14 Mart 2025

Cümə, 20:48

DAR GÜNÜN YARAĞI

Qara gün üçün qiymətli metal almaq əlverişlidirmi?

Müəllif:

15.05.2009

Son illərdə Azərbaycan iqtisadiyyatında müşahidə edilən nəzərəçarpacaq artım bizdə yalnız varlı  və ya orta varlı təbəqənin deyil, həm də sadəcə, orta təbəqənin yaranmasına səbəb olub. Fərdi avtomobil, yaxşı mənzil şəraiti, xaricdə istirahət, bankda depozit hesabı kimi mötədil rifah atributları ilə artıq sıravi azərbaycanlını təəccübləndirmək mümkün deyil. Amma bir qayda olaraq, pulun bir qədər artıqlığı özü ilə onları necə əldə saxlamaq barədə başağrısı da gətirir. Ölkədə qiymətli kağızlar bazarının inkişaf etməməsi üzündən, Azərbaycanda onların vasitəsilə pulu yığmaq və artırmaq ənənəsi də yoxdur. Ən yaxşısı bank depozitləridir və şükür ki, son illərdə onlar etibar qazanmağa başlayıb. Bizdə pulu əmlaka, yeni avtomobillərə və təbii ki, qiymətli metallara yatırmaq doğru sayılır.

Sonuncu variant, yəni qiymətli metallar almaq qlobal böhran fonunda, hətta ən aktual üsula çevrilib. Çünki qiymətlərin titrəməsi heç də ümidverici deyil və heç kim inanmır ki, $100 minə aldığı mənzili bir ildən sonra baha yox, elə öz qiymətinə sata biləcək. Amma qızıl elə hər yerdə qızıldır. Özü də ki bizim ölkəmiz Şərq ölkəsidir və heç bir "avropalaşma" bizim qadınları, bəzən hətta bizim kişiləri də qızıl taxmaqdan çəkindirə bilməz. 

 

Qızıl cingiltisinin cazibəsi 

Qlobal maliyyə böhranı bir çox ölkələrdə qiymətli metallar bazarına marağı artırıb. Hələ bir il qabaq metal qiymətləri çoxillik maksimumlara çatdılar. Bu gün də ekspertlərin yaxın zamanlarda qızılın yeni qiymət rekordları müəyyən edəcəyini ehtimal etməyə haqqı var. Rusiya mütəxəssislərinin fikrincə, qızıl yalnız 1 Troya unsiyasına (31,1 q) görə  $1000-lıq psixoloji həddi keçməklə kifayətlənməyəcək, həm də bu həddən yuxarı səviyyədə möhkəmlənəcək. Onlar düşünürlər ki, metalın hasilatının azalması və dünyanın mərkəzi banklarının valyuta ehtiyatlarında qızılın payının artması bu metalın qiymətinin gələcəkdə yetərincə yüksək səviyyədə qərarlaşmasına səbəb olacaq. Qızılın qiymətinin artmasına həmçinin əlavə yüksək investisiya tələbatı da təsir göstərəcək. 

Burada dərhal bildirmək lazımdır ki, qızıla yatırılmış sərmayələr yalnız qızıl əşyaların yatırılması deyil. Xaricdə pulların qiymətli metallara yatırılmasının bir neçə üsulu var: sahibi göstərilməmiş metal hesabı (SGMH)  - (Rusiyada geniş yayılıb), külçələr və sikkələr. 

SGMH - bank əmanətinin analoqudur və hesaba metalın qramı üçün hesablanmış pullar əlavə edilir. Qızıla sahiblik isə hesabdan çıxarışla təsdiq edilir. Bu zaman SGMH yiyəsi heç bir əlavə xərc çəkmir, bankdakı hesab üzrə bütün əməliyyatlar bir qayda olaraq pulsuzdur. Azərbaycanda hələ ki bu cür bank hesabı yoxdur. 

Amma artıq qızıl külçələrin satışı tətbiq edilir. Bizim araşdırmamıza  görə, bu xidmətləri hələ ki yalnız iki yerli bank təklif edir. Onların birinin saytında dərc edilmiş məlumata görə, bank ən yüksək 999,9 əyarından olan 5, 10, 20, 50, 100 və 250 qramlıq qızıl külçələr təklif edir. Hər bir külçənin öz xüsusi sertifikatı var və orada külçə barədə məlumatlar qeyd edilib. Həmçinin bank əhaliyə qızıl külçələri illik 20%-lə 12 ay müddətinə kreditlə almağı da təklif edir. Çəkisi 20 qramdan 250 qrama kimi dəyişən külçələrin kreditə alınması üçün nə iş yerindən, nə də zamindən arayış almağa ehtiyac yoxdur. Sadəcə, külçənin dəyərinin 10%-ə bərabər olan ilkin ödənişi daxil etmək lazımdır və külçə kredit müddətində bankda qalır. 

Bankın təmsilçilərinin sözlərinə görə, "tarixən, o cümlədən son illərdə qızılın bahalaşmağa meyilli olduğu nəzərə alınarsa, qızıl külçə almağı səmərəli yatırım kimi dəyərləndirmək olar. Qızılı kreditə almaq da belə əlverişli ola bilər. Nəzərə alaq ki, son illərdə qızılın bahalaşması kreditlər üzrə faiz dərəcəsini üstələyib".

Ancaq bütün bunlara baxmayaraq, Azərbaycanda külçəyə tələbat yetərincə aşağıdır, çünki bu cür yatırımın xeyli əlverişsiz olan tərəfləri  var. Birincisi, külçə alıcıya metalın faktiki qiymətindən ən azı 18% baha başa gəlir, bu alış zamanı məhsulun üzərinə gələn əlavə dəyər vergisinin dərəcəsidir. Bundan başqa, külçənin qiymətinə onun kütləsi də təsir göstərir: kütlə balaca olduqca, hər bir qramın qiyməti artır, istehsalın əmək tutarlığı nəzərə alınır. Bundan başqa, istənilən ən önəmsiz təsir, məsələn cızıq və ya barmaq izləri meatılın qiymətinə təsir göstərə və hətta bankın onu geri götürməməsinə də səbəb ola bilər.

Bunu da qeyd etmək lazımdır ki, fərdi söhbətlərdə bəzi zərgərlər etiraf edirlər ki, külçələri yalnız banklarla deyil, başqa yollarla da almaq olar, özü də xeyli ucuz başa gəlir - bazarda qaçaqmal yolla gətirilmiş məhsullar da var. Ancaq gələcəkdə qanuni yolla satmağın mümkün olmayacağı bir varidata pul yatırmaq nə dərəcədə məntiqlidir? 

Qızıla yatırımların daha bir üsulu qızıl sikkələrin alınmasıdır. Xaricdə onları həm banklar, həm də vasitəçi kontorlar, o cümlədən elektron vasitəçilər də təklif edirlər. Azərbaycanda istənilən təcrübəli zərgər heç bir problem olmadan müştəriyə bu cür xidmətlər təklif edə bilər. Bunlar əsasən "Nikolay" sikkələridir, amma bir unsiyalıq "Buffalo", "American Eagle", "Krugerant", "Canadian Maple" və başqa "prestijli" xırdavatlardır. Normal dilerlər onları qızılın bazar qiymətindən $50-60 baha satırlar. Amma bizim banklarda belə sikkələr tapmaq mümkün deyil. 

 

Hər parıldayan qızıl deyil.

Qızıla yatırımlar barədə bütün yuxarıda təsvir edilən üsullar qiymətli metallardan düzəldilmiş məmulatların alınmasında köklü fərqlənir. "Midiya" mağazasının sahibi İlqar Dadaşov "Region plus"la söhbətində bildirib ki, qızılı qırıntı şəklində almaq istəyənlər qırıntı ilə məmulat arasında fərqi bilməlidirlər. Məmulatın qiyməti onda olan qramların qiyməti ilə eyni ola bilməz. Xüsusilə də əgər söhbət brend əşyalardan gedirsə. 

"Hə, bu gün bütün dünyada qızıla maraq artıb. Bu, onunla bağlıdır ki, dünyanın varlı adamları indi qızıl külçələr alırlar. Qızılın qiyməti düşmür, amma bundan fərqli olaraq, qızıldan düzəldilmiş məmulatları indi satmaq da mürəkkəbləşib. Məsələn, bir qram qızıl 875 unsiyadan ibarətdir, bunun qiyməti $28 dollardır. Əslində isə neftin, enerjidaşıyıcılarının, xalq istehlakı mallarının ümumi ucuzlaşması nəzərə alınarsa,  qızılın qramı 5 dollardan da ucuz olmalıdır", - deyə o vurğulayıb. 

Bununla yanaşı, Azərbaycanda qızılın və qızıl məmulatlarının populyar olmasına baxmayaraq, zərgərlərin "savadlı" müştəriləri elə də çox deyil...

"Standart alıcı bizə müraciət edərkən sual verir ki, əgər mən bu əşyanı bu qiymətə alaramsa, sonra həmin qiymətə sata bilərəmmi, zərərə düşmərəm ki? Alıcı daha çox bizdən 14 karata malik 585 əyar qızıl  əvəzinə,  18 karata malik 750 əyar qızıl soruşur. Elə olur ki, 585 əyar qızıldan düzəldilmiş əşya qramı eyni olan 750 əyar qızıldan düzəldilmiş əşyadan baha olur. Alıcı başa düşmür ki, niyə... Cavab sadədir - məsələ əşyanın gözəlliyindədir. Qızılın əyarı yüksək olduqca yumşaqlığı artır və onunla işləmək, parlaq xətlər yaratmaq çətinləşir, çünki qırılır. Ən gözəl əşyalar 585 əyardan düzəldilir, o, Avropada çox yayılıb. Bizim də mentalitetimizə görə yuxarı əyar istəyirlər...

Bəzən alıcılar genişləndirilmiş əşaylara üstünlük verirlər, qiyməti baha olmasa da, onların görkəmi tutumlu olur. Amma belə əşyalarla da gərək ehtiyatlı olasan, çünki qırıla bilər. Alıcılarda rastlaşdığımız daha bir savadsızlıq isə onların italyan və ya rus qızılını yaxşı saymaları ilə bağlıdır. Bu düzgün anlayış deyil. Qızılın əyarı önəmlidir, harda istehsal edilməsinə görə yaxşı və ya pis ola bilməz", - deyə İ.Dadaşov vurğulayır.

 "Shakh" zərgərlik evinin meneceri Pərviz Nuriyevin sözlərinə görə, qızıla pul yatırmaq həmişə yaxşı sayılıb. İ.Dadaşovdan fərqli olaraq, o bildirir ki, əvvəllər azərbaycanlılar çəkisi yüksək olan qızıl əşyalar almağa meyilli idilərsə, indi müəyyən təbəqə alıcılar var ki, onlar təmiz brilyantlı gözəl brend məmulatları almağa üstünlük verirlər. 

"Tarixən qızıl vəsaitlərin yatırılması üçün ən yaxşı vasitə sayılıb. Yaxşı məmulatları nəsildən-nəslə ötürmək olar, onlar həmişə qiymətli olacaqlar və öz aktuallıqlarını itirməyəcəklər", - deyə P.Nuriyev bildirib. Amma onun sözlərinə görə, belə əşyaları daşların təmizliyinə zəmanət verən xüsusi butiklərdən almaq lazımdır. 

Beləliklə, zərgərlər və ekspertlər qızıla və qızıl məmulatlara marağın artdığını qeyd edirlər. Amma bununla yanaşı, onlara sərmayə yatırarkən ehtiyatlı olmağı tövsiyə edirlər. Bu barədə Moskva Bankının valyuta əməliyyatları direksiyasının başçısı Vyaçeslav Vasilyevin sözləri yerinə düşür: "Bazar yetərincə gözlənilməzdir və risklərin diversifikasiyası üçün əmanətləri müxtəlif metallara yatırmaq lazımdır, amma onların içində ən sabiti kimi qızıla üstünlük vermək lazımdır. Ancaq istənilən halda əmanətlərin yalnız bir hissəsini qiymətli metallara yatırmaq məsləhətdir". Yəni qızılın parıltısı və cingiltisi nə qədər cazibədar olsa da, istənilən yatırımı bazarı və riskləri xüsusi diqqətlə öyrəndikdən sonra etmək lazımdır. 


MƏSLƏHƏT GÖR:

572