14 Mart 2025

Cümə, 20:48

Şübhələr arxada qaldı

Müəllif:

15.05.2009

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri Ankaranın bir neçə aydan bəri  Ermənistanla münasibətləri qaydaya salmaq istəyində səmimi olub-olmaması haqda Azərbaycan ictimaiyyətindəki şübhələri aradan qaldırdı. Artıq əminliklə söyləmək olar ki, həm kənarda, həm də Türkiyə və Azərbaycanın daxilindəki müəyyən qüvvələrin çox ümid etdiyi sensasiya - iki qardaş ölkə arasına nifaq  salınması baş tutmadı.

"Mən Azərbaycanla Türkiyə arasındakı münasibətləri korlamaq istəyən qüvvələrə xəbərdarlıq edirəm: qoy boş yerə özlərini yormasınlar, onsuz da heç nə alınmayacaq", - deyə Ərdoğan Bakıya səfəri ərəfəsində bildirmişdi. Səfər zamanı isə o, bu məsələdəki bütün şübhələri aradan qaldıra bildi.

Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə və Milli Məclisdəki çıxışında Türkiyə hökumətinin başçısı bir neçə dəfə qəti şəkildə bəyan etdi ki, Azərbaycan ərazilərinin işğalına son qoyulmadan Türkiyə ilə Ermənistan arasında sərhədlər açılmayacaq: "Türkiyə həmişə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüquq normalarına əsasən həllinin tərəfdarı olub və bu, indi də belədir". 

Ermənistan-Türkiyə danışıqlarının davam etdirilməsi ilə bağlı da məlumat verən baş nazir əmin etdi ki, müzakirələr zamanı Ankara "Azərbaycanın həmin torpaqlarında sülhün bərqərar olmasına, bütün qaçqınların öz torpaqlarına qaytarılmasına" çalışır.

Ərdoğanın əminliklə söylədiyi fikirlər Azərbaycan prezidentinə sərhədlərin açılması ilə bağlı ölkədə yaranmış narazılığın aradan qalxdığını söyləməsinə  imkan verdi: "Mənim qardaşım Ərdoğan bütün suallara cavab verdi və hesab edirəm ki, spekulyasiyalara yer qalmadı".

Bununla da Azərbaycanla Türkiyə arasında "sərhəd" məsələsi ilə bağlı yaranmış problemlərin geridə qaldığını söyləmək olar. Bundan başqa, son hadisələr göstərdi ki, iki ölkə münasibətlərinin əsaslandığı məşhur "bir millət - iki dövlət" postulatına birtərəfli yanaşma mümkün deyil. Bu postulatın əsas məğzi yalnız iki xalq tezisinə yox, həm də iki dövlət tezisinə əsaslanır ki, bu zaman da, təbii ki, hər bir dövlətin öz maraqlarının olduğu, onların bəzən üst-üstə düşmədiyi aydındır. 

Məsələn, şübhəsiz ki, regional problemlərə yanaşmada Bakı ilə Ankaranın maraqları heç də tam üst-üstə düşməyə bilər. Ən azı ona görə ki, Azərbaycan Güney Qafqazın lideridirsə, Türkiyə birdən-birə bir neçə regiona liderlik etmək istəyindədir - Qara dəniz-Xəzər, Yaxın Şərq. Ankaranın Avropanın cənub-şərq hissəsində, Avropa-Asiya kəsişməsində və islam dünyasındakı geosiyasi rolu və iddiaları da məlumdur. Rəsmi Ankara Ermənistanla dialoqu da özünün fövqəldövlət maraqları ilə izah edir və Azərbaycanın bundan narazılığı tam başa düşüləndir.

Və ya enerji təhlükəsizliyi sahəsindəki vəziyyəti götürək. Ərdoğanın səfəri təsdiqlədi ki, Bakı ilə Ankara arasında Azərbaycanın Türkiyəyə nəql etdiyi qazın qiyməti ilə əlaqədar ziddiyyət qalmaqdadır. İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında Rəcəb Tayyib Ərdoğan Türkiyənin nədən Azərbaycan qazının Avropaya nəqlinə müqavimət göstərməsinə yenə də tam aydınlıq gətirmədi. Halbuki, o, bu qaza görə Rusiya "mavi yanacağ"ına istehlakçıların ödədiyi məbləğdən təxminən 4 dəfə az pul ödəyir. Ərdoğan yalnız məsələnin Azərbaycan prezidenti ilə müzakirə olunduğunu söyləməklə kifayətləndi. İ.Əliyev isə öz növbəsində bildirdi ki, "razılaşdırılmış sənəd qiymətlərə neft qiymətləri ilə əlaqədar yenidən baxılmasını diktə edir".

Amma müxtəlif hadisələrə bir qədər fərqli yanaşmalar işçi qaydada aradan qalxan məsələlərdir. Bakı və Ankaranın baş verənlərdən çıxarmalı olduqları əsas nəticə odur ki, həlledici məqamlarda və taleyüklü məsələlərin həlli zamanı hər iki ölkə ziddiyyətləri kənara qoyub vahid kurs yeritməlidir. Və şübhəsiz ki, bu cür məsələlərin sırasında vacib yeri Qarabağ problemi və Azərbaycanın ərazi bütövlüyünün bərpası tutur.

Ərdoğanın bu mövzuda Bakıda apardığı danışıqlar onun Rusiya səfəri zamanı davam etdiriləcək. Ankara göstərdi ki, o, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hazırkı mərhələsində erməni qüvvələrinin Azərbaycanın, heç olmasa, bir neçə rayonundan çıxarılmasına nail olmağa çalışır və Baş nazirin  Rusiya rəhbərliyi ilə aparacağı danışıqlarda da bu, əsas müzakirə obyekti olacaq. Türkiyənin Rusiyanı razı sala bilib-bilməyəcəyi ən yaxın vaxtlarda məlum olacaq. Yeri gəlmişkən, sonuncu, Azərbaycan və Ermənistan prezidentlərinin iyunda Sankt-Peterburqda baş tutması gözlənilən görüşündə ev sahibi kimi çıxış edəcək. İndiyədək işğal etdiyi torpaqları qaytarmaqdan imtina edən Ermənistanın və Yerevana təzyiq göstərməkdən yayınan ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin günahı üzündən hələ də nizamlanmamış münaqişənin həlli perspektivi məhz bu görüşün nəticəsindən asılı olacaq.

Sankt-Peterburqda da heç bir irəliləyişə nail olunmayacağı təqdirdə, Türkiyənin sülh prosesində aktivləşməsi fonunda gedən son proseslər Minsk Qrupunun səmərəsizliyini birmənalı şəkildə ortaya qoyacaq.

Olduqca real görünən bu ehtimal isə bir daha Türkiyə və Azərbaycanı əmin edir ki, iki qardaş dövlətin taktiki maraqlarındakı fərq heç zaman Bakı ilə Ankaranın birmənalı şəkildə üst-üstə düşən strateji məqsədlərini üstələməməlidir. 

Hər halda, görünən odur ki, ikitərəfli münasibətlərdəki "yaz böhranı"" aradan qalxdı.


MƏSLƏHƏT GÖR:

394