
SÖZSÜZ …
Rəssam Elman Mirzəyevin xüsusi olaraq "Region plus" jurnalı üçün çəkilmiş rəsmləri beynəlxalq müsabiqələrdə mükafatlar qazanıb
Müəllif: Sabirə MUSTAFAYEVA Bakı
Karikaturaçı rəssam Elman Mirzəyev az danışır və şəxsiyyətinə artan maraqdan bir qədər utanır. Bu da təsadüfi deyil. Elman ciddi adamdır, qısa, amma şəffaf və aydın nitqi var, ən başlıcası isə hazırcavabdır və adamları gül-dürməyi bacarır. Bu, karikatura dilidir və deməli, burada sözə ehtiyac yoxdur. Rəssamın yaradıcılığı çoxtərəfli və maraqlıdır, karikatura ilə o, 2005-ci ildən məşğul olmağa başlayıb. Ondan qabaq isə rəsm, miniatür və qrafika ilə məşğul olurdu. Bundan başqa, tanınmış marionet teatrı "Buta" da kuklalarla qeyri-adi işlər görüb. Əfsanəvi gürcü nasiri, dramaturq, rəssam, kuklaçı, Gürcüstanın əməkdar incəsənət xadimi, Tbilisi Marionet Teatrının bədii rəhbəri Revaz Qabriadze Elmanın kuklalarını görəndən və onun obrazları, xarakterləri heç bir yanlışlıq olmadan təsvir etməsindən heyrətə gəlməsindən sonra "Buta" teatrının rəhbərinə bildirmişdi ki, mütləq Elmanı öz teatrına aparacaq. Amma tanınmış gürcünün təklifinə qəti imtina bildirilmişdi.
"Bu cür rəssamı biz heç kimə vermərik", - imtinaya adət etməmiş gürcü sənətkarına sadəcə belə demişdilər. Və doğru da etmişdilər. Çünki bu gün Elman bir karikatura rəssamı kimi çoxsaylı beynəlxalq sərgilərin qalibi olmaqla bir növ ölkəmizin fəxrinə çevrilib. Onun adı beş başqa azərbaycanlı rəssamla birgə bu yaxınlarda Almaniyanın Ştutqart şəhərində "Şərab və sevgi" mövzusunda başa çatmış beynəlxalq "Stuttgart award" müsabiqəsinin yekun kataloquna salınıb. Elmanın karikaturası 3 min işin içindən seçilərək, 150 ən yaxşıları sırasına salınıb. Onun yandırıcı yumoru, 2008-ci ildə Fransada keçirilmiş Beynəlxalq Karikaturaçılar Bennalyesinin yekununa görə, 100 ən yaxşı karikatura sırasına çıxmışdı, münsiflər heyəti onu iki min işin içindən seçib ayırmışdı. E. Mirzəyev iki dəfə beynəlxalq "World Press Cartoon" müsabiqəsinin kataloqlarının səhifələrinə düşüb. Bu uğurların sadalanmasını hey davam etdirmək də olar.
Amma beynəlxalq layihələrdə iştirak etmək heç də Elman üçün tanınmaq və şöhrət dalınca qaçmaq demək deyil. Unutmaq lazım deyil ki, rəssam kütləvi şəxsiyyətdir. O, sadəcə özünün əsas tələbatını - çəkdiyi, başqa sözlə dediyi hər şeyi dünyaya göstərmək niyyətini gerçəkləşdirməlidir. Fikirləri ilə bölüşməlidir. Başqalarından fərqli olaraq rəssam sevdiyi işlə məşğul olur, Azərbaycanda mütəmadi karikatura nəşrlərinin olmadığı, sərgilərin demək olar ki, keçirilmədiyi bir şəraitdə o, böyük maddi nemətlər əldə etməsə də. Öz istedadını və potensialını gizli saxlamaq Elman üçün çox çətindir. Həm də öz ölkəsini layiqli təmsil etmək rəssamdan ötrü çox önəmlidir. "Bizim hər birimiz fəaliyyəti çərçivəsində öz vətəni üçün nə isə yararlı bir iş görməlidir. Mən bunu özüm üçün bir borc sayıram".
Buna görə də "doğma divarlardan" kənarda söz demək, fikir ifadə etmək, deməli, həm də inkişaf etmək zərurəti yaranır. Bu və ya başqa xarici müsabiqələrdə şəxsən iştirak üçün vəsait nə Elmanda, nə də üzvü olduğu Azərbaycan Karikaturaçılar Birliyində yetərincədir. Səfərlər epizodik olur. "2006-cı ildə yaradılmış Birlik tərəfindən Azərbaycanda çox təəssüf ki, məhv olmağın astanasında olan bu sənətin dəstəklənməsi üçün çox işlər görülüb. Birlik ölkənin karikaturaçılarını birləşdirdi və mən şadam ki, bu janrın bir çox təmsilçiləri beynəlxalq müsabiqələrin iştirakçısı olurlar. Ancaq bizdə karikatura şəxsi təşəbbüs hesabına yaşayır. Avropadan fərqli olaraq Azərbaycanda karikaturanın öz bazarı yoxdur. Orada janrın populyarlığı hesabına rəssamların əsərləri satılır".
Sosial qaydaların çətinliyinə baxmayaraq, rəssam ürəyinin səsinə qulaq asaraq, sevimli sənəti ilə məşğul olmağa davam edir. Haçansa, 80-ci illərdə Elman C.Cabbarlı adına kinostudiyada quruluşçu rəssam, daha sonra quruluşçu işləyib. "Azərbaycan cizgi filmlərinə personajlar çəkmişəm. Sovet illərində Azərbaycan animasiyası yaxşılardan sayılırdı və çoxlu beynəlxalq müsabiqələri udmuşdu". Doğrudur, "Animasiyaya dönərsinizmi?" sualına rəssam düşünmədən "Yox" cavabı verib. "Mən tamamilə karikaturaya tutulmuşam. Bəzən düşüncələrim spontan gəlir, küçədə... çəkmək istəyirəm. Axı karikatura ilk öncə ürəklə çəkilir, ideya və detallar başda yaranır, sonra bütün bunlar kağıza köçürülür". Niyə? Çünki yetişib. Bəzən karikatura tematik, əsasən siyasi yönümlü olur və sifarişlə verilir. Tez-tez də elə olur ki, hər şey həyatdan gəlir. Bəzən də elə incidirlər ki, sadəcə, oturub gülməkdən başqa əlac qalmır. Nəyə gülürlər? Əsasən çatışımazlıqlara, ədalətsizliyə və yalana. Amma təbiidir ki, bizim ətrafımızda yumorun özü də az deyil. "Karikatura mənim üçün öz fikirlərimi ifadə etmək üsuludur, hansısa həyati çuxurdur - oraya düşdükdən sonra durmaq mümkün deyil", - deyə Elman bildirir. Söhbət həyatının əsas işindən düşəndə onun gözləri sanki işıqlanır.
Hər şey isə məktəb dərsliklərindən başladı. Onda kitablarda şəkil çəkmək ciddi qadağan olsa da, kitablardakı tematik illüstrasiyaları xoş və gülməli sifətlərə çevirirdi. "Görürdüm ki, yalnız mənə gülməli deyil, uşaqları da gülmək boğurdu. Sonra isə şarjlara və hətta multfilmlərə bənzər nələrsə çəkməyə başladım. Daha sonra o vaxt populyar olan "Nu, poqodi!" multfilminin mənə məxsus seriyasını çəkdim. Ən maraqlısı o idi ki, öz seriyamda yaratdığım ideyaların çoxu sonradan multfilmin yaradıcıları tərəfindən "Nu, poqodi!"nin yeni seriyalarına tətbiq edilmişdi". Yəni bu, bir öncəgörmə fəhmi olub. Elman öz işlərində belə substansiyanı dəfələrlə müşahidə edib. Özü də əsasən siyasi karikaturada. Bəzən hadisələr məhz onun çəkdiyi kimi cərəyan edib. "Mənim özüm üçün də maraqlıdır. Amma bu, mənimlə tez-tez baş verir. Görünür, bunlar Allah tərəfindən az-az hallarda yer üzünə göndərilən məlumatlardandır. Bəlkə də, nədənsə qorumağı nəzərədə tutur. Demək çətindir".
Elman əmindir ki, karikatura bizləri xeyrxah və dözümlü edir. "Təəssüf ki, bu janrın o qədər də aydın olmayan bir sıra keyfiyyətlərinə kimsə fikir vermir. Halbuki, siyasi jurnalı vərəqləyən oxucuların çoxu məhz karikatura üzərində dayanırlar. Birincisi, onun detalarına baxmaq istəyirlər. İkincisi isə, bilmək istəyirlər ki, rəssamın düşüncəsi məqaləyə uyğun gəlir, yoxsa yox. Əgər uyğun gəlirsə, onda karikaturanın ideyasının və tapıntısının gülüş doğurub doğurmadığını yoxlayırlar. Bu çox önəmlidir. Həmçinin çoxları etiraf edir ki, karikatura siyasi materialı oxuduqdan sonra oxucuda yaranmış müəyyən gərginliyi azaldır. İnsan düşünməyə başlayır: "Axı hər şey daha sadə və bu qədər ciddi olmaya da bilərdi". Buna görə də karikaturanın bizim həyatdakı funksiyasını və yerini şişirtmək qeyri-mümkündür və məni heyrətə gətirən odur ki, yerli dövri mətbuat - qəzetlər, jurnallar bu janr növünə çox etinasız yanaşırlar", - deyə karikaturaçı vurğulayır.
Uğurlu tapıntı məhz beynlxalq müsabiqələrdə qiymətləndirilən işlər sayılır və Elman belə mükafatlar dəfələrlə qazanıb. "İş orjinallığı ilə seçilməlidir, o, gülüş doğurmalıdır, ideya təkrar olmamalıdır. Rəsmlər başqa müəllifləri də təkrar etməməlidir. Bunu əldə etmək çox çətindir. Çünki müəllifə elə gələ bilər ki, buna heç yerdə rast gəlinməyib. Bəzən aydın olur ki, oxşar iş daha öncə gerçəkləşdirilib. Buna görə də sadə görünüşünə baxmayaraq karikatura əslində mürəkkəb janrdır. Unutmaq lazım deyil ki, siyasi karikatura hadisələrin gedişinə təsir göstərə bilər. Məhəmməd Peyğəmbərin karikaturasının yaratdığı beynəlxalq qalmaqalı xatırlamaq yetərlidir. Buna görə də karikaturaçı rəssam yalnız dünyadakı siyasi durumu izləməklə qalmamalıdır. Əgər xarici müsabiqələrdən, nəşrlərdən söhbət gedirsə, onda elmentar insani etika da unudulmamalıdır".
Bu gün Elman Mirzəyevin işləri karikatura kataloq və muzeylərinə qoyulub. Həmçinin müsabiqələr, festivallar və bennalyelər keçirmiş İspaniya, Yaponiya, Yunanıstan, İsrail, Koreya, Türkiyə, Çin, İran, İngiltərə, İsveçrə, ABŞ, Portuqaliya və başqa ölkələrin virtual karikatura muzeylərinə yerləşdirilib. Elman öz qələbələri ilə fəxr edir. Onun sevimili karikaturalarından biri eyni vaxtlı bilyard oyunu seansıdır. Bu iş Ukraynada mövzusu bilyard olan VII Beynəlxalq Karikatura Müsabiqəsi "Nezavisimost"da Üçüncü yeri tutub. "Bu mənim üçün çox əzizdir, çünki MDB ölkələri arasında Ukrayna karikatura məktəbi ən güclü sayılır. Orada ilk iki yeri yalnız ukraynalılara verirlər. Bu ölkədə mən Üçüncü yeri tutdum və bu məndən ötrü böyük sürpriz oldu".
2008-ci ilin avqust ayında Elman Mirzəyev üçüncü dəfə YUNESKO-nun xüsusi prizini alıb. "Mənim həyatımın beynəlxalq müsabiqə tərəfi İsraildən başlayıb, orada Hayfa şəhərində 2005-ci ildə nəqliyyat mövzusunda müsabiqə keçirilirdi. Onun yekununa görə mən YUNESKO-nun Birinci prizini aldım. İkincisi 2007-ci ildə İtaliyanın Spilimberqo şəhərində "Dünyaya çağırış" müsabiqəsi çərçivəsində "Rəssam" nominasiyası üzrə olub. Səfər tədbirlərində tez-tez şarjlar çəkirəm və iştirakçılara verirəm. Şarjlardan biri Almaniya kansleri Angela Merkelə verilib, bir karikatura isə ABŞ prezidenti Barak Obamaya göndərilib və hazırda virtual muzey REDMANART.com-da yerləşdirilib. Demək olar ki, karikatura bu gün ikinci yaranışını yaşayır, müsabiqələr mütəmadi keçirilir, Qran-priyə mükafatlar da yetərincədir - 20 min avroya yaxındır. Ümid etməyə dəyər ki, Azərbaycan karikaturaçıları bu prizə də yiyələnəcək, həm də Azərbaycanı dünya səviyyəsində şöhrətləndirməkdə davam edəcəklər", - deyə Elman Mirzəyev vurğulayır.
Qayğı. Buna istedadlı insanların - yalnız, öz təşəbbüsləri və inanılmaz əməksevərlikləri ilə ideyalarını yaşadan sənət fədailərinin böyük ehtiyacı var. Elman əmindir ki, postsovet məkanında rəssamın ən gözəl əsərlərini yalnız yaşamaq uğrunda mübarizə aparan zaman yaratması barədə formalaşmış stereotip düşüncəni dünyanın bir çox yerlərində olduğu kimi dağıtmaq lazımdır. "Bizə dəstək və təbliğat lazımdır. Ona görə lazımdır ki, bu düyna azacıq xeyirxah olsun. Deməli, bu, hamıya lazımdır".
Karikaturaçı rəssamın Azərbaycanla bağlı arzuları böyükdür. O istəyir ki, bir karikatura klubu açsın və Azərbaycanın istedadlı krikatura rəsamları orada öz işlərini nümayiş etdirə bilsinlər. Bir məsələ də var. Karikatura çəkmək sənətini vərdişlə öyrənməyin mümkün olduğu aydın olub, amma bunun üçün Allah vergisi lazımdır.
MƏSLƏHƏT GÖR: