
İSRAİLİN SEÇİMİ
Yəhudi dövlətinin vətəndaşları Netanyahunun sərt xarici siyasət kursuna dəstək verirlər
Müəllif: İrina XALTURİNA Bakı
İsraildə keçirilmiş növbədənkənar parlament seçkilərində "Likud" partiyası və onun rəhbərlik etdiyi sağ düşərgə "böyük qələbə" əldə edib. Seçkilərin nəticələrini "Likud"un lideri və İsrailin hazırkı baş naziri Benyamin Netanyahu məhz belə şərh edir.
"Likud" 120 yerlik Knessetdə 30 mandata, onun əsas rəqibi, İshaq Hersoqun rəhbərlik etdiyi sol-mərkəzçi "Sionist düşərgə" isə 24 mandata sahib çıxıb.
Gördüyümüz kimi, "Likud" nəinki parlamentdəki mövqelərini itirməyib, əksinə, daha da möhkəmləndirib: əvvəlki parlamentdə partiyanın cəmi 18 mandatı var idi. Sonrakı yeri 14 mandatla "Birləşmiş ərəb siyahısı" bloku tutub. Bu, artıq presidentdir: ərəb partiyaları, nəhayət ki, daxili fikir ayrılıqlarını bir kənara qoymağı və İsrail dövlətinin tarixi boyu ilk dəfə birləşməyi bacarıblar.
İlk dəfə seçkilərdə iştirak edən, sosialyönümlü "Kulanu" partiyası (lider Moşe Kaxlon) 10 mandat qazanıb.
Sağ milli-dini "yəhudi evi" 8 mandat əldə edib. Ötən parlamentdə 20 mandatı olan maliyyə naziri Yair Lapidin "Yeq Atid" mərkəzçi partiyası bu dəfə 11 yer, əvvəlki heyətdə 11 mandatı olan XİN başçısı Aviqdor Libermanın rəhbərlik etdiyi rusdilli israillilərin "İsrail - bizim evimizdir" partiyası isə 6 yerlə kifayətlənməli olub. Xatırladaq ki, hər iki partiya hakim koalisiyaya daxildir. İsrail KİV səsverməyə rekord sayda seçicinin (71 faizdən çox) qatıldığına diqqət yetirərək qeyd edir ki, bu dəfə israilli ərəblər də (onlar ölkə əhalisinin 20 faizə yaxınını təşkil edirlər) öz səsvermə hüququndan aktiv istifadə ediblər.
Yeri gəlmişkən, Netanyahu bu faktdan öz lehinə istifadə etməyi bacarıb və yəhudi ictimaiyyətinin radikal əhval-ruhiyyəli hissəsini səfərbər edə bilib.
İstənilən halda, yeni hökuməti formalaşdırmaq üçün partiyalardan heç biri tələb olunan sayda mandata malik deyil, çünki yerli qanunvericiliyə görə, hökuməti 120 yerdən ən azı 61-nə sahib çıxmış partiya qurmalıdır. Odur ki, Netanyahu (yeri gəlmişkən, o, hakimiyyətə uzaq 1996-cı ildə gəlib və müəyyən fasilələrlə ölkəni idarə edir) artıq yeni koalisiyanın qurulması üçün digər sağ-mərkəzçi partiyalarla danışıqlara başladığını açıqlayıb.
Beləliklə, seçkidən əvvəl "Sionist düşərgə"nin qələbəsini proqnozlaşdıran, onun hətta "Likud"u böyük fərqlə üstələyəcəyini düşünən politoloqlar yanıldılar. Hərçənd, İsxah Gersoqun rəhbərlik etdiyi və ədliyyə naziri Tsipi Livninin də daxil olduğu müxalfət bloku mövqelərini bir az (3 mandat) gücləndirə bildi. Gersoqun sözlərinə görə, seçkilərin nəticələri onun alyansının nüfuzunu və partiyanın mövqeyinə etinasız yanaşmağın mümkün olmayacağını göstərir.
Ümumilikdə isə, "Sionist ittifaq" və "Likud"un finişə, demək olar ki, eyni göstəricilərlə çatması, İsrail cəmiyyətindəki parçalanmadan xəbər verir. Belə ki, "Likud"un sərt mövqeyindən fərqli olaraq, "Sionist düşərgə" bloku daha mötədil mövqe nümayiş etdirir, üstünlüyü xarici təhlükələrə yox, sosial islahatlar və iqtisadiyyata verir. Düzdür, "sionistlər" də İranın nüvə silahı əldə etməsinə qarşı çıxırlar, amma bunu Netanyahuya xas olan əsəbilik və həyəcanla nümayiş etdirmirlər. Blok fələstin-İsrail münaqişəsinin həllini "iki xalq üçün iki dövlət" (1967-ci il səhədlərinə qayıtmadan) formulunda görür. Amma seçki kampaniyası zamanı Hersoq və Livni daha çox mənzil , təhsil və səhiyyə problemlərindən danışıblar.
"Likud" isə əksinə, seçkiqabağı bəyanatlarında, əsasən, milli təhlükəsizlik məsələlərinə önəm verib. Netanyahu xüsusilə fələstinlilərlə münaqişənin nizamlanması məsələsinə sərt yanaşır: o fələstin dövlətinin yaradılmasını, Qüdsün "iki xalq üçün iki dövlət" prinsipi əsasında bölünməsini birmənalı şəkildə mümkünsüz sayır, İordan çayının qərb sahillərində yeni yaşayış məskənlərinin tikintisini dayandırmaqdan qətiyyətlə imtina edir. Baş nazir əmindir ki, müstəqil Fələstin İsrail üçün böyük təhlükə mənbəyi olacaq, çünki yeni dövlət radikal islamizm üçün sığınacaca çevriləcək. Xüsusilə də, son vaxtlar ərzində "İslam dövləti" qruplaşmasının haralara qədər irəliləməsi fonunda bu problem daha aktual görünür. Düzdür, hələlik "İŞİD" Yaxın Şərq münaqişəsinə aktiv müdaxilə etmir, amma istənilən halda, ətraf ölkələrdə bu cür qeyri-sabitliyin yaşanması İsrail üçün təhlükə deməkdir. Netanyahu sərt mövqeyini əsaslandırmaq üçün tez-tez İsrail ordusunun çıxarıldığı Qəzza sektorunu misal çəkir. Və seçkilər göstərdi ki, israillilərin böyük hissəsi onun bu arqumentlərinə inanır.
Netanyahu İranın nüvə proqramı ilə bağlı da olduqca barışmaz mövqedən çıxış edir. O, dəfələrlə xəbərdarlıq edib ki, Tehran istənilən an nüvə bombası əldə edə bilər və israillilər əllərindən gələni etməlidirlər ki, buna yol verməsinlər. Netanyahu, hətta bu cür sərt ritorikası ilə bəzən İsrailin xarici tərəfdaşlarını qorxutduğunun da fərqində deyil. Son vaxtlar bu ölkənin Avropa və ABŞ-la münasibətləri kifayət qədər soyuyub". Bəzi analitiklərin fikrincə, Barak Obama ilə Netanyahu arasında qarşılıqlı antipatiya var və İsrailin baş nazirinin ABŞ Konqresindəki son çıxışı bunu sübut edir. B.Obama və bir çox demokrat konqresmenlər Netanyahunun İranla danışıqlardan imtinaya çağırışlarını dinləmək üçün heç Konqresə gəlməyi belə lazım bilmədilər. İndi isə Obama administrasiyası hətta bildirir ki, İsrail ABŞ-ın BMT TŞ-dakı dəstəyindən məhrum ola bilər (söhbət Amerikanın anti-İsrail qətnamələrinə veto qoymasından gedir). Amma unutmayaq ki, Vaşinqtonda Obamanın mövqeyi heç də həlledici deyil - Netanyahunun çıxışı zamanı Konqres zalı dolmuşdu, onun çıxışı dəfələrlə alqışlar doğurdu və baş nazirin İsraildəki tərəfdarları da o qədər fərəhləndilər ki, seçkilərdə "Likud"u yenidən hakimiyyətə gətirdilər.
Avropalı siyasətçilər arasında heç də hamı İsrail hökumətinin qərb sahilində yaşayış məskənlərinə dair planlarını bəyənmir. Eyni sözləri "İsrail dövlətinin milli xarakteri" haqqənda qanun (bu qanun ərəbcəni dövlət dili statusundan məhrum edir) barədə də söyləmək olar. Yeri gəlmişkən, İsraildə parlament seçkilərinin vaxtından 2 il tez keçirilməsinə səbəb də məhz elə bu qanun oldu - Netanyahu qanuna qarşı çıxan 2 naziri istefaya göndərməklə, növbədənkənar seçkilərə yol açmış oldu. Tənqidçilər isə əmindirlər ki, sözügedən qanun yəhudi və ərəb əhalisi arasında onsuz da dərin olan uçurumu bir az da dərinləşdirəcək.
Odur ki, Fələstin Milli Administrasiyasının (FMA) "Likud"un qələbəsinə çox mənfi reaksiya verməsi o qədər də təəccüblü deyil. Fələstin tərəfini danışıqlarda təmsil edən Saib Erekat bildirib ki, FMA İsraildəki seçkilərin nəticələrini "sülh prosesinin davam imkanının dəfni" kimi qəbul edir. Onun sözlərinə görə, fələstinlilər anladılar ki, İsrail "hökm və yaşayış məskənləri" siyasətini davam etdirəcək. Belə olarsa, Fələstin tərəfi Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qoşulmaq strategiyasını davam etdirmək və İsrailin BCM-da məsuliyyətə gəlb ounması prosesini sürətləndirək əzmindədir.
Yeri gəlmişkən, belə bir rəy də var ki, İsrail tezliklə Fələstin problemini həll etməli və İranla "İŞİD"in güclənməsindən qorxan ərəb dövlətlərinin dəstəyini almağa çalışmalıdır. Amma Netanyahu və onun komandası buna belə cavab verir ki, bu cür taktika yalnız qısamüddətli xeyir gətirər. Həmçinin qeyd olunur ki, beynəlxalq təzyiqlər qarşısında dövlətin maraqlarını güdmək asan məsələ deyil. "Likud" daxili problemlərə etinasız yanaşmaq haqda ittihamları da əsassız sayır və xatırladır ki, İsraildə sabit iqtisadi artım var, ölkə səhiyyəsi dünyada ən yaxşılar sırasındadır, üstəlik, koalisiyaya qoşulacaq sağ-mərkəzçi partiyalar onsuz da sosialyönümlü siyasət yürüdürlər...
Amma hər halda aydındır ki, mövqelərini möhkəmləndirmək üçün növbədənkənar seçkilərə gedən Netanyahu istəyinə tam nail ola bilməyib. Çünki yeni hökumətin formalaşdırılması üçün aparılan danışıqların gedişində o, istər-istəməz güzəştlərə getməli olacaq...
MƏSLƏHƏT GÖR: