Müəllif: Zərifə BABAYEVA Bakı
Dünyada hər üç adamdan biri "donuz qripinə" tutula bilər. Bu, Britaniyanın "Science" jurnalında dərc edilmiş mütəxəssis rəylərində vurğulanır. Ekspertlərin rəylərinə görə, “donuz qripi”nə hələ pandemiya statusu verilməsə də, o, bu ada uyğun gələn bütün xüsusiyyətlərə malikdir. "Donuz qrip"i artıq bir neçə ölkəni tutub, insandan-insana sürətlə keçir və yaxın altı-doqquz ay ərzində qlobal miqyaslı problemə çevrilə bilir.
Londonda yerləşən "İmperial Kollec"dən olan araşdırmaçılar hesablayıblar ki, Yer əhalisinin üçdəbiri "donuz qripi" tutmaq təhlükəsi qarşısındadır, özü də hər min nəfər xəstəlikdən 4-ü ölümlə nəticələnə bilər. Artan vahimə əhval-rühiyyəsi həmçinin Dünya Səhiyyə Təşkilatının (DST) pandemik təhlükə səviyyəsini altıballıq şkala ilə dörd bala qaldırması ilə bağlıdır. Bu isə o deməkdir ki, artıq xəstəlik insandan-insana ötürülür.
DST-nin materialın hazırlandığı ana olan məlumatına görə, "donuz qripi"nə tutulanların sayı 33 müxtəlif ölkədə 5251-ə çatıb. Bunun 61-i ölümlə nəticələnib.
Episentri Meksika olan "donuz qripi" tüğyanının ilkin analizi əsasında alimlər bu qərara gəliblər ki, H1N1 də 1957-ci ildə pandemiyaya səbəb olmuş və iki milyon adamın həyatına son qoymuş virus kimi təhlükəlidir. Dünya Bankı "donuz qripi" ilə mübarizə üçün Meksikaya $205 mln ayırıb.
Eyni zamanda onu da müəyyən etmək mümkün olub ki, "donuz qripi" virusu 1918-ci ildə 50 mln. adamın həyatına son qoymuş "ispan qripi" kimi təhlükəli deyil. Eyni zamanda DST bildirir ki, beş il bundan qabaqkı "quş qripi" partlamasına baxanda dünya birliyi yeni qrip virusunun mümkün pandemiyasına daha hazırdır. Qurum artıq donuzlarda yoluxma tüğyanlarının genişlənməsi halında zərdab buraxılışı üçün laboratoriyalar hazırlanması üzrə ilkin işlərə başlayıb. Zərdabların buraxılması artıq 2009-cu ilin yayına mümkün olacaq.
"Sky News"un məlumatına görə, yoluxma tüğyanı nəticəsində Meksika paytaxtı "kabuslar şəhəri" nə çevrilib. RİA "Novosti"nin məlumatına görə, ABŞ səfirliyi viza verilməsini dayandırıb. ABŞ-da 20 adam yoluxub. "Donuz qripi"nə tutulmasında şübhələnilən meksikalı Braziliyada xəstəxanaya yerləşdirilib. İspaniyada "donuz qripi"nə yoluxma ehtimalı olan səkkiz hal qeydə alınıb. İTAR-TASS-ın məlumatına görə, Kanadanın altı vətəndaşında "donuz qripi" virusu aşkarlanıb. AP-nin məlumatına görə, Yeni Zelandiyadan iki müstəqil qrupun tərkibində Meksikada səyahətdə olmuş yeniyetmələrin "donuz qripi"nə tutulma ehtimalı var. Həmin 40 adam könüllü şəkildə ev karantinindədir. Meksikada olmuş iki avstraliyalı da yoluxma əlamətləri ilə Kvinslend ştatında xəstəxanaya yerləşdirilib. İsraildə, Fransada və Böyük Britaniyada mümkün yoluxma hallarından bəhs edilir. İTAR-TASS bildirir ki, "donuz qripi"nin yayılmasının qarşısının alınması tədbirləri Dominikan Respublikasında, Boliviya, Braziliya, Çin, Yaponiya, Malayziya, İndoneziya, Sinqapur, Tailand və Filippində də görülüb. Rusiyada da xəstəliyin ölkə ərazisində yayılmasının qarşısının alınması üçün hökumət komissiyası yaradılıb.
Düşməni yaxşı tanımalı
Bəs "donuz qripi" (Swine Flu) nədir və virusa yoluxmanın əlamətləri necədir? Qrip kimi qripdir, amma bu növlə donuzlar xəstələnir. Necə ki quşlar “quş qripi” ilə xəstələnirlər, insanlar B qrupundan olan insan qripinə tutulurlar, elə. Donuzların xəstələnməsi insan qripinin klinikasına oxşardır. Öz qrip ştamları ilə yanaşı, donuzlar insan və “quş qripi” növlərinə qarşı həssasdırlar.
Maraqlıdır: hələ 2004-cü ilin avqust ayında "Reuters" xəbər vermişdi ki, Çində "quş qripi"ni öyrənən milli laboratoriyanın başçısııDST-nin Pekində keçirilimiş növbəti konfransında bildirib ki, Çinin bir sıra əyalətlərində donuzlarda onların ölümünə səbəb olan "quş qripi"nə rast gəlinib. Hələ onda Çin alimləri virusun pandemiyaya qədər inkişaf edə biləcək mutasiyasının mümkünlüyü barədə xəbərdarlıq etmişdilər.
Hazırda KİV-də qeyd edilir ki, təhlükəli virus quşların, donuzun və insanın genetik materialının törəməsidir. Onun dəqiq kodu hələ də bəlli deyil. Bir bu aydındır - o, insandan-insana ötürülür ki, bu, "quş qripi"ndə yox idi. Görəsən, niyə məhz "donuz qripi" Yerdəki sonsuz qrip ardıcıllığının ən təhlükəli bəndi sayılır? Bu nə ilə bağlıdır?
"Donuz qrip"i nəfəs yollarının kəskin yolxucu xəstəliyidir. Onu ilk dəfə 1931-ci ildə Amerika alimi Riçard Şoup açıb. Törədicisi A qrupunda təsnifatlaşdırılır, bu isə o deməkdir ki, virus məhvedci pandemiyalara səbəb olan ştam növünə adiddir. Əgər adi qrip əsasən immuniteti zəif olan yaşlı adamları və uşaqları tutursa, "donuz qripi" əsasən yaşı 20-dən 50-yə kimi dəyişən gənc kişiləri seçir, uşaqların və qadınların da yoluxma halları mövcuddur.
Görəsən, donuzların özləri qripə necə tutulurlar? Donuzlar üçün virusun mənbəyi ağ ciyər soxulcanlarının sürfəsidir (elmi adı "orthomyxoviridae"dir). Bunlar kiçik parazit soxulcanlardır. Növbə ilə donuzlarda və yağış soxulcanlarında yaşayırlar. Donuzda olarkən bu soxulcanlar qrip virusu ilə yoluxurlar və bu virusu daşıyan yumurtalar qoyurlar. Sonra bu yumutalar torpağa düşür və yağış soxulcanlarına keçir. Torpaqda eşələnən donuzlar yağış soxulcanlarını yeyərək, "orthomyxoviridae"ni yenidən bədəninə götürür. Beləliklə, "donuz qripi"nin təbiətdə dövriliyi təmin edilir. Yiyəsinin orqanizmində, yəni donuzun ağ ciyərlərində məskunlaşmış virus uzun müddət özünü büruzə vermədən qala bilir. Onun canlanması üçün donuz ya güclü stress keçirməli, ya soyuqlamalı, ya da öz immunitetini zəiflətməlidir.
Hələ ki insanlarda "donuz qripi"nə qarşı immunitet yoxdur. Bu gizli və təhlükəli xəstəliyin törədicisinin genetik strukturu barədə etibarlı məlumatlar da yoxdur. Onun yayılma yolları da dəqiq bəlli deyil. Buna görə də A/H1N1 "donuz qripi" yayılmış ölkələrin profilaktika tədbiri kimi maska geyinməkdən, əllə görüşməyi, öpüşməyi və qucaqlaşmağı qadağan etməkdən başqa yolları qalmır.
Nəyi bilmək lazımdır?
Alimlər iddia edirlər ki, insanların çoxunun "donuz qripi" virusuna yoluxmaq riski çox aşağıdır. Ancaq özünü qorumaq lazımdır. Alimlər hələ bilmirlər ki, yoluxmuş insanla nə müddət ərzində təmasdan sonra ikinci adam yoluxa bilir. Ancaq qrip virusu əsasən açıq asqırıq və öskürək yolu ilə, yəni adi qirp kimi hava-damla vasitəsilə, ya da çirkli əllərlə buruna və ya ağıza toxunan zaman yayılır.
Qrip virusları təzəcə asqırmış adamın əlləri ilə toxunduğu səthlərdə, məsələn, qapı dəstəyində bir neçə saat ərzində yaşaya bilər. "Donuz qripi"nin simptomları adi qripə çox oxşardır - yüksək temperatura, öskürək, boğazda və başda ağrılar, halsızlıq müşahidə edilir. Bəzi xəstələrdə həm də ürək bulanması və qarın ağrısı da müşahidə edilir. Qriplə xəstələnmə əlamətləri müşahidə edilən insanlardan təmasdan uzaq durmaq, insanların çox toplaşdığı yerlərə getməmək lazımdır. Profilaktiki vasitə kimi əsassız şəkildə qripə qarşı dərmanlar içməyə dəyməz. Antivirus preparatların əsassız şəkildə içilməsi virusun onlara qarşı dayanıqlılığını artıra bilər. Daha çox təmiz havada olmaq, yeməkdə daha çox meyvə və tərəvəz istifadə etmək, idmanla məşğul olmaq, yaxşı yatmaq, şəxsi gigiyena qaydalarına riayət etmək tövsiyə edilir.
Hər şeydən öncə anlamaq lazımdır ki, heç kim dəqiq bilmir ki, neçə adam məhz bu virus ştamından ölür və nə qədər adam buna yoluxub. Yalnız şübhəli ölümlərin bir qismində "donuz qripi" diaqnozu təsdiq edilib, ölüm hallarının çoxu isə pnevmoniya səbəbindən baş verib. Bütövlükdə, il ərzində planetdə adi qrip üzündən 2 mln.-dan çox adam ölür. Ölüm halları birbaşa qriplə bağlı olmur, virus infeksiyasından sonra ciddi mürəkkəbləşmə üzündən baş verir. Əsasən, bunlar ağ ciyərlərin və ürəyin xəstələnməsi ilə bağlıdır.
Alimlər iddia edirlər ki, ilkin mərhələlərdə "donuz qripi"ni yeni tip dərman preparatlarının yardımı ilə müalicə etmək mümkündür. Donuz ətinin qidada istifadəsinin təhlükəsizliyinə gəldikdə isə, mütəxəssislər bildirirlər ki, "donuz qripi" termiki işlənmə yolu ilə hazırlanmış qidalar, yəni qızardılmış və ya bişirilmiş ətləri yemək yolu ilə keçmir. Amma çiy yoluxmuş ətin doğranması təhlükəli ola bilər. Amma indiyə kimi insanın "donuz qripi"nə bu yolla yoluxması halına rast gəliməyib.
Azərbaycana “donuz qripi” hələ gəlib çıxmayıb
"Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Dövlət Baytarlıq Xidməti (DBX) A/H1N1 virusunun bizim ölkəyə nüfuz etməsinin qarşısını almaq üçün lazım olan bütün tədbirləri görür", - deyə qurumun mətbuat xidmətinin başçısı Yolçu Xanvəli "Region plus"a bildirib. Belə ki, aprelin 27-dən Meksikadan və ABŞ-dan Azərbaycana baytarlıq nəzarəti altında olan, o cümlədən heyvani mənşəli ərzaqların gətirilməsi qadağan edilib. Keçən ay ərzində bu ölkələrdən bir dənə də ərzaq növü idxal edilməyib, yalnız Braziliya istisnadır, oradan bir neçə ay qabaq toyuq əti partiyası gətirilib.
Bununla yanaşı, hazırda DBX yerli donuzçuluq təsərrüfatlarında monitorinq aparır. "Heyvanların durumu təhlil edilir, temperaturları ölçülür və s. Bu təsərrüfatların işçiləri də tibbi müayinədən keçirilir", - deyə Y.Xanvəli bildirir. Eyni zamanda, o, istisna etmir ki, yaxın zamanlarda DBX Avropa ölkələrindən - Fransa, İspaniya, Çexiya və s.-dən ərzaq məhsulları gətirilməsinə də qadağa qoya bilər. Çünki artıq bu ölkələrdə də "donuz qripi"nin müşahidə edilməsi barədə məlumatlar var.
Heydər Əliyev adına beynəlxalq hava limanında da Meksika, ABŞ və Kanadadan gələn bütün aviareyslər gömrük və tibb xidmətləri tərəfindən ciddi nəzarətə götürülüb. Uçuş heyətinin təmsilçiləri təyyarənin göyərtəsindəki sərnişinlərin cüzi halsızlığı barədə yerüstü xidmətə xəbər verməlidirlər.
Daha bir versiya
İtaliyanın "Corriere della Sera" qəzetinin yazdığına görə, bir çoxları yeni xəstəliyin peyda olmasını gizli sövdələşmələrin nəticəsi sayır. Yəni vəziyyət gərginləşir və psixoz halları artır. "Inopressa" isə martın 18-də yayınlanmış bir əhvalatdan bəhs edir. Həmin əhvalata görə, guya Amerika hərbçiləri Alyaskada 1918-ci ildə "ispan qripi"ndən ölmüş adamın qəbrini qazıb çıxarıblar. Yeni virus almaq üçün qalıqlardan götürülmüş genom üzərində təcrübə aparırlar. İndi bu hadisəni tez-tez Meksikadakı yolıxucu tüğyanı ilə bağlayırlar.
İtaliya qəzeti yazır ki, indi bu fikir çoxsaylı internet-sayt ziyarətçilərinin ağlına hakim kəsilib. Çoxu bildirir ki, həyəcan siqnalı çox gec verilib. Bəziləri Merilend ştatındakı Fort-Detrik məntəqəsindəki əhvalatı xatırlardır. Orada Pentaqonla yaxın bağlı bir laboratoriyadan " at qripi" virusları olan üç kolba yoxa çıxıb. Hakim dairələr böyük ehtimalla həmin kolbaların məhv edildiyini bildirirlər. Amma rəsmi versiyaya heç də hamı inanmır və bu hadisəni indi baş verənlərlə əlaqələndirirlər.
MƏSLƏHƏT GÖR: