
GİMNASTLARIMIZ TARİX YAZDI
Gimnastika üzrə Azərbaycan yığması Avropa ikincisi oldu
Müəllif: Nicat ZƏKİYEV Bakı
Bədii gimnastika üzrə Azərbaycan yığması öz tarixində yeni səhifə açdı. İndiyədək komanda heç zaman Avropa birinciliyində 3 mükafat qazanmamışdı və Bakıda keçirilən çempionat bu baxımdan nümunəvi oldu. Ümumi hesabda komandamız "gümüş" qazandı, gənclərdən ibarət komanda isə qrup hərəkətlərinə görə ikinci yeri tutdu.
Bundan başqa, Anna Qurbanova topla hərəkətdə "bürünc" qazandı.
Gümüş yağışı
Milli komanda öz tarixi nailiyyətini yarışın artıq ikinci günündə əldə etdi. İndiyədək qitə birinciliyində gümüş medala sahib çıxmamış millimiz Bakıda ilk dəfə bu kürsüyə yiyələndi.
Beləliklə, qızlarımız 2 il əvvəl elə Bakıda əldə etdikləri "bürünc nəticə"ni yaxşılaşdırmağı bacardılar. Bu nailiyyət daha çox Aliyə Qurbanova və Anna Qurbanovanın ustalığı sayəsində əldə edildi. Onların hər ikisi nümayiş etdirdikləri nömrəyə görə kifayət qədər yüksək bal aldılar - Aliyənin topla hərəkəti 27,350, Annanın iplə nümayiş etdirdiyi proqram isə 27,250 balla qiymətləndirildi.
Bununla yanaşı, xüsusi qeyd etmək lazımdır ki, Anna ötən mövsümlərlə müqayisədə xeyli inkişaf edib və hazırda o, A.Qarayeva ilə birlikdə kollektivin tamhüquqlu lideri hesab olunur. Təsadüfi deyil ki, A.Qurbanovanın çıxışının yaxşı alındığını görən məşqçilər heyəti iplə hərəkəti də ona həvalə etdilər. Halbuki, bu proqrama Zeynəb Cavadlı hazırlaşmışdı.
"Biz layiqli nəticə göstərdik və imkanlarımızı maksimum ortaya qoyduq", - deyə Anna bildirib. O, azarkeşlər, məşqçilər və bütün pərəstişkarlar üçün çıxış etdiyini, onların dəstəyinə böyük ehtiyacının olduğunu söyləyib.
Aliyəyə gəlincə o, Azərbaycanda gimnastikanın inkişafına böyük töhfələr vermiş, başda qurumun prezidenti Mehriban Əliyeva olmaqla, milli federasiyaya minnətdarlığını bildirib.
Ümumrusiya Gimnastika Federasiyasının prezidenti, Rusiya millisinin baş məşqçisi İrina Viner də xalça sahiblərinin turnirdəki çıxışını yüksək qiymətləndirib. O, Azərbaycan millisinin "gümüş"ə layiq olduğunu, gimnastların isə kifayət qədər layiqli çıxış etdiklərini söyləyib: "Mən vaxtı ilə C divizionunda Dinara Gimatovanın Avropa çempionatında necə çıxış etdiyini xatırlayıram. Lakin qısa zaman ərzində komanda ciddi irəliləyişə nail olub və layiqli uğur əldə edib".
Qaydalardakı yeniliklərə toxunan Viner onların kifayət qədər mütərəqqi olduğunu, amma bununla yanaşı, onları daha da müasirləşdirməyin mümkünlüyünü qeyd edib. "Bakıya səfər ərəfəsindəki məşqlərdən birində məşhur balerina Maya Plisetskaya bizə baş çəkdi. 6 saat yarım ərzində o, bizim məşqimizi izlədi və etiraf etdi ki, balet məhz bədii gimnastikanın hesabına irəliyə doğru böyük addım atıb. Və çox yaxşı haldır ki, indi artıq artistizmə görə də bal verilməyə başlayıb".
Azərbaycanın gənclərdən ibarət yığması çempionatın 3-cü gününün ilk hissəsinin əsas qəhrəmanı oldu - komanda tarixində ilk dəfə belə nüfuzlu turnirdə mükafatçılar sırasına düşdü. “Avro-2007”-də dör-düncülüklə kifayətlənərək, kür-sünün bir addımlığında dayanmış gənclər bu dəfə 2-ci yeri tutmaqla, ilk üçlüyə düşə bildilər. Komandanın finala yüksəlməsindən sonra millinin baş məşqçisi Mariana Vasilyeva yetirmələrinin ən yaxşı səkkizlikdə daha güclü çıxış etmək potensialının olduğunu hiss edib. Kollektiv, həqiqətən də, layiqincə çıxış edərək, yekunda 25,650 bal toplayıb. Onların ardınca xalçaya daha 4 milli çıxmalı olsa da, artıq həmin an gənclərimizin medal qazanacağına şübhə, demək olar ki, qalmayıb.
Çıxışın başa çatmasından sonra qızlar və baş məşqçi M.Vasilyeva göz yaşlarını saxlaya bilməyiblər. Və bu da başadüşüləndir - axı onlar Avro-2009-dakı bu uğuru əldə etmək üçün aylar boyu əziyyət çəkiblər. Mətbuat konfransında Vasilyeva bildirib ki, turnirin başlamasından cəmi 10 gün əvvəl kollektiv son məşqlərində müəyyən səhvlərə yol verirdi, amma qalan vaxt ərzində onları aradan qaldırmaq mümkün olub. "Yaxşı ki, o vaxt çıxışlarda bəzi çatışmazlıqlar yarandı, yoxsa qızlar daxilən arxayınlaşardılar. Bəli, biz yaxşı nəticə göstərdik, amma sakitləşmək olmaz və iş davam etdirilməlidir", - deyə mütəxəssis qeyd edib.
O, gimnastlara doğma divarların da böyük dayaq olduğunu etiraf edib: "Hələ çempionatın başlamasınadək bilirdik ki, doğma publika qarşısında üzüqara olmamalıyıq. Şadam ki, qızlar əla çıxış etdilər və medal qazana bildilər. Çıxış zamanı komanda qətiyyən hakimlərin verəcəkləri ballar haqda düşünmürdü. Axı çıxış yaxşı olsa, bal da gələcək".
Dimitropulosun komplimentləri
Anna Qurbanovanın topla hərəkətdə bürünc medal qazanması millinin “Avro-2009”dakı çıxışına effektiv sonluq oldu. Bu nömrəyə görə 27,850 bal toplayan gimnast yalnız Pekin Olimpiadasının qalibi olmuş rusiyalı Yevgeniya Kanayeva və ukraynalı dünya çempionu Anna Bessonovanı özündən qabağa buraxdı.
Yeri gəlmişkən, çempionatın Kanayevanın diqtəsi ilə keçdiyini söyləmək olar. O, dörd proqramın hər birində "qızıl" əldə etdi. Hakimlərdən son dərəcə yüksək bal alan gimnast bir daha ustalığını nümayiş etdirdi və heç bir idmançı onunla rəqabət apara bilmədi.
2 il əvvəl iplə çıxışda Avropa çempionu olmuş A.Qarayeva isə 3 proqramda kürsünün bir addımlığında dayandı və şəxsi hesabına medal əlavə etməyi bacarmadı. "Mən yenidən medal uğrunda yarışmağı çox istəyirdim, lakin bu dəfə uğur məndən üz döndərmişdi. Buna baxmayaraq, 2 il əvvəlki çempionatla müqayisədə komandamızın 1 pillə irəliləyərək 2-ci yeri tutduğunu unutmaq olmaz. Bu, ciddi nəticədir. Mən Qurbanovaya görə də çox sevinirəm. O, bu yolda xeyli əziyyət çəkmişdi və nəticəsini də gördü. Bundan başqa, Avropa çempionatı gimnastika tarixində böyük hadisə oldu - axı yeni olimpiya mərhələsi başladı. Odur ki, hər şeyə sıfırdan başlamaq lazımdır", - deyə Aliyə bildirir.
Bu sahədə inkişafın davam edəcəyinə şübhə yoxdur. Xüsusən, nəzərə alsaq ki, A.Qarayevanın kifayət qədər böyük potensialı var.
Qeyd etdiyimiz kimi, “Avro-2009” həm də yeni olimpiya mərhələsinin başlanğıcıdır. Artıq indidən meydana bir sıra maraqlı isimlər çıxıb. Qəbul edilmiş liderlərə ciddi rəqabət yarada biləcək gimnastlar kimi belaruslu Melitina Stanyutun, ukraynalı Alina Maksimenkonun, Bolqarıstanı təmsil edən Silvio Mitevonun adlarını çəkmək olar. Demək, gimnastlarımız da artıq indidən çətin mübarizəyə hazır olmalıdırlar. Hadisələrin gedişi göstərir ki, onlar zaman keçdikcə daha da inkişaf edirlər. Bu, Avropa Gimnastika Birliyinin rəhbəri Dimitrios Dimitropulosun da diqqətini çəkib: "Azərbaycan millisi ən güclü 5 komandanın sırasındadır və komandanın son 5-6 ayda hansı səviyyəyə yüksəldiyini görmək insanı sadəcə valeh edir. Hələ bir müddət əvvəl milli bədii gimnastikada ilk addımlarını atırdı, indi o, artıq liderlər sırasındadır. Bu, çox böyük uğurdur. Mən azərbaycanlı həmkarlarıma, həmçinin bu idman növünün inkişafına belə ciddi diqqət göstərən Azərbaycan hökumətinə minnətdarlığımı bildirmək istəyirəm".
UEG prezidenti etiraf edib ki, rəhbərlik etdiyi təşkilat Avropa çempionatını hətta hər il Bakıda keçirməyə hazırdır: "Bu, yalnız bizim arzumuz deyil. İki il əvvəl bizim Azərbaycan prezidenti İlham Əliyevlə görüşümüzdə dövlət başçısı özü bu təşəbbüslə çıxış edib. Biz “Avro-2009”-un Bakıda keçirilməsindən çox məmnunuq".
Odur ki, Avropa çempionatının Bakıya dönəcəyi şübhəsizdir. Axı son illər paytaxtımız yarışlara qatılan ən yüksək səviyyəli gimnastlar üçün doğma evə çevrilib. Bunu, demək olar ki, bütün aparıcı gimnastlar etiraf edir. Ukraynalı dünya çempionatı Anna Bessonova etiraf edir ki, o, turnirlərin xüsusi atmosferdə keçirildiyini nəzərə alaraq, buraya hər zaman böyük məmnuniyyətlə gəlir: "Burada möhtəşəm azarkeşlər var və onlar bu idmanın bütün incəliklərini bilirlər. Mən Bakıda çıxış edən zaman zalın dəstəyini hiss edirəm. Üstəlik, Avropa çempionatında böyük uğur qazanmış Azərbaycan gimnastlarının ciddi inkişafı da göz qabağındadır".
Qarşıda isə millimizi bu ilin sentyabrında Yaponiyada keçiriləcək dünya çempionatı gözləyir. Odur ki, arxayınlaşmaq olmaz və "gündoğan" ölkədə uğurlu çıxış üçün daha da ürəklə hazırlaşmaq lazımdır.
MƏSLƏHƏT GÖR: