15 Mart 2025

Şənbə, 00:26

DÖVRƏ QAPANARKƏN

Yaxud Azərbaycanın növbəti futbol mövsümünün nəticələri haqda

Müəllif:

01.06.2009

Futbol üzrə növbəti mövsüm, tarixində ikinci dəfə qızıl medalları qazanmış "Bakı" klubunun yeni uğuru ilə yadda qaldı. Mövsüm ərzində bu komanda ya liderlər sırasında, ya da turnirin yuxarı hissəsinə can atan klublarla bir cərgədə oldu və çempionatda gərgin idman çəkişməsi son turadək davam etdi. Lakin etiraf olunmalıdır  ki,  "kepitalz" həm oynuna, həm də heyətinə görə rəqiblərindən üstün idi.

 

"Bakı"nın uğur resepti

Klubun uğurunun əsas memarı onun baş məşqçisi Coko Haciyevskidir. Ötən mövsümü komandanın oyununun tapılmasına həsr edən mütəxəssis bu il ciddi irəliləyişə nail oldu. Bundan başqa, müdafiəçi Saşa Yunisoğlu, hücumçu Georgi Adamiya və yarımmüdafiəçi Mahmud Qurbanovun heyətə daxil edilməsi ilə nəticələnən uğurlu transfer siyasəti də öz sözünü burada dedi. 

Daha bir məqam Hacıyevskinin vaxtilə Azərbaycan millisinə rəhbərlik etməsidir - bu səbəbdən o, yerli oyunçuların potensialını yaxşı bilir. 

Bütün bunlarla yanaşı, "Bakı"nın çempionluğa gedən yolunun asan olduğunu söyləmək də düzgün olmazdı. Klub xüsusilə, ikinci dövrədə çox vacib xallar itirdi. "Xəzər-Lənkəran" və "Olimpik"ə məğlubiyyətlər azarkeşlərdə doğma klublarının çempion olacağı ilə bağlı böyük şübhələr yaratsa da, onların əsas rəqibi olan "İnter" də xal paylayaraq, bu imkandan yararlanmadı. Nəticədə son turdan əvvəl "Bakı" "bankirlər"i 1 xal üstələyirdi və çempionluq üçün onlara son turda autsayder "Muğan"ı məğlub etmək kifayət idi. Həmin oyuna gəlincə, qarşılaşmanın əvvəlində psixoloji məsuliyyətin yükü özünü göstərsə də, favoritlərin vurduğu ilk qolla bu yük üstlərindən götürüldü. Bunun nəticəsi kimi, Batista və Adamiyanın ilk hissədə "Muğan"ın qapısından keçirdiyi qollarla qarşılaşmanın taleyi ilk hissədəcə həll edildi. Matçın son anlarında 2 dəqiqə intervalla "Muğan"ın qapısına 2 dəfə yol tapan Əhməd Ticani isə böyük hesablı qələbəni və "Bakı"nın çempionluğunu təmin etdi.

"İnter"ə gəlincə, o, çempionluğunu qoruya bilməsə də, ikinci yeri də komanda üçün yaxşı nəticə saymaq olar. Klubun forvardı Valter Quqlemon isə mövsümdə 17 qol vurmaqla, çempionatın ən sərrast oyunçusu adını qazandı. Amma şübhəsiz ki, imkan olsaydı, uruqvaylı şəxsi nailiyyətini komandasının uğuruna dəyişərdi. Özü də qeyd etmək lazımdır ki, "İnter"in çempionluq üçün yaxşı şansları var idi. Lakin klub finişə az qalmış "axsamağa" başladı: əvvəlcə "Neftçi" ilə qarşılaşmada xal itkisi, daha sonra isə "Qarabağ"a məğlubiyyət. Yeri gəlmişkən, ağdamlılar "İnter"i ölkə kubokunun finalında da məğlub etməklə, ona daha bir zərbə vurdular. Statistik baxımdan isə burada qəribə heç nə yoxdur - "bankirlər" artıq üçüncü dəfə idi ki, kubokun finalına çıxsalar da, əsas mükafatı əldən verirdilər. Şübhəsiz ki, komanda ən azı növbəti mövsümdə bu mənfi ənənəni pozmağa çalışacaq.

Çempionatın müsbət kəşflərindən biri kimi isə "Simurq"un üçüncülük  göstərməsini qeyd etmək olar. Bürünc medallara "Xəzər-Lənkəran", "Qarabağ", "Olimpik" və "Karvan" kimi klubların da iddia etməsinə baxmayaraq, məhz zaqatalalılar minimum məqsədə nail oldular və bu, onlar üçün ikiqat uğur sayılmalıdır. Axı bu nəticə onlara Avropa Liqasında oynamaq imkanı verir və deməli, klubun beynəlxalq debütünə o qədər də çox qalmayıb. 

Əminliklə söyləmək olar ki, "Simurq" üçüncü yerə tam layiqdir. Çünki mövsümün gedişində o, daim ilk üçlükdə təmsil olunub, bir dəfə isə hətta turnir cədvəlinə başçılıq da edib. Və bəzi mütəxəssislərin bədbin proqnozlarının əksinə olaraq, klub çıxışını məntiqi sonluqla bitirə bildi. Əlbəttə, zaqatalalılar üçün "Bakı" və "İnter"lə mübarizə aparmaq çətin idi, lakin "bürünc" də klubun potensialının yaxşı göstəricisidir.

 

"Xəzər-Lənkəran" Avropa Liqasından kənarda

Mövsüm, çempionluq iddialarına baxmayaraq, imkanlarından çox aşağı çıxış edən "Xəzər-Lənkəran" üçün məyusluqla bitdi. Halbuki lənkəranlıların heyəti onlara ən yüksək məqsədlərə nail olmağa imkan verirdi. Çempionatın gedişində hansısa mərhələdə cənublular özlərini doğruldaraq, liderliyə yüksələ bilsələr də, sonradan onların oyununda sabitlik itdi. Apofeoz isə "Xəzər-Lənkəran"ın öz meydanında "Qəbələ"yə məğlubiyyəti oldu - məhz bu qarşılaşmadan sonra cənublular faktiki olaraq, ilk üçlük uğrunda mübarizədən kənarda qaldılar. Beləliklə, qış fasiləsində klubun baş məşqçisi postunda Rasim Qaranı İqor Ponomaryovun əvəzləməsi böyük ümidlər yaratsa da, mütəxəssis yetirmələrindən istədiyi nəticəni ala bilmədi. Onun rəhbərliyi altında cənublular iki il ardıcıl qazandıqları ölkə kubokundan kənarda qaldı, çempionatda isə qazandıqlarından daha çox xal itirdilər. Çempionatın ilk dövrəsində turnirin əsas hücumçuları ilə rəqabət aparan bolqar forvard İvan Svetkov da ikinci dövrəni imkanlarından xeyli aşağı səviyyədə keçirdi. 

Odur ki, bütün şanslara baxmayaraq, "Xəzər-Lənkəran"ın Avropa kuboklarına düşə bilməməsi heç də təəccüblü deyil. Özü də qeyd edək ki, son məqamda bu məqsədə nail olmaq üçün cənubluların özlərindən heç nə asılı deyildi: bunun üçün ölkə kubokunun finalında "İnter"in "Qarabağ"ı üstələməsi lazım idi. "Bankirlər"in uğursuz çıxışı isə bu ümidin üstündən də xətt çəkdi. 

Odur ki, "Xəzər-Lənkəran" gələn il də bu vəziyyətə düşməmək üçün son uğursuzluqdan nəticə çıxarmalıdır.

Ən tərifəlayiq sözlərə isə çempionatda beşinci yeri tutan və ölkə kubokunda finaladək irəliləyən "Qarabağ" layiqdir. "İnter"in çempionatdakı liderliyini itirməsində də əsas pay sahibi ağdamlılardır: finişə bir neçə tur qalmış "İnter"i zirvədən endirən məhz "Qarabağ" oldu. Ağdam rayonunun Quzanlı bölgəsinə dönən və böyük futbol üçün darıxmış yerli azarkeşlər qarşısında oynamağa başlayan klub bu matçda məğlubiyyəti heç ağlına da gətirmirdi və oyun onların 2:1 hesablı qələbəsi ilə nəticələndi. 

Bununla yanaşı, "Qarabağ" bir daha kubok komandası olduğunu təsdiqlədi: ölkə kubokunun finalında da onların qurbanı "İnter" oldu. Bu qarşılaşmada Avropa liqasına düşmək məsələsi həll edildiyindən, o, komanda üçün xüsusi əhəmiyyət daşıyırdı. Çünki çempionatı ikinci pillədə başa vuran "bankirlər" ölkə kubokunun finalında məğlub olsalar da belə, Avropaya yollanacaqdılar. Amma onlardan fərqli olaraq, "Qarabağ" üçün finalda məğlubiyyət "Avropa qapıları"nın bağlanması demək olardı. Odur ki, klub şansını qaçırmadı və ikinci hissədə Vaqif Cavadovun vurduğu qolla kuboku başı üzərinə qaldırdı. 

Bununla yanaşı, reqlamentə əsasən, komanda Avropa liqasında çıxışını ikinci seçmə mərhələdən başlayacaq - UEFA prezidenti ölkə kuboklarının nüfuzunu yüksəltməyə qərar verib və bu üzdən onların sahibləri beynəlxalq arenaya bir qədər gec çıxacaqlar. 

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun isə vicdanla işləyərək, kifayət qədər döyüş qabiliyyətli kollektiv yaratdığını söyləmək olar. İndi onların qarşısında duran əsas hədəf növbəti mövsümdə ən yüksək nəticələrə nail olmaqdır.

Çempionatın mənfi anlamda gözlənilməzliyi ənənəvi olaraq ən yüksək yerlər uğrunda mübarizə aparmış "Neftçi"nin uğursuz çıxışı oldu. Son illər paytaxt klubu milli mükafatlardan kənarda  qalır və görünən odur ki, tez-tez baş məşqçi postunda aparılan dəyişikliklər bu problemin həllinə yardım etmir. Üstəlik, qışda "Neftçi"ni klubun əsas simaları sayılan Rəşad Sadıqov, Georgi Adamiya, Branimir Subaşiç kimi oyunçular da tərk etdi - baş məşqçi Hans-Yurgen Gede onların xidmətinə ehtiyac duymadı. Məşqçinin bu anlaşılmaz taktikası uğursuzluqdan başqa heç nə gətirmədi və bu səbəbdən komandanın idarəçiliyini hələ Kazbek Tuayevin dövründə işləmiş Böyükağa Ağayev öz üzərinə götürdü. Mütəxəssis perspektivə işlədiyi üçün, "Neftçi"nin əsl iddialarını növbəti mövsümdə görəcəyik. Hazırda isə bütün nəzərlər transfer bazarına yönəlib.

Ümumiyyətlə, son çempionatın kifayət qədər maraqlı və yaddaqalan olduğunu söyləmək olar. Gərgin mübarizə, maraqlı qarşılaşmalar, nəhayət, yalnız son turda itən intriqa/. 

Bir sözlə, birinciliyin baş tutduğunu söyləyə bilərik. İndən sonra yalnız Avropa kuboklarında iştirak edəcək klublarımızın Azərbaycanı layiqincə təmsil edərək, ölkəni UEFA reytinqində yük-səltməsini arzulamaq qalır. 

Hər halda, bunun üçün bütün şanslar var.


MƏSLƏHƏT GÖR:

366