15 Mart 2025

Şənbə, 03:53

"PİS GÖZLƏNTİLƏR İÇİNDƏ YAXŞIYA ÜMİDLƏ"

Etiraz aksiyalarının baş alıb getdiyi Gürcüstan paytaxtından “R+un” xüsusi reportajı

Müəllif:

15.05.2009

9 May. Tbilisi. İkinci Dünya müharibəsindəki qələbə heç kəsin yadına düşmür, çünki çoxlarının fikrincə, bayram etməli bir şey yoxdur. Şəhər öz həyatındadır. Baxmayaraq ki Gürcüstan paytaxtının mərkəzi magistralı olan Şota Rustaveli prospektində də, Azadlıq meydanında da addımbaşı isprovizasiya olunmuş həbsxana kameraları ilə rastlaşmaq olar - bu kameralar Gürcüstanın polis dövlətinə çevrilməsini nümayiş etdirən simvollardır. Gecə-gündüz burada toplaşan mitinqçilərin hesablamalarına görə, bu cür kameraların sayı 400-ü ötüb. Onların hər birində iki və ya dörd çarpayı qoyulub. "Mişo (Mixail Saakaşvili - red.) istefaya getməyincə, biz buranı tərk etməyəcəyik",- deyə aksiya iştirakçıları bildirirlər. 

Hər gün saat 17:00-da buraya axışan müxalifətçilərin başqa tələbi yoxdur. Müxalifətin liderləri - " Vahid Gürcüstan Demokratik Hərəkatı"nın lideri, eks-spiker Nino Burcanadze, "Gürcüstan üçün Alyans"ın lideri İrakli Alasaniya, "Gürcüstan yolu" partiyasının sədri Salome Zurabişvili, "Milli Forumun" liderləri Kaxa Şartava, Levan Qaçeçiladze və digərləri də hər gün növbə ilə bu aksiyalara qatılırlar. 

Hər şey isə, məlum olduğu kimi, aprelin 9-da başlayıb. Həmin gün elan olunan vətəndaş itaətsizliyi aksiyasının təşkilatçıları bütün şəhəri iflic vəziyyətinə salmağı düşünürdülər. Dövlət Kanselyariyası və ölkə parlamentinin binaları çadır "qəfəs"lərlə əhatə olunmuşdu. Qeyd edək ki, piketçilərin özlərinin "həbsxana kameraları gettosu" adlandırdıqları bu qəfəslərin qurulması ideyası Levan Qaçeçiladzenin qardaşı Georgi Qaçeçiladzeyə məxsusdur. Bu cür "qəfəs"dən yerli telekanalların birində "5 nömrəli həbsxana kamerası" adlı siyasi realiti-şou aparan Georgi söz verib ki, M.Saakaşvili hakimiyyətdən getməyənə qədər "qəfəs"i tərk etməyəcək.

Daha sonra - mayın 5-də Gürcüstanda dövlət çevrilişinə cəhdin qarşısı alındı. Hərçənd, mitinqçilər belə bir cəhdin, həqiqətən də, baş verdiyinə inanmırlar. Onların fikrincə, bu hadisə hakimiyyət tərəfindən təşkil olunmuş saxtakarlıqdan başqa bir şey deyil. Məqsəd isə Tbilisiyə tanklar yeritmək, daxili işlər nazirini, şəhər merini qətlə yetirmək, hakimiyyəti qəsb etmək və Gürcüstanı zorla Rusiya-Belorus İttifaqına birləşdirmək istəyən bir qrup keçmiş hərbçilərlə müxalifət arasında "əlaqə" olduğunu nümayiş etdirməkdir.

Mitinqçilər onların Rusiyanın xüsusi xidmət orqanları ilə əlaqələrinə dair hakimiyyətin bütün atmaca və eyhamlarını rədd edirlər. "Rusiya bizi idarə edə bilməz, Rusiya bizim ərazilərimizi zəbt edib",- deyə onlar bildirirlər.

Mayın 6-dan 7-nə keçən gecə isə DİN-in binası qarşısında Gürcüstan polisi mitinqçiləri rezin güllələrdən atəşə tutub. Qeyd edək ki, müxalifətçilərin bu bina qarşısında peyda olması onların bir neçə gün əvvəl həbs olunmuş silahdaşlarını azad etmək istəyi ilə bağlı idi. Amma nazirliyin hasarını uçurmağa cəhd göstərən mitinqçiləri burada xüsusitəyinatlı dəstə qarşılayıb. Polislə toqquşma zamanı Georgi Qaçeçiladze də xəsarət alıb. Nino Burcanadze isə xüsusitəyinatlıların əsas hədəfinin məhz özünün olduğunu iddia edir. 

Amma Gürcüstan DİN-in yaydığı rəsmi açıqlamada bildirilir ki, toqquşma zamanı polisin qadağan olunmuş vasitələr, o cümlədən rezin güllələrdən istifadə etməsi, həmçinin müxalifət liderlərini atəşə tutması haqda səslənən iddialar təxribatdır. 

İstənilən halda, "R+"un müxbiri ilə söhbətində parlamentin binasını mühasirədə saxlayan aksiyaçılardan biri - Dato Kaxiladze fəxrlə deyir ki, "bu kameralar, bizim buranı tərk etməyəcəyimizi göstərən simvoldur". 27 yaşlı Dato üçün Ş.Rustaveli prospekti, az qala, ikinci evə çevrilib, çünki günün ikinci yarısından sonra o vaxtını məhz burada keçirir. İki uşağı var, özü də işsizdir. Saakaşvili ilə Gürcüstanın gələcəyinə inanmır, çunki "hər şeyin günahı Mişodadır, o, dinc insanları öldürən quldurdur".

Dato əmindir ki, hazırda ölkə əhalisinin böyük əksəriyyəti bu fikirdədir. "Bizi "bir dəstə müxalifətçi" adlandırırlar, amma bu, belə deyil. Özünüz fikirləşin: əgər bu, həqiqət olsaydı, onda biz hər gün öz "qəfəs"lərimizə toplaşıb, ölkəyə yoxsulluq və müharibə gətirmiş prezidentin istefasını tələb edə bilməzdik. Burada hər gün on minlərlə insan toplaşır". 

- Bəs sonra nə edəcəksiniz? Sizin prezident Saakaşviliyə alternativiniz varmı?

- Biz prezident istəmirik. Xalq kimi seçəcəksə, ölkəni da oidarə edəcək. Bunu xalqın özü müəyyənləşdirəcək. Odur ki, indidən bunu heç kəs bilmir və bizim üçün bu, problem deyil. Biz bilirik ki, Saakaşvili indiyədək heç bir xeyirxah iş görməyib.

- O, nə pis iş görüb ki? 

- Müharibəyə başlayıb. Niyə belə etdi? Vəziyyət daha da pisləşdi. İnsanlar iş yerlərini itirirlər, qiymətlər qalxır, zavodlar işləmir, Saakaşvilinin təxribatçı müharibəsi nəticəsində biz heç nə qazanmadıq, əksinə, yalnız itirdik. Onun bandası günahsız insanları öldürür, heç bir təhqiqat da aparılmır. Biz öz torpaqlarımızı itirdik. Bundan pis nə ola bilər ki?! 

Bizi mühasirəyə alan digər mitinqçilər də Dato ilə razılaşırlar. Onların üzlərində hər an polislə baş verə biləcək toqquşmalarla bağlı həyəcan hiss olunur. Amma hamı inanır ki, "tezliklə gürcülərin hamısı birləşəcək. Çünki hamı Saakaşvilinin və onun bandasının istefasını istəyir".

Digər mitinqçi Liko Barkladze iddia edir ki, gürcü polisi aksiya iştirakçılarına qarşı "partizan müharibəsi" aparır: "Bu meydanda sayımız çox olanda, polis bizə mane olmur. Amma gecələr  - bir çoxları evlərinə gedəndən sonra polis ayrı-ayrı dəstələrə hücum edir və bizi döyür. Onlar xalqı təxribata çəkmək istəyirlər, necə ki o gün DİN-in binası qarşısında buna nail oldular". 

