14 Mart 2025

Cümə, 21:39

O, KONSLAGER DƏHŞƏTİNİ YAŞAYIB

Fatimə xanım Qayıbovanın Böyük Vətən Müharibəsi və Sovet repressiyaları illərindəki maraqlı taleyi

Müəllif:

15.05.2009

9 May. Bu gün biz həlak olanları və sağ qalanları, hərbçiləri və dinc sakinləri - 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin təmin edilməsinə qatılmış hər bir kəsi, bu müharibəni yaşamış və onun qurbanı olmuş hər bir nəfəri xatırlayırıq. Artıq 60 il keçib, amma müharibə illərinin əhvalatları unudulmayıb, onlar veteranların və həmin çətin günlərin qurbanlarının xatirələrində yaşayır. Nəsillərdən-nəsillərə ötürülən həmin xatirələri, sözsüz ki, bizlər qorumaylıyıq. 

9 May bayramı bizim hər birimiz üçün müqqədəsdir. Elə bir ailə yoxdur ki, həmin günlərdə itki verməsin. Minlərlə əsgərimiz cəbhəyə yollandı, minlərlə həmvətənimiz arxa cəbhədə işlədi, çoxları faşistlərə əsir düşdü. Vətənin müharibəsinə bütün xalq olaraq qalxdıq və dinc yaşamaq hüququ əldə etdik. Biz bu başlıca uğurumuzdan necə yararlandıq, Böyük Qələbəyə layiq ola bildikmi? Hər bir kəs özünə belə bir sual verməlidir. Vətəni qorumaq və vətənpərvər olmaq - məhz yaşlı nəsil bizi belə öyrədib. 

Əgər müharibə fərqli nəticələnsə idi, bizim taleyimiz necə olacaqdı? Faşist işğalçıları ilə müharibədə sülhə nail olmaq inanılmaz səylərin və böyuk qurbanlar hesabına başa gəlib. Yalnız bir dövlətə və ya ayrıca bir xalqa qarşı mübarizə aparılmırdı, bütün insanlığa qarşı dağıdıcı  ideologiya ilə qanlı  savaş gedirdi. Təəssüf ki, bu gün də həmin ideologiyanın yayıldığını müşahidə etmək olar, insanların tarixdən dərs almadığını görmək, əlbəttə ki, ağırdır. 

Buna görə də Böyük Qələbə ilə bağlı biz yaşlı nəsli xatırlamalı və onlara təşəkkür etməliyik. Bu qələbə milyonların həyatının qurban getməsi, qohumların və yaxınların göz yaşları hesabına başa gəlib. Biz veteranların və arxa cəbhədə çalışanların qarşısında baş əyir və onlara təşəkkür edirik. Bu müharibəni yaşamış və xatirələrini bizə qədər çatdırmış adamlara da təşəkkürlər. Həm də ən azı ona görə ki, dərk etməmizdə və tarixin səhvlərini bir daha təkrarlamamaqda yardımçı olduqları üçün! 

 

Acı xatirə  

İnsanın ruhunun, ağlının gücü nə ilə ölçülür? Bir insan nə qədər ağırlığa dözə bilər və bununla belə insanlığını itirməz? Fatimə xanım Qayıbova həyatda hansı çətinlikləri görməsi barədə danışanda, məhz bu fikirlər başımızda dolanırdı. Səsinin hər bir ahəngində itirilmiş uşaqlıq və gənclik illərinin, yaxınlarının acısı duyulurdu. Atası, anası, qardaşı, çoxlarının həyatını sındırmış müharibə həm çox uzaq, həm də çox yaxında idi. Keçmişləri araşdırmaq çox çətindir, amma həm də elə mürəkkəbdir ki, onlardan baş açmaq üçün gərək bir neçə ömrün olsun.  

Fatimə xanım dəfələrlə öz həyatından kitab yazmaq istəyib, amma ya vəziyyəti ona mane olub, ya da vaxt tapa bilməyib. Bəzən də xatirələrin acısı o qədər yandırıb ki, yazmaq istəyi uzun müddət itib-batıb. Bunu etmək üçün bir təkan lazım idi və bizim xahişimiz bu təkanı əvəz etdi. Və Fatimə xanım bizə razılıq verdi. Nə qədər acı olsa da, həmsöhbətmiz yenə də həmin ağır müharibə illərinə qayıtdı. 

 

Bakıdan uzaqlarda     

Fatimə xanım Qayıbova təmsilçiləri müxtəlif dönəmlərdə Azərbaycanı şöhrətləndirmiş çox tanınmış bir nəslin qızıdır. Şair Molla Vəli Vidadi (Qaib) (1709-1809-ci illərdə yaşayıb),   çar Rusiyasında ali tibbi təhsil almış ilk azərbaycanlı, Qarabağ hakimi İbrahimxəlil xanın şəxsi həkimi olmuş Vəkil Ağa Qayıbov  və Mirzə Fətəli Axundovun silahdaşı və dostu, tanınmış ruhani xadim, maarifçi, ilk azərbaycanlı etnoqraf, Qori seminariyasında Azərbaycan bölməsinin yaradılmasının təşəbbüskarı, Azərbaycanın tanınmış şairlərinin şeirlərinin dördcildlik toplusunun müəllifi,  33 il Zaqafqaziya müftisi olmuş Mirzə Hüseyn Əfəndi Qaibzadə (1830-1917) də bu nəslin nümayəndəsidir. Qayıbovlar nəslinin başqa nümayəndələri sırasında isə tanınmış riyaziyyatçı, ikicildlik "İslam təqvimi"nin yaradıcısı Əbdülkərim bəy Qayıbovu (1851-1894), general Əliağa Şıxlinskinin xanımı, ilk azərbaycanlı şəfqət bacısı Nigar xanım Qayıbovanı (1870-1931) göstərmək olar. Qeyd edək ki, Əliağa Şıxlinskinin anası da Qayıbovlar nəslindən olub. Bu nəslin daha bir nümayəndəsi isə ilk azərbaycanlı təyyarəçi, Birinci Dünya müharibəsində hava döyüşündə qəhrəmancasına həlak olmuş Fərrux ağa Qayıbovdur (1893-1916). İlk azərbaycanlı pianoçu qadın Xədicə xanım Qayıbova (1893-1938)  və başqa tanınmış şəxsiyyətlər də bu ocaqdan  alovlanıblar. 

Fatimə xanımın atası, Qayıbovlar nəslinin təmsilçisi olan İlyas Qayıbov gimnaziyanı bitirdikdən sonra Xarkov  Universitetinə daxil olub və qurtardıqdan sonra orada qalaraq işləməyə başlayıb. Nəhayət, o, universitetin psixologiya kafedrasının müdiri seçilib. Sonradan İlyas Qayıbov ixtisasını fizioloqa dəyişdirməli olub, çünki Sovet İttifaqında həmin illərdə psixologiyadan bir elm kimi dərs demək qadağan idi. "Atam haqqında xatirələrim dumanlıdır. Yadımdadır ki, atam həmişə öz kiçik kabinetində işləyirdi, ora çox qaranlıq idi və mən bunun səbəbini bilmirdim. Sonradan, çox illər keçəndən sonra mən öyrəndim ki, atam bu otaqda psixologiya kitabları saxlayırmış, təlimat verilməsinə baxmayaraq, o, həmin kitabları məhv etməyibmiş. Görünür, düşünürmüş ki, heç kim qaranlıqda bunların nə kitabı olduğuna fikir verməyəcək". Elə olub ki, Fatimə xanımın atası qonşu qadının çuğulluğu hesabına iki ay ümumi həbsxana kamerasına salınıb. Kamera o qədər dolu imiş ki, dustaqlar növbə ilə yatır, oturur və ayaqüstə dururmuşlar. Hava, demək olar ki, yox imiş. "Atam türmədən tamamilə xəstə, kəskin astma ilə çıxdı. 1940-cı ildə dünyasını dəyişdi. Onda mənim 4 yaşım var idi".                       

Fatimə xanımın anası Veronika Valentinovna Qavalova da yetərincə tanınmış ailədən imiş. Fatimə xanımın nənəsi, Veronikanın anası, əsilzadə zadəgan Kapitolina İvanovnanın qızlıq soyadı Karuşeva olub. Kapitolina əfsanəvi rus hərbi-dəniz xadimi, admiral Stepan Osipoviç Makarovun evində tərbiyə alıb, Makarov onun xalasının əri imiş. Makarovlar çar ailəsi ilə sıx əlaqədə olublar. Kapitolina Valentin Qavalova ərə gedib və ondan üç uşaq doğub - Veronika, Oleq  və  İqor. Onların  üçü də Makarovların evində böyüyüb. 

Veronika Valentinovnanın atası Valentin Qavalov dəmir yolları üzrə iri mütəxəssis olub və Birinci Dünya müharibəsi illərində çar qatarının rəisi işləyib. O, həbsə qədər çar ailəsinin yanında olub. Yaxşı mütəxəssis kimi onu sovet hakimiyyəti illərində də işə cəlb ediblər. Amma Valentin Qavalov tanınmağından qorxaraq, mühacirət etməyi qərara alıb. Düzü, həmin illərdə bunu etmək çox çətin imiş. Qavalov məzuniyyət barədə şəxsən Leninə müraciət edir. Proletariatın rəhbəri heç cür razılıq vermək istəmirmiş, amma Qavalov onun fikrini dəyişə bilib. Söz verib ki,  məzuniyyətdən sonra Rusiyaya dönəcək. Valentin öz ailəsini və uşaqlarını qoyaraq xaricə gedib və bir də onların üzünü görməyib. "Anam danışır ki, xaricdə babam dəmir yolu işçisi kimi işə düzəlib və pis yaşamayıb. Amma öz ailəsini necə tək qoya bilib? Anamın danışığından belə xatırlayıram ki,  o, çox mürəkkəb adam olub və uşaqların hətta ən şıltaq vaxtında belə onları əzizləməyib. Anam həmişə ondan qaçırmış və böyük evdə gizlənirmiş. Ancaq bir dəfə anamın 13 yaşı olanda təsadüfən  atası ilə üz-üzə gəlib və çox qorxub. Babam onunla sakit danışıb və münasibətləri yaxşılaşmağa başlayıb. Sonra babam öz ailəsini qoyaraq  gedib". 

Amma ailə başçısı olmasa da, Veronika və qardaşı İqor o dövr üçün lazım olan səviyyədə təhsil alıblar. Tarixçi olmaqla yanaşı, Veronika çox gözəl fransızca danışırmış. Onun ilk nikahı anasının təkidi ilə yaxın qohumu Kuznetsovla olub. Bu nikahdan Fatimənin qardaşı Nikita dünyaya gəlib. Lakin tezliklə ailə dağılıb və Veronika Valentinovna Qazaxda gimnaziya direktoru işləyən Süleyman Qayıbovun oğlu İlyas Qayıbova ərə gedir. "Onda Tiflis yaxınlığında yerləşən Qazax Güney Qafqazın siyasi və mədəni mərkəzlərindən biri idi. Orada Fatimənin ata babasının qardaşı Mirzə Hüseyn Əfəndi də yaşayırdı, onun bütün qızları gözəl təhsil almışdı və açıq başla gəzirdilər ki, o vaxt buna nadir hallarda rast gəlinirdi. Onun oğullarından biri Qacar sülaləsinin şahzadələrindən olan Ziba xanımla nişanlanmışdı. Anam da atam çalışan universitetdə işləyirmiş, xarici dillər kafedrasının müdiri imiş. Mən onda körpə idim, amma onların münasibətinin necə mehriban və isti olduğunu gözəl xatırlayıram. Anam atamla yaşadığı altı ili həyatının ən gözəl və xoşbəxt illəri sayırdı". 

Fatimənin valideynləri yeni  evlənmişdilər ki, atasının doğma bacısı Nəzirə və əmisi oğlu Zülfüqar da Bakıdan Xarkova onların yanına gəlib. "Onlar hədiyyə gətirmişdilər, anamla tanış oldular, gözəl münasibətləri vardı. Atam öləndən sonra Nəzirə bibim və Zülfüqar bizim Bakıya köçməyimizə təkid edirdilər. Köçməyimiz üçün hər şey hazır idi, bəlkə də, onda anam Xarkovdan çıxmağa macal tapsa idi, taleyimiz başqa cür olardı. Köçməyimizə hər şey hazır olan zaman Böyük Vətən müharibəsi başladı, həm də Nikita skarlatin tutdu. Köçməkdən söhbət belə gedə bilməzdi - belə yoluxucu xəstəliklə bizi  qatara  bu-raxmazdılar". 

 

Almanlar arasında   

Ailə Xarkovda qalmağa məcbur olur. Oktyabrın əvvəlində almanlar şəhəri ələ keçirirlər. Fatimə xanım xatırlayır ki, şəhər döyüşsüz və sakitcə təslim edildi. Bundan sonra yəhudilərin kütləvi qırğını başladı. "Qardaşımın Şura adlı bir dostu var idi. O gəlib danışdı ki, bütün yəhudilərə hansısa meydana yığışmağı əmr ediblər, onlara nə edəcəkləri bəlli deyilmiş. Anam Şuranı bizdə gizlətməyə risk etmədi, amma onların ailəsinə yəhudiləri köçürməyə yardım edən insanlarla əlaqə qurmağa kömək etdi. Sonradan bu ailənin başına nə iş gəldi deyə bilmərəm, amma ümid edirəm ki, onlar xilas ola bildilər. Ukrayna polisi həmin ailəni hətta bizim mənzildə də axtarmağa başlamışdı. Nəsə şübhələnmişdilər, amma sonradan bizə yazıqları gəldi, toxunmadılar".

Sonra dəhşət baş verdi. Almanlar bütün yəhudiləri dəlixanaya dolduraraq, binanı yandırdılar. "Bu, dəhşətli idi. Yaxınlıqda yaşayan bir neçə adam huşunu itirmişdi. Dəhşətli səslər eşidilirdi. Bundan bir neçə gün sonra da havadan yanmış meyit qoxusu gəlirdi. Bu, camaata güclü təsir göstərmişdi, ona qədər biz almanlardan qorxmurduq, vəziyyətin ciddiliyini anlamırdıq. Amma bundan sonra onları görəndə artıq panikaya düşürdük". Tezliklə əsl aclıq və  soyuq başladı. İnsanlar birbaşa küçələrdə ölürdülər. Nikita o qədər zəiflədi ki, hətta yataqdan qalxa bilmirdi. "Anam anlayırdı ki, əgər bizdən ötrü yemək gətirməsə, əvvəl Nikita öləcək, sonra da mən. Evdən müəyyən əşyalar götürdü və onları ərzağa dəyişmək üçün kəndə yollandı. Bu, çox riskli iş idi, amma onun bəxti gətirdi. Anam ərzaqla qayıtdı və Nikita yavaş-yavaş özünə gəlməyə başladı". 

Nə qədər qorxulu səslənsə də, Fatiməgilin ailəsi ölməmək üçün küçə heyvanlarının əti ilə qidalanmağa məcbur olub. "Alman dilini bilməyi anama şəhəri yiyəsiz heyvanlardan təmizləyən kontorda işə düzəlməkdə yardımçı oldu. Əməkdaşlara öldürülmüş itləri və pişikləri götürməyə icazə verirmişlər. Almanlar bunun bizə qarşı çox böyük xeyirxahlıq olduğunu düşünürdülər. Amma bu qida da bizim üçün yetmirdi. Anam yenidən əşyaları ərzağa dəyişmək fikrinə düşür və kəndə yollanır. Bu dəfə bəxti gətirmir. Almanlar onu yolda tutmuşdular və ərzağı əlindən almışdılar, özünü isə bütün gecə hansısa quyuda saxlamışdılar. Ona görə də bir daha bu cür səfərlərə risk eləmədi. Almanlar heç kimi şəhərə buraxmırdılar, ona görə də şəhər məhvə məhkum idi. Biz uşaqlar odun qırıqları toplayırdıq ki, heç olmazsa, evimizi qızdıraq. Almanlar buna görə yaşlıları yerindəcə güllələyirdilər, amma uşaqlara toxunmurdular. Bir dəfə odun yığmaqdan dönəndə almanlar mənim və yanımda olan iki oğlanın çantasını yoxlayan zaman elə qorxmuşduq ki, bir daha bunu etməyə özümüzdə cəsarət tapa bilmədik. Xarkovda həyat dəhşət idi. Demək olar ki, şəhər hər gün bombalanırdı. Camaat adam əti yeyirdi. İnsan acından öləndə hər şeyə hazır olur. İndi də mən ac qalmaqdan çox qorxuram. Həmişə çalışıram ki, soyuducu dolu olsun".              

 Veronika Valentinovna anlayıb ki, ailə gələn qışa salamat çıxmayacaq. Çox böyük çətinliklə Xarkovdan çıxmaq icazəsi alıb. "Beləliklə, biz Trostinets adlı kiçik şəhərə köçdük. Burda da anamın alman dili bilməsi işə yaradı və işə düzəldi. Maaş verməsələr də, ərzaq verirdilər. Bir şeyi də deyim ki, almanlar Trostinetsə girəndə yerli əhali onları xilaskarlar kimi qarşılayaraq, qabaqlarına  çörək və duzla çıxmışdılar. Sovet hakimiyyəti onları boğaza yığmışdı. Ancaq sonra anlamışdılar ki, almanlar heç də xilaskar deyillər. İndi deyə bilərəm ki, əgər almanlar zülmkar olmasa idilər, bu müharibəni udardılar. Hər şeyi onların qəddarlığı məhv etdi".  

Fatimə xanımın ailəsinin həyatı 1943-cü ilin yayında, sovet qoşunları şəhərə girəndən sonra tamamilə dəyişdi. Ertəsi gün almanlarla işləmiş adamları güllələməyə başladılar. Sovet əsgər və zabitləri almanlarla işləmiş adamlara gecə boyunca dəhşətli işgəncələr verirdilər və ertəsi gün güllələyirdilər. Fatimə xanım atasının dindirilməsində iştirak etmiş  6 yaşlı uşağı öz gözləri ilə görüb. Onun atasını çuğullayıblarmış. Dindirilmə bütün gecə gedib və obaşdan oğlanın atasını güllələyiblər. Sonra bəlli olub ki, çuğul yalan deyibmiş. Həmin qorxulu gecədə oğlanın başı ağarıbmış... 6 yaşında! Veronika Valentinovnanı da bu cür təhlükə gözləyirmiş. Bir neçə gün sonra onlara hansısa zabit gəlib, tapançasını çıxararaq masanın üstünə qoyub və deyib: " Sizi bu gecə nə gözlədiyini bilirsiniz?". Veronika Valentinovnaya Trostintsada yaxşı münasibət varmış. Hava qaralandan sonra yerli əhalidən biri onlara gələrək, özü ilə aparıb və evində gizlədib. 

Bir gün sonra isə almanlar şəhərə qayıdıb. Üç həftədən sonra şəhər yenidən sovet qoşunlarının əlinə keçib. Bu dəfə almanlar yerli əhalinin çoxunu özləri ilə aparıblar. Ana bilmirmiş ki, kimdən qorunsun - sovetlərdənmi, almanlardanmı. Uşaqlarını qorumaq üçün almanlara tərcüməçilik etdiyinə görə sovetlər onu güllələyərdilər. "Müharibə vaxtı haqlı-haqsız olmur. Müharibə vaxtı ən pis şeylər ortaya çıxır, zalım adamlar böyük imkanlar əldə edirlər". Veronika Valentinovna isə axınla üzməyə qərar verir...

 

Qərar özümüzünküləri tərk etmək olub   

"Biz alman karvanında yola düşdük. İki ay yol getdik. Kəndlərdə dayanırdıq, qadınları evlərə paylayırdılar, səhər yenidən yola düşürdük. Bizi hər zaman zülm əhatələyirdi. Bir neçə gündən sonra mən ilk dəfə insanı necə döydüklərini görmüşdüm. Məsələ bundadır ki, faşistlər arxalarınca çox böyük sürü aparırdılar və buna çoban lazım idi. At üstündə olan faşistlər bu adamı əhatələyərək onu qamçı ilə döyməyə başladılar, heç nə də izah etmədilər. Anamı çağırana  və  anam kişiyə ondan nə istədiklərini başa salana qədər döydülər. Mən o kişinin üzündəki dəhşətli ifadəni indi də xatırlayıram. 

Sərhədə yaxın yerdə bizi yük vaqonlarına yerləşdirərək, Polşadan keçirdilər və Almaniyanın Breslau şəhərinə, indi Polşaya verilmiş Vrotslava gətirdilər. Orada böyük yerləşdirmə məntəqəsi var idi. Almanlar gələrək, özləri üçün işçi seçirdilər. Orada elə bir hadisə baş verdi ki, mən həyatımboyu unuda bilmirəm. Biz Nikita ilə məntəqənin ərazisində gəzirdik, bir az qıraqda rəis öz köpəyi ilə dayanmışdı. Birdən, heç bir əsas olmadan o, öz itini yaxınlıqdan keçən kişinin üzərinə qısqırtdı. Köpək bir neçə dəqiqə ərzində, demək olar ki, onu dişlək-dişlək etdi. Bu hadisə mənim yadımdan çıxmışdı. Görünür, dəhşəti o qədər böyük olub ki, yaddaşım dözməyib. Bu məsələni mənə sonradan Nikita xatırlatdı. Həmin  hadisədən sonra mən heyvanlardan çox pis qorxmağa başlamışdım. Bizi işə götürmürdülər. Çünki üç nəfər idik və mən balaca olduğumdan, məni saxlamaq artıq xərc tələb edirdi. Nədənsə, bizi ayırmırdılar, ola bilsin ki, anam alman dilini bildiyinə görə onlara yalvarıb dilə tuta bilmişdi. Nəhayət, bizi Lüdviqsdorf düşərgəsinə apardılar. Bu, ölüm düşərgəsi deyildi, adi bir konslager idi - orada zavod vardı, zərərli kimya istehsalı idi. Düşərgədə yaşayanların hamısı işləyirdi. O cümlədən anamla qardaşım da. İş bütün gün boyunca gedirdi, üçnövbəli idi. Düşərgədə yaşayanları qaynadılmış şalğam və yarısı taxta kəpəyi olan çörəklə yedizdirirdilər. Bunlar ağır illər idi, ağır düşərgə illəri. Zorakılıq, işgəncə, aclıq illəri. Biz sadəcə anamın alman dilini bilməsi hesabına sağ  qala bildik",- deyə Fatimə xanım bildirir. 

1945-ci ilin martında onların üçünü və bir neçə gənc qızı başqa konslagerə keçiriblər. Orada nəsə tikməli imişlər, amma müharibə başa çatdığından dəhşətli qarışıqlıq var imiş və ona görə də tikintiyə başlamayıblar. Onlar orada iki aya qədər qalıblar, rəhbərliyi heç görməyiblər, yəqin qaçıblarmış və camaatı taleyin hökmünə bu-raxıblarmış. Camaat oradan dağılmağa başladı. Apreldə  Fatiməgilin ailəsi də  oradan gedib. Onlar Çexoslovakiyaya yollanıblar, öyrəniblərmiş ki, onu qərb qoşunları azad edəcək. Veronika sovet əsgərlərinin əlinə keçməkdən qorxurmuş. Bu qorxu ilə üç gün yol gediblər. Vəziyyət çox ağır olub, Nikitanın ayaqqabısı yox imiş, ayaqyalın gedirmiş. 

 "Yadımda deyil, hardasa biz gecələməyə durmuşduq. Anam məni dalında aparırdı. Mən yuxulayırdım. Atlar, arabalar var idi. Anam tez-tez arabaların dalında gizlənirdi. Dəhşətli qorxu vardı. Qorxurdu ki, yeni qoşunlar öz qaydalarını tətbiq edəcəklər", - deyə Fatimə xanım xatırlayır. 

Çexoslovakiya sərhədlərini may ayında keçiblər. Veronika Valentinovnanın ailəsi sovet qoşunlarının əlində olan Naxoda şəhərinin ətrafına gəlib çıxmışdı. Orada çox sayda hərbi əsirlər var imiş və onlar özününkülərdən gizlənməyə cəhd edirmişlər. Əks halda onları yeni əsirlik - Sibir gözləyirdi. 

 

(Ardı gələn nömrədə)


MƏSLƏHƏT GÖR:

618