıb. Hazırda daha 35 mehmanxana tikilir və belə şəraitdə qiymətləri artırmaq müflis olmaq deməkdir. 

Bütövlükdə, ölkədə 330 mehmanxana var və onların üçdəikisi son illərdə istifadəyə verilib. "Yalnız ötən il Azərbaycanda 54 yeni otel və pansionat istismara açılıb. Son dörd ildəorta hesabla hər il otuz ədəd mehmanxana tipli obyekt istismara verilir", - deyə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirir. Bundan başqa, iqtisadiyyat üçün elə də asan olmayan bu il də mehmanxana tikintisi əvvəlki templərlə davam etdiriləcək. 

Diqqətə layiqdir ki, son illərdə bizdə yüksək dərəcəli beşulduzlu mehmanxana və pansionat tikintisinə meyillər güclənib. Belə ki, bu ilin əvvəlində İsmayıllı rayonunun Talıstan  kəndində 35 hektar sahədə yüksək dərəcəli turizm kompleksinin tikintisinə başlanılıb. Burada iki ədəd doqquzmərtəbəli, beş ulduzlu, hər birində 250 nömrə olan otel tikiləcək, üzmə hovuzu, qolf meydançası və başqa istirahət obyektləri olacaq. Bu qış Qusar rayonunda "Şahdağ" qış-yay idman turizm kompleksinin tikintisi üzrə irimiqyaslı işlərə başlanacaq. Keçən ilin noyabr ayında qiyməti  $1,5-2 mlrd. arasında dəyişən layihənin baş podratçısının seçimi üzrə tender elan edilib. Tezliklə, 340 nömrəli dörd ulduz otelin, lift bazasının, restoranın, xizəkçilik məktəbinin, qaldırıcı stansiyanın, kanat yolunun, lift stansiyasının və xizəkçilik yollarının, həmçinin kommunikasiya sistemlərinin - su təchizatı və kanalizasiya sistemlərinin, emalatxananın, süni qar yaradılması sistemlərinin tikintisi üzrə iddiaçılar bəlli olacaq. 

Ehtimal edilir ki, bütün infrastrukturun yaradılması  dövlət büdcəsi hesabına aparılacaq, qalan bütün tikililər isə tender yolu ilə özəl sərmayəçilərə veriləcək. Dağ-xizək kurortunun ilk obyektlərinin açılışı 2010-cu ilin sonlarına planlaşdırılır. 

Kapital tutarlılığına görə ikinci müvafiq layihəni isə Rusiyanın "Crocus International" şirkəti gerçəkləşdirir. Şirkət Xəzərin Abşeron sahillərində beynəlxalq istirahət zonası yaratmağa başlayıb. Söhbət eyni vaxtda 8-10 min adamı qəbul etməyə imkan verən çoxmərtəbəli mehmanxana kompleksinin və kottec şəhərciyinin tikintisindən, həmçinin yaxta və qolf klublarının, hovuzların, restoranların, tibbi mərkəzlərin və başqa istirahət obyektlərinin yaradılmasından gedir.Layihənin gerçəkləşdirilməsi 2,5 ilə hesablanıb və bunun üçün $1 mlrd.-a yaxın vəsait tələb edilir. 

Xızı-Dəvəçi sahillərində, Lənkəranda, Bakı körfəzinin Böyük Zirə adasında, həmçinin Novxanı sahillərində də kurort-turizm zonalarının yaradılması üzrə kapital tutarlı layihələr planlaşdırılır. Bütün bu layihələr iş adamlarının Azərbaycanda turizmin yaxşı perspektivlərinə inanmasından xəbər verir. Dünya böhranı şəraitində  irimiqyaslı sərmayələrin cəlbi bunun sübutudur. 


MƏSLƏHƏT GÖR:

406