14 Mart 2025

Cümə, 21:39

MEŞƏ PIÇILDAYIR, DƏNİZ ÇAĞLAYIR

Uca dağlar, meşələr və dənizin qonşuluğu, zəngin təbiəti və tarixi Xaçmazı əsl turizm cənnətinə çevirib

Müəllif:

15.05.2009

Xaçmaza “meyvə cənnəti” deyirlər. Zarafatla əlavə edirlər ki, burada pula ehtiyac yoxdur. Çünki  hamının bağında bütün tərəvəz məhsulları və meyvələr yetişir və rayon iqtisadiyyatının əsasını təşkil edir. İlin bütün fəsillərində mövsüm meyvələrini Nabran - Yalama - Xudat yolunda satışa çıxaran xaçmazlılar, əsas gəlir qaynağları olan  məhsullarınıı Rusiya bazarlarına yollayırlar. Xaçmaz tarixən meyvə ixracatı ilə məşğul olub. Yay və payız ayları toplanan məhsulun emal edildiyi vaxtdır. Meyvələrdən doşab, sirkə və digər müxtəlif meyvə şirələri hazırlanır. 1636 - 1638 -ci illərdə Azərbaycana səyahət edən məşhur alman səyyahı Adam Oleari xatirələrində bölgə əhalisinin doşab, meyvə şirələri hazırladığını bildirir, su və sirkə qatmaqla doşabdan ləzzətli bir içki alındığını qeyd edirdi. Burada meyvələrdən həm də qurudulmuş halda istifadə edirlər. Xarab olmasın deyə ya günəşin altında, yaxud xüsusi gil qabların içərisinə yerləşdirərək təndirdə qurudurlar. 

 

Tarixi

Herodot və Strabonun əsərlərində bəhs etdiyi Xaçmaz adına VII əsrin ortalarından başlayaraq müxtəlif mənbələrdə rast gəlinir. İlk baxışda çox gənc şəhər təsiri buraxsa da, qədim ərazidir. Vaxtilə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin üzərinə hərbi yürüşlər və basqınlar etmiş işğalçıların yolu məhz buradan keçib. Eramızdan əvvəl VIII-VI əsrlərdə tikilmiş məşhur «Dəmir darvaza» istehkamları bu işğalçıların yolunda maneə kimi dayanıb. V əsrdə Sasani padşahı Yezdigərdin dövründə Dərbənd aşırımında işğalçıların qarşısını almaq üçün möhtəşəm daş şədd tikilib. Bu hərbi istehkamlar sistemini keçməyi bacaran skiflər, alanlar, hunlar, sabirlər və digər qəbilələr Azərbyacan ərazisinə bu yolla keçiblər. Hazırda tarixi Xaçmaz qalası, giriş qapılarının olduğu yerdə indi onun maketi ucalır. Şəhərin girişi sayılan yerdə köhnə qala qapılarını xatırladan yeni tikili buraya ayrı bir yaraşıq verir. Burada qeydə alınmış 60-a yaxın tarixi abidə var. Bürünc dövrünə aid yaşayış yerlərinin qalıqları, kurqanlar, daş kitabələr, məscidlər, qədim Xudat qala-şəhərini, Qraqurtlu kəndində XV-XVI əsrlərə aid Şah Abbas məscid-mədrəsəsi, Şeyx Yusif (XV əsr) məscidi tarixi ekskursiyaları sevənlər üçün yaxşı nümayiş obyekti ola bilər. Ən qədim arxeoloji abidələr Mollabürhan, Hülovlu, Qaraçik, Həsənqala kəndlərinin yaxınlığındakı tunc dövrünə aid qədim kurqanlar və Canaxır, Bostançı kəndlərinin yaxınlığında orta əsrlərə aid insan məskənləridir. Xaçmaz  ərazisində aparılmış arxeoloji qazıntılar zamanı tunc dövrünə aid qəbirlər, eləcə də əmək və ov alətləri, məişət əşyaları, neolit və tunc dövrünə aid insan məskənlərinin izləri aşkar edilib. Rayon içində ən məşhur abidə tarixi Alban kilsəsi və tarixi dəmiryol stansiyasıdır. 

 

Xaçmaz dəmiryolu

Mərkəzdə yerləşən dəmiryolu vağzalının möhtəşəm binası bu kurort şəhərinin gözəlliyini artırır.  Dəmiryol stansiyasının geniş sahəsi mini şəhərciyi xatırladır. Dəmiryolçu ailələrinin yaşaması üçün burada hər cür şərait nəzərə alınıb. Memarlığı ilə seçilən stansiya 1898-ci ildə inşa edilib. Zaqafqaziyada çəkilən ilk dəmiryollarındandır. Deyilənlərə görə, Quba quberniyasından məktubla çara müraciət edərək dəmiryollarının buradan keçməsini xahiş ediblər. Relyef uyğun olduğuna görə Xaçmazda çəkilib. Quba - Xaçmaz maşın yolunun da əsası o zaman qoyulub. Dəmiryollarının fəaliyyətə başlaması ilə ölkədə istehsal olunan milli sərvət Ümumrusiya bazarına çıxış əldə edib. Rayonda mövcud olan yeddi dəmiryolu stansiyasının hamısı tarixi əsər statusu daşıyır. XX əsrin ilk illərində (1900-1903) inşa olunmuş digər altı dəmiryol vağzalı binası və eləcə su anbarı qülləsi indiyədək normal qaydada çalışır. 

Qeyd etmək lazımdır ki, bu dəmir yolu vasitəsilə ilk dəfə mərkəzə və ətraf rayonlara su daşınıb. 1903-cü ildə inşa edilmiş su anbarı qülləsi memarlıq xüsusiyyətlərinə görə diqqəti çəkir.  Böyük su sıxıntısı yaşayan Abşeron yarımadasına və kapitalizmin sürətlə inkişaf etdiyi, getdikcə böyüyən neft şəhəri Bakıya içməli su dəmiryolu vasitəsilə məhz buradan -  şirin sulu bulaqlarla zəngin olan Xaçmazdan  yollanırdı. Stansiyadakı Su qülləsi, su anbarı rolunu oynayırdı. Buradan su sisternlərə doldurularaq dəmiryoluyla paytaxta daşınırdı. 

 

Niyazabad limanı 

Xaçmazdakı daha bir tarixi - strateji əhəmiyyətli obyektdir. Liman XVI əsrdən başlayaraq dəniz yolu ilə Azərbaycanın qonşu ölkələrlə münasibətlərin yaradılmasında mühüm rol oynayıb. Volqa - Xəzər ticarət yolu dövlətlərarası ixtilaflara baxmayaraq, şimal ölkələri ilə ticarət əlaqələrini  genişləndirib. Bölgədən şimal ölkələrinə ipək, sənətkarlıq məmulatları, meyvə qurusu ixrac edilib. Xəzər dənizi ticarətində nəzərə çarpan yenilik Şirvanın Qərbi Avropa ölkələri ilə intensiv ticarətə bağlanması və bu ticarətdən  genuyalı və venetsiyalı tacirlərin daha fəal istifadə etməsi olub. 

 

Şıxlar kəndi

Mərkəzdən, təxminən, 15 km uzaqlıqda yerləşir. Kənddə orta əsrdən qalma iki tarixi abidə, qədim qəbirstanlıq ərazisində yerləşən 16-cı əsrə aid məscid və 13-cü əsr Şeyx Mövlana Yusif  Babaya aid türbə var. Bura hər zaman yerli əhalinin ən çox üz tutduğu ziyarətgahdır. 

 

Şeyx Yusif türbəsi

Şeyx Mövlana Yusif XV əsrdə Müşkür düzündə yaşayıb - yaratmış görkəmli filosof və təriqət başçısı olub. Abbasqulu ağa Bakıxanov “Gülüstani - İrəm” əsərində bu barədə yazır: “Şeyx Molla Yusif Müşkürlü hicri tarixi ilə VIII əsrdə anadan olub. İbtidai təhsilini Müşkürdə aldıqdan sonra, Şeyx Yəhya Bakuvinin yanına gedib, elmlərə yiyələnərək ondan xeyir - dua alıb. Müşkürə qayıtdıqdan sonra o, öz təlimini təbliğ edib, daha sonra da başçılığı Şeyx Məhəmmədə verib. Şeyxin məzarı və onun nəslinin yaşadığı kənd Şeyxlər adlanır. Onun əsərlərindən ancaq ərəb dilində yazdığı “Bəyan üm - əsrar” (Sirlərin izahı) əsəri qalıb ki, burada insan mənəviyyatından və əxlaq qanunlarından bəhs edib. 

Seyid Yəhya Bakuvi isə Xəlvətiyyə sufi təriqətinin rəhbərlərindən olub və bu məzhəbin Yaxın Şərqdə yayınlamasında böyük iş görüb. Onun ardıcıllarından olan böyük filosof Mövlana Şeyx Yusif Xəlvətiyyə təriqətinin Quba - Xaçmaz bölgəsində yayılmasında böyük səy göstərib.  

 

Xudat 

Xaçmaz ərazisində yerləşən kənddir. Əsas dəmiryolu stansiyalarından biri burada yerləşir.  Dağıstanla sərhəddə əvvəllər köçəri tayfaların istifadə etdiyi bir yol olub. Onların hücumlarından qorunmaq üçün indiki Xaçmaza qədər gedib çatan Xəzəryanı müdafiə istehkamı tikilib.  Bu şəhər - qalalardan biri Xudat olub. XVIII əsrin əvvəllərində Xudat Quba xanlığının paytaxtına çevrilib. 1735-ci ildə Fətəli xanın iqamətgahı Qubaya köçürüldükdən sonra Xudat əhəmiyyətini itirib. Xudat sözünün mənası “Allah vergisi” deməkdir. Çox qədim yaşayış yeri olduğundan buraya camaat “Köhnə Xudat” adını verib. Əyalət olmasına baxmayaraq çox yaxşı inkişaf etdiyi üçün Xudat “modern kənd” kimi tanınır. Burada içməli su ehtiyatları çoxdur. 1904-cü ildə burada yerləşən Şollar kəndindən Bakıya içməli su kəməri çəkilməsiylə bağlı müzakirələr başlayıb...

 

Şollar su kəməri

Uzunluğu 175 km olan kəmər tarixi abidələr siyahısına daxildir. 1917-ci ildə istismara verilmiş  məşhur su kəməri Xudat yaxınlığındakı Şollar kəndindən çıxır. Şahdağın ətəyindəki bu mənbə yeraltı bulaq suyu olduğundan onu  kimyəvi vasitələrlə təmizləməyə ehtiyac qalmır. Çünki suda yoluxucu bakteriyalar yoxdur.  İndiyədək həmin xətlərdə ciddi təmir və ya yenidənqurma işləri aparılmayıb. Çünki bu kəmərin əsas hissəsi torpağın altı ilə çəkilib. Bərk gildən hazırlanan "Bakı-Şollar" xəttində fəaliyyət göstərdiyi 100 ilə yaxın müddətdə bir dəfə də olsun, hansısa qəza hadisəsi baş verməyib. 

Kəmərin çəkilməsinin çox maraqlı tarixçəsi var. XIX əsrin ikinci yarısından sürətlə böyüməyə başlayan kapitalist Bakının əhalisi su sarıdan çox əziyyət çəkirdi. Su qıtlığı müxtəlif epidemik xəstəliklər yaradırdı. 1899-cu ildə şəhərdə suya olan tələbin daha da artdığını görən Bakı milyonçusu, xeyriyyəçi - mesanat Hacı Zeynalabdin Tağıyev Avropanın bir neçə şəhərinə su kəməri çəkmiş məşhur ingilis mühəndis Vilyam Lindleyi Frankfurt-Mayndan gətizdirir və ona çeşmə axtarmağı tapşırır. Lindley bol şirin su mənbələri olan indiki Xaçmaz ərazisinə qədər gəlir. Şollar kəndində quyu qazdırır və Şahdağın qarı və buzlaqları ilə qidalanan keyfiyyətli suyun mənbəyini kəşf edir. Uzun sürən mübahisə və müzakirələrdən sonra 1904 - cü ildə tikilməyə başlayan kəmərin inşası 1916 - cı ildə tamamlanır. Deyilənlərə görə, şəhərə ilk dəfə su verilən gün, Bakı camaatı sevincindən qoyun, dəvə, öküz qurban kəsib, məhəllələrdə ehsan verirmiş.  Xudatda, geniş meşəlik ərazidə yerləşən Bakı-Şollar kəməri xüsusi mühafizə alayı tərəfindən qorunur. Buraya giriş qadağandır. 

 

Quba - Xaçmaz zonası 

Vaxtilə Quba xanlığının yerləşdiyi bu zona, ölkənin ən səfalı guşələindən biridir. Mənzərəli dağlar, meşələrlə dəniz sahilinin qonşuluğu, zəngin təbiət ərazini turizm cənnətinə çevirir. Xaçmaz eyni zamanda ölkə üzrə təşkil edilən şimal turist marşrutuna daxil olan əsas dayanacaqlardan biridir. Xaçmaz balaca yerdir. Rayon ərazisi dənizdən nisbətən aralıda olsa da, dənizin havası buraya çox təsir edir və bütün dəniz kurortu şəhərlərində olan ümumi ab - hava buraya da hakimdir. Bakıya yaxınlığı və dəniz faktoru xüsusilə də isti aylarda Xaçmaza güclü insan axınının artmasına səbəb olur. Çox abad və təmiz şəhərin mərkəzindəki turizm informasiya bürosundan bölgəylə bağlı ətraflı məlumatı və bütün növ turist marşrutları ilə bağlı bilgiləri əldə etmək mümkündür. 

 

Şimal marşrutu: Xızı - Siyəzən - Dəvəçi - Quba - Xaçmaz - Nabran - Qusar 

Bu rayonlardan ibarət marşrutun uzunluğu 270 kilometrdir. Bir çox üstünlüklərinə görə Bakı-Xaçmaz turist marşrutu başqalarından fərqlənir. Belə ki, hələ sovet dövründə burada Həmkarlar İttifaqları nəzdində olan istirahət bazaları vətəndaşların istifadəsinə verilib və onlar bu günə qədər də fəaliyyət göstərir. Rayon ərazisində düz sahilədək bitən sıx meşəlik sahələrdə 8 çay, 3 süni göl, şirin su ehtiyatları, o cümlədən termal və mineral bulaqlar var.  Çox saydakı mineral bulaqların içərisində ən məşhuru fəvvarə vuran İstisudur. 

 

Yalama meşəsi

Bakıdan 200 km aralıda, Xaçmaz ərazisində yerləşən füsunkar Yalama, Xəzər sahilinə qədər uzanan yeganə meşə zolağıdır. Dəniz dalğalarının yaladığı yeganə meşə olduğundan Yalama deyirlər. Ümumdünya Vəhşi Təbiət Fondunun köməyi ilə Yalama meşələrinin bazasında milli parkın yaradılması planlaşdırılır. Yalama meşələrinin əhatəsində yerləşən kəndlər hələ ki turist axınına uğramayıb. Xaçmazın sirr qutusu sayılan səfalı kəndlərini tanımağa dəyər. 

 

Tel kəndi

Nabrandan 6 km aralıda yerləşən bu kənd Xaçmazın tarixi kəndlərindəndir. Ərazidəki əhəmiyyətli tarixi - arxeoloji abidələrdən hesab edilən II Şəhərgah yaşayış yeri düzən zonada, Tel kəndindən 1 km qərbdədir. Oval formalı plana malik, dik yamaclı təpə üzərində salınan bu yaşayış məskəninin ərazisindən əkin sahəsi kimi istifadə edilir. Əkin işləri zamanı torpaqdan bişmiş və çiy divar qalıqları çıxır. Kəndi əhatə edən Tel meşəsi payız və qış aylarında ovçuların ən sevdiyi yerdir. Buradan müxtəlif quşları ovlamaq və yay aylarında da ucu - bucağı görünməyən meşədə piknik etmək olar. Tək tarixi abidəsi XIX əsrdən qalma məscidi olan Tel kəndində palçıq vulkanı var. Kəndlilərin söylədiyinə görə dəri ilə bağlı problemləri olanlar bu palçığı problemli yerlərə sürtərək sağaldırlar. Bol sərin bulağı olan Tel meşəsində fəaliyyət göstərən restoranlar istirahət üçün yaxşı ünvan hesab edilir. 

Yalama-Nabran bölgəsində analoqu olmayan təbii-coğrafi landşaft və sağlam iqlim şəraiti bu regionda turizmin inkişafına geniş imkanlar yaradır. Quba -Xaçmaz zonasında ən populyar turizm mərkəzi Nabran ərazisindədir. 

 

Nabran 

Bu kəndin adının ruscadan götürüldüyünü deyirlər - “yığılan, toplanan” mənasını verir. Buradan Xəzərə çoxlu kiçik çaylar axır. Yeraltı şirin su sızmaları həmin sahələrdə balıqların yem bazasını artırdığından daim buralarda balıqlar bir araya yığılır və qidalanırlar. İlboyu nərə cinsli və qızılbalıq, yazda kütüm və Xəzər siyənəkləri olur. Buradakı kiçik çayların hamısına “yalama” adını qoyan kənd camaatı  Nabrana Xəzərin incisi deyirlər. 

Nabranın adı çəkiləndə insanın aglına ilk əvvəl dəniz, sahil gəlir. Əslində, vaxtilə Xaçmazın sakit kəndlərindən biri olan Nabran 1960-cı illərdə ilk dəfə istirahət yeri kimi kəşf edilib. O zamankı Həmkarlar İttifaqının təşəbbüsü ilə ölkə zəhmətkəşlərinin istirahətini təmin etmək məqsədilə, zavod və fabrik fəhlələri üçün burada pansionatlar tikilib. Keçən əsrin ikinci yarısından etibarən buraya kənar yerlərdən insanlar axın etməyə başladı. İdeal yay tətili üçün lazım olan hər şey burada var: təmiz hava, dəniz, qum, bol günəş, meşə, gündüz çimərlik və axşam sahildə açılan diskotekalar Nabranda istirahəti daha əyləncəli edir. Digər yerlərlə müqayisə edildiyində burada  turizm infrastrukturu daha yaxşı inkişaf edib. Lakin işdir birdən otel və turist bazalarinda yer tapa bilməsəniz, qonaqpərvər yerli camaat sizi öz evlərinə də dəvət edə bilər. 



MƏSLƏHƏT GÖR:

718