15 Mart 2025

Şənbə, 04:07

İKİ CƏBHƏYƏ

Hitlerin erməni əlaltılarının təbliğatçıları faşizm üzərində Qələbəni qeyd etmək üçün Moskvaya gedirlər

Müəllif:

31.03.2015

Faşizm üzərindəki Qələbənin 70-ci ildönümü ilə bağlı Moskvada hazırlanan bayram tədbirlərinə bir aydan bir qədər artıq vaxt qalır. Yubileydə iştirak etmək üçün bir çox ölkələrin rəhbərlərinə dəvət göndərilib. Ukrayna münaqişəsi ilə bağlı Rusiyayla yaşanan qarşıdurmaya görə Qərb ölkələrinin əksər liderləri Moskvaya gəlməkdən imtina etsələr də, 26 dövlət başçısı, həmçinin YUNESKO və Avropa Şurasının rəhbərliyi bayram mərasimlərində iştirak etmək niyyətlərini açıqlayıblar. 

Dəvət alanlar sırasında Ermənistan başçısı Serj Sarqsyanın da olması, ilk baxışdan, təbii görünür. Əvvəla, İrəvan Moskvanın strateji müttəfiqi sayılır. İkincisi isə SSRİ tərkibində Hitler ordusuna qarşı müharibədə iştirak etmiş Ermənistan bu gün rəsmən demokratik dəyərlərə və insan haqlarının qorunmasına sadiqliyini bəyan edib. Amma sən demə, burada da bir erməni "ƏMMA"sı var...

 

Məsələ ondadır ki...

S.Sarqsyanın rəhbəri olduğu mühafizəkar milliyyətçi Respublikaçı Partiya öz fəaliyyətində nasistlərə məxsus "Seqakron" ideologiyasına əsaslanır. Söhbət İkinci Dünya Müharibəsi zamanı Qaregin Ter-Arutyunyan (general Njde) adlı birisi tərəfindən yaradılmