
XEYİRXAH İŞLƏRLƏ DÜNYANI DƏYİŞƏNLƏR …
Heydər Əliyev Fondunun fəaliyyət fəlsəfəsinin əsasında yalnız bu ali niyyətlər durur
Müəllif: Vüqar BEKTAŞ Bakı
Bu gün Azərbaycanda çox sayda qeyri-hökumət təşkilatları (QHT), assosiasiyalar və birliklər, fondlar və siyasi partiyalar fəaliyyət göstərir. Və demək olar ki, onların hamısı ən xoş məqsəd və məramları olduğunu deyirlər. Amma təcrübə göstərir ki, heç də həmişə onların bəyan etdiyi məramlar real işlə üst-üstə düşmür. Amma, nə yaxşı ki, istisnalar da var.
Haqqında danışacağımız təşkilatı xüsusi təqdim etməyə elə də ehtiyac yoxdur. Qısa fəaliyyət dövründə o, özünü nəinki ölkə səviyyəsində, həm də dünya miqyasında tanıtmağa nail oldu. Söhbət artıq 5 yaşını qeyd edən Heydər Əliyev Fondundan gedir.
Fondun tarixi haqda danışmazdan öncə, qurumun strategiyasının əsaslarına diqqət yetirməmiz yerinə düşərdi. Hamımız ötən yüzilliyin 90-cı illərinin əvvəlində Sovet İttifaqının dağılması ilə Azərbaycanda yaranmış ideoloji boşluğu yaxşı xatırlayırıq. O, qara bulud kimi Azərbaycanın müstəqilliyinin, onun etnoqrafik rəngarəngliyinin, milli və mədəni dəyərlərinin başı üstünü almış və bütövlükdə müstəqil Azərbaycanın gələcəyini real təhlükə altında qoymuşdu. Məhz bu çətin dönəmdə xalq çıxış yolunu Azərbaycanın ümummilli lideri Heydər Əliyevdə gördü. Milli lider gəlişi ilə təkcə dövlətçiliyin məhvinin deyil, həmçinin insanlardakı mənəvi - ideoloji boşluğun da qarşısını almış oldu.
Müstəqillik yolunda ilk addımlarını atan gənc bir dövlət üçün xüsusi önəm daşıyan bu yeni xətt - azərbaycançılıq fəlsəfəsi idi və Heydər Əliyev xalqı bu fəlsəfənin ətrafında birləşdirərək, öz ölkəsinin yüksələn xətlə inkişafının əsasını qoydu.
Azərbaycançılıq fəlsəfəsi bu gün Azərbaycan prezidenti İlham Əliyevin davam etdirdiyi həmin siyasətin əsasında durur. Ancaq belə məsələlərdə yalnız dövlət başçısının səyləri ilə məhdudlaşmaq təbii ki, yetərli olmaz. Qloballaşmış dünyada azərbaycançılıq fəlsəfəsinin önəmini qeyd etmək, müəllifi Heydər Əliyev olan milli dövlətçilik ideyalarını gələcək nəsillərə ötürmək üçün cəmiyyətin bütün təbəqələrini hərəkətə gətirmək lazım idi. Ümummilli liderin adını daşıyan Fond məhz bu təbii səbəblərdən yarandı.
Bu gün Heydər Əliyev Fondunun məqsəd və öhdəlikləri, üzərinə götürdüyü missiya haqda ayrıca uzun-uzadı dayanmağa gərək yoxdur. Mənzərənin aydın olması üçün beş il ərzində görülən işlərlə tanışlıq yetərlidir.
Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması işindən başlamaq daha yerinə düşərdi. Bütün dünya üzrə erməni təbliğatının Azərbaycanı qaraladığı bir zamanda Heydər Əliyev Fondu səmərəli və çağdaş təbliğat üsullarına əsaslanan yeni bir cəbhə açmış oldu. Dünyaya yeni yanaşma, çağdaş texnologiyaya əsaslanan və məlumatların tamamilə fərqli çatdırılma üsulları təqdim edildi. "Qarabağ gerçəkləri" buklet toplusunun təqdimatında Fondun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva demişdi: "İdeoloji iş ardıcıl, fəal və zamanın tələblərinə cavab verən fəaliyyət tələb edir. Çağdaş dünyada böyükhəcmli kitablara marağın az olduğunu nəzərə alaraq, biz daha kiçik formata üstünlük verdik, bizim toplu beş bukletdən ibarətdir. Burada Qarabağın tarixi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlaması, bunun nəticəsində ölkəmizə dəymiş zərər, Xocalı soyqırımı və ermənilər tərəfindən törədilmiş terror aktları barədə çox dəqiq məlumatlar toplanıb. Bu nəşr beynəlxalq topluma ünvanlanıb, buna görə də ingilis, fransız, alman, ərəb və rus dillərində çap ediləcək. Bukleti əlinə almış hər bir kəs qısa bir zamanda ədalətli və mötəbər faktlara əsaslanan məlumatları əldə edə biləcək".
Göründüyü kimi, beynəlxalq təbliğat məsələsində keyfiyyətcə yeni yanaşmadan söhbət gedir. Bu əməyin başqa bir nəticəsi ingilis dilində çap edilmiş "Azərbaycan əleyhinə müharibə: mədəniyyət irsi nişana götürülüb". Kitabda Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə Azərbaycanın tarix və mədəniyyət abidələrinə qarşı erməni vandalizmi aktlarından bəhs edilir. Bu istiqamətdə fəaliyyətin ardıcıllığını 20 Yanvar faciəsi, Xocalı soyqırımı və Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqəli başqa faicəli hadisələrlə bağlı Fondun gerçəkləşdirdiyi müxtəlif aksiyalar da xəbər verir. Yalnız bu il Fond tərəfindən hazırlanmış materiallar dünyanın 50-dən çox ölkəsində Xocalı soyqırımının 17-ci ildönümünə həsr edilmiş tədbirlərdə yayılıb. Erməni terrorçularının dinc əhaliyə divan tutmasından bəhs edən "Xocalı soyqırımı" sənədli filmi də dünya ictimaiyyətinin mühakiməsinə verildi. Bu materiallar Ermənistan-Azərbaycan münaqişəsinin tarixindən xəbəri olmayan əcnəbilərə Azərbaycanın düşdüyü durumu obyektiv qiymətləndirməyə tam imkan verir.
Bu məsələdə çox önəmli bir addım da ölkədə analoqu olmayan Azerbaijan.az internet-portalının yaradılması oldu. Yarandığı gündən Ermənistanda böyük narahatlıq yaratması portalın fəaliyyətinin effektivliyindən xəbər verir, bunu erməni elektron nəşrləri də gizlətmirdilər.
"Qarabağ xanəndələri" musiqili albomunu buraxan Heydər Əliyev Fondu bütün dünyaya çağdaş Azərbaycanı onun qədim kökləri ilə bağlyan qırılmaz tellərin olduğunu nümayiş etdirdi. Bakıda Beynəlxalq Muğam Mərkəzinin tikintisinə təşəbbüs qaldıraraq, muğam ifaçılarının iki müsabiqəsini və 2009-cu il martın 18-dən 25-nə kimi baş tutmuş Beynəlxalq Muğam Festivalı keçirən Heydər Əliyev Fondu heç bir diplomatik termin istifadə etmədən, hamıya anlaşıqlı bir dildə Azərbaycan xalqının Şərq musiqisinin bu janrına layiqli və şəriksiz varis olduğunu ortaya qoydu. Bütövlükdə, Fondun beşillik fəaliyyəti dövründə Azərbaycan dünya toplumunun gözündə tarixi, mədəni və mənəvi dəyərlərin daşıyıcısı kimi yüksəlməyi bacardı.
"Mədəni irs - hər bir xalqın fəxridir. Mədəni irsin nəsildən-nəsilə keçməsində və qorunmasında önəmli olan çoxsaylı amillərin içində əsas rolu ədəbiyyat və dil oynayır. Dil və ədəbiyyat müstəqil dövlətin yaranmasında çox önəmli amillərdir. Əgər bizim tarixə müraciət etsək, görərik ki, Azərbaycan önəmli geosiyasi məkanda yerləşir və yüzilliklərboyu müxtəlif imperiyaların içində olub. Amma bu çətinliklərə baxmayaraq, biz öz mədəniyyətimizi, adətlərimizi və ənənələrimizi, milli dəyərlərimizi qoruya bilmişik. Bu, bizim milli özünəməxsusluğumuzun itirilməsinin qarşısını alıb. Biz onu qorumuşuq və güclü müstəqil dövlətə çevrilmişik", - deyə Mehriban Əliyeva öz çıxışlarının birində bildirib.
YUNESKO, İSESKO və başqa beynəlxalq təşkilatlarla sıx əməkdaşlığın qurulması dünyanın Azərbaycanı müsəlman Şərqinin "Avropa"sı kimi tanımasına imkan yaratdı. Avropa teatrları yenidən müsəlman Şərqinin ilk operasını - Üzeyir Hacıbəyovun "Leyli və Məcnun"unu, tanınmış yazıçılarımızın əsərlərini, muğam ifaçılarını alqışladılar. Dünya bildi ki, Azərbaycan Üzeyir Hacıbəyov, Qara Qarayev, Səttar Bəhlulzadə, Mstislav Rostropoviç kimi tanınmış mədəniyyət xadimlərinin vətənidir. Bir sözlə, mədəni irsin qoruması və populyarlaşdırılması sahəsində Fondun beynəlxalq əməkdaşlıq fəaliyyətini izləməklə, bu qurumun Azərbaycanın kənar dünya ilə mədəni bağlarının bərpasında oynadığı rolu dəqiq görmək olar.
Bununla yanaşı, Heydər Əliyev Fondu sivilizasiyalararası dialoqun inkişafına da öz yardımını edir. Bakıda "Mədəniyyətlərarası dialoqda qadının rolunun genişləndirilməsi" və "Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bu günü" mövzularında beynəlxalq forumların keçirilməsini, "Gənclər sivilizasiyalar alyansı uğrunda" beynəlxalq konfransın təşkil edilməsini və başqa tədbirləri buna sübut kimi göstərmək olar. Fondun prezidenti Mehriban Əliyeva, demək olar ki, mədəniyyətlərarası dialoqa həsr edilmiş bütün beynəlxalq tədbirlərdə fəal iştirak edir: "İstinad nöqtəsi kimi bugünkü dünyanı, bu gün əlimizdə gerçəkliyi götürməliyik, bu gerçəkliyin səbəblərini şərh etmədən bunu etməliyik. Sivilizasiyaların, xalqların və ayrı-ayrı insanların bir-birini dinləməsinə və başa düşməsinə nə mane olduğunu və onlara necə yardım etməyi anlamağa çalışmalıyıq",- deyə Mehriban Əliyeva mədəniyyətlərin dialoqundan söz düşəndə bildirir.
Azərbaycan mədəniyyətinin, elminin, təhsilinin, ekologiyasının, səhiyyəsinin və idmanının inkişafına, həmçinin Fond tərəfindən həyata keçirilən xeyriyyə aksiyalarına gəldikdə isə, bu, yetərincə irimiqyaslı fəaliyyətdir və bir məqalə çərçivəsində bütün layihələrin adlarını və əhəmiyyətini açıqlamaq, demək olar ki, mümkün deyil. Amma onlardan birinə mütləq toxunmaq lazımdır. Məsələn, "Yeniləşən Azərbaycana yeni məktəblər" proqramının bütün regionda analoqu yoxdur. Qonşu ölkələrin heç birində son illərdə Azərbaycanda olduğu qədər məktəb inşa edilməyib. Yalnız son üç ildə ölkədə 1300 orta ümumtəhsil məktəbi tikilib və onların 237-i Heydər Əliyev Fondu tərəfindən istismara verilib. Bütün məktəblər çağdaş avadanlıqla, kompyuter sinifləri ilə təchiz edilib. Azərbaycanın hətta ən yüksək dağ kəndlərində belə yeni məktəblər tikilib, onlarca məktəb təmir edilib. Fondun perzidenti Mehriban Əliyeva gələcək nəsillər üçün təhsilin rolunu aşağıdakı kimi dəyərləndirir: "Təbii zənginliklərdən və kapitaldan fərqli olaraq, intellektual resurslar öz məğzi etibarilə tükənən deyil. Milli intellektual elitanın olması bu gün fundamental önəm daşıyır".
Bütövlükdə, Heydər Əliyev Fondunun fəaliyyətinin əhatə dairəsini hansısa bir kateqoriyalara bölmək çətindir. Bu təşkilatın layihələri həm əhalinin aztəminatlı təbəqələrini, qaçqınları və məcburi köçkünləri, həm də alimləri, idmançıları, ədəbiyyat və incəsənət təmsilçilərini əhatə edir. Səhiyyə ilə bağlı layihələrə xüsusi diqqət yetirilir: uşaqlara, şəkərli diabetdən əziyyət çəkənlərə yardım, talassemiyanın və başqa irsi xəstəliklərin ləğvi, zəif görən insanların cəmiyyətə inteqrasiyası ilə bağlı layihələr xüsusi diqqətə layiqdir.
Fond həmçinin dünyanın təbii fəlakətlərdən və münaqişələrdən zərər görmüş müxtəlif ölkələrində humanitar missiyalar da yerinə yetirir. Yalnız bunu qeyd etmək lazımdır ki, Pakistanın Müzəffərabad şəhərində Heydər Əliyev Fondunun vəsaiti ilə orta məktəb tikilib və 2008-ci ilin əvvəlində istismara verilib.
"Hər bir adamın öz fəlsəfəsi var. Zəruri deyil ki, o, bu fəlsəfəni sözlərlə ifadə etsin. O, bu və ya başqa şəkildə onun əməllərində, işlərində özünü göstərir. Bizim Fondumuzun da belə fəlsəfəsi var. Bu fəlsəfənin əsasında çox sadə ideya, iş dayanır: insanlara xeyir gətirmək. Əgər hər bir insan yalnız çətin anlarda deyil, gündəlik həyatda da özünə qarşı xeyirxah münasibət hiss edərsə, bu, onun həyatına tamam fərqli məzmun gətirər. Mən inanıram ki, xeyirxah işlərlə dünyada çox şeyi yaxşılığa doğru dəyişmək olar",- deyə Mehriban Əliyeva öz çıxışlarının birində bildirib.
Məhz insanlara bu cür münasibətinə görə Heydər Əliyev Fondu dövlətçilik, azərbaycançılıq fəlsəfəsini inkişaf etdirməklə cəmiyyətdə layiqli yer tuta bildi. Və bunlar gurultulu sözlər deyil, beşillik tarixi əks etdirən faktlardır. "Bizim mövqemiz həmişə belə olub ki, hər bir qurumu, hər bir təşkilatı, hər bir strukturu gurultulu ifadələr, təriflər və parlaq deyimlər deyil, görülən iş və əldə edilən nəticələr tanıtmalıdır",- deyə Fondun prezidenti bildirir.
MƏSLƏHƏT GÖR: