
BIR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BIR DAHA ENMƏZ!
Müəllif: Redaksiya
Müsəlman Şərqində ilk dünyəvi dövlət - Azərbaycan Demokratik Respublikasının yaradılmasından 91 il keçdi. Dünya müharibəsi və inqilabi silkələnmələrin yaşandığı vaxtda ADR-in yaranması Azərbaycan xalqının, həqiqətən də, fəxr edə biləcəyi bir hadisədir. Məhz bu dövlət din, azadlıq və vətənpərvərliyin sintezini nadir formada birləşdirərək milli ideya ranqına yüksəltdi - bu sintez Azərbaycanın İslam dini, türk dünyası və Avropa sivilizasiyasına aid olduğunu göstərən üçrəngli bayrağımızda da əks olunub.
Onun təbii sərvətlərinə yiyələnmək istəyən fövqəldövlətlərin təzyiqləri və basqıları qarşısında böyük çətinliklə ayaq üstə dayanan, erməni terrorçu dəstələri tərəfindən qanına qəltan edilən bu xalqın igid övladları, tarixinin ən taleyüklü bir mərhələsində dövlət müstəqilliyini elan etmək qərarına gəldilər və bununla da tarixi bir addım atdılar. ADR-in ilk rəhbəri, Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə, parlamentin sədri Əlimərdan Topçubaşov, hökumət başçıları Fətəli xan Xoyski və Nəsib bəy Yusifbəyov, həmçinin respublikanın digər xadimləri - bütün bunlar Azərbaycanda şüurun milliləşdirilməsində böyük pay sahibi oldular, güclü dövlətçilik ideyasının daşıyıcıları kimi özlərini Vətənlərinin müstəqilliyinin prinsipial himayəçiləri kimi göstərdilər. Bu şəxsiyyətlərin inanılmaz səyləri nəticəsində xalqımız bütün dünyaya özünün Qərb və Şərqin ən yaxşı ənənələrinə - demokratik dövlətçilik, respublikaçılıq, insan hüquq və azadlığına sadiqliyini sübut etdi.
ADR -in əsasını qoyanlar Milli məfkurəmizi zəif də olsa formalaşdırdılar. Yalnız XX əsrin 90-cı illərində Milli Lider Heydər Əliyev hakimiyyətə qayıdaraq dövlət müstəqilliyimizi möhkəmləndirməklə yanaşı milli məfkurəmizi də tam təsdiqləmiş oldu.
ADR-in yaranmasının növbəti ildönümü ərəfəsində Azərbaycan prezidenti İlham Əliyev Gəncəyə səfəri çərçivəsində 1918-ci ildə Demokratik Respublikanın Milli Şurası və hökumətinin yerləşdiyi binanın üzərindəki (hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin binası) memorial lövhənin açılışında iştirak etdi. "Müstəqilliyin əsası məhz burada qoyulub", - deyə İlham Əliyev mərasimdəki çıxışında bildirdi. O, "91 il əvvəl Şərqdə ilk demokratik respublikanın yaradılmasının dünya miqyasında nəhəng hadisə olduğunu" söylədi.
ADR-i xatırlayan zaman bir məqamı da qeyd etməmək olmur: vaxtı ilə Birinci respublikamızın üzləşdiyi bəlalar Azərbaycanın müstəqilliyinin bərpası illərində də yaşanıb. Məsələn, bir bəla kimi Azərbaycanın başına hələ XX əsrin əvvəllərində gəlmiş erməni işğalı, I əsr sonra eyni ilə yenə də respublikanın tam inkişafına mane olur. Qeyd etmək lazımdır ki, öz işğalçı məqsədlərinə çatmaq istəyən erməni siyasətinin dəst-xətti bu gün də dəyişməyib: tarixi faktların saxtalaşdırılmasından tutmuş, birbaşa torpaqların zəbt olunmasına qədər. Özü də bu dəst-xətt hər dəfə Güney Qafqaz respublikaları müstəqillik yoluna qədəm qoyan zaman üzə çıxır. Həm 1918-1920-ci illərdə, həm də Sovet İttifaqının çökdüyü dövrdə ermənilər qonşuları ilə birlikdə dinc həyatlarını təmin etmək əvəzinə, guya ki, "öz qədim torpaqları"nı tələb etməyə başlayıblar - Azərbaycandan Qarabağ və Naxçıvanı, Gürcüstandan Kvemo-Kartli və Samsxe-Cavaxetiyanı. Onların qonşu dövlətlərə qarşı iddiaları və təcavüz aksiyaları fəal yalan və saxtakarlıq kampaniyası ilə müşayiət olunur, beynəlxalq ictimaiyyətin "qədim və başıbəlalı" erməniliyin nadirliyinə, qətiyyən özünə məxsus olmayan "irs"ə sahib çıxmaq hüququnun olduğuna inandırılması üçün cəhdlər edilir. Üstəlik, bu "miras"a yalnız ərazilər yox, digər xalqların, xüsusilə də azərbaycanlıların mədəni mülkiyyəti də daxildir.
Moskvada baş tutan "Eurovision-2009" müsabiqəsində qonşu dövlətin "şoumenləri" tərəfindən həyata keçirilmiş ucuz tamaşanı erməni saxtakarlığının biabırçı nümunəsi saymaq olar. Müsabiqə rəhbərliyi tərəfindən Ermənistanı təmsil edən çarxdan Qarabağ abidəsinin şəklinin çıxarılmasından sonra ermənilər aparıcının efirə əlində həmin abidənin şəkli olan vərəqlə çıxmasına qərar verdilər.
Lakin ermənilərin digərlərinə məxsus olanları öz adına çıxmaq cəhdi yalnız bununla bitmir: müsabiqənin erməni iştirakçılarının ifa etdikləri musiqinin motivi dahi Azərbaycan bəstəkarı Tofiq Quliyevin "Naxçıvani" bəstəsi ilə tam üst-üstə düşürdü.
Bəs, Volqoqradda keçirilən İkinci Ümumdünya Pravoslav Kazak Gənclərinin qurultayı çərçivəsində, Böyük Vətən müharibəsi illərində alman-faşistlərinə qarşı ağır döyüşlərin getdiyi məşhur Mamay kurqanında qondarma "DQR"in bayrağının qaldırılmasına nə ad vermək olar?
Düzdür, hələ ki bu informasiya öz təsdiqini tapmayıb (hər halda, təşkilatçılar bunu təkzib edirlər), amma bu məlumatın Ermənistan KİV-də yayılması ermənilərin şüurunda təcavüz və başqalarına məxsus sərvətlərin ələ keçirilməsi xəstəliyinin özünə yer elədiyinin daha bir nümayişidir.
Lakin ermənilər istəklərinə nail olmaq üçün nə qədər çalışsalar da, sonda həmişə həqiqət zəfər çalır. Azərbaycan Demokratik Respublikasının tarixi də bunu bir daha göstərir: ermənilər o zaman bizim torpaqlarımızı işğal etmək üçün nə qədər çalışsalar da, Vətənimizin ərazi bütövlüyü qorunub saxlandı. Qarabağı sülh yolu ilə qaytarmaq istəməyən ermənilərin hazırkı işğalçı siyasəti də o cür fiaskoya uğrayacaq.
Çünki ədalət həmişə zəfər çalır - bunun üçün sülh yolu yox, digər vasitələrə əl atmaq lazım gəlsə belə.
MƏSLƏHƏT GÖR: