14 Mart 2025

Cümə, 23:32

QAHİRƏ MÜRACİƏTİ

Barak Obama ABŞ-la Müsəlman dünyası arasında tərəfdaşlığa can atır

Müəllif:

15.06.2009

ABŞ prezidenti Barak Obama Birləşmiş Ştatlarla islam dünyası arasında münasibətlərin yeni erasına başlanmasının vacibliyini bəyan etdi. Ümumiyyətlə, onun Səudiyyə Ərəbistanı və Misirə də baş çəkdiyi Yaxın Şərq turnesi məhz Qərblə müsəlman Şərqi arasında qarşılıqlı inamın artırılması məqsədi güdürdü.

 

"ABŞ islam dünyasının bir hissəsidir"

Turne və onun kulminasiyası olan Obamanın Qahirə Universitetindəki çıxışı Ağ ev sahibinin hələ seçkiqabağı kampaniyası dövründə vəd etdiyi məsələ - ABŞ-ın beynəlxalq imicinin yaxşılaşdırılması siyasətinin əsas hissələrindən biri sayıla bilər. Bu, xüsusilə antiamerika əhvalının yüksək olduğu müsəlman dünyasına aiddir - ABŞ-ın Fələstinin maraqlarına əhəmiyyət verməməsi, müsəlman ölkələri ərazisində apardığı mütəmadi hərbi əməliyyatlar Birləşmiş Ştatlara qarşı mənfi münasibətin formalaşmasına səbəb olub.

Hələ Misirə səfəri ərəfəsində Fransanın "Canal+" telekanalına müsahibəsində Obama kifayət qədər maraqlı fikir səsləndirib. O, Birləşmiş Ştatlarda böyük müsəlman icmasının olmasına əsaslanaraq, ABŞ-ın "dünyanın böyük müsəlman dövlətlərindən biri olduğunu" bəyan edib. Obama bu fikrini artıq tarixi çıxış sayılan Qahirə müraciətində də təkrarlayıb: "Dünyada yaşayan müsəlmanların sayına görə, ABŞ ilk yerlərdən birini tutur. Mən bütün müsəlman ölkələrini ABŞ-ı özündən ayırmamağa çağırıram. Çünki ABŞ islam dünyasının bir hissəsidir".

B.Obama Qahirədəki çıxışını müsəlmanların salamı - "Əssalam aleykum" kəlməsi ilə başlayıb. Müsəlman dünyasına müraciət edən prezident deyib: "Nə qədər ki, bizim qarşılıqlı münasibətlərimiz aramızdakı fikir ayrılıqları ilə müəyyənləşəcək, biz sülh əvəzinə nifrət gətirənlərin, bütün xalqlarımıza ədalət və inkişaf verə  biləcək əməkdaşlıq əvəzinə, münaqişə seçənlərin əməllərinə qüvvət verəcəyik. Buna birdəfəlik son qoyulmalıdır".

Əlbəttə ki, məsələnin bu cür qoyuluşu özü-özlüyündə əhəmiyyətlidir. Axı bu fikirlər hazırki dövrün bir çox siyasi dairələrinin "sivilizasiyaların müharibəsi"nin səbəbkarı hesab etdiyi fövqəldövlətin rəhbərinin dilindən səslənir. O isə çıxışında Qurandan sitat gətirməyi də unutmur: "Allahdan qorxun və həmişə düz danışın. Mən bu gün məhz buna çalışıram - bizi əhatə edən ümumbəşəri maraqların bizi parçalayan dəyərlərdən möhkəm olduğuna  əmin olaraq, gücüm çatdığı qədər düz danışmağa cəhd edirəm ".

ABŞ lideri xatırladıb ki, o, xristian olsa da, atası "Keniyada, üzvlərinin böyük hissəsi müsəlman olan ailədə doğulub". Obama öz uşaqlığının bir neçə ilinin İndoneziyada keçdiyini və orada hər səhər "sübh azanının səsinə yuxudan oyandığını" bildirib. Amerika prezidentinin fikrincə, "Amerika ilə müsəlman dünyası arasında tərəfdaşlıq islama zidd məqamlara yox, ona aid məqamlara əsaslanmalıdır". Bununla əlaqədar olaraq, B.Obama əmindir ki, "bizim ümumi düşmənimiz" "Əl-Qaida"dır". O, Şərqlə Qərb arasında münasibətlərin korlanmasının əsas səbəbkarı kimi də məhz bu təşkilatı göstərib.

B. Obama öz çıxışında "Amerika-islam" tərəfdaşlığının yalnız nəzəri tərəfləri haqda danışmaqla kifayətlənməyib, həmçinin tərəflər arasındakı gərginliyin azaldılması üçün atmağa hazırlaşdığı addımlardan söz açıb. O, ilk növbədə Əfqanıstan və İraqdakı hərbi kampaniyalar üzərində dayanıb: "Birləşmiş Ştatlar qoşunlarını Əfqanıstanda saxlamaq istəmir və bizə bu ölkədə baza lazım deyil". Ağ ev sahibi ABŞ-ın "hər bir əsgərini evinə qaytarmağa hazır olduğunu" bildirib və əlavə edib ki, uzun illərdir müharibəyə meydan olan Əfqanıstanda situasiyanın nisbətən sabitləşməsindən dərhal sonra Amerika qoşunları oradan çıxarılacaq. "Əfqanıstandan fərqli olaraq, İraq müharibəsi məcburi deyildi və seçim məsələsi idi, odur ki, o, həm mənim ölkəmdə, həm də bütünlükdə dünyada ciddi fikir ayrılıqlarına səbəb olub. Baxmayaraq ki, mən İraq xalqı üçün Səddam Hüseyn qəddarlığı olmadan yaşamağın daha asan olduğunu düşünürəm, amma həm də güman edirəm ki, İraq hadisələri Amerikaya mümkün olan yerdə problemin həllinə nail olmaq üçün diplomatik yollardan istifadənin, beynəlxalq anlaşmanın vacibliyini göstərdi", - deyə Barak Obama qeyd edib. Prezident İraqdakı ABŞ qoşunlarının 2012-ci ilədək oradan tam çıxardılmasında qərarlı olduğunu bir daha söyləyib. O, Quantanamodakı həbsxananın gələn ilin əvvəllərinə bağlanması haqda sərəncam verdiyini də xatırladıb.

ABŞ lideri çıxışında İran probleminə də toxunub və "ötənlərin girovuna çevrilməməyə" çağırış edib. Tehranın nüvə proqramı haqda danışan Obama "həlledici nöqtəyə çatıldığını" deyib: "Axı, söhbət, sadəcə, Amerikanın maraqlarından yox, nüvə yarışının qarşısının alınmasından gedir. Əks halda bu, regionu təhlükəli yolla apara, nüvə silahlarının yayılmaması ilə bağlı qlobal rejimi dağıda bilər". O, Amerikanın "heç kimin nüvə silahının olmaması üçün şəraitin yaradılması" na sadiqliyini bəyan edib. Bununla yanaşı, "bütün ölkələrin, həmçinin İranın sülh xarakterli nüvə enerjisi əldə etmək hüququnun olmasının vacibliyini" bildirib və qeyd edib ki, bunun üçün həmin dövlətlər nüvə silahının yayılmamasına dair müqavilənin şərtlərinə əməl etməlidirlər.

Ağ ev sahibinin çıxışında Fələstin-İsrail münaqişəsi prinsipial yer tutub və bu da təsadüfi deyil: məhz bu münaqişə islam dünyasında ABŞ-ın mənfi imicinin formalaşmasında böyük pay sahibidir. Prezidentin bu haqda açıqlamaları Amerika siyasətində bu yönümdə yeni ənənənin olduğunu bir daha təsdiqləyib. Bu tendensiya özünü bir müddət əvvəl Obamanın Vaşinqtonda İsrailin baş naziri Benyamin Netanyahu və Fələstin Muxtariyyatının rəhbəri Mahmud Abbasla keçirdiyi görüşlərdə də büruzə vermişdi.

Obama göstərir ki, beynəlxalq arenada, ilk növbədə islam dünyasında öz imicinin yaxşılaşdırılmasına çalışan ABŞ nə Yaxın Şərq münaqişəsinin davam etməsini, nə də bu problemdə İsrailin birmənalı dəstəklənməsini öz maraqlarına uyğun hesab edir.

Obamanın Netanyahudan işğal altındakı ərəb torpaqlarında yəhudi yaşayış məntəqələrinin tikintisinin dayandırılmasını və fələstinlilərlə dialoqa başlamasını tələb etməsi, Amerikanın İsrailə verdiyi birmənalı dəstəyin dayandığını göstərir. Obama "yəhudi xalqının öz vətəninə sahib çıxmaq istəyi onun inkar edilməsi mümkün olmayan tarixi kökləri ilə bağlıdır" desə də, bununla yanaşı "Fələstin xalqı - həm müsəlmanlar, həm xristianlar - milli ocaqlarının tapılması üçün çox əzab çəkiblər" fikrini də işlədib: "Fələstin xalqının durumu dözülməzdir. Amerika fələstinlilərin qanuni istəklərinə - layiqli həyat və öz vətənlərinin olması kimi arzularına arxa çevirməyəcək".

Ağ evin məsələyə yeni yanaşması əlbəttə ki, ABŞ-ın İsraildən üz döndərməsi anlamına gətirmir. B. Obama iki ölkə arasıda "xüsusi münasibətlər" ruhuna sadiqlik nümayiş etdirdi və Qahirə çıxışında da Amerika-İsrail əməkdaşlığının sarsılmaz olduğunu bir daha bəyan etdi. Lakin o, bir daha münaqişənin "iki xalq, iki dövlət" - İsrail və Fələstin - prinsipi ilə çözülməli olduğunu söylədi. "Bu, İsrailin də, Fələstinin də, Amerikanın da, bütünlükdə dünyanın da maraqlarına uyğundur. Məhz ona görə də mən nəticənin əldə edilməsi üçün lazım olan səbr və səylə bu istiqamətdə işləyəcəyəm", - deyə Ağ ev sahibi qeyd edib.

ABŞ prezidenti Fələstin-İsrail münaqişəsi haqda çıxışını bu fikirlərlə bitirdi: "Həddindən artıq göz yaşı və qan axıdılıb. Biz hamımız əlimizdən gələni etməliyik ki, İsrail və Fələstin anaları övladlarının necə böyüməsinə qorxusuz baxa bilsinlər, üç böyük Dinin Müqəddəs Torpağı Allahın onu yaratdığı məqsədlər üçün yaşasın, Qüds yəhudilər, xristianlar və müsəlmanlar üçün təhlükəsiz və etibarlı evə çevrilsin, elə bir məkana çevrilsin ki, burada Avraamın uşaqları birlikdə -  Musa, İsa və Məhəmməd peyğəmbərin birgə dua etdiyi  "əl-İsra" hekayətində olduğu kimi yaşasınlar".

İslam dünyasına müraciətinin sonunda Barak Obama bildirdi ki, "inam bizi birləşdirməlidir": "Biz kral Abdullanın dinlərarası dialoq cəhdlərini, həmçinin Türkiyənin "Sivilizasiyaların alyansı"ndakı aparıcı rolunu bu səbəbdən dəstəkləyirik. Dünya xalqları birlikdə sülh şəraitində yaşaya bilərlər. Biz bilirik ki, Allahın istəyi belədir. Burada, yerdə bu məqsədlər üçün çalışmalıyıq".

ABŞ prezidentinin çıxışına reaksiyalar kifayət qədər fərqli olub. Lakin verilən qiymətdən asılı olmayaraq, şübhəsiz ki, bəşəriyyət dünya siyasətinə böyük təsir edə bilən ölkənin liderinin dilindən qlobal barışığa çağırışı çoxdan gözləyirdi.

 

Nikbinlər və skeptiklər

Müsəlman dünyası ümumilikdə ABŞ prezidentinin çıxışını bəyənib. İslam Konfransı Təşkilatının baş katibi Əkmələddin İhsanoğlu hətta bildirib ki, Amerika prezidentinin konstruktiv nitqindən sonra "müsəlman dünyasında müsbət dəyişikliklərin olacağına ümid bəsləmək mümkündür". 

Ərəb Dövlətləri Liqasının baş katibi isə Obamanın çıxışında "Amerika administrasiyasının mü-səlman və ərəb dünyası ilə münasibətlərə yeni yanaşma" görüb. O, hesab edir ki, yeni yanaşmanın əsasını "müxtəlif mədəniyyətlər və xalqlar arasında dialoq, Yaxın Şərq problemi, Fələstin xalqının hüquqlarına ədalətli yanaşma təşkil edəcək".

B. Obamanın çıxışı ABŞ-ın regiondakı əsas müttəfiqləri - Misir və İordaniya liderləri tərəfindən də yüksək qiymətləndirilib.

Bununla yanaşı, islam cəmiyyətinin reaksiyasında pafos müşahidə edilməyib. Müsəlman ölkələrindəki əksər nüfuzlu xadimlər Obamanın İsrailin ünvanına səsləndirdiyi tənqidləri bəyənsələr də, yenə də hesab edirlər ki, ABŞ  əməlləri ilə deyilənləri təsdiqləməlidir. Bu məsələ həqiqətən də, prinsipial xarakter daşıyır. Üstəlik radikal islamçılar Obamanın çıxışını Amerika siyasətinin növbəti finti adlandırırlar. İranın dini lideri ayatolla Seyid Əli Xamenei bəyan edib ki, "hətta amerikalılar müsəlman xalqlarına gözəl və şirin sözlər söyləsələr də, bu, heç nəyi dəyişməyəcək - əməl lazımdır". 

Livanın "Hizbullah" hərəkatının rəhbərlərindən olan Həsən Fadlalla isə Obamanın çıxışını "çoxlarının xoşuna gələn gözəl sözlər" kimi dəyərləndirib: "Lakin biz ABŞ prezidentinin dedikləri içərisində real dəyişiklik görmədik. Belə moizələr heç kimə gərək deyil. Biz Fələstin problemi də başda olmaqla, Amerikanın xarici siyasətində əsl dəyişikliklər tələb edirik".

"Əl-Qaidə"dən isə ümumiyyətlə danışmağa dəyməz. Qruplaşma müsəlmanlara növbəti müraciətini yayıb və onları Obamaya inanmamağa çağırıb. "Əl-Qaidə" bu fikrini Ağ evin hazırkı sahibinin "sadəcə, libasını dəyişmiş Buş" olması ilə izah edib.

İsraildə də radikallar tapılıb. Ölkənin siyasi dairələrində belə fikirlər dolaşır ki, "Obama həddindən artıq sadəlövhdür". Onların fikrincə, "ərəb dövlətləri ABŞ prezidentinin onlardan gözlədiyini etməyəcək", İsrail yenə də Amerika liderinin çağırışlarından yox, öz milli maraqlarından çıxış etməklə, qərarlar verməlidir. Yəhudi dövlətində əsas qəzəb yaradan məqam isə Obamanın İranın nüvə proqramını ciddi tənqid etməməsi, ümumiyyətlə, "molla rejimi" ilə barışdırıcı tonda danışmasıdır.

İsrail rəhbərliyi isə ümumilikdə Obamanın Qahirə çıxışını pozitiv qiymətləndirib. Hələ bu hadisə ərəfəsində İsrailin təcrübəli lideri, Ağ ev sahibinin nə deyəcəyini yaxşı anlayan Şimon Peres önləyici addım atmaq qərarına gəlib və Britaniyanın "Times" qəzetində "Ərəb-İsrail münaqişəsinə son qoymağın vaxtı çatıb" başlıqlı məqalə dərc etdirib. Məqalədə prezident Obamanın səfərinin sülh prosesinin irəli aparılmasına yeni imkanlar açacağına əminliyini ifadə edib. O, ərəb dövlətləri ilə "ümumi maraqların başa düşülməsi şəraitində" danışıqlar aparmağa hazır olduğunu bildirib. Bununla yanaşı, Peres qeyd edib ki, "tarixi qərarların verilməsi və kompromislərə gedilməsi, sonra isə onlara əməl olunması üçün fələstinlilərin bütün ərəb dövlətlərinin dəstəyinə ehtiyacı var": "Bu gün sülhün əldə edilməsi nə zamansa olduğundan daha asandır. Bunun alternativi isə Yaxın Şərqin parçalanmasıdır".

Artıq Obamanın çıxışından sonra İsrailin müdafiə naziri Ehud Barak bundan sonra İsrail hökumətinin yeni yaşayış məntəqələr tikmək fikrində olmadığını açıqlayıb.

İstənilən halda, aşkar görünən odur ki, Obamanın çıxışı və onun Yaxın Şərq münaqişəsinin həllilə bağlı siyasəti tez bir zamanda nəticə verməyəcək. Regionun problemi və islam dünyasında ABŞ-a (geniş anlamda isə ümümilikdə Qərbə) inamsızlıq o qədər dərindir ki, bu problemlərin yaxın perspektivdə çözülməsi inandırıcı görünmür. Bununla yanaşı, etiraf etmək lazımdır ki, Obama özünün sivilizasiyalararası barışığa səsləyən Qahirə çıxışında bu istiqamətdə kifayət qədər əhəmiyyətli addım atıb. Bu addımın həm Yaxın Şərq nizamlanması, həm də ABŞ-ın yeritdiyi qlobalizm kursu fonunda nə dərəcədə produktiv olacağı isə başqa məsələdir. Ağ evin yeni sahibinin siyasəti ABŞ-ı yalnız başqa cəmiyyətlərə qarşı dayanmış Qərb dünyasının lideri yox, ümumilikdə bütün dünyadakı düzümə görə cavabdeh olan fövqəldövlət kimi təqdim edir. ABŞ prezidentinin bəşəriyyəti (yalnız onun müsəlman hissəsini yox) ölkəsinin bu missiyanın öhdəsindən gəlmək üçün kifayət qədər mənəvi imkanlara malik olduğuna inandıra bilib-bilmədiyi isə yaxın vaxtlarda məlum olacaq.


MƏSLƏHƏT GÖR:

483