15 Mart 2025

Şənbə, 00:38

EFİOPİYALILARIN KÖMƏYİ

Azərbaycan millisinin heyətində Afrikalı stayerlər debüt edir

Müəllif:

01.05.2009

Azərbaycanda yüngül atletika keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Son uğurlar artıq beynəlxalq arenada özünü qəbul etdirmiş sprinter Ramil Quliyevin adı ilə bağlıdır. Yalnız bir faktı xatırlatmaq kifayətdir: qapalı meydanda keçirilmiş Avropa çempionatında idmançımız finala çıxmağa nail olub. 

Bu idman növünə daha böyük marağı isə milliyə Efiopiyadan olan atletlərin dəvət olunmasıdır - bundan sonra onlar Azərbaycan bayrağı altında çıxış edəcəklər.

 

Estafetə hazırlıq

Son dövrlərədək bu idman növündə uğur millimizdən yan keçirdi və yüngül atletlərimiz Avropada özlərini göstərə bilmirdilər. Bu sahədə ilk uğur əvvəlcə gənclər arasında keçirilən dünya çempionatında "gümüş"ə sahib çıxan, olimpiya normativini yerinə yetirən, daha sonra isə Pekin Olimpiadasında kifayət qədər uğurlu çıxış edərək, dörddəbir finalçıların sırasına qatılan R.Quliyevdən gəldi. Və belə görünür ki, bu, hələ başlanğıcdır - Ramilin planları kifayət qədər genişdir. Turində keçirilən qitə birinciliyindən sonra atleti iki nəhəng yarış gözləyir. Söhbət gənclər arasında Avropa çempionatından və Dünya birinciliyindən gedir. R.Quliyev hələ ki mundialda çıxış etmək hüququ verən normativi yerinə yetirmiş yeganə Azərbaycan atletidir. "Ramilin Avropa çempionatında göstərdiyi nəticə Azərbaycanın müstəqillik əldə etməsindən sonrakı dövrdə yüngül atletika məktəbimiz üçün tarixi zəfərdir. Sovet İttifaqı illərində bizim yaxşı atletlərimiz olsa da, son illər beynəlxalq arenada ciddi uğurlarla öyünə bilmirdik. Ramil böyük iş görüb. Yalnız onun tutduğu yeddinci yeri yox, nəticəni nəzərə almaq lazımdır. Xüsusilə nəzərə alınmalıdır ki, 60 metr Ramil üçün ənənəvi məsafə deyil və o, 200 metrə qaçış üzrə "ixtisaslaşıb". Odur ki, bizdə yüngül atletika tədricən, asta-asta olsa da, inkişaf edir", - deyə milli federasiyanın prezidenti Çingiz Hüseynzadə bildirib.

Hər halda, gənclər arasında keçiriləcək Avropa çempionatında çox suallara aydınlıq gələcək. Məhz bu yarışda məşqçilərin son illər çəkdikləri əziyyətin nəticələri özünü göstərməlidir. Turnirə qatılacaq millinin tərkibi də münasibdir - yarışa 6-7 atletin göndərilməsi nəzərdə tutulur. Artıq yığmamızın 5 üzvü Avropa birinciliyinə qatılmaq hüququ verən normativi yerinə yetirib, halbuki əvvəllər belə nəticə haqda yalnız xəyal edə bilərdik. Ç.Hüseynzadə deyir: "Məhz bu səbəbdən biz yalnız Ramil Quliyevə yox, tullanma və üçqat tullanma üzrə idmançılarımıza da güvənirik. Yəni, bu il Azərbaycanın yüngül atletika məktəbi üçün çox uğurlu olmalıdır".

Bütün bunlarla yanaşı, milli federasiya ən yaxın zamanlarda komandanı Efiopiyadan olan stayerlərlə gücləndirməyi planlaşdırır. Xatırladaq ki, bu ölkədən olan atletlər uzaq məsafəyə qaçış üzrə usta hesab olunurlar, Azərbaycanda isə bu sahədə ciddi problemlər var. Bu səbəbdən də federasiya özündən velosiped icad etməkdənsə, ənənəvi yolla getmək - legionerlərin xidmətindən yararlanmaq qərarına gəlib. Legionerləri isə, təbii ki, ən yaxşı stayerlər yetişdirən ölkədən tapmaq daha məqsədəuyğundur. 

Beləliklə, ən yaxın zamanlarda Abelav Layes Tsiqe, Xurssa Maare Dibabe, Qemeqa Qezasiqn Xunduma, Xaqos Xayle Desta, Sebete Tilaxum Vorku yeni vətənləri uğrunda debüt etmək şansı qazanacaqlar. Hələliksə, onlar turnirlərə doğma Afrikada hazırlaşırlar. Millimizin yaxın zamanlarda komanda üzrə Avropa çempionatında onların xidmətindən yararlanacağı istisna deyil. 

Qeyd edək ki, əvvəllər Qitə Kuboku adlanan bu turnirdə iştirakçılar reytinqlərinə əsasən, divizionlara bölünürlər.

Ç.Hüseynzadənin sözlərinə görə, Azərbaycan komandası "B" divizionu qrupunda çıxış edəcək: "Ümumi hesabda kifayət qədər yüksək yerlərə iddia edə bilərdik, lakin bir "əmma" var. Orada kişilər və qadınların əldə etdiyi uğurlar cəmlənir. Bizdə isə qadın yüngül atletikasının hələlik kifayət qədər inkişaf etmədiyi heç kimə sirr deyil".

 

Strateji plan

Prinsipcə, Efiopiyadan atletlərin gətirilməsində təəccüblü heç nə yoxdur. Axı, əksər dövlətlər müxtəlif idman növlərinin güclü inkişaf etdiyi ölkələrdən legioner alır. Məsələn, güləşdə əksər millilərin heyətində Şimali Qafqazdan olan pəhləvanlara, yaxud stolüstü tennisdə çinlilərə rast gəlinir. Bundan başqa, legionerlərin gəlişi uzaq perspektiv üçün də müsbət haldır - yetişməkdə olan nəsil məhz əcnəbi həmkarlarının təcrübəsindən yararlanmaq imkanı qazanır. Odur ki, millimizə afrikalı legionerlərin cəlb edilməsi Azərbaycanda uzaq məsafəyə qaçış nöqteyi-nəzərindən yüngül atletikanın inkişafına xidmət etməlidir.

Nəzərə alsaq ki, bir qədər əvvəl millimiz komanda estafetində Olimpiadaya lisenziya qazanmaq uğrunda yarışıb, efiopiyalıların gəlişi daha da yerinə düşür. Minimum məqsədə nail olmaq üçün isə normativlərin yerinə yetirilməsi yox, kollektivin son nəticələrindən asılı olan reytinqi əhəmiyyət daşıyır. Odur ki, millimiz ən yaxşıların sırasına yüksələ bilmədiyindən, estafet qaçışında Azərbaycan Olimpiadada iştirak etməyəcək. 

Digər tərəfdən, diqqət çəkən məqam odur ki, hələlik beynəlxalq arenada yalnız qısa məsafəyə qaçış üzrə nailiyyət əldə edə bilirik. Üçqat tullanma, həmçinin uzunluğa və hündürə tullanma üzrə idmançılarımız hələ ki kölgədə qalırlar. Növbəti Olimpiada üçün yüngül atletikanın inkişafı üzrə plan situasiyanın dəyişməsinə yardım edə bilər. Britaniyalıların köməyi ilə (2012-ci il Olimpiadası Londonda keçiriləcək) o, strateji plan adlandırılıb və perspektivə hesablanıb. Plan xüsusilə hazırkı mərhələdə - beynəlxalq arenada özünü göstərməyə nail olan atletlərimizin meydana çıxdığı dövrdə daha aktualdır. R.Quliyevlə yanaşı Pekin Olimpiadasında iştirak etmiş Ruslan Abbasovun da adını çəkmək olar. Heç kimə sirr deyil ki, son dövrlərədək Azərbaycanın yüngül atletlərinin Olimpiadada iştirakı sadəcə görüntü xarakteri daşıyırdı. Olimpiada ilə bağlı məşhur "Əsas qələbə yox, iştirakdır" şüarında olduğu kimi.

Təbii ki, bu iki idmançının timsalında favoritlərlə yarışacaq atletlər qazandığımızı iddia etmək düzgün olmazdı. Amma hər halda, onlar qarşıya müəyyən hədəflərin qoyulması və onlara nail olunması üçün kifayət qədər bacarıqlıdırlar. Ramilin Pekin Olimpiadasında dörddəbir final mərhələsinə yüksəlməsi də bunun təsdiqidir - indiyədək Azərbaycanın yüngül atletika məktəbində belə nəticə olmamışdı.

Maraqlıdır ki, Ramil Azərbaycanın məşhur yüngül atleti, vaxtilə SSRİ-nin əməkdar məşqçisi Əfqan Səfərovun rəhbərliyi altında 100 metrə qaçmış və uzunluğa tullanmış Eldar Quliyevin oğludur. Ramil karyerasına idman gimnastikasından başlasa da, məşqlərdən birində zədə aldığı üçün perspektivinin üzərindən xətt çəkilmişdi. Azərbaycan millisinin baş məşqçisi Məhərrəm Sultanzadə deyir: "Ramilin atası bir qədər düşündükdən sonra onu Tofiq Əliyevin qrupuna gətirdi. O vaxtdan artıq 6  il keçir və bu dövr ərzində o, yüngül atletika ilə məşğul olur. Ramil ilk dəfə milliyə 2004-cü ildə düşüb. İki il sonra, Quliyevin hələ gənclər arasında ölkə birinciliyini qazanmasından sonra biz onun xidmətindən daimi yararlanmağa başlamışıq. O, getdikcə nəticələrini yaxnılaşdırır. Olimpiya gənclər günlərində Ramil 100 metr məsafəni 10,74 saniyəyə qaçsa da, o zaman biz bunun təsadüf olduğunu düşünmüşdük. Lakin ötən il Moskvada rus icmasının beynəlxalq müsabiqəsində o, 10,71 saniyəlik nəticə göstərdi. Odur ki, ilk nəticə heç cür təsadüf ola bilməzdi. Bundan sonra Soçidə keçirilən Qafqaz Kubokunda Ramil yenidən 100 və 200 metrə qaçışda bir daha qələbə qazandı və bundan sonra verdiyim müsahibələrdən birində mən onu "balaca ulduzumuz" adlandırdım. Getdikcə bu balaca ulduz daha da parlamağa başladı. Məsələn, Moskvada keçirilən ötənilki  mövsümdə Ramil 60 metri 6,89 saniyəyə qaçdı və bu, bizə onunla bağlı yeni ümidlər verdi. Azərbaycan çempionatında 200 metri 20,67 saniyəyə qaçdıqdan sonra isə biz Ramilin Olimpiya lisenziyası qazanacağını anladıq".

R.Quliyev və R.Abbasov dəfələrlə bəyan ediblər ki, Pekindəki çıxışları onlar üçün Londona hazırlıq olub. "Ramil və Ruslan gənc idmançılardır. Birincisinin 18, digərinin isə 22 yaşı var. Prinsipcə, idmançı özünü 24-25 yaşında tam göstərir və bu üzdən Ramil üçün bu, həqiqətən də, London öncəsi sınaq idi. Fikrimcə, Abbasov da 2016-cı il Olimpiadasınadək çıxış edə bilər. Odur ki, hər iki idmançımızın perspektivi var", - deyə M.Sultanzadə bildirir.


MƏSLƏHƏT GÖR:

437