15 Mart 2025

Şənbə, 00:33

UĞURA SÖZARDI

Azərbaycan həm musiqi, həm də siyasi baxımdan "Eurovision -2009"da müsbət nəticələr əldə etdi

Müəllif:

01.06.2009

"Ü   mid edirik ki, Azər baycan ifaçılarının "Eurovision" müsabiqəsində ölkəni layiqli təmsil etmək üçün göstərəcəkləri ikinci cəhd uğur gətirəcək və ilk başlanğıc üçün biz qalib üçlüyünə daxil olacağıq". "Eurovision-2008" mahnı müsabiqəsinin yekununa həsr olunmuş məqaləsini "Region plus" məhz bu sözlərlə bitirmişdi. Onda bizim parlaq duetimiz Elnur və Samir 8-ci yeri tutmuşdular və  mahnı müsabiqəsinin ətrafında gedən geosiyasi oyunlara qarşı Azərbaycanın hiddətinin hüdudu yox idi. 

Hər nə isə, bizim proqnozlar çin çıxdı. Rusiya və Avropa KİV-lərinin xüsusi göz qoyduğu   Aysel və Araş cütlüyündən ibarət Azərbaycan təmsilçiləri üçüncü yeri tutdular. Ümidlər çin çıxdı və səylər qələbə ilə sonuclandı. "Azərbaycan üçün "Eurovision"da üçüncü yeri tutmaq buluddan da yuxarı əlçatmaz qələbə olacaq", - deyə Rusiyanın Birinci kanalının aparıcısı Yana Çurikova səsvermənin gedişini şərh edərkən bildirmişdi. Onda bizim duet ikinci və üçüncü yerlər arasında qalxıb düşürdü, amma Rusiyadan olan müğənni Anastasiya Prixodko liderlərin mübarizəsindən kənarda qalmışdı. 

Kadrarxası mətn üzrə Çurikovanın tərəfdaşı olan Rusiya məşhuru, yunanıstanlı dostu Sakis Ruvasa (7-ci yer, 120 bal) həddindən çox azarkeşlik edən Filip Bedrosoviç Kirkorov və erməni bacılar dueti İnqa və Anuş Arşakyan (10-cu yerə, 92 bal) da Çurikovanı təkrarlamışdılar. Amma "Eurovision" efirində Ermənistanın səs verməsinin nəticələri açıqlanan zaman erməni müğənnisi Siruşonun üzərində Qarabağ abidələrinin rəsmi çəkilmiş açıqcanı yellətməklə apardığı ucuz piar gedişi də "qonşularımıza" yardım eləmədi. Ermənistan tərəfinin Azərbaycanın ünvanına guya televiziya tamaşaçılarının erməni iştrakçılara səsverməsini əngəlləmək üçün telefon nömrəsini gizlətməsi barədə apardıqları böhtan kampaniyası da keçmədi. "Eurovision-2009" tamaşaçılarının verdiyi səslərin sayımı ilə məşğul olan alman şirkəti "Digame mobile"  bu məsələyə operativ cavab verdi və bildirdi ki, Azərbaycan sakinləri Ermənistan təmsilçiləri İnqa və Anuşa səs veriblər. Azərbaycan İctimai Televiziyasının baş direktoru İsmayıl Ömərov da bildirdi ki, Azərbaycandan Ermənistanın xeyrinə 43 SMS göndərilib.

 

Malaxovsayağı birbaşa efir  

Müsabiqə iştirakçılarının çıxışından əvvəl və sonra, səs sayımı qurtardıqda Rusiyanın Birinci kanalının "meqa" teleaparıcısı Andrey Malaxovun studiyasına "Euro-vision"u müzakirə etmək üçün bir sıra tanınmış adamlar yığılmışdı. Amma aydın olmayan səbəblər üzündən müzakirə yeni qalib Aleksandar Rıbak barədə yox, Dima Bilandan getdi. Və nəhayət, norveçli Aleksandr Rıbakın mətbuat konfransı keçirdiyi zaldan birbaşa yayım başladı. Məlum oldu ki, "Eurovision"un qalibi həmin dəqiqələrdə həyəcanla mətbuatın Moskva meri Yuri Lujkov tərəfindən "Eurovision"un final günü gey-paradı dağıtması barədə suallarına cavab verir. 

Bir müddət sonra yenidən Malaxovun studiyası canlı efirə qoşuldu və "Malaxov efiri"nin qalan vaxtında tanınmışlar durmadan Birinci kanalı təriflədilər. Veriliş bitən zaman isə  Birinci kanalın prodüseri və "Eurovision"da Rusiya münsiflər heyətinin sədri İqor Matvienko birbaşa və çəkinmədən dedi: "Əvvəllər biz deyirdik: "Biz bacarmarıq". Sadəcə bizim gerçəkdən də pulumuz çatmır. Pul peyda oldu - siz bir gözəlliyə baxın! Bu, yüz əlli milyona başa gəlib. Ona görə də siz bizə pul verin və biz əla şou düzəldək".

Bu, doğrudan da belədir. Rusiyada cəhd etdilər və şou 100 faiz alındı. Moskva "Eurovision"u səhnəsinin ölçülərinə, iştirakçı sayına və həmçinin müsabiqənin tarixi boyunca  bahalı avadanlığına görə ən irimiqyaslı oldu. İndən belə kiminsə Rusiya həddini keçəcəyinə inam yoxdur. Düzü, avropalılar özləri də buna can atmırlar. Ona görə yox ki, avropalıların vəsaiti yoxdur. Vəsaitləri var. Onlar sadəcə istəmirlər. Niyə? "Eurovision" Rusiya üçün fəth edilməli olan bir  zirvə idi, avropalılara göstərsinlər ki, Moskva küçələrində heç də ayılar gəzmir. 

Amma Malaxovun studiyasına qayıdaq. "Eurovision" finalına qədər birbaşa efir bütün müsabiqə iştirakçılarını söhbət üçün dəvət etmək və xüsusi videoroliklər vasitəsi ilə onların valideynləri ilə tanış olmaq məntiqinə əsaslanırdı. O cümlədən Türkiyədən olan müğənni Hadisə, Rumıniya, İslandiya, Litva və Ukrayna təmsilçiləri də dəvət edilmişdilər. Ermənistan nümayəndələri İnqa və Anuş Arşakyan bacıları da öz anaları ilə birgə gəlmişdilər. Erməni bacıları Birinci kanalın efirində rus xalq mahnısı oxumaq üçün əldən-ayaqdan gedirdilər. Adama elə gəlirdi ki, müsabiqə iştirakçılarını studiyaya çağırmaq məhz növbəti erməni əməli üçün nəzərdə tutulmuşdu. Çünki finaldan sonra həmin məntiqə riayət edilmədi və  "Malaxov" efirinin ikinci hissəsinə başqa müğənnilərin çağırılması ustalıqla yaddan çıxarıldı. 

   

Yeni - köhnə sifət  

Maraqlıdır ki, Avropa KİV-ləri Moskva "Eurovision"unu kəskin  tənqid ediblər. Şounun fantastik görkəmini,  coşğun və cazibədar finalını qeyd etməklə yanaşı, bütün qəzetlər Moskvada gey-paradın milis tərəfindən dağıdılmasını müzakirə etməyi də unutmayıb. İştirakçıların heç biri buna görə çıxışdan imtina etməsə də və münaqişəni səhnədə yada salmasa da, dünya KİV-ləri bu nəticəyə gəliblər ki, Moskva yeni sifət nümayiş etdirməyi bacarmadı. 

Almaniyanın  "Frankfurter Al-lgemeine Zeitung" qəzetinin əməkdaşı Şmidt  isə gürcülərin "don't wanna put in" sözlərinə görə müsbiqədən çıxarılmasına kədərlənib. Qeyd edək ki, Gürcüstan nümayəndəsi "Eurovision" inzibatçılarının tələbi ilə öz mahnılarındakı "we don't want to put in" sözlərini çıxarmaq istmədiyinə görə Moskvaya getməmişdi. İnzibatçılar bu sözlərin Vladimir Putinin soyadı ilə səsləşməsindən narahat olmuşdular və sözlər "biz Putini istəmirik" kimi başa düşülürdü. 

"Bir tərəfdən Rusiya paytaxtı Avropanın gözündə qonaqlar üçün hər şərait yaratmağı bacaran ev yiyəsi kimi görünməyə çox cəhd edirdi. Rusiya hiyləgərliklə və özünəistehza ilə musiqi efiri boyunca nümayiş etdirilən qısa nömrələrdə öz ştamplarına üstün gəldi. Bu, hörmətə layiq və yümşaq görnürdü. Ancaq gey-paradı qadağan etməklə, o, bu effekti sıfra endirmək baxımından risk etdi", - deyə Almaniyanın "Sueddeutsche Zeitung" qəzeti redaksiya məqaləsində bildirir. Qəzet belə nəticə çıxarır ki, Rusiyanın olmağa çox cəhd etdiyi çağdaş ölkəyə çevrilməsi üçün hələ müəyyən vaxt  keçməlidir.

 

"Eurovision" geosiyasəti 

Ancaq "Eurovision"dan danışanda daima müsabiqəni izləyən siyasi qalmaqalı da unutmaq olmaz. Bu il çoxları müsabiqənin ədalətli olması barədə həmfikir olsalar da,  qalibin SMS vasitəsilə müəyyən ədilməsi  göstərdi ki, tamaşaçılar mahnıdan çox, onların təmsil etdiyi ölkəni seçir. 

Beləliklə, Britaniyanın "The Guardian" qəzetinin fikrincə, bu müsabiqə hələ 1969-cu ildə öz "ismət"ni itirib. Onda İspaniya diktatoru general Franko aztanınmış müğənni Massiel üçün qələbəni satın almışdı və tanınmış Britaniya ifaçısı Kliff Riçards kənarda qalmışdı. "Ondan bu yana şişirtmə "Eurovision" səsverməsinə  xəstəlik virusu yayıldı.  Bundan başqa, səsvermənin "siyasi" nəticələri artıq ciddi elmi araşdırmaların mövzusuna çevrilib. 

Derek Qaterer öz araşdırmasında bildirir: ""Eurovision" mahnı müsabiqəsində səsvermə görüntüsünün müqayisəli anazili göstərir ki, əvvəl yalnız bir neçə səsvermə bloku vardı. Məsələn Yunanıstan və Kipr arasında olan kimi. 1999-cu ildən 2005-ci ilə kimi müsabiqədə beş blok fəaliyyət göstərirdi". Araşdırmaçı bu bloklara gurultulu adlar verib: "Vikinq imperiyası", "Balkan bloku", "Varşava paktı", "Pireney oxu" və "Böyük dördlük". 

Özü də 1999-cu ildən 2008-ci ilə kimi ikisi istisna olmaqla bütün müsabiqələrdə ya "Balkan blok"unun,  ya da "Vikinqlər imperiyası"nın təmsilçiləri qalib gəlib. İstisna 2004-cü ildə Ukraynanın və 2008-ci ildə Rusiyanın qələbəsi oldu. Bunun nəticəsidir ki, "Eurovision"da həmişə şərqi avropalılar qələb çalır, pulu isə "dördlük" - Fransa, Böyük Britaniya, Almaniya, İspaniya verir. "The Guardian" bu oyunda Azərbaycanı hələ ki "Eurovision"da bloklara qoşulmamış ölkə kimi qiymətləndirib. 

"Kimsənin ağlına gəlməzdi ki, müsabiqədə cəmi ikinci dəfə iştirak edən və bu yalançı musiqi məzhəkəsində nisbi günahsızlıqlarını qoruyan igid azərbaycanlılar qələbə çala bilərlər",- deyə qəzet yazır. Beləliklə, "Eurovision"un sonucları yalnız mahnı həvəskarları deyil, həm də siyasi şərhçilər üçün də maraqlı olmalıdır. Bir çox analitiklər bu fikirdədirlər ki, Avropa bir daha göstərdi ki, artıq çoxdan vahid deyil. Portuqaliyalılar və hollandlar yunan müğənni Sakis Ruvasa sonuncu yeri vermişdilər, bolqarlar və albanlar isə birinci. 

Türkiyə Fransa, İngiltərə, İsveçrə və Belçikadan maksimum sayda, Çexiyadan isə minimum sayda səs almışdı. Eston müğənni Finlandiyada qalib olmuşdu, Almaniyada isə siyahının lap aşağısına düşmüşdü. Ərəb-İsrail sülhsevərliyini ən çox Fransa qiymətləndirmişdi, Ukrayna və İsveçrə ona ümumiyyətlə qulaq asmamışdı. Böyük Britaniyanın qələbə çaldığı tək ölkə Yunanıstan olmuşdu. Öz növbəsində Patrisiya Kaasa ögey münasibət göstərərək, onu səkkizinci yerə salan ingilislər Fransaya qarşı bir daha soyuq münasibətlərini təkrarladılar. 

Ona ən yüksək ikinci yeri Rusiya vermişdi. Çünki bu ölkədə rus mənşəli müğənnini uzun müddətdir ki, sevirlər. Bütövlükdə, iddia etmək olar ki, Şərqi Avropa və postsovet ölkələrində əsas səsvermə kateqoriyası "doğma-yad" anlayışı üstündə köklənib və bir ənənə kimi onlar bir-birlərinə səs verirlər. Tutaq ki, əgər Norveçdən Aleksandr Rıbak çıxış etməsəydi, bu ölkənin yerli sakini çıxış etsədyi, belaruslar ona 12 bal verərdimi? Çətin ki.  Yəqin ki, bu balı ya Ukraynaya, ya da Rusiyaya verərdilər. Qeyd edək ki, sadə ukraynalılar da Norveç ifaçısını öz qan qardaşı - belarus sayırdı. 

Azərbaycana gəldikdə isə, yalnız bir faktı unutmaq olmaz ki, ölkəmizin özü də daxil olmaqla 41 ölkədən 34-ü Azərbaycana səs vermişdi. Ötən il isə Azərbaycana 40 ölkədən 21-i səs göndərmişdi. Mehriban qonşuluq siyasətinə yalnız Türkiyə ilə riayət edildi və ölkələrimiz bir-birlərinə 12 bal verdilər və burada təəccüblü heç bir şey yoxdur. Biz azərbaycanlılar üçün Moskva "Eurovision"un yadda qalan hadisələrindən biri də Olimpiya idman kompleksinə Rusiya baş naziri Vladimir Putinin gəlişi oldu. O, mətbuat mərkəzində elə gözlənilmədən peyda oldu ki, jurnalistlər hətta özlərini itirdilər. Yəni keçmiş Rusiya prezidentini belə yaxın məsafədən görmək hər gün nəsib olmur. Özünüz düşünün, Aysel və Araş səhnədə məşq edərkən Putinin öz məşhur yerişi ilə onlara tərəf qalxdığını görəndə nə hiss ediblər... Baş nazir bizimkilərin əlini sıxıb, uğur diləyib və onlarla xatirə şəkli çəkdirərək gedib. Həmin günün qalan hissəsini mətbuat yalnız onu müzakirə edirdi ki, "Azərbaycan duetinin bəxti gətirdi". Azərbaycanın yuxarıda göstərilən hər hansı bir səsvermə blokuna daxil olmaması hesabına indi cürətlə demək olar ki, Aysel və Araşın mahnısı, doğrudan da, Avropada hitdir və həqiqətən də  çox  xoşagələndir. 

Ermənistan Azərbaycana 1 bal verməklə, görünür, guya tolerant siyasi iradəyə sahib olduğunu nümayiş etdirməyə çalışdı. Qonşular barədə onu demək olar ki, bu il onlar  açıq-aydın "Eurovision" meydanında gerilədilər, həm musiqi, həm də siyasi baxımdan. Avropa ölkələrindən Ermənistanı yalnız 7 bal vermiş Belçika, 7 balla Rumıniya və 12 balla qiymətləndirmiş Çexiya dəyərləndirdi. Keçən il erməni iştirakçıya 8 bal verməklə Azərbaycanı çaşdıran Türkiyə bu il ermənilərə yalnız 6 bal verməklə kifayətləndi. Rusiya da öz forpostunu pis vəziyətdə qoydu və Yerevandan olan iştirakçılara 5 bal verdi. Halbuki, ermənilər öz şimallı ağalarına sədaqət götərərək, 12 bal vermişdilər. Sadalanan ölkələrdə ənənəvi olaraq güclü olan erməni lobbisi bu dəfə bir iş görə bilmədi.  

Şəksiz ki, "Eurovision" sonuclarını daha da müfəssəl təhlil etmək olardı. Amma dəyərmi? "Xeyirxahlarımız" iddia edirlər ki, Azərbaycan üçüncü yeri güclü İran lobbisinin və İsveç əhalisinin hesabına əldə edib, çünki onlar tanınmış müğənni olan Araşa səs veriblər, Araş əslən İrandandır və İsveçdə yaşayır. Bunu deyənlər unudurlar ki, Araş etnik mənşəcə azərbaycanlıdır. İsveç isə onlara 8 bal verib və sağ olsun. Amma belaruslar da Rıbaka bu prinsiplə səs vermişdilər. 

"Üçüncü yer bir daha sensasiyadır və Azərbaycan üçün böyük uğurdur. Bu ölkə müsabiqəyə ilk gəldiyi ötən il Elnur və Samir dueti hesabına  8-ci yeri tutmaqla uğur qazanmışdı, bu il isə daha da irəli sıçradı. İslandiyadan cüzi geri qalan Aysel və Araş dueti "bürünc" mükafat aldı. Bu, cütlük öz hit mahnısı "Always"dan maksimum uğur əldə etdi", - deyə Azərbaycan iştirakçıları haqqında, demək olar ki, bütün Rusiya KİV-ləri belə yazmışdı. Bu gün uğur əldə etmişik və indi bu əsas məsələdir. Amma həm də ümid edirik  ki, gələn il biz "qızıl" mükafat almaqla daha böyük uğur qazanacağıq. 

P.S.  Növbəti "Eurovision-2010" müsabiqəsi Norveç paytaxtı Osloda keçiriləcək. 


MƏSLƏHƏT GÖR:

562