14 Mart 2025

Cümə, 21:39

"EMOSİYALAR BURULĞANI"

Bədii gimnastika üzrə Bakıda keçiriləcək budəfəki Avropa çempionatı həm idman, həm də təşkilatçılıq baxımından əvvəlkini kölgədə qoya bilər

Müəllif:

15.05.2009

Jurnalımızın çap olunacağı gün - mayın 15-də Bakıda bədii gimnastika üzrə XXV Avropa çempionatına start verilir. Onu ilin əsas idman hadisələrindən biri adlandırmaq olar. Çempionat eyni zamanda son dərəcə böyük tarixi əhəmiyyət də daşıyır. Axı bu və ya digər Olimpiya idman növü üzrə Azərbaycanda heç vaxt 2 qitə birinciliyi keçirilməyib. 

 

Yeni qaydalarla

Bakı artıq gimnast qızlar üçün çoxdan doğma məkana çevrilib. Çünki son illər Azərbaycan paytaxtında bu idman növü üzrə bir çox turnirlər təşkil olunub. Bundan başqa, burada idmançılar kifayət qədər isti qarşılanır, yarışlar ən yüksək səviyyədə keçirilir. “Avro -2009”-un Bakıda keçirilməsi ilə bağlı şifahi razılaşma isə hələ 2 il əvvəl Azərbaycanda təşkil olunmuş qitə birinciliyi zamanı əldə edilmişdi. Avropa Gimnastika Şurası (EUG) qurumun prezidenti Dimitrios Dimitropulosun simasında həmin çempionatın təşkilatçılığından o qədər məmnun qalmışdı ki, daha bir qitə birinciliyinin Bakıda keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi. 

Dedilər, elədilər. İndi dünyanın  say-seçmə "gözəlləri" yenidən Bakıdadır.

Heydər Əliyev adına İdman-Konsert Kompleksinin səhnəsinə dünyanın, demək olar ki, bütün güclü idmançıları çıxıblar - Rusiyadan olan Olimpiya çempionu Yevgeniya Kanayeva, ukraynalı dünya birincisi Anna Bessonova, həmçinin təkcə Avropa yox, dünya gimnastikasında tarix yazan  digər gimnastlar. 

Onlarla yanaşı, ustalıqlarını hər il daha da artıran yerli gimnastlar da mükafatlara əsas namizədlərdən sayılırlar. Bu dövrdə Aliyə Qarayeva artıq iplə nümayiş etdirilən proqram üzrə Avropa çempionu adını qazana bilib və onun titulunu qorumaq şansları kifayət qədərdir. 

Qeyd etmək lazımdır ki, “Avro-2009” beynəlxalq federasiya (FIG) tərəfindən bir müddət əvvəl qəbul edilmiş yeni qaydalar əsasında keçirilir. İndi hakimlər "risk elementləri"ni də qiymətləndirirlər. Söhbət son dərəcə çətin elementlərdən gedir ki, onların həyata keçirilməsi zamanı yanlışlığa yol verilməsi ehtimalı kifayət qədər yüksəkdir. Əgər gimnastlar əvvəllər bunu yalnız publika və özləri üçün edirdilərsə, indi bu hərəkətlərə müvafiq xal verilir. 

Bununla yanaşı, mütləq qaydada həyata keçirilməli olan elementlərin sayı 18-dən 12-yə endirilib. Onlardan 8-i mütləq, qalan 4-ü isə fərdi seçimə əsasən həyata keçirilir. 

Məsələn, topla hərəkətdə 8 elastiklik hərəkəti olmalıdır. 4 hərəkətdən isə hansı yaxşı alınırsa, onu etmək olar: fırlanma, tullanma və sair. Başqa sözlə, artıq ciddi artistizm olmadan, sadəcə, texnika işə yaramır. Musiqidən fon kimi istifadə olunması, ritmdən çıxma və s. görə gimnast ciddi cəzalandırılır. 

Odur ki, idmançı çıxışı zamanı risk, yüksək baza qiymətləndirilməsi və etibarlı ifa arasında incə balans tapmalıdır.

Hazırkı yarışdan danışarkən iki il əvvəlki qitə birinciliyi ilə paralel aparmamaq mümkün deyil. O zaman Azərbaycan gimnastika elitasındakı yerini xeyli möhkəmləndirə bilmişdi. Həmin çempionatı gimnastlarımız üçün zəfər yarışı da saymaq olar. Azərbaycan komanda hesabında bürünc medal qazanmış, Aliyə Qarayeva isə iplə hərəkətlərə görə "qızıl"a sahib çıxmışdı. İdman nailiyyətlərinə turnirin möhtəşəm təşkilatçılığını da əlavə etsək, əminliklə demək olar ki, o qitə birinciliyi son illərin ən yaxşı yarışlarından biri olub. 

Lakin budəfəki yarış bütün cəhətlərinə görə, 2 il əvvəlki çempionatı kölgədə qoya bilər - həm idman, həm də təşkilatçılıq baxımından.

Azərbaycan gimnastlarının uğurları yalnız ustalıq, məşqçilərin əməksevərliyi ilə yox, həm də bilavasitə federasiyanın fəaliyyəti ilə bağlıdır. Milli federasiyanın prezidenti Mehriban Əliyevanın dəstəyi olmadan bugünkü qələbələri təsəvvür etmək çətin olardı. Məhz onun bu posta gəlişindən sonra ölkədə gimnastika sürətlə inkişaf etməyə başlayıb. Gimnastika üzrə Rusiya yığmasının baş məşqçisi İrina Viner deyir: "Əvvəllər bəzi ölkələr sizin məktəbin inkişafı, millinin mövqelərini nəzərəçarpacaq dərəcədə yaxşılaşdırması ilə barışa bilmirdi. Bu isə Mehriban Əliyevanın prezidentliyi ilə federasiyanın səmərəli fəaliyyəti sayəsində mümkün oldu. O, idmanın cəmiyyətin həyatındakı rolunu anlayan yüksək mədəniyyətə sahib insandır. Mehriban Əliyevanın fəaliyyəti heyrətləndirməyə bilməz".

 

Kürsü ümidi ilə

Avropa çempionatının Azərbaycanın milli bayrağının rənglərindən istifadə ilə hazırlanmış rəsmi loqosu "Emosiyalar burulğanı" adlanır. Axı çempionat yalnız idman mərasimi deyil. Bakı üçün bu, əlamətdar hadisə, idmançılar üçün arzuların həyata keçdiyi, yeni ulduzların parladığı məkandır. Uzun-uzadı gözləntilərin, məşqlərin nəticəsi məhz burada əldə olunur. Və bu girdabda - arzular, ümidlər, emosiyalar yer alır. Təbii ki, hər komandanın öz ümidləri var. Lakin bir şeyi əminliklə söyləmək olar ki, 3,5 ildən sonra “Olimpiada-2012”-yə yollanacaq gimnastlar öz sözünü məhz bu çempionatda deməlidirlər. Əslində, “Avro-2009” Pekin Olimpiadasından sonra ilk nəhəng turnirdir. Bakıya yalnız artıq qəbul edilmiş liderlər yox, həm də böyük idmanda ilk addımlarını atmağa başlamış gimnastlar gəlib. Turnirdə fərdi çıxışlarla yanaşı, qrup hərəkətləri ilə çıxış edən gənclərdən ibarət komandalara da diqqət yetirmək lazımdır - Bakıda onlar da medallara iddia edirlər. Xüsusilə nəzərə alsaq ki, komandamız “Avro-2007”-də uğurlu çıxış edərək kifayət qədər yüksək nəticə göstərib - dördüncülük.

Qitə birinciliyi öncəsi "qrupçular"ımız son məşqlərini Holonda (İsrail) keçiriblər və buradakı beynəlxalq turnirdə 2-ci yeri tutublar. Yarışın ilk günündə qızlarımız 5 lentlə 23,425 bal toplamaqla Rusiya və İsrailin ardından 3-cü olublar. Bir gün sonra Səbinə Abbasova, Nigar Abdusəlimova, Yevgeniya Jidkova, Aelita Xələfova, Kamilə Məmmədova və Lalə Məhərrəmova daha yaxşı çıxış ediblər. Baş məşqçi Mariana Vasileva da bu fikirdədir. Qızlarımız 23,85 balla meydan sahiblərinə güzəştə getsələr də, Rusiya və Bolqarıstanı üstələyərək ikinci olublar. Özünü ən yaxşı tərəfdən göstərməyə nail olmuş bolqarıstanlı mütəxəssis nəticəni belə şərh edib: "Bu, mayın 15-17-də bizim Bakıda keçiriləcək Avropa çempionatına hazırlıq baxımından mənim yetirmələrim üçün son turnir və yaxşı hazırlıq oldu".

Holonda bədii gimnastika üzrə Qran-pri seriyasından olan yarış da keçirilib. Aliyə Qarayeva və Anna Qurbanova hər iki finalda - ip və topla - çıxış ediblər. Aliyə 2 dəfə 4-cü olmaqla, "gümüş"ün bir addımlığında dayanıb. Anna isə topla 5-ci, iplə isə 6-cı yeri əldə edib. Müxtəlif növlər üzrə yarışda A.Qarayeva ilə A.Qurbanova müvafiq olaraq 7-ci və 8-ci yerləri tutublar. Birinci pilləyə rusiyalı Yevgeniya Kanayeva, ikinciliyə onun komanda yoldaşı Darya Kondakova, üçüncülüyə isə meydan sahibi İrina Risenzon sahib çıxıblar.

Ümumilikdə Azərbaycan millisi yubiley Avropa çempionatına pis hazırlaşmayıb və indi Bakıda uğurlu çıxış etmək qalır. Gimnastlarımız artıq azarkeşlərini uğura alışdırıblar və ona  görə də budəfəki yarışda məsuliyyət daha çox olacaq - onlar doğma divarlar arasında, təbii ki, maksimum güclərini nümayiş etdirməlidirlər. Sonuncu məqam da turnirə elə-belə qatılmayan, medallar uğrunda mübarizə aparan gimnastlar üçün əlavə psixoloji təzyiqdir. Bununla yanaşı, qeyd olunmalıdır ki, bizdə yalnız Avropa yox, dünya mükafatlarının qazanılması təcrübəsi də var. Əlbəttə, Rusiya, Ukrayna və digər ölkələrdən olan gimnastlarla rəqabət heç də asan məsələ deyil. Lakin  gimnastlarımızın səviyyəsi ilbəil artır. İndi bədii gimnastika ölkədə ən məşhur idman növlərindən biridir; Bakı ilə yanaşı, regionlarda da fəaliyyət göstərən bölmələr isə yeni ulduzların hazırlığı ilə məşğuldur. Bu isə çox vacibdir: nəsildəyişmə varsa, demək, bu idman növünün gələcəyi də var. 

Bütün bunlar Azərbaycan millisinin “Avro-2009”-da aparıcı rolda olacağını söyləməyə əsas verir.


MƏSLƏHƏT GÖR:

313