
OYUN DAVAM EDİR
Azərbaycan qazı uğrunda matçın qalibi kim olacaq?
Müəllif: Nurlanə QULİYEVA Bakı
Əgər Azərbaycanın futbol üzrə milli yığmasının oyunçuları bilsəydilər ki, onların oyununun nəticəsi ilə bağlı hansı mərc gəlinib, yəqin ki, oyunu ən azından heç-heçə başa çatdırmaq üçün bir az da səy göstərərdilər. Ancaq təəssüf ki, oyun 0:2 hesabı ilə Rusiyanın xeyrinə başa çatdı. Azərbaycan yığmasının sponsoru olan Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) isə Rusiya yığmasının sponsoru olan "Qazprom" ASC ilə Azərbaycan qazının Rusiyaya satılması barədə bəyannamə imzalamağa məcbur oldu. "Bizim saziş oyundan sonra bağlandı. Biz uduzduq və sənədə qol çəkməli olduq", - deyə ARDNŞ təmsilçisi bu barədə zarafatla bildirdi.
Zarafat öz yerində, amma artıq üçüncü aydır ki, Azərbaycanda bu bəyannamədə nələrdən bəhs edildiyi və Rusiyaya hansı qazı, hansı şərtlərlə satacağımız barədə düşünürlər, ehtimallar irəli sürürlər. Bir sıra KİV-lərdə isə məsələ barədə müxtəlif suallar verilir. İrəli sürülən ehtimallardan biri Azərbaycanın Qarabağ münaqişəsinin həllində yardım qarşılığında Avropaya qaz satışı layihəsindən imtina etməsi ilə bağlıdır. Və ya söhbət qonşu Dağıstanın qismən təchiz edilməsindən gedir? İyunun əvvəlində ənənəvi "Xəzər neft və qaz -2009" sərgisinin çərçivəsində keçirilmiş konfransda bu məsələyə müəyyən aydınlıq gətirildi.
Rusiya "Nabucco"nu dəfn etməkdə tələsib
Ondan başlayaq ki, Rusiyanın bir sıra KİV-lərinin yazılarına görə, "Qazprom" ASC Azərbaycanın təsdiq edilmiş ehtiyatları 1,2 trilyon kubmetrə bərabər "Şahdəniz" qaz yatağının "Mərhələ-2" layihəsi üzrə çıxarılacaq qazın hamısını almağa hazırdır. Başqa bir məlumata görə isə, bəyannamə yalnız ARDNŞ-in payına düşən qazın Rusiyanın qaz inhisarçısına satılmasını əhatə edir. Gerçəklik hardadır?
"Bu ilin mart ayının 27-də Rusiyanın "Qazprom" şirkəti ilə bağlanmış anlaşmanın bəndlərindən biri konfidensiallıq haqdadır. Təəssüf ki, Rusiya tərəfi onu pozdu. Biz sənədə yenicə imza atıb mehmanxanaya dönmüşdük ki, televiziyada RBK kanalının diktorunun "Nabucco"nun tabutuna son mismarı çaldığını gördük. Mən əldə edilmiş razılaşmalara hörmətlə yanaşıram və qarşı tərəfin yazılı razılığı olmadan heç bir məlumat verməyəcəyəm", - deyə ARDNŞ-in sərmayələr və marketinq üzrə vitse-prezident Elşad Nəsirov jurnalistlərə bildirib.
Amma bununla belə, aydınlaşdırmaq mümkün oldu ki, "Qazprom"la Azərbaycan qazının 2010-cu ildən başlayaraq nəql edilməsi barədə danışıqlar davam etdirilir. ARDNŞ-in Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevin sözlərinə görə, Azərbaycana səfər edən "Qazprom" nümayəndə heyəti yerli qazın yüksək keyfiyyətini etiraf edib və onun Rusiyaya nəql edilməsi üçün boru kəmərinin yaxşı durumda olduğunu da müəyyənləşdirib.
"Rusiyaya qaz ixracı barədə saziş bağlamaq üçün indi kommersiya və texniki məsələləri həll etmək qalır", - deyə V.Əliyev bildirib. Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin sözlərinə görə, danışıqlar uzun zaman tələb edir. Çünki söhbət uzunmüddətli əməkdaşlıqdan gedir və hazırda strateji məsələlər razılaşdırılır. "Burada söhbət 1 mlrd. kubmetr qaz satışından getmir, məsələnin məğzində "Şahdəniz" yatağının işlənməsinin birinci və ikinci mərhələsində qaz satışı durur", - deyə N.Əliyev vurğulayıb. Qeyd edək ki, Azərbaycan hər il Rusiyaya 5 mlrd. kubmetr qaz satmaq üçün texniki imkanlara malikdir.
Ancaq əlbəttə ki, bütün bunlar "Nabucco" layihəsinin dəfn olunması demək deyil. Azərbaycanın qaz və ixrac imkanları bir neçə layihəyə çatar. "StatoilHydro Azerbaijan" şirkətinin prezidenti Kristian Hausfen bildirib ki, yaxın 30 il ərzində "Şəhdəniz" qaz yatağından ildə 30 mlrd. kubmetrdən çox qaz çıxarmaq olar və 10-15 ildən sonra ixracı bu səviyyəyə qədər qaldırmaq da mümkündür. "Bu, asan olmayacaq, amma "Azəri-Çıraq-Günəşli" yatağının potensialı da nəzərə alınmaqla, Azərbaycanda qaz hasilatının həcmi artacaq", - deyə o vurğulayıb.
Qeyd edək ki, bu yaxınlarda BP-nin bütün dünyadakı qaz yataqları üzrə statistik təhlili dərc edilib. Orada Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatlarının həcmi 40 milyard kubmetr artırılaraq 1,2 trilyon kubmetrə bərabər göstərilib. Beləliklə, Azərbaycanın təsdiq edilmiş qaz həcmləri 1 yanvar 2009-cu il tarixinə dünya qaz ehtiyatının 0,6%-ni təşkil edib. Hələliksə, bu ilə qayıdaq, Azərbaycan bu il hasil edəcəyi 27 mlrd. kubmetr təbii qazın, demək olar ki, üçdə birini - 8 mlrd. kubmetrini ixrac etməyi planlaşdırır.
Türkiyə ilə dilbirliyi
Başqa sözlə, mal da, onu satmaq imkanı da, müştəri də var. İndi qalıb müştərilər arasında malı elə bölmək ki, heç kim inciməsin və maksimum gəlir götürmək də mümkün olsun. Amma məlum olub ki, bu, elə də sadə iş deyil. Sənaye və energetika naziri Natiq Əliyevin sözlərinə görə, Azərbaycan tərəfi danışıqlar yolu ilə hər bir təklifin məqsədəuyğunluğunu araşdıracaq və maliyyə baxımından ən əlverişli təklifi seçəcək. "Bu zaman qaz bir istiqamətə satılmaycaq. Əsasən qiymət amili üstün tutulacaq. Kim çox pul versə, qaz ona da satılacaq", - deyə nazir bildirib.
"Hazırda öhdəmizdə duran əsas məsələ Azərbaycan qazının ixracı üçün ideal həll variantının tapılması, həmçinin Xəzər qazının Azərbaycandan keçməklə ixracı dayanır", - məsələ ilə bağlı E.Nəsirov bildirib. O, qeyd edib ki, bu baxımdan Türkiyədən keçməsi nəzərdə tutulan bütün boru kəmərlərindən istifadə mümkündür. "Bundan başqa, 2025-ci ildən sonra daha belə bir qaz kəmərinin çəkilməsinə ehtiyac ola bilər",- deyə E.Nəsirov vurğulayıb. Avropada istehlakın ildə 700 mlrd. kubmetrə qədər yüksəlməsinə görə, avropalıların özləri Xəzər bölgəsindən gərək olan qaz idxalını ildə 70 mlrd. kubmetr səviyyəsində qiymətləndirirlər.
Türkiyə istqaməti bu gün, doğrudan da, problemin ən optimal həll tərəfidir. Birincisi, artıq müəyyən infrastruktur var. İkincisi, Türkiyə Azərbaycan qazının Avropaya satılması üçün qovşaq ölkədir. Çünki onunla üç ixrac layihəsi - "Nabucco", "ITGI" və "TAP" boru kəmərləri bağlıdır. Üçüncüsü, Türkiyə Azərbaycana ən dost qonşu ölkədir və onunla dil tapmaq asandır. Bu yaxınlarda türkiyəli tərəfdaşlarla Azərbaycan qazının Türkiyədən keçməklə Avropaya ötürülməsi ilə bağlı əldə edilən anlaşmaya görə, onlar nəql edilən qazın hasilatı, ixrac həcmi və son çatdırılma nöqtəsi ilə bağlı məsələlərə qarışmayacaqlarını bildiriblər. Bu, qaz problemi ilə bağlı danışıqlar kompleksini xeyli irəli aparıb. Tərəflər "Şahdəniz" qaz yatağının ikinci mərhələsindən əldə ediləcək qazın Türkiyə üçün nəzərdə tutulan qiyməti və həcmi barədə məsələlərdə də çox yaxındırlar.
"Biz Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz yatağının ikinci mərhələsindən əldə ediləcək qazın Türkiyə üçün nəzərdə tutulan qiyməti və həcmi barədə məsələlərdə də çox yaxınıq. Birinci mərhələ çərçivəsində çıxarılmış qazın qiyməti üzrə də xeyli proqres hiss edilir",- deyə E.Nəsirov jurnalistlərə bildirib.
Bununla yanaşı, Azərbaycan qazını almağa iddialı olan başqa bir ölkə də var, bu, ölkəmiz üçün strateji önəm daşıyan qonşu İrandır. 70 milyonluq bu ölkə fəal olaraq öz qaz bazarını inkişaf etdirir. "O da "Şəhdəniz" yatağının ikinci işlənmə mərhələsindən çıxarılan qazın hamısını almağa hazırdır. Bu qaz üçün İran tərəfindən təklif edilən qiymətlər çox cəlbedicidir",- deyə E.Nəsirov vurğulayıb. Yada salaq ki, İran blokadada olan Naxçıvanın enerji təhlükəsizliyinin təminində Azərbaycana çox yardım edir. Ona görə də onun qaz sahəsində əməkdaşlıq təklifindən imtina etmək doğru olmazdı.
Müştəri hələ "yetişməyib"
Dillərdə dastan olmuş "Nabucco" layihəsinə gəldikdə isə o, daha çox Azərbaycan qazından və həm də bir tranzit ölkəsi kimi Azərbaycandan asılıdır. Jurnalistlərin Azərbaycanın layihədə iştirak edib-etməyəcəyi barədə suallarından bezmiş Natiq Əliyev birbaşa bildirib ki, onun fikrincə, bu layihə hələ təkmillikdən çox-çox uzaqdır. "O, yalnız konfranslarda, sammitlərdə və hansısa görüşlərdə müzakirə edilir, yalnız müəyyən ölkələr tərəfindən dəstəklənir. Bundan o tərəfə işlər getmir", - deyə N.Əliyev bildirib.
"Biz Bakı - Tbilisi - Ceyhan layihəsini gerçəkləşdirməyə başlayanda iştirakçı ölkələrin qərarları, hökumtlərin sərəncamları, torpaq sahələrinin ayrılması barədə qərarlar var idi. Həmçinin biz bilirdik ki, dəhlizin eni nə qədər olacaq və hansı torpaqlar yiyələrindən alınacaq.
Amma "Nabucco" layihəsinin çərçivəsində bu cür işlər aparılmır və biz bilmirik ki, onunla kimin qazı keçəcək. Amma bununla belə mən bu məsələni siyasiləşdirmək istəmirəm - "Nabucco" sadə layihə deyil, o çox ölkələri əhatə edir və çox sayda siyasi və hüquqi məsələləri həll etmək lazımdır. Bu zəhmətli işdir, özünüz baxın, iki qardaş ölkə - Türkiyə ilə Azərbaycan arasında danışıqların necə uzun getdiyini görürsünüz. Bəs bir neçə ölkəni əhatə edən layihə necə olmalıdır?"- deyə nazir vurğulayıb.
Bildirmək gərəkdir ki, enerji təchizatı məsələsini siyasiləşdirməmək barədə çağırış ilk dəfə, özü də çox kəskin şəkildə "Xəzər neft və qaz - 2009" sərgisinin açılışında Azərbaycan prezidenti İlham Əliyev tərəfindən edilib. "Enerji təhlükəsizliyi hamının, yalnız istehlakçı ölkələrin deyil, həm də istehsalçı və tranzit ölkələrin təhlükəsizliyi deməkdir. Bu əməkdaşlıq beynəlxalq təcrübəyə əsaslanmalıdır. O, qarşılıqlı faydalı əsaslarla, bazar iqtisadiyyatı, azad və sağlam rəqabət prinsiplərinə uyğun şəkildə qurulmalıdır. Bu, çox önəmlidir. Amma son illərdə neft-qaz sahəsi çox siyasiləşdirilib. Onu siyasiləşdirmək istəyən qüvvələr yetərincədir. Bu, bizim prinsipial yanaşmamızdır və bizim energetika siyasətmizin tərkib hissəsidir. Azərbaycanın iştirakı olmadan regionda və bütövlükdə bizim qitədə enerji təhlükəsizliyi probleminin həllinin qeyri-mümkünlüyünü nəzərə alsaq, bizim bu mövqeyimizin üstün gələcəyinə şübhə etmirəm", - deyə dövlət başçısı bildirib.
Bununla belə, layihəni gerçəkləşdirənlərin özləri N.Əliyev tərəfindən göstərilən müəyyən məsələlərin həllini məhz yeni boru kəmərinə qaz təchizatı ilə bağlı zəmanətin alınması ilə bağlayıblar. "İnvestisiya qərarının əldə edilməsi üçün, layihənin sərmayəçilərə və icraçı tərəflərə cəlbedici olması üçün ildə 8-10 mlrd. kubmetr qaz təhcizatına zəmanət lazımdır. Sonra boru kəmərinin gücü 20 mlrd. kubmetrə, daha sonra isə 65 mlrd. kubmetrə qədər artırılacaq", - deyə Bakıda "Nabucco"nun baş direktoru R.Mitçek bildirib.
"Biz artıq Avropa Komissiyasından üçüncü tərəflərin qazı üçün 50% endirimə icazə almışıq. 2009-cu ilin ikinci yarısında ətraf mühitə təsirin qiymətləndirilməsinə başlamağı planlaşdırırıq. Sonra müxtəlif ölkələrdə müfəssəl mühəndislik işləri görüləcək və podratçı seçimi üzrə tender üçün ixtisas dəqiqləşdirilməsi aparılacaq", - deyə R.Mitçek vurğulayıb. O həmçinin bildirib ki, qaz kəmərinin ötürmə gücü son mərhələdə 65 mlrd. kubmetrə qədər çata biləcək. Amma ilkin mərhələdə o, 8-10 mlrd. kubmetr təşkil edəcək ki, böyük ehtimalla Xəzər, o cümlədən Azərbaycan qazı ilə doldurulacaq. İkinci mərhələdə boru kəmərinin gücü ildə 20 mlrd. kubmetrə çatdırılacaq.
Bununla yanaşı, R. Mitçek tərəfindən Bakıda ifadə edilmiş bütün bu optimizmə baxmayaraq, işlərin gerçək durumu, xüsusilə də "Nabucco" üzrə iyunun 25-nə nəzərdə tutulan hökumətlərarası sazişin növbəti dəfə təxirə salınması N.Əliyevin haqlı olduğunu ortaya çıxarır. Amma bununla yanaşı, hətta "Nabucco" baş tutmasa belə, Azərbaycanın seçim etməyə vaxtı var. "StatoilHydro Azerbaijan" şirkətinin prezidenti Kristian Hausfen də bildirib ki, Avropaya qaz ixracı üzrə danışıqlar prosesi çox zəif gedir. "Ancaq mən çox ümid edirəm ki, Azərbaycanla Türkiyə arasında danışıqların fəallaşması bizi məqsədə yaxınlaşdıracaq. Mən düş-ünürəm ki, bu gün Avropa Birliyinin bazarı daha şəffaf və qiymət üzrə daha rəqabət qabilyyətlidir",- deyə K.Hausfen vurğulayıb. Yəni istənilən halda, qazın hansısa hissəsi, bəlkə də, çox hissəsi avropalılara çatdırılacaq.
MƏSLƏHƏT GÖR: