14 Mart 2025

Cümə, 23:36

"XOŞ GƏLMİSƏN, CAN"

Azərbaycanın bu qədim bölgəsində qonağı mehriban qarşıladıqları kimi də yola salırlar

Müəllif:

01.05.2009

Coğrafi mövqeyinə görə “Şimal qapısı” adlandırılan Qusar Azərbaycanın şimaldakı son yaşayış məntəqəsidir. Oraya gedərkən Qusar yazılmış lövhənin arxasındakı cığırla hərəkət edərək “Qaçaquç” deyilən yerə çıxmaq, yüksəklikdəki meşədə rayon mənzərəsinin fonunda çay içmək olar. Yeri gəlmişkən bura,  rayon panoramının göründüyü tək nöqtədir. 

Qaçaquçun  altındakı dərədə rayonun “Qarabulaq” adlanan ərazisi yerləşir. Bu geniş dərə hələ sovet vaxtından yerlilərin və buraya qonaq gələnlərin istirahət üçün rəğbətlə yanaşdığı məşhur məkandır. Buna görə də Qusardakı məşhur otellərin demək olar hamısı Qarabulaqda yerləşir. Dağlar və düzənliklər diyarı Qusarda o qədər gözəl yerlər var ki... Bu kurort zonasında başı daim qar və buzlaqlarla örtülü uca zirvələr, sərin yaylaqlar, düzənliklər bir-birini əvəz edir.  20% meşələrlə örtülü olan rayon ərazisinin böyük hissəsi turizm zonasıdır.

 

Qusar toponimi

Qusar sözünün tayfa və ya tayfa başçısı adından olduğu ehtimal edilir. Hisar qəbiləsinin adından yaranması haqqında da iddialar var. Söhbət vaxtilə burada yaşamış və yerli əhalinin etnogenezində rol oynamış, zaman-zaman  tədricən yox olmuş hisar tayfasından gedir. 

Qusar “kiçik süvari atlı dəstəsi” mənasını verən qusarlar sözündən götürülüb. Qusar macar dilində “süvari qoşun növü” deməkdir və şəhər keçmişdə bu ərazidə yerləşən Qusar süvari polkunun adını daşıyır.

Indiki Qusar şəhərinin ilk bünövrəsi 1810-cu ildə qoyulub. 1816 - 1870-ci illərdə Qusarda yaradılan Şirvan piyada diviziyası nəzdində zabitlər hazırlayan hərbi məktəb də fəaliyyət göstərib. Qusarın ilk adı Qeysəri olub. Deyilənlərə görə, qədimdə burada qeysər tayfaları yaşayıb. Bunlar sonradan köçüb getsələr də, bu adı buralarda yaşayan bəzi kəndlər qəbul edib. Söz də tədricən əvvəlki formasını itirərək Qusar şəklini alıb. Rəvayət edirlər ki, Qusar şəhəri ətrafındakı yükəskliklərdə 4 qəbir var. Qusar adı da ləzgi dilindəki “qud” 4 və “srar” qəbir sözlərinin birləşməsindən əmələ gəlib, “ dörd qəbir” mənasını ifadə edir. 

Ləzgilər  e.ə. qutsar dininə etiqad ediblər. Qusar sözünün həmin xüsusi din adından yarandığı ehtimalı mümkündür. Söz ləzgi xalqına xas olan cəsarət, qorxmazlıq, mərdlik və sair kimi xüsusiyyətləri özündə birləşdirən “kas” (kişi), “ksar” (kişilər) kəlməsindən yaranıb. Qonşu tayfalar bu yerlərdə meydana gələn ilk yaşayış məntəqəsinə Ksarxur (kişilər kəndi) adını verib, zaman keçdikcə də “kənd” mənasını verən xür hissəsi tələffüzdən çıxıb, yavaş - yavaş dildən düşüb. Axıra Ksar qalıb ki, zaman içərisində Qusar formasını alıb.

 

Ləzgilər

Bəzi müəlliflər «ləzgi»  sözünü  “dağ əhli” kimi mənalandırır. Rayon əhalisinin 95%-i ləzgilrədən ibarətdir. Azərbaycanda yaşayan azsaylı xalqlar arasında önəmli yer tutan ləzgilər əsasən ölkənin şimalında və şimal - qərb hissəsində toplaşıblar. Qafqaz Albaniyasının əsas xalqlarından biri olan leqlər ləzgilərin əsilləri sayılır. Strabonun yazdığı kimi, 26 Alban dialektində ən əsası məhz qar-qar və şimalda leqlərin ləhcəsi əsas alban dilinin formalaşmasında böyük rol oynayıb. Şahdağ dil qrupuna aiddirlər. Azərbaycan əhalisinin toplam 2.2%-ni təşkil edən ləzgilər İslam dininə sitayiş edirlər. 

 

“Can...” 

Bu, ən populyar müraciət formasıdır. Qusarda hər cümlə bu sözlə başlayır və bitir. Xüsusilə də ləzgi xanımların dilindən düşməyən bu kəlmə onların danışığına başqa bir səmimiyyət və şirinlik verir: “can, xoş gəlmisən, can”, “can, nə istəyirsən, can”, “can, hara gedirsən, can?”, “can, gəlin qonağımız olun, can”. 

 

Xərək çörəyi 

Qusar çörəyinə belə deyirlər. Çörəyi şimal zonasına xas olan təndirdə bişirirlər. Bu təndirlərə xərək deyirlər. Bunlar digər bölgələrdəki təndirlərdən fərqlənir. Torpaqdan hazırlanan xərəyin quruluşu dördbucaq formadadır, sobaya bəznəyir. İçində çörəkdən başqa, ləzgi mətbəxinin  başqa xəmir yeməkləri də bişirilir. 

Su, duz, maya ilə hazırlanan xəmirdən bişirilən bu çörəyin saxlanma müddəti uzundur. Normal otaq şəraitində 7 gün, soyuducuda isə 15 - 20 gün qalır. Hazır xəmir kündələrə bölünür. Sonra yayılır. Ləzgi çörəyinin üstünü xərəyə salmazdan əvvəl hinduşka, ya da xoruz lələklərindən hazırlanmış xüsusi dəstə ilə deşikləyirlər. Bu, xəmirin içinə hava girərək tez bişməsinə və şəkil almasına kömək edir. Çörək 5 dəqiqədə hazır olur. Bəzən xərəyə atılmış çörək tam bişməmiş onu çıxarır, üstünə pendir və yumurta sürtür, yenidən xərəyə salıb bir neçə dəqiqə bişirirlər. Buna ləzgi pitsası deyirlər. Buralarda “afar,” yəni ləzgi qutabı da hazırlayırlar. Çörək xəmirindən nazik yuxa yayır, dağdan və ya həyətdən toplanmış müxtəlif göyərtini xırda doğrayır, quru şor ya da pendirlə qarışdıraraq yuxanın üstünə düzürlər. Sonra üzərinə ikinci qat yuxanı da yayır və xərəkdə bişirirlər. Dadından  doyulmayan əvəzsiz  nemət ortaya çıxır. 

 

Tsıkan

Ləzgi mətbəxinin ən məşhur yeməyidir. O da xərəkdə bişir. Çörək xəmirindən hazırlanan kündələr yağla yoğrulur. Daha sonra kündə yayılır və dərin tavanın içinə döşənir. Əvvəlcədən  yağda qovrulmuş qıyma və xırda kartof parçaları qabın içinə tökülür. Onun üstünü də yuxayla örtür və xərəyin içində təxminən bir saat bişirirlər. Tsıkanın inqridientləri istəyə görə dəyişə bilər: tərəvəzdən, pendirdən, toyuq ətindən də hazırlanan tsıkanı burada yemək məsləhətdir. 

 

Ləzgi qonaqlığı

Xalq arasında geniş yayılmış belə bir deyim var. Əgər kiminsə evinə gedir, yemək yeyəndən dərhal sonra tələsik çıxıb getməli olursunuzsa, buna “ləzgi qonaqlığı” deyirlər. Ləzgilər özləri də bu məsələ gülür, “can, bala, nuş olsun” deyirlər. 

 

Turizm 

Rayonda qonaqların diqqətini çəkəcək elə də maraqlı yerlər yoxdur. Turist marşrutları ilə bağlı məlumat almaq üçün “Dostluq parkı”na getmək məsləhətdir. Bütün tarixi abidələrin və gəzilib-görülməsi gərəkən yerlərin hamısı kəndlərdə yerləşir. Amma mərkəzdə köhnə bir ev - muzey diqqəti çəkir. Bu, dahi rus yazıçısı və şairi Lermontovun vaxtilə yaşadığı evdir. İndi muzey kimi fəaliyyət göstərir. 

Respublikada mövcud olan 9 iqlim tipinin 4-nə Qusar ərazisində rast gəlinir. Əlverişli iqlim şəraiti burada kurortlar, istirahət zonaları və turist komplekslərinin təşkilinə geniş imkanlar verir.  Şahdağın anası Qusar  Azərbaycanın əsas istirahət guşələrindən biridir. Zəngin flora və faunası olan Qusarda ekoturzim üçün hər şərait var. Ekoloji marşrutları 3 istiqamətdə bölmək olar: 

 

Qusar - Qazanbulaq marşrutu

Bu istiqamətdə sahəsi 7 km olan Əlistan baba fıstıq meşəsi var. Marşrut boyunca yerləşən kəndlərdə qədim əl sənəti növlərindən parça üzərində tikmə, ağac üzərində oyma işlərini və məşhur “Sumax” xalçalarını əldə etmək olar.  

 

Qusar - Sudur marşrutu

Samur çayı boyunca uzanan bu marşrut istiqamətindəki  kəndlərdə  xalq sənəti nümunələrini əldə etmək, yerli əhalinin milli adət-ənənələrini, sim pəhləvanlarının çıxışını izləmək, əl işləri ilə tanış olmaq, ləzgi məişəti və folkloru ilə bağlı zəngin məlumat əldə etmək mümkündür. Samur çayı Rusiya ilə Azərbaycan arasında sərhəd rolunu oynayır. Ərazidə bəzi  kəndləri görməyə dəyər. 

 

Sudur kəndi 

Marşrutun son dayanacağı, eləcə də Qusarın ən son kəndidir. Dəniz səviyyəsindən 1800 m hündürlükdə Şahdağın ətəyində yerləşən Sudur füsunkar təbiətə malikdir. Dağ-turizm istirahət və sağlamlıq zonasının yaradılması üçün yaxşı potensial var. 

 

Hil kəndi 

Rayon mərkəzindən 17 km aralıda yerləşən Hil, 1960-cı illərə qədər rayon mərkəzi olub. 19-cu əsrdən qalma məşhur məscidi ölkə əhəmiyyətli tarixi abidələr siyahısındadır. Kəndin adı “gil” kəliməsi ilə bağlıdır. Torpağın tərkibində bol miqdarda gil var. 

 

Həzrə kəndi

XV əsrdə Şirvanda, onun şimal - şərq vilayətlərində sabitlik hökm sürürdü. Bu sabitlik,  Səfəvi sülaləsinə mənsub Şeyx Cüneyd və onun oğlu Heydər tərəfindən pozuldu. Şirvanı istila etmək niyyətinə düşən Şeyx Cüneyd “dinsiz çərkəzlərə qarşı cihad” şüarı altında Kür çayını keçərək Şirvana daxil olur. Şirvanşah Xəlilullah onun qarşısını kəsir və 1460-cı ildə Samur çayının sol sahilində Qıpçaq kəndində baş verən döyüşdə qızılbaş qoşunları məğlub olur. Şeyx Cüneyd döyüşdə həlak olur. Şeyxin müridləri onun cənazəsini Samur çayının sağ sahilinə gətirərək Gülxan kəndində dəfn edirlər. Söhbət Qusarın Həzrə kəndindən gedir. 

Marşrutun önəmli dayanacaqlarından olan Həzrə kəndi mərkəzdən 53 km məsafədədir. Adının mənası müxtəlif mənalara gəlir. “Həzrət” sözündən dəyişilmiş olan Həzrə kəndi əhalisini I Şah Abbas (1557 - 1628) İrandan Quba vilayətinə köçürüb və Şeyx Cüneydin qəbri ətrafında yerləşdirib.”

 

Şeyx Cüneyd türbəsi

Şah İsmayıl Xətainin babası Şeyx Cüneydin şərəfinə ucaldılmış türbə Həzrə kəndinin və Qusarın ən mühüm  tarixi - memarlıq abidələrindən sayılır. Buna Şıxcənnət məscidi də deyirlər. 1460-cı ildə Şirvanşah 1 Xəlilullahın qoşunları ilə vuruşmada həlak olmuş və burada dəfn edilmiş Ərdəbil şeyxi Cüneydin qəbri üzərindədir. Şeyx Cüneydin cənazəsinin qalıqları nəvəsi, Səfəvi hökmdarı  Şah İsmayıl  tərəfindən Ərdəbilə köçürüldükdən sonra, 1 Təhmasibin göstərişi ilə tikdirilib. Abidənin fasadındakı kitabədə 1544-cü ildə inşa edildiyi göstərilir.

Həzrə kəndi pəhləvanlarıyla məşhurdur. Burada Azərbaycan folklorunun ən populyar nümunələrindən olan “Sim pəhləvanı” tamaşalarını yaşadırlar. Bu milli bayramların vazkeçilməz oyunudur. Bəzən kənddə pəhləvanlara məşq edərkən də rast  gəlmək mümkündür. Qusarda rəqs folklor ansamblı fəaliyyət göstərir. 

 

Yuxarı Tahircal kəndi 

Mükəmməl təbiəti, çətin yolları olan dağ kəndidir. Əhalisi arıçılıqla məşğul olur. Kəndin emblemi arı pətəyidir. Kəndi əhatə edən meşələr meyvə ağacları, xüsusilə də cır alma ağacları ilə məşhurdur. Tahircal çayının üst, yuxarı dağlıq hissəsi qədim kənd ərazisidir. 1964-cü ildə burdakı zəlzələdən sonra gözü qorxan kənd camaatı nisbətən aşağı hissədə yerləşən çayın sol sahilinə tərəf köçməyə başlayıb. Samur - Dəvəçi kanalı açıldıqdan sonra yaranan yeni iş yerlərində çalışmağa gedən kənd camaatı tədricən buradan uzaqlaşıb. Əsasən yay aylarında kəndə axın çoxalır. Vaxtilə kənddə 3 məscid və bir neçə pir olub. Ateist kommunist rejimi illərində bunlar baxımsızlıqdan sökülüb gedib. Kəndin içində addımbaşı hər yerdə qəbirlər və onların içindəki müxtəlif insan sümükləri ilə qarşılaşmaq mümkündür. Çox böyük ölçüləri və formaları  ilə seçilən qəbirlərin içindən kənd sakinləri qiymətli metal əşyalar çıxdığını deyirlər.

Kənddəki ən qiymətli tarixi abidə 3 yaruslu nəhəng qəbiristanlıqdır. Ərazisi böyüklüyünə görə heyrətləndirir. Sanki nə vaxtsa burada böyük döyüşlər baş tutub və minlərlə insan həlak olub. Qəribədir ki, hamısına başdaşı qoyulub. Buradakı başdaşları da qəribə fərqli formalarıyla diqqət çəkir. Qəbirlərdən çıxan bəzi əşyaların tunc dövrünə aid olduğunu iddia etsələr də, ərazidə indiyədək elmi araşdırma aparılmayıb. 

 

Qusar - Laza - Suvar marşrutu 

Böyük hissəsi çınqıllı və daşlı yolu, yalnız yüksək keçidli avtomobillə getmək mümkündür. Bu marşrut üzrə hərəkət edərkən ilk dayanacaq Əniğ kəndi ola bilər. 

 

Əniğ kəndi 

Əniğ  yaşayış məskəni dağlıq zonada, Qusarçayın sağ sahilindədir. Qədim yaşayış yeridir. Nəhəng, əlverişli təbii maneələrə malik, hündür təpənin üzərində salınıb. Bu qalanın xristian - müsəlman müharibəsində dağıdılması haqqında rəvayət kənd sakinləri arasında bu günə qədər dolaşır. Əniğ yaşayış məskəni və buradakı qədim qala.  1288-də Hülakilər dövlətinin hökmdarı Arqun xanın qoşunlarındakı xristian - gürcü dəstələri Qızıl Orda qoşunlarını dəf edərkən Əniğdəki döyüşlərdə xüsusi fəallıqla iştirak ediblər. 

Rayon mərkəzindən 27 km cənub - qərbdə, Qusar - Zindanmuruq yolunun kənarında Qusar (Şahnabat) çayının sağ sahilində yerləşir. Qusarçay vadisi bu kəndin adı ilə “Əniğ dərəsi” adlanır və 9 kəndi əhatə edir. Şahdağın ətəyində yerləşən strateji əhəmiyyətli bu kənddə ərəb yürüşlərindən qorunmaq üçün orta əsrlərdə bir qala tikilib. Qala divarları kəndin içində bu günə qədər qalıb. Ərəb dilində yazılmış “Əbumüslümün tarixi” tarixi xronikasında X əsr Azərbaycan kəndlərinin bir neçəsinin, o cümlədən Əniğ kəndinin adı çəkilir. IX əsrdən mövcud olan Əniğ qalası divarlarının hündürlüyü 9.3, eni 2 metrdir. 

Yerlilərin rəvayətinə görə, kənd adını vaxtilə burada yaşamış Anığ ağanın adından alıb.

Digər fərizyyəyə görə isə, Əniğ hun tayfalarının adı ilə bağlı toponimdir. Əvvəllər ünüğ olub, sonra dəyişərək Əniğ formasını alıb. 

 

Mahalın Tacı 

Kəndin mərkəzində yerləşən məsciddir. Hindistandakı Tac-Mahala bənzədiyinə görə belə adlanır. Əniğdə gözəgəlimli,  dəbdəbəli evlər tikmək adəti çoxdan var. Deyilənlərə görə, bu məscidi tikdirən adam Hindistana səyahət zamanı Tac Mahalı görüb və elə bəyənib ki, öz kəndində buna bənzər məscid tikdirməyə qərar verib. Çiy kərpicdən tikilən məscidin 300-ə yaxın yaşı olduğunu söyləsələr də, üzərindəki lövhədə XIX əsrdə inşa edildiyi yazılıb. Məscidin divarlarındakı rəsmlər diqqəti çəkir. Bu rəsmlər heç yenilənməsə də, rənglər parlaqlığını itirməyib. Təbii boya və bitki köklərindən əldə edilmiş rənglərdən istifadə olunub. 

 

Dərviş baba piri

Əniğ kəndində bizim eranın I minilliyinə aid qəbiristanlıq var.  Qəbiristanlıqda Dərviş baba piri yerləşir. Dərviş baba dindar və xeyriyyəçi bir adam olduğu üçün xatirəsini indiyədək əziz tutan kəndlilər onun qəbrini ziyarət edirlər. Bu ərazidəki gümbəzvari pirlər elə alçaq tikilib ki, içəri daxil olunca əyilmək məcburiyyətində qalır və bununla da Dərviş babaya ehtiramlarını  göstərirlər. 

 

Laza kəndi

Ləzgicə Latsar deyirlər. Dağların arasındakı dərədə yerləşən kənd 2 hissədən ibarətdir. Ikinci hissəsi dağın o biri yamacında, Qəbələ rayonu ərazisində, Dəmiraparan çayı üzərində yerləşir. Deyirlər ki, məhz bu kəndin sakinləri oraya köç edərək yeni məskən salıb və yeni yerlərini də Laza adlandırıblar. Böyük Qafqaz sıra dağlarının, Şahdağ yüksəkliyinin (4242 metr), “Şah yaylaq” dağının ətəklərində yerləşir. Kənd Baş Qafqazdan keçən karvan yollarının üzərində yerləşir. 1800 metr yüksəklikdəki bu yerə “Kurve pereval” deyir yerlilər. Lazanın ən məşhur və tək tarixi abidəsi mərkəzdəki 300 illik məsciddir. Kənd əhalisi ləzgilərdir. Tarixi araşdırmalar zamanı aydın olub ki, ləzgilərin əcdadları sayılan leqlərin əsas etnik əraziləri indiki Dağıstanın cənubunda, Samur çayının sol sahilində mövcud olub. Yüzilliklər ərzində ləzgi tayfalarının bir hissəsi tədricən cənuba, dağətəyi zonaya doğru köç edib. 

Laza Azərbaycanın turizm baxımından ən maraqlı  kəndidir. Yay-qış kənd qonaqlarla dolu olur. Ən çox da xaricilərin rəğbət etdiyi yerdir. Kəndlilər turistləri evlərində saxlayırlar. Həyətlərdə tikilmiş xüsusi otaqlarda onların yaşaması üçün şərait yaradılıb. Xidmətlərə ev xanımlarının evdə hazırlayıb təqdim etdiyi qazan yeməkləri də daxildir. 

 

“Hacı Seyid baba” piri 

Kəndin ən diqqət çəkən yeridir. Burada maketə bənzəyən ucu şiş bir qaya var. Ətrafı xırda ağ daş, çınqıllarla doludur. Pirə gələnlər əvvəlcə ürəyində niyyət tutub, ayaqqabılarını çıxarıb, bu daşların üstü ilə 3  dəfə dövrə vurmalı və bu zaman yalnız arzusu haqqında düşünməli, heç nə danışmamalıdır. Daha sonra bu niyyəti təkrar edərək ərazidən çıxan bulağın suyundan içməlidir. Ritualdan sonra pir üçün müəyyən məbləğdə pul buraxmalıdır. Yerli əhali qayanın içində dəfn olunmuş müqəddəs məzarı bu günədək ziyarət edir. Adətən ziyarətdən sonra arzuları baş tutanlar buraya yenidən gələrək qurban kəsirlər. Adətə görə, qurban süfrəsinə qonaq edirlər. Etiraz hörmətsizlik sayılır. Qurban ətinin dadına baxmaq yaxşı əlamət sayılır. Bu ziyarətlər pikniki xatırladır. Rituallar isə xeyli əyləncəli olur. 

Laza ərazisində, təxminən 15 -20 km radiusda, aşağıda görməli ekskursiya məntəqələri var. “Çar” mağarası. Bu, 800 metr uzunluğunda olan Şahdağ massivinin qaya divarında şaquli vəziyyətdə bir dərin mağaradır. Qusar çayı üzərində olan qədim daş körpü - “Qönçi-Myux” körpüsü Şahdağ massivinin ətəyində yerləşən müqəddəs pir deyilən ziyarətgaha yalnız atla və ya piyada getmək olar.  Bunun üçün təlimatçıları  yaxınlıqdakı bazadan tapmaq mümkündür.

 

Türk kəndləri

Əhalisinin böyük əksəriyyətinin ləzgilər olduğu Qusarda sırf türklərin yaşadığı dörd kənd var: Bədişqala (13 km), Gündüzqala (15 km), Bədirqala (8 km), Həsənqala (10 km). Bu kəndlərlə bağlı maraqlı bir rəvayət var. Deyilənlərə görə, 16 - 17 -ci əsrlərdə Osmanlı imperiyasının Qara dəniz sahillərindən, Trabzon şəhərindən buraya köç etmiş 4 qardaş olub: Bədiş, Gündüz, Həsən və Bədir. Onlar buranı özlərinə məskən seçir və yerləşirlər. Öldükdən sonra doğmaları babalarının adını bu kəndlərə veriblər.   

 

Qış tətili

Ölkənin ən yüksək dağlıq ərazisi olan bu yerlərin təbiəti qışda çox gözəl olur. Noyabr ayında yağmağa başlayan qar mart ayına qədər qalır. Qış idman növləriylə məşğul olmaq üçün əla təbii potensial var. Xizəklə sürüşmək,  snoubord kimi qış idmanlarıyla, eləcə də dağçılıq, alpinizmlə məşğul olmaq, dağ yürüşləri keçirmək mümkündür. Burada ilin bütün fəsillərində xidmət göstərən Qış Olimpiya İdman Bazası yaradılması nəzərdə tutulur. 

 

Qoşa şəlalə

Təxminən 2000 metr yüksəklikdə yerləşən Qoşa şəlalə əraziyə xüsusi gözəllik verir. Bu tərəflərdəki şəlalələrin spesifik xüsusiyyəti var. Onlar qışda donurlar. Professional alpinist - idmançılar arasında qışda donan şəlalələrə dırmaşmaq üzrə yarışlar keçirilir. Bura yayda istirahətə gələnlərin də vazkeçilməz istirahət məskənidir. 

 

“Ləzginka” rəqsi

Qarmon və nağara ilə ifa olunan ən populyar etnik rəqsdir. Qafqaz xalqlarının rəqslərinə verilən ümumi addır. Burada hər yerdə hamı yalnız ləzginka oynayır. Yüksək temperamentli rəqs olan ləzginkanın əsas xüsusiyyəti və çətinliyi baş barmağın üstündə oynanmasıdır. Bir ləzgi qızının şərəfinə qoşulmuş rəqs kimi izah edilsə də, əksəriyyət bu fikri qəbul etmir. Ləzginkaya ləzgilər “ləzgi həngi” də deyirlər. Folklorşünaslar bunun həzin düşündürücü rəqs olduğunu, səhnədə rəqqasların hərəkət və mimikalarıyla tarix danışdığını və hər rəqsin öz hekayəti olduğunu deyirlər. Öyrənirik ki, cigit, çoban oyunları və məhəbbət məzmunlu rəqslər var. Ləzginka oynayarkən, ortada (səhnədə) durna kimi süzülən xanımlara tamaşa etmək başqa zövqdür. Rəqsləri izləyərkən insanın qanı qaynamağa başlayır. Bıçaqlarla olan səhnələr və qılıncoynatma ilə bağlı elə tryuklar var ki, onları öyrənincəyədək ifaçılar dəfələrlə zədələnir, yaralanırlar. Xorla  “ups - a!” və “ass-a!” nidaları çıxınca yerində durmaq mümkün deyil. Bəzən solo oynayan oğlanlar özlərini yerə elə atırlar ki, təkrar ayağa qalxacaqlarına şübhə edirsən. Amma onlar yenidən qalxır və eyni temperamentlə rəqsə davam edirlər. Bunu izləməyə dəyər.



MƏSLƏHƏT GÖR:

600