13 Mart 2025

Cümə axşamı, 03:33

PROQNOZLAR NİKBİN DEYİL

Dünya böhranını öncədən görən iqtisadçı hesab edir ki, o, bir neçə il davam edəcək

Müəllif:

15.05.2009

Dünya maliyyə böhranı təkcə sadə insanlar  deyil, həm də mütəxəssislər üçün  açıq səmada sanki şimşək kimi qəfil çaxmış oldu. Təsadüfi deyil ki, ABŞ-ın və aparıcı Avropa dövlətlərinin ipoteka bazarının və bank sisteminin çökməsi bəlli olandan sonra ilk suçlamalar məhz tanınmış reytinq agentliklərinin və beynəlxalq maliyyə institutlarının ünvanına yönəldildi. Axı onların biri və ya digəri periodik olaraq, dünya bazarındakı durum barədə qiymətləndirmələri dərc etdirərəkən, bir kəlmə də olsun gözlənilən fəlakət barədə bildirməmişdilər. 

Ancaq elə iqtisadçılar da var idi ki, böhranın qaçılmaz olması haqda öncəgörmələr verməyə risk etmişdilər. Belə iqtisadçılardan biri Rusiya iqtisadçısı Mixail Xazin olub. Hələ 2000-ci ildə o, xəbərdarlıq etmişdi ki, "Rusiya oliqarxlarının çoxu üç ildən sonra müflis olacaqlar", onda çoxları ona inanmamışdı. Ancaq unutmaq lazım deyildi ki, buna qədər hələ 1998-ci ildə Xazin öz ölkəsində defolt gözləndiyini bildirmişdi və bu bədbin proqnoz özünü doğrultmuşdu. Bu, Mixail Xazinin Rusiya Prezidentinin İqtisadiyyat İdarəsinin rəis müavini vəzifəsində son " səsli" proqnozu olmuşdu. 

Bu gün isə onun 2006-cı ildə etdiyi açıqlamalar, həmçinin 2007-ci ilin noyabrında dünya iqtisadiyyatının qaçılmaz iflası barədə etdiyi bəyanat çox dəbdədir. Bəyanat belə adlanırdı: "Dünya maliyyə sisteminin iflası: sayılı günlər qalıb".     

İndi onu "XXI yüzilliyin Kassandrası",  Rusiyanın ən tanınmış "həyəcan təbilçisi" adlandırırlar. İstənilən halda, onun öncəgörmələrinə daha ciddi yanaşırlar. O, bu fikirlərinin bir neçəsini "Region plus"la bölüşüb.  

- Hazırda bir sıra analitiklər, xüsusilə də qərblilər bildirirlər ki, böhran öz dibinə enib və indən belə ancaq iqtisadi durumun normallaşmasını gözləmək olar. Sizcə, tənəzzül əyrisi yüksəlişə doğru yönələcək? 

- Hələ heç bir əsas yoxdur ki, böhranın yaxın zamanlarda başa çatacağını bildirək. Bizim adətən təsdiq olunan nəzəriyyəmiz göstərir ki, ABŞ-da məcmu tələbat 2008-ci ilin əvvəlinə təsadüf edən maksimum səviyyəsinin 40 faizinə enməyənə qədər böhran bitməyəcək. Hələ ki tənəzzül 10 faizdən çox deyil, bu da böhranın ən azı 3-4 il davam edəcəyini ehtimal etməyə imkan verir. Sonra nə baş verəcəyini proqnozlaşdırmaq yetərincə mürəkkəbdir, çünki iqtisadiyyatın özünün modeli dəyişəcək, indiki işlək model çərçivəsində vəziyyətə qiymət vermək düzgün olmaz. 

- Bu gün bütün dünyada bir suala cavab axtarılır: pulu hara qoymaq olar ki, itməsin? Siz nə düşünürsünüz, hara qoymaq olar? 

- Bu, çağdaş iqtisadiyyatın başlıca sualıdır. Məsələ bundadır ki, şirkətlərin kapitallaşmasında tələbat çox-çox illər qabaq üçün nəzərə alınıb. Bu kapitallaşmaya uyğun olaraq kreditlər götürülüb. Tələbatın azalması il ərzində ən azı 3 trilyon dollar təşkil edir, bu da törədici aktivlərin qiymətinin uyğun ölçüdən düşməsi deməkdir. Böhrandan sonra onlardan hansına daha çox tələbat olacağını yalnız böhrandan sonrakı dünya iqtisadiyyatının qurulacağı yeni maliyyə-iqtisadi modelə sahib olduqdan sonra demək olar, belə model isə hələ yoxdur. 

- Rusiya və Çin yeni dünya valyutası tətbiq etməyi təklif edib, ABŞ, təbii ki, imtina edir. Sizcə, Amerika dollarına alternativ varmı və bu alternativ daha çox kimə lazımdır?

- Bu gün dollara alternativ məsələsinə baxılmır, belə bir valyuta haqqında söhbətlər gerçək layihədən daha çox siyasi təzyiq alətidir. Belə alternativ haqqında danışmaq yalnız vahid dollar fəzasının tənəzzülündən sonra mümkün olar, amma böyük ehtimalla böhranın inkişafı prosesindən sonra bu baş verəcək, ən dəqiqi də budur ki, bu, yaxın aylarda baş verməyəcək. 

- Rusiya MDB daxilində bir sıra hesablaşmaları üzv ölkələrin valyutaları ilə aparmağı təklif edir. Bu, nə qədər məqsədə uyğundur?

- Bu, tamamilə məqsədəuyğundur, amma şübhələr var ki, MDB daxilində olan Amerika yönümlü qüvvələr bu ssenarinin gerçəkləşdirilməsinə imkan verməyəcəklər. 

- Son aylarda neftin qiyməti hardasa 50 dollar/barrel ətrafında sabitləşib. İstehlakçı ölkələrdə böhran əleyhinə zərflərin gerçəkləşdirlməsi ilə qiymətlərin sonrakı artımını gözləmək olarmı? Bu il üçün qiymətlərin ən yüksək səviyyəsi hansı həddə gözlənilir?

- İstehlak aşağı düşdüyündən neftin qiyməti də düşməlidir. Onun artımı ya lokal spekulyativ proseslər çəçivəsində, ya da dollar inflyasiyası üzündən baş verə bilər. Birinci də, ikinci də mümkündür. Ancaq bütövlükdə, ilin başlanğıcına neftin qiyməti yavaş-yavaş 20-25 dollar/barrel səviyyəsinə enəcək.

-Güney Qafqaz ölkələrindəki iqtisadi duruma sizin qiymətinizi bilmək maraqlı olardı. Ermənistanda dram çökdü, Gürcüstanda siyasi böhran fonunda adama elə gəlir ki, iqtisadiyyatı ümumiyyətlə unudublar, Azərbaycan hələ ki dözür. Sonra nə olacaq? 

- Dünya böhranı şəraitində ölkə nə qədər balacadırsa, onun iqtisadiyyatında problemlər bir o qədər yüksəkdir. Bu, obyektiv qanundur, bununla heç nə etmək olmaz. Yeganə çıxış iri bazarlarda bu ölkələrdə istehsal edilməsi daha əlverişli olan nadir məhsulları satmaqdır. Güney Qafqaz ölkələri üçün Rusiya bazarları hər şeydən öncədir. Bu regionların iqtisadiyyatları üçün MDB çərçivəsində inteqrasiya prosedurlarından başqa mən ciddi şans görmürəm. 

- Qlobal böhran insanları dünya iqtisadiyyatının növbəti modelinin necə olacağı barədə düşünməyə vadar etdi. Banklar müflis olur, zavod və fabriklər bağlanır, dövlət iri şirkətlərə yardım üçün onların səhmlərini alır. Doğrudanmı milliləşdirmə baş verəcək? Siz növbəti modeli necə görürsünüz?

- Mən düşünürəm ki, onda sosialist meyilləri yüksək olacaq, ancaq dəqiq nəsə demək yetərincə mürəkkəbdir və buna hələ ki  heç kimin cavabı yoxdur. Ümumiyyətlə, biz "Neokon" şirkətində fəal olaraq bu məsələlərlə məşğul oluruq və cari iqtisadi proseslərin məğzini anlamaq baxımından ciddi rəqabət üstünlüyünə malikik ki, bu da çağdaş həyatda elə də tez-tez rast gəlinmir. 


MƏSLƏHƏT GÖR:

541