14 Mart 2025

Cümə, 20:48

ŞAHMAT BAYRAMI RUH YÜKSƏKLİYİ İLƏ KEÇDİ

Dünya yığması Azərbaycan komandası ilə qarşılaşmada məzmunlu oyun göstərdi

Müəllif:

15.05.2009

Prezident Kuboku çərçivəsində Azərbaycan və dünya yığmalarının qarşılaşması ilin əsas idman hadisələrindən biri oldu. Əslində bu, belə də olmalı idi. Axı Bakıya dünya tacının sahibi Vişvanatan Anand, sabiq dünya çempionu Vladimir Kramnik, Aleksey Şirov və Sergey Karyakin gəlmişdilər. Onlar Azərbaycan şahmatçıları ilə birlikdə azarkeşlərə əsl şahmat bayramı nümayiş etdirdilər. Qonaqlar əsl ustalıq göstərərək komandamızı kifayət qədər böyük hesabla məğlub etsələr də (21,5:10,5), burada nəticə heç də əsas deyildi.

 

Anand üçün "Oskar"

Bakı tədricən dünyanın şahmat mərkəzlərindən birinə çevrilir - burada mütəmadi olaraq dünyanın aparıcı qrossmeysterlərinin iştirakı ilə müxtəlif böyük turnirlər keçirilir. 2 il əvvəl paytaxtda qadınlar arasında "Bakı-2007" turniri keçirilmişdi və o vaxt yarışa qatılanlar arasında dünya çempionu Antuanetta Stefanova, qitə birincisi Yekaterina Laqno və bir çox digər titullu idmançılar var idi. 

Ötən mövsüm isə FİDE Qran-prisi məhz Bakıda həyata vəsiqə qazanıb. Lakin bütün bunlar Prezident Kubokuna hazırlıq mərhələsində keçirilən, müəyyən mənada, məşq idi. Son yarışa dünyanın əsl şahmat ulduzları toplaşmışdılar. 

Turnirin təşkilatçılarının dünya millisinə hələ ötən il şahmat tacı uğrunda mübarizə aparmış 2 qrossmeyster - Vişvanatan Anand və Vladimir Kramniki daxil edə bilməsini rəmzi hal saymaq olar. Həmin qarşılaşmada onlar rəqib idilərsə, indi lövhə sahiblərinə üstün gəlmək üçün vahid komandada birləşmişdilər. 

Bununla yanaşı, qonaqların heyətini dünya çempionluğuna iddialı Veselin Topalov da gücləndirə bilərdi. Lakin o, son anda təklifdən imtina edib.

Maraqlıdır ki, V.Anand ötən ilin ən yaxşı qrossmeysterinə verilən şahmat "Oskar"ını məhz Bakıda aldı. Qeyd edək ki, onu idmançılara ənənəvi olaraq, "64 - Şahmat icmalı" nəşri təqdim edir. Dərgi hər il sorğu keçirərək planetin ən güclü şahmatçısını müəyyənləşdirir və bu dəfə mükafatı nəşrin təsisçisi Mark Qluxovskidən qəbul edən hindistanlı şahmatçı oldu. Sorğunun nəticəsi hələ mövsümün əvvəlindən məlum olsa da, "Oskar"ın Ananda təqdim edilməsi mərasiminin məhz Prezident Kubokunun başlanmasından əvvəl verilməsi qərara alınmışdı. Bununla da hindistanlı şahmatçı bu mükafata növbəti dəfə sahib çıxmaqla, bu göstəricidə Harri Kasparova çatdı (hərəyə 6 dəfə). 

İndi qarşıda yalnız mütləq lider Anatoli Karpov qalır. 

Yeri gəlmişkən, komandadakı tərəfdaşlarından fərqli olaraq, V.Anand Azərbaycana ilk dəfə gəlirdi və bundan sonra onun Bakıya tez-tez baş çəkəcəyinə ümid edirik.

Qarşılaşmanı FİDE-nin birinci şəxsləri, o cümlədən qurumun prezidenti Kirsan İlyumjinov da izləyirdi və o, dünya millisinin kapitanı rolunu öz üzərinə götürmüşdü. Azərbaycan yığmasına isə Elman Rüstəmov kapitanlıq edirdi. 

Əlbəttə ki, şahmatçılarımızın rəqibə müqavimət göstərməsi çox çətin idi. Axı, daim yüksək səviyyədə oynamaq təcrübəsi yalnız Teymur Rəcəbovda vardı. Baxmayaraq ki, Şəhriyar Məmmədyarov, Vüqar Haşımov, Qadir Hüseynov və Rauf Məmmədov da, şübhəsiz ki, istedadlı qrossmeysterlərdir, amma onlar haqqında eyni fikri səsləndirmək mümkün deyil. Çünki V.Anand və V.Kramnik kimi şahmatçılarla bərabər oyun nümayiş etdirmək üçün istedad kifayət etmir və bunun üçün təcrübə də vacibdir. Bəzi şahmatçılarımızda isə məhz bu çatışmırdı.

Bununla yanaşı, hər şey o qədər də pis başlamamışdı və birinci tur Ş.Məmmədyarovun A.Şirovu məğlub etməsi ilə Azərbaycan millisinin xeyrinə sonuclanmışdı. Lakin qonaqlar yalnız başlanğıcda bir qədər zəif təsir bağışladılar və sonradan onların qarşısını almaq mümkün olmadı. Artıq ikinci oyun günündən sonra V.Kramnik 3 oyunda 3 qələbə qazandı və dünya  millisi Azərbaycan yığmasından 6 xal qabağa keçdi. Vladimir isə bu məqama zarafatla belə münasibət bildirirdi: "Mənim 100 faizlik nəticəm " lap ağ" oldu. Axı zəif rəqiblərlə oynamıram. Sadəcə, debütlərim əla alındı. Qarşılaşmanın lap əvvəlində yaxşı imkan əldə etdim və onu reallaşdırdım". 

Sabiq dünya çempionu azərbaycanlı şahmatçıların zəif çıxışı haqda danışmağı lazım bilmədi: "Uşaqlar özü-özlüyündə güclü şahmatçılardır. Ola bilsin ki, onların bu səviyyədə oyun təcrübələri yoxdur. Üstəlik rapidin öz xüsusiyyətləri var - hardasa sürətlə oynamaq lazımdır, qısa zaman kəsiyində mümkün kombinasiyaları düşünmək, üstəlik seytnota düşməmək tələb olunur".

 

Reytinqin hesablanması dəyişəcək

Bütün bunlarla yanaşı, K.İl-yumjinovun Bakıya gəlişi dünya şahmatının problemlərinin müzakirəsi və idmanın bu növünün gələcəyini müzakirə etmək üçün yaxşı imkan oldu. Nəzərə alaq ki, Prezident Kuboku ilə Bakıda keçiriləcək nəhəng turnirlər bitmir və gələn il paytaxtda qadınlar arasında Qran-pri təşkil ediləcək. Azərbaycanın dünyanın şahmat həyatında fəal iştirak etdiyini deyən qurum rəhbəri hesab edir ki, FİDE Qran-prisinin ilk turu və Prezident Kubokunun Bakıda keçirilməsi buna sübutdur: "Sizin şahmatçılarınızın ustalığı hər kəsə məlumdur. Odur ki, Azərbaycanın qadınlar arasında keçiriləcək Qran-priyə də ev sahibliyi etməsi maraqlı olardı".

K. İlyumjinov 2011-ci ildən etibarən reytinq sistemində baş verəcək dəyişikliyə də toxunub. "Başa düşürük ki, şahmatçılara yeni formata keçilməsi çətindir. Bu səbəbdən də ona 2011-ci ildən tez keçməyi düşünmürük. Hələlik reytinq köhnə qayda ilə hesablanacaq, lakin bununla paralel yeni hesablama da aparılacaq. Şahmat yerində addımlamır və onun müasirləşdirilməsi vacibdir. Məhz bu səbəbdən belə addım atmağa qərar vermişik", - deyə FİDE prezidenti qeyd edib. Bununla yanaşı o bildirib ki, dünyanın Vladimir Kramnik, Vişvanatan Anand və Vaselin Topalov kimi aparıcı qrossmeysterlərinin belə dəyişikliyə etiraz etmələrinə baxmayaraq, onlar baş verənlərdən xəbərdardırlar: "Bu şahmatçılar FİDE-nin Prezident Şurasına daxildirlər və odur ki, reytinq hesablanması qaydasının dəyişəcəyi haqda kifayət qədər məlumatlıdırlar".

K.İlyumjinov Azərbaycan və dünya yığmaları arasındakı qarşılaşma haqda da danışıb: "Ümumilikdə mən baş verənlərdən razıyam, axı, qələbəni rəhbərlik etdiyim komanda qazanıb. Lakin biz yaxşı başa düşürük ki, burada qonaqpərvərlik faktoru da öz rolunu oynayıb - bizə məhz qonaqpərvərlik göstərərək, yaxşı oynamağa imkan veriblər".

Milli federasiyanın prezidenti Elman Rüstəmov isə "iştahın diş altında olduğunu" xatırladaraq bildirib ki, Azərbaycan, hətta Vişvanatan Anand və Veselin Topalov arasında dünya çempionu adı uğrunda matç da təşkil edə bilər. "Biz hələ ki bunun mümkünlüyünü müzakirə etməmişik. Lakin sponsor tapılarsa, nədən olmasın?"-deyə E.Rüstəmov bildirib.

Yeri gəlmişkən, qarşılaşmanın keçirilməsi ilə bağlı tender artıq elan edilib və sentyabrda ilk nəticələr haqda danışmaq mümkün olacaq. Qarşılaşmanın təşkili üçün artıq Rusiya və digər ölkələr ərizə ilə müraciət edib və odur ki, seçim geniş olacaq.

E.Rüstəmov onu da bildirib ki, Prezident Kuboku yaxşı ənənəyə çevrilib və onun səviyyəsi getdikcə daha da artır: "Rəmzi haldır ki, bu turnir ərəfəsində ölkə prezidenti İlham Əliyev Azərbaycanda şahmatın inkişafı üzrə dövlət proqramının qəbul edilməsi haqda sərəncam imzalayıb. Bu, ölkədə idmanın şahmat növünün inkişafına kömək edəcək. Bu, bizə yeni səviyyəyə yüksəlmək imkanı verəcək".

Qarşılaşmaya qayıdaraq, qeyd edək ki, bu matç Azərbaycan qrossmeysterləri üçün yaxşı məktəb olacaq. Nəzərə alaq ki, dünya yığması heç də hər ölkənin millisinə diqqət göstərmir - son dəfə belə böyük matç Kremldə, "All stars"ın ruslarla XXI əsrin qarsılaşmasına çıxdığı vaxt yaşanıb. O zaman dünya yığmasının heyətində T.Rəcəbov və V.Anand, lövhə sahiblərinin heyətində isə V.Kramnik iştirak edirdi və qarşılaşma qonaqların qələbəsi ilə bitmişdi.

Bakıda isə Azərbaycan millisinin qarşısında çox çətin hədəf dayanırdı və qonaqlar, şübhəsiz ki, favorit idilər. Bununla yanaşı, son illərdə millimiz ən gənc komandalardan biri hesab olunur, qrossmeysterlərin təcrübə toplamasına isə illər lazım gəlir. 

Odur ki, qrossmeysterlərimizin can atmalı olduğu hədəflər var. Üstəlik, şahmat tacının Azərbaycana qayıtması da məhz onların adı ilə bağlı ola bilər. Bilmək olmaz, bəlkə də, bir neçə il sonra T.Rəcəbov dünya çempionu titulunu qazanmaq üçün V.Anand və ya V.Kramniklə qarşılaşacaq. 

İstənilən halda, FİDE-nin ranqları haqda tabeldə 5-ci olan idmançımızın inkişafını nəzərə alsaq, bunun üçün bütün imkanlar var.


MƏSLƏHƏT GÖR:

548