Parlamentin binası yaxınlığında mitinqçilər cavanların şəkillərini asıblar. Müxalifətçilər iddia edirlər ki, bunlar "Saakaşvilinin quldurları"nın "şıltaqlığı" nəticəsində öldürülmüş gürcülərin şəkilləridir. Mitinqçilər danışırlar ki, bu gənclərdən biri daxili işlər nazirinin həyat yoldaşının göstərişi ilə qətlə yetirilib, çünki nədənsə, onun xətrinə dəyib. "Bu faktlar üzrə heç bir təhqiqat aparılmayıb. Bu gənci qətlə yetirmiş polis əməkdaşları isə sonradan əfv olunublar. Bu, nə deməkdir? Belə çıxır ki, Saakaşvili və onun ətrafı heç bir qanun tanımır? Bax, biz  məhz buna qarşı mübarizə aparırıq. Qanun hamı üçün qanun olmalıdır",- deyə Avqust müharibəsi zamanı oğlunu itirmiş 55 yaşlı Liko Barkladze bildirir. O, əlavə edir ki, "biz geri çəkilməyəcəyik, sona qədər burada qalacağıq". 

Şota Rustaveli prospekti və ümumiyyətlə, bütün Tbilisi zibilin içində itib-batır. Ölkə parlamenti artıq 15 gündən çoxdur işləmir, büronun iclasları isə məxfi şəkildə keçirilir. 

Prezident Administrasiyası da işləmir. Mitinqçilərin sözlərinə görə, Dövlət Kanselyariyası da iflic vəziyyətindədir.

Amma Tbilisi ictimaiyyətinin heç də hamısı bu aksiyaları dəstəkləmir. "Görün, şəhər nə günə düşüb",- deyə bizim bələdçimiz, olduqca savadlı insan təsiri bağışlayan Teona Qvişiani deyir. 

Teona bildirir ki, şəhər iflic vəziyyətindədir. "Ötən il çox şey dəyişməyə başlamışdı. Dövlət Tbilisinin inkişafı proqramını qəbul etdi, Tbilisi başdan-ayağa təmizləndi, arxitektura binaları və köhnə Tbilisi restavrasiya olundu, Gürcüstan paytaxtına turistlər axışmağa başladı. Amma Avqust hadisələrindən sonra hər şey alt-üst oldu, inkişaf proqramları isə maliyyə çatışmazlığı üzündən donduruldu. Aprel ayında mitinqçilərin mərkəzi küçələri bağlamasından sonra vəziyyət daha da pisləşdi,- deyə bələdçimiz danışır. 

Teona gürcü ziyalılarının o təbəqəsinə aiddir ki, onlar doğma Tbilisidə baş verənləri böyük ürək ağrısı ilə qarşılayır. "Bu gün Şota Rustaveli meydanında baş verənlər Konstitusiyaya ziddir. Oraya toplaşan insanların başqa işi-gücü yoxdur. Tbilisi yenidən 90-cı illərdəki vəziyyətə qayıdır və bu, məni çox qorxudur. Cəbhənin 40 kilometrliyində yerləşən şəhərdə belə aksiyaların keçirilməsi cinayətdir. Bəli, mən istisna etmirəm ki, Mixail Saakaşvili istefaya getməlidir. Amma bütün addımlar tam legitim olmalıdır. Sağlam düşüncəli insanlar yenidən 90-cı illərə qayıtmaq istəmirlər, daim mitinqlər haqda düşünmək doğru deyil. Biz isə son 6 ildə yalnız mitinqlərin şahidi oluruq. Tam səmimi deyirəm: Gürcüstanda vəziyyət müxalifətçilərin təqdim etdiyi kimi kədərli deyil. Gürcüstanda korrupsiya yoxdur, məhkəmələr isə ədalətlidirlər. Məgər bu, azdır? Təkcə elə buna görə, Mixail Saakaşvilini prezidentlik müddətinin sonunadək vəzifəsində saxlamaq lazımdır",- deyə Qvişiani hesab edir.

Teonanın sözlərinə görə, o, mütəmadi olaraq Tbilisinin Azərbaycan və erməni diasporları ilə görüşür. Və siyasi simpatiya baxımından, azərbaycanlılar neytral mövqe tutduğu halda, ermənilər müxalifəti dəstəkləyirlər. 

- Avqust hadisələrindən sonra Gürcüstanda ruslara yanaşmada hansısa nifrət hiss olunurmu?

- Yox. Tam əminliklə deyə bilərəm ki, heç bir nifrət yoxdur. Gürcü cəmiyyəti həmişə tolerantlığı ilə seçilib, burada müxtəlif konfessiyalar olub. Ruslarla bizi böyük tarix birləşdirir. Mən deyərdim ki,  siz sualı düzgün qoymadınız - ruslarla yox, Rusiya ilə bağlı yanaşmada nifrət hiss olunur. Gürcüstan Rusiyanın hazırkı xarici siyasi metodlarını qəbul etmir. Gürcüstanda müharibə gedir və bu müharibəni gürcülər Rusiya dövləti ilə aparırlar. Ona görə də belə bir vəziyyətdə paytaxtda bu cür aksiyaların keçirilməsini millətimizə qarşı cinayət hesab edirəm. Üstəlik, onu da nəzərə alın ki, bu gün Gürcüstan müxalifətinin ölkənin inkişafına dair dəqiq planı yoxdur.                                                                                            

Amma təbii ki, müxalifətin bütün bu iddialara yanaşması tam fərqlidir. Onlar etiraz aksiyalarının paytaxtda yaratdığı antisanitariyanı Tbilisi meriyasının siyasi struktura çevrilməsi ilə izah edirlər. Buna sübut kimi, aksiyaların keçirildiyi yerlər və ətraf ərazilərdən zibilin təmizlənməməsi göstərilir. Məqsəd isə aydındır: antisanitariyadan narazı qalan əhalinin aksiya iştirakçılarına qarşı çıxması üçün zəmin yaradılır.

10 may, saat 17:00. Müxalifətin informasiya aksiyası davam edir. Nəyə görə "informasiya aksiyası"?  Çünki hər gün Şota Rustaveli prospektinə gələn müxalifət liderləri aksiya iştirakçılarına növbəti addımlar haqda məlumat verir. Həmin gün müxalifətin liderlərindən olan Kaxa Kukava mitinqçilərə müraciət edərək bildirdi ki, müxalifət öz aksiyalarını mayın 26-da - Gürcüstanın Müstəqillik Günündə də davam etdirmək niyyətindədir. Baxmayaraq ki, həmin gün Gürcüstan rəhbərliyi bu meydanda hərbi parad keçirməyə hazırlaşır: "Saakaşvili hakimiyyətdən getməyənə qədər Rustaveli prospektində aksiya davam edəcək. Əgər o, mayın 26-na qədər vəzifəsini tərk etməsə, biz Müstəqillik Gününü də parlamentin qarşısında qeyd edəcəyik". 

Mayın 11-də isə DİN-in binasında Mixail Saakaşvili ilə radikal müxalifətin liderləri arasında görüş baş tutub. Dövlət başçısı bu görüşü "dialoqun başlanğıcı" adlandıraraq bildirib ki, "ölkənin demokratiya kursu institusional qərarlara əsaslanır".

Amma müxalifətçilər prezidentlə danışıqların nəticəsiz qaldığını bildirərək, bir daha bəyan ediblər ki, Saakaşvilinin istefasına qədər aksiyalar dayandırılmayacaq. 

Bu gün Gürcüstan ictimaiyyətinin əksər hissəsi belə düşünür ki, ölkə hakimiyyəti Müstəqillik Günü hərbi parad keçirmək planından imtina etməlidir. Bir çox ictimai xadimlər bu paradın keçirilməsinə sərf olunacaq vəsaitin avqustda həlak olmuş gürcü əsgərlərinin ailələrinə verilməsini təklif edirlər. "Faciəli müharibənin başa çatmasından heç bir il keçməyib. İndi bayram vaxtı deyil. Ölkə ərazisi işğal altındadır, üstəlik, hazırkı ağır iqtisadi və sosial vəziyyət şəraitində hərbi paradın keçirilməsinə ehtiyac yoxdur",- deyə Teona Qvişiani qeyd edir.

10 may. Köhnə Tbilisidə yerləşən "Ambassador" otelində "R+"un müxbiri təsadüfən parlament müxalifətinin nümayəndələrinin ABŞ-ın Gürcüstandakı səfirliyinin əməkdaşları ilə görüşünün şahidi olub.  Bağlı qapılar arxasında keçirilən bu görüşə gürcüstanlı jurnalistlərin dəvət edilməməsi göstərir ki, müzakirə olunan məsələlər haqda ictimaiyyətə məlumat verilməyəcək. Yalnız sonradan məlum oldu ki, amerikalı diplomatlarla görüşdə Gürcüstan parlamentinin sədri David Bakradze və Gürcüstanın Antiböhran Şurasının rəhbəri Giya Tortladze iştirak ediblər.

Baya Romelaşvili  Gürcüstanın Ombudsman Aparatının monitorinq və təhqiqat departamentinin rəisidir. Gürcüstanda baş verən hadisələrə Ombudsman Aparatının nümayəndəsi kimi şərh vermək istəmir, çünki onun şəxsi mövqeyi ombudsmanın mövqeyi ilə üst-üstə düşməyə də bilər. "Gürcüstan Respublikaçılar Partiyasının üzvü kimi yalnız bir söz deyə bilərəm: "Mişa, istefa!". Təkcə mayın 7-də DİN-in binası qarşısında törətdiyi hadisəyə görə, onu istefaya göndərmək lazımdır",-deyə Ro-melaşvili vurğulayır. 

- Bəs 5 il əvvəl siz Saakaşviliyə səs verməmişdiniz?

- Vermişdim. Amma bu 5 il ərzində o, bir çox səhvlərə yol verdi. Və bu gün ölkənin üzləşdiyi siyasi və iqtisadi böhran da həmin səhvlərin nəticəsidir. Biz azad xalqıq və bizi qane etməyən prezidentin istefasını tələb etmək haqqımız var. Biz qanunsuzluq və özbaşınalıq mühiti yaratmış insanın ölkəyə başçılıq etməsini istəmirik. Qanun hamı üçün olmalıdır. Bəli, biz Şevardnadzeyə qarşı idik, çünki onun vaxtında ölkədə korrupsiya tüğyan edirdi. Amma indi də biz Saakaşviliyə qarşıyıq, çünki ölkədə klan özbaşınalığı hökm sürür. Gürcü xalqı düşünməzdi ki, Saakaşvili prezident seçiləndən sonra konstitusiya islahatı apararaq, öz səlahiyyətlərini artıracaq. 

B.Romelaşvilinin sözlərinə görə, hazırda ölkə müxalifəti vahid ideyanın - prezidentlik institutunun ləğv olunması və parlament respublikasının elan edilməsi ideyası ətrafında birləşib. "Bizə şah lazım deyil. Bu gün Saakaşvilinin timsalında gördüyümüz kimi, hakimiyyət istər-istəməz insanı korlayır" - deyə Romelaşvili vurğulayır.

Spiker David Bakradzenin amerikalı diplomatlarla görüşünə gəlincə, B.Romelaşvili bunları söylədi: "Bakradze və Tortladze kimi "cib müxalifətçiləri"nin məxfi şəkildə amerikalı diplomatlarla görüşməsində təəccüblü heç nə yoxdur. ABŞ diplomatlarının keçirdiyi belə görüşlər gözə kül üfurməkdən başqa bir şey deyil. Yəni nümayiş etdirmək istəyirlər ki, guya siyasi proseslərdə aktiv iştirak edirlər. Bu gün parlament müxalifəti dedikdə, 2007-ci ilin noyabr hadisələrindən sonra parlamentdə oturanlar nəzərdə tutulur. Halbuki, prezidentin istefasını tələb edən radikal müxalifətin təmsilçiləri etiraz olaraq parlamentə getməkdən imtina ediblər. Odur ki, Bakradze ilə Tortladzenin ABŞ səfirliyinin nümayəndələri ilə görüşü hakimiyyətin növbəti hiyləsidir".

Qeyd edək ki, "Ambassador" otelini Tbilisinin həm siyasi, həm də "qlamur" həyatının əsas mərkəzi adlandırmaq olar. Burada eyni vaxtda həm mötədil, həm də radikal müxalifətin liderlərini, həm gürcü modellərinin fotosessiyasını, həm Gürcüstandakı təlimlərdə iştirak edən NATO əsgərlərini, həm də keçmiş nazirləri görmək olar.

"R+"in müxbirinin Gürcüstan parlamentinin vitse-spikeri Rusudan Kervalişvili ilə görüşü də məhz bu oteldə baş tutdu. Onun sözlərinə görə, aprel böhranının ilk günlərindən M.Saakaşvili radikal müxalifətlə dialoqa hazır olduğunu bəyan etmişdi.                  

"Bu gün Gürcüstanda çox xoşagəlməz hadisələr baş verir. Məncə, bu, klassik siyasi böhran deyil. Bu, çoxtərəfli böhrandır və onun inkişafına Gürcüstanla münasibətləri gərgin olan ölkələr birbaşa təsir göstərir.  Hazırda iki problem birləşdirilir. Bir tərəfdən, Gürcüstanın ərazi çətinlikləri və ölkənin hərbi şəraitdə olması, digər tərəfdənsə, onsuz da ağır olan vəziyyəti daha da gərginləşdirən müxalifət. Amma bu heç də o demək deyil ki, gürcü müxalifəti xaricdən idarə olunur. Gürcü müxalifətinin öz mövqeyi var. Yaranmış vəziyyətdən çox ehtiyatla çıxmaq lazımdır, çünki ümumilikdə regionun sabitliyi Gürcüstandakı siyasi sabitlikdən asılıdır. Yeganə çıxış yolu dialoqdur, bunun alternativi yoxdur. Hər bir problemdən çıxış yolu var, sadəcə, vaxt lazımdır. Və son məqsədə - vahid Gürcüstana və iqtisadi inkişafa nail olmaq istəyiriksə, səbrli olmaq və bir-birinə güzəştə getməyi bacarmaq lazımdır.  Hərbi münaqişəyə gəlincə, əslində, münaqişə yoxdur. Çünki osetinlərin cəmi 11 faizi Cənubi Osetiyada yaşayarlar, digərləri isə Gürcüstandadırlar. Və həm onlara, həm də bütün gürcülərə sakitlik lazımdır",- deyə Kervalişvili bildirir.

- Ölkədəki siyasi vəziyyətlə bağlı parlamentdə hər hansı qanunvericilik təşəbbüsləri gözlənilirmi? 

- Bəli, belə təşəbbüslər olacaq. Ən əsası - parlamentin səlahiyyətlərinn maksimum genişləndirilməsidir.  Bundan başqa, prezidentin səlahiyyətlərinin azaldılması, məhkəmə hakimiyyətində islahatların aparılması  - Saakaşvilinin hakimiyyəti dövründə bu istiqamətdə ciddi uğurlar var -  məsələlərinə də baxıla bilər. Amma islahatlar həmişə ağrılı olur. Odur ki, bizim əsas islahatımız dialoq olmalıdır. Və bu məsələdə parlament də öz sözünü deməlidir.

- Əgər müxalifət bundan sonra da Mixail Saakaşvilinin istefası tələbindən əl çəkməsə, parlament hansı addımları atacaq?

 - Müxalifət xalqın yalnız bir hissəsini təmsil edir. Bu isə bütün Gürcüstan demək deyil. Dövlət qarşısında bu cür ultimatumlar qoymazlar. Biz indi müharibə şəraitindəyik, Tbilisidən 40 kilometr aralıda tanklar dayanıb. Belə bir vəziyyətdə ölkə rəhbərliyini dəyişməzlər.

- Sizcə, Gürcüstan demokratik ölkədirmi? 

- Bəli, çox demokratikdir. Ayrı-ayrı qeyri-demokratik hərəkətlərə istənilən ölkədə rast gəlinir. Amma bu cür hərəkətlərin heç biri diqqətdən kənar qalmamalıdır. Ümumilikdə, hesab edirəm ki, ölkədə hər şey olduqca şəffafdır. Ölkədə baş verən hər bir hadisə haqda - hətta gürcülər bundan xəbərsiz olsa belə - dərhal başqa ölkələrə, xarici nümayəndəliklərə, beynəlxaq təşkilatlara məlumat verilir. Hər şey açıq və şəffaf olanda, səhvlər də az olur.

- Bəs hazırda Gürcüstanın iqtisadi vəziyyətini necə qiymətləndirərdiniz? 

- Etiraz aksiyaları yalnız siyasətdə yox, iqtisadiyyatda da gərginlik yaradır. İqtisadi vəziyyət tədricən gərginləşir, hərçənd, ilk baxışdan, bunu sezmək olmur. Amma sərmayələr azalır, turizm mövsümü pozulacaq, büdcə yerinə yetirilmir və s. Sərmayədarlar hadisələrin inkişafını gözləyirlər və tələsmirlər. Ən pisi odur ki, əhali arasında iqtisadi perspektivsizlik əhval-ruhiyyəsi hiss olunur. Piketlər artıq istehlakçı mallara tələbatı artırıb. Tbilisidə ilkin zərurət olan məhsullara tələbat artıb. Etiraz aksiyalarının inflyasiyanın səviyyəsinə də təsir edəcəyi gözlənilir, bu səviyyə artacaq. 

İş adamlarının özlərinin hadisələrə münasibəti isə müxtəlifdir. Çünki bu cür hadisələr onlar üçün yeni deyil. Məsələn, "R+"un müxbiri ilə söhbətində tikinti biznesi sahəsində çalışan iş adamı Abeli Dadiani qeyd edib ki, etiraz aksiyalarının ölkə iqtisadiyyatına güclü təsir göstərəcəyini düşünmür. "Bu hadisələr ölkənin iqtisadi inkişafına neqativ yox, əksinə, pozitiv təsir göstərə bilər. Çünki bu aksiyalar bir daha nümayiş etdirdi ki, ölkədə, həqiqətən də, demokratiya var. Biznesin inkişafı baxımından isə, demokratiyanın mövcudluğu çox vacibdir. Digər tərəfdən, gürcü biznesi son vaxtlar tez-tez bu cür "imtahan" verməli olur. Və biznesdə müəyyən "immunitet" yaranıb",- deyə biznesmen vurğulayır.

Amma bununla belə, o, etiraf edir ki, Gürcüstanda hər hansı qlobal istehsaldan danışmaq hələ ki tezdir.

 Beləliklə, bu gün qeyri-sabit iqtisadi vəziyyət və müharibə şəraitində yaşayan (yeri gəlmişkən, gürcülər müharibənin gec-tez bərpa olunacağına şübhə etmirlər) Gürcüstandakı siyasi böhranın nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq çox çətindir. Amma tbilisililər ümidlərini itirmirlər və hələ də inanırlar ki, nə vaxtsa onların ölkəsində də sülh və sabitlik bərqərar olacaq. Axı gürcü məclislərində ilk badə mütləq "Allah və Vətən naminə" qaldırılır. 

Tbilisidə keçirdiyimiz iki gün, bax, belə keçdi - "pis gözləntilər içində yaxşyıa ümidlə". 



MƏSLƏHƏT GÖR:

439