15 Mart 2025

Şənbə, 00:28

AZƏRBAYCANSAYAĞI ARKTİKA

Alpinist israfil aşurlu beynəlmiləl ekspedisiyanın heyətində şimal qütbünə yetişdi

Müəllif:

01.05.2009

Bundan sonra Azərbaycan bayrağı Şimal qütbündə də dalğalanacaq. Bu, alpinist İsrafil Aşurlunun da daxil olduğu "Son qradus" beynəlxalq ekspedisiyasının sayəsində müm-kün olub. Everesti fəth etmiş, həmçinin Yer kürəsinin bir çox əfsanəvi zirvələrində olmuş İsrafil bu dəfə özünü kifayət qədər uğurla başa çatan xizəklə səfərdə sınayıb. Halbuki onun üçün bu səyahət başlamamış sona çata bilərdi.

 

Şimal Buzlu Okeanda "duş" qəbulu

 

Ekspedisiya həqiqətən də asan alınmayıb: əvvəlcə komanda Şpitsberqendəki Lonqir adlı yerə çıxıb. Qrupun qarşısında duran vəzifə xizəklə Şimal qütbünədək son dərəcəni keçmək idi. Əvvəlcə "Barneo" üzən buz bazasına enən qrup, buradan vertolyotla Şimal qütbünün 120 kilometrliyinə atılıb. İkinci gün İ.Aşurlunun xizəyi sınıb və o, bütün qalan yolu ayağına sneqostup (çəkməyə bərkidilən kiçik platforma) geyərək getməli olub. "Onunla hərəkət xizəkdə olduğu kimi rahat və sürətli alınmır. Bundan başqa, həmin platformalarla nazik və təhlükəli olan buz qatlarının üzərindən keçmək çətin idi. Çünki xizəklə müqayisədə onların buzla təmas sahəsi balacadır. Lakin başqa variant yox idi. Altıncı gün mən altı metrlik çatlaq buzun üzərindən keçərkən, buz sındı (baxmayaraq ki, qarşıda xizəklə hərəkət edən alpinist onun üzərindən asanlıqla keçmişdi) və qurşağadək buzlu suya düşdüm. Lakin ehtiyatla buzun üzərinə qalxa, üstəlik,  özümlə 70 kiloqram çəkisi olan xizəyi də daşıyaraq, təhlükəli məsafəni keçə bildim. Dərhal alaçıq qurdum, od qaladım və səhərədək üst-başımı qurutdum. Hərarətin son dərəcə aşağı olmasına baxmayaraq (-340C), xoşbəxtlikdən, nə dondum, nə də xəstələndim. Keçdiyim hissənin 4 kilometr dərinliyində olduğunu düşünəndə, əməlli-başlı vahimələnirdim. Lakin özümə onunla təskinlik verirdim ki, artıq Şimal Buzlu Okean da daxil olmaqla, bütün okeanlarda çimdiyimi deyə bilərəm", - deyə İ.Aşurlu bildirir.

Beləliklə, İsrafil həm Şimal, həm də 4 il əvvəl "Yeddi zirvə" proqramı çərçivəsində Vinson massivini fəth etdiyi Cənub qütbündə olub. Yeri gəlmişkən, Antarktidaya yollanmaq ideyası da onun ağlına məhz Vinson massivinə qalxarkən gəlib: "2005-ci ildə Antarktidada olarkən biz buranı tərk etmək üçün düz bir həftə Petriot Xills hava limanında qaldıq. O vaxt güclü qasırğa üzündən Çilidən gəlməli olan təyyarə bizim olduğumuz əraziyə yaxınlaşa bilmirdi. Nəticədə Petriot Xillsdə uçuşu gözləyən xeyli sayda insan toplaşmışdı. Söhbət ayrı-ayrı ölkələrdən olan ekspedisiyalardan gedir. Onlardan bəziləri bizim kimi Vinson massivini fəth edir, digərləri Cənub qütbünün xizək keçidində iştirak edir, başqaları hava ekskursiyası edirdilər. Elə həmin günlərin birində bizə bir saqqallı kişi də qoşuldu və ətrafdakıların hamısında nikbinlik və yaxşı əhval-ruhiyyə yaratdı. Bu, məşhur qütbçü, Arktika və Antarktika İnstitutunun direktoru Viktor Boyarski idi. O, hələ Sovet dönəmində Antarktidanın elmi stansiyalarında qləsioloq (buz və müxtəlif qar örtüyü haqda elm) işləyib. Sonradan Boyarski it qoşqusu ilə bütün Antarktidanı gəzib, müxtəlif vaxtlarda həm müstəqil şəkildə, həm də ekspedisiya lideri kimi hər iki qütbdə olub. O, "Barneo" üzən buz bazasının yaradıcısıdır - məhz bu bazanın sayəsində Arktikaya yollanan ekspedisiyalar təyyarə ilə bilavasitə qütbə yaxın ərazidə eniş edə bilir". İ. Aşurlu fikrini belə davam etdirir: "Bizim tanışlığımız tezliklə dostluğa çevrildi. Məndə Şimal qütbünə yollanmaq ideyasını qızışdıran katalizator rolunu da elə o oynadı. Üç il ərzində müxtəlif səbəblərdən (donmadan müalicə, Everestə hazırlıq, oğlumun ad günü) Arktikaya səfərimi təxirə salmışam. Bu il isə hər şey alındı və buna çox şadam. Mənim Antarktida və Arktikaya səfərlərimin müxtəlif məqsədləri var idi. Antarktidaya səfərim alpinist ekspedisiyası, ikinci isə xizək ekspedisiyası idi. Əgər dağlarla bağlı hər şeyi çoxdan həll etmişdimsə, bu ekspedisiya mənim üçün yeni üfuqlər, gələcək üçün yeni planlar açdı. Amma anonslar üçün tələsməyək".

 

Everest son hədd deyil

Ümumiyyətlə, hazırda Moskvada yaşayan həmvətənimiz İsrafil Aşurlunun şöhrəti son bir neçə il ərzində artan xətt üzrə gedib - tədricən o, bütün qitələrdəki zirvələri fəth etməyə başlayıb. Apogey isə Everestin fəthi olub: İsrafil azərbaycanlılar arasında bu məşhur zirvəyə qalxmış və oraya öz vətəninin bayrağını sancmış ilk şəxsdir. Onun təkcə bu nailiyyətlə adını milli idmanın tarixinə yazdığını söyləmək mümkündür: "Hər ekspedisiyanın öz çətinlikləri var. Məsələn, Antarktidada Vinson massivində olarkən çox güclü fırtınaya düşdük. Ümumiyyətlə, bəzi zirvələrə qalxmağın rahat olması haqda miflər olsa da, bu, belə deyil. Məsələn, məşhur Raynhold Messner Elbrusa ciddi əhəmiyyət vermirdi, onu asan xizək yolu adlandırırdı. Əslində isə, Elbrus o qədər də asan keçilə bilən marşrut deyil -  hər il orada, orta hesabla, təxminən 7 nəfər həlak olur.  2002-ci ildə mən bəzi alpinistlərin ehtiyatsızlığın qurbanı olduğunu şəxsən gör-müşəm. O vaxt Çexiya idmançıları Elbrusda təhlükəsizlik qaydalarına riayət etmədən, çadır qurmuşdular və gecə külək çadırı uçurdu, alpinistlərin hamısı dondu. Mən oraya qalxan zaman xilasedicilər cəsədləri endirirdilər. Dağda situasiyanı dəqiq qiymətləndirmək lazımdır. Hərdən adama elə gəlir ki, zirvə lap yaxındadır. Hədəfə iki addım qaldığı zaman isə özünə geri qayıtmaq komandası vermək çox çətindir. Sərf olunan güc və əziyyətə baxmayaraq, belə qərar vermək üçün güclü iradə sahibi olmalısan. Vaxtında geri dönə bilmək xüsusi məharətdir".

Son 9-10 ildə İ.Aşurlu bütün gücünü "Yeddi zirvə" layihəsinin reallaşdırılmasına sərf edib. Özü də bu layihə əvvəlcədən planlaşdırılmış şəkildə deyil, öz-özünə həyata keçirilib. Avstraliyaya gedən İsrafil oradan Kuk zirvəsinə qalxmaq məqsədi ilə Yeni Zelandiyaya yollanıb. Lakin bunadək o, Kostyuşkoya (Avtraliyanın ən hündür zirvəsi) qalxıb. Məhz bundan sonra idmançı "Yeddi zirvə" layihəsinə qoşulmağın vacibliyini dərk edib. "Əslində mən əvvəllər də bu proqrama daxil olmuşam və Vinson (Antarktidada ən yüksək zirvə), Akonkoqua (Cənubi Amerikanın ən yüksək zirvəsi), Mak-Kinliyə məhz bu proqram çərçivəsində qalxmışam. Everestin fəthi isə layihənin yekunu, bir növ, son akkord olub. Everestə mütləq qalxmaq lazım idi. Özü də, bu yalnız mənim üçün yox, ümumilikdə ölkəmiz üçün vacib idi. Çünki təəssüf ki, Azərbaycan alpinistləri hündür zirvələrin fəthində kifayət qədər təmsil olunmurlar. Milli alpinizm məktəbimizin yaxşı ənənəsi olsa da, bizi bu cür zirvələrdə yaxşı tanımırlar. Düzdür, əla fiziki göstəricilərə malik uşaqlar da var. Lakin onlarda beynəlxalq təcrübə və hazırlıq çatmır. Ola bilsin ki, mənim Everestə qalxmağım ölkəmizdə alpinizmə marağı artıracaq", - deyə İ.Aşurlu bildirir.

İsrafil Everestə qalxmaqla karyerasında yeni mərhələyə qədəm qoyub: "Bu, mənim üçün ilk səkkizminlik zirvə idi. Mən bu hündürlükdə beynimin necə işləyəcəyini, ağ ciyərlərim və ürəyimin belə təzyiqdə özünü necə aparacağını, ümumilikdə bədənimin necə olacağını bilmirdim. İndi - ekspedisiya başa çatdıqdan sonra hər şeyin uğurlu alındığını söyləyə bilərəm. Və əgər belədirsə, onda niyə dayanım? Davam etmək lazımdır. Ümumiyyətlə, 3,5 - 4 min metr hündürlükdə insanın orqanizmi ənənəvi rejimdə işləmir. Təzyiqin və oksigendə qatılığın səviyyəsinin dəyişməsi ilə əlaqədar olaraq, qipoksiya, dağ xəstəliyi (buna "qornyaşka" - da deyirlər) yaranır. Dözümlülük azalır, nəbzin döyünməsi aşağı düşür, baş gicəllənməsi əmələ gəlir. Belə yüksəklikdə hətta adi yaralar da sağalmır. Bir çox insanlar belə şəraitə adekvat deyillər. Dağ xəstəliyini yalnız müxtəlif iqlimlərə yaxşı uyğunlaşmaqla keçirmək mümkündür. Mənə ən çox xoş gələn məhz yüksəkliklə mübarizədir. Təbii ki, o yüksəklikdə dözmək çox ağırdır. Amma yəqin ki, yüksəklik insana narkotik kimi təsir edir. Heç kəs dağda insanı nəyin cəzb etdiyini ağıllı-başlı söyləyə bilməz. Çünki orada buz və qardan başqa heç nə yoxdur. Çoxları deyir ki, buna xərclənmiş vəsaitə günəş və palmaların olduğu yaxşı kurorta yollanmaq olar. Lakin zirvədən hələ tam enməmiş növbəti dəfə hara qalxmaq haqda düşünürsən. Bilmirəm dağlar mənə nə verir, bunu necə qiymətləndirim. Yəqin ki, onlar məni gücləndirir. Təbiətlə ünsiyyət? Əlbəttə ki, həm də bu. Dağlar Yer üzündə olan ən qədim varlıqlardır. Onlar hələ bizdən əvvəl mövcud olublar və yəqin ki, biz olmayanda da qalacaqlar".


MƏSLƏHƏT GÖR:

465