
UĞURLU BAŞLANĞIC
Futbol üzrə Azərbaycan millisi yeni baş məşqçisi ilə ilk oyunda qələbə qazandı
Müəllif: Sənan NADİROĞLU Bakı
Futbol üzrə milli komandamız 2016-cı ildə keçiriləcək Avropa Çempionatının seçmə mərhələsində ilk qələbəsini qazandı. Bakıda Maltayla keçirilən matçda Robert Prosineçkinin rəhbərlik etdiyi yığma baxımlı oyun sərgiləməsə də, vurduğu iki qolla 3 xala sahib çıxmağı bacardı.
Azərbaycan yığması haqqında danışdıqda əvvəlcə baş məşqçi Robert Prosineçkinin ilk rəsmi oyuna hansı heyətlə çıxması sual doğurur. Qapıçı Səlahət Ağayevin zədəli olduğunu nəzərə alsaq, Kamran Ağayevin ilk dəqiqələrdən meydanda olması gözlənilən idi. Müdafiə Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev və Arif Daşdəmirova tapşırılmışdı. Mərkəzdə Rahid Əmirquliyev, Qara Qarayev və Cavid Hüseynov oynadı. Namiq Ələsgərovla Əfran İsmayılov cinahlarda, hücumun sivri ucunda isə Vüqar Nadirova etimad göstərildi. Maraqlıdır ki, Robert Prosineçki Medvedevə şans verməklə təcrübəli Mahir Şükürovu ehtiyatda saxlamağı düzgün hesab etdi. Oyun göstərdi ki, start heyət kiçik nöqsanlar nəzərə alınmadan doğru seçilib.
Oyun meydan sahibləri üçün çox yaxşı başladı. Millimizin ilk hücumu hesabın açılması ilə nəticələndi. Namiq Ələsgərovun cinah ötürməsi Cavid Hüseynovun topu tora atmasıyla başa çatdı və milli hesabda önə keçdi. Maltanın qapıçısı Endryu Hoqun topun qarşısını almasına, demək olar ki, heç bir şansı yox idi. Azərbaycan millisi erkən qoldan sonra daha inamlı təsir bağışlasa da, fərqi artırmaqda çətinlik çəkdi.
İkinci qolu vurmaqda çətinliklə üzləşən futbolçularımız fasilədən sonra topu saxlamaqla oyuna nəzarət etməyə başladı. Bu dəqiqələrdə komandamızın oyunundan aşkar səhvlər matçın taleyini həll edə bilərdi. Zəif rəqiblə oyunda top saxlayan futbolçularımız səhvə yol verdikləri zaman Malta əks-hücuma keçirdi. Bu hallarda yığmamızı qapıçı Kamran Ağayevin təcrübəsi xilas edirdi. Etiraf edək ki, zəif rəqiblə oynamağımıza baxmayaraq, Ağayev iki dəfə millini real qoldan xilas etdi. Qapımız qarşısında real qol epizodunun yaranmasına müdafiə xəttinin yol verdikləri səhvlər səbəb oldu.
Millinin çaşqınlığını görən Robert Prosineçki Əfran İsmayılovun əvəzinə meydana hücumçu Dmitri Nazarovu buraxdı. Dəyişiklik öz bəhrəsini verdi. Nazarov görüşün son dəqiqələrində rəqib müdafiəçiləri aldadaraq topu qapıçı üçün əlçatmaz olan uzaq küncə yollamaqla yekun hesabı müəyyənləşdirdi. Yekunda milli Maltaya 2:0 hesabıyla qalib gəldi.
Oyun baxımından millidə debüt edən Ruslan Qurbanovu qeyd etmək vacibdir. Xorvatiyanın "Hayduk" klubunda çıxış edən Qurbanov inamlı təsir bağışladı. "Qarabağ"ın futbolçusu Namiq Ələsgərov da yığmaya lazım olduğunu göstərdi. Təəssüf ki, oyun zamanı zədələnən Ələsgərov stadionu komanda yoldaşlarının köməyi ilə tərk etdi. Onun bir müddət meydana çıxa bilməyəcəyi dəqiqdi. İspaniyanın "Qranada" klubunun şərəfini qoruyan Eddi İsrafilovun meydanda heç nə ilə fərqlənmədiyini də söyləmək lazımdır. Son 20 dəqiqədə meydanda olan soydaşımızın ideal formada olmadığı hiss olundu. Qalib mühakimə olunmur, bu mənada yığmamızın 2:0 hesablı qələbəsi sevindiricidir. Bununla belə, Maltaya qarşı göstərilən oyun bizləri arxayınlaşdırmamalıdır. Çünki növbəti rəqib Maltadan bütövlüklə fərqlənən Norveç olacaq.
Bu oyun Robert Prosineçkinin Azərbaycan millisində ilk rəsmi oyunu oldu. İlk dəfə yığmamızın yeni baş məşqçisi ilk oyunda qələbə qazandı. Bəlkə də elə buna görə baş məşqçi yığmanın oyunundan razı qaldığını bildirib: "Oyundan razı qaldım. Komanda əlindən gələni etdi. Ancaq bundan yaxşı çıxış edə bilərdik. Azərbaycan millisi bundan artığına qadirdir. Mənim öz futbol fəlsəfəm var. Daha yaxşısını mən bilərəm. Namiq Ələsgərovun zədələnməyi planlarımızı pozdu. Ancaq hücum xəttindən razı qaldım. Sözsüz ki, psixoloji təzyiq var idi. Çünki əvvəlki dörd oyunda komandamız uduzub. Təbii ki, 90 dəqiqə hücum etmək də olmaz. Bəli, səhvlərimiz oldu. Ancaq nəzərə almalıyıq ki, üç futbolçu ilk dəfə idi ki, millidə rəsmi oyuna çıxdı. Bilirdim ki, Malta ilə oyun çətin olacaq. İtaliya bu komandaya çətinliklə qalib gəldi. Rəqib ikinci hissədə bizdən güclü idi. Malta istənilən komandaya çətinlik yarada bilər. Futbolda hər şey mümkündür. Rəqib hesabda önə də keçə bilərdi. Hər bir məşqçinin B planı var. Mənim də öz planım var idi. Ancaq bunu açıqlamaq istəmirəm. Bundan sonra daha yaxşı oyunlarımız olacaq. Mən çalışıram ki, komandamızı hər cəhətdən inkişaf etdirəm".
Əsas yığmayla yanaşı, 17 və 19 yaşlılardan ibarət komandalarımız da vacib oyunlarda meydana çıxdı. Nikolay Adamın rəhbərlik etdiyi 19 yaşlılardan ibarət yığmamız Fransada Avropa çempionatının ikinci seçmə mərhələsində uğursuzluğa düçar oldu. Fransaya 0:2, İngiltərəyə 0:1 hesabıyla uduzan təmsilçimiz növbəti mərhələyə çıxmaq şansını vaxtından əvvəl itirdi.
17 yaşlılardan ibarət yığmamız isə Avropa Çempionatının elit-raundunda mübarizə apardı. Bakıda baş tutan oyunlarda Mirbağır İsayevin komandası ən zəif komanda olduğunu sübut etdi. Yeniyetmələrimiz Xorvatiya və Serbiyaya 0:4, Portuqaliyaya isə 0:3 hesabıyla uduzmaqla qrupda haqlı olaraq sonuncu yeri tutdu. Komandamız 3 oyunda qapısından 11 top buraxmaqla hələ bu səviyyədə oyunlara hazır olmadığını göstərdi. Təsadüfi deyil ki, elit-raundun oyunlarından sonra U-17-nin baş məşqçisi Mirbağır İsayev istefa verib. "Komanda 3 oyunda 11 qol buraxdı. Buna görə də istefa verdim. Öz komandama üzüldüm. Əvvəldən yer aldığımız qrupun güclü olduğunu bilirdik. Heç kim qarşıma mərhələ adlamaq tapşırığı qoymamışdı. Özüm mərhələni keçmək istəyirdim. Mən məğlubiyyətə yox, komandamın acizliyinə üzülürəm. Özümü hamıdan çox qınayıram. Çünki bu təlim-məşq toplanışında komandaya bir qədər boşluq vermişdim. Halbuki heç vaxt belə işləməmişəm. Hər zaman mənim komandamda nizam-intizam güclü olub. Bu dəfə Bakıda oynayırdıq deyə uşaqlara çox təzyiq etməmək qərarına gəldim. İndi də özümə bağışlamıram ki, komandanı bir az boş buraxdım", - deyərək M.İsayev "R+"a bildirib.
MƏSLƏHƏT GÖR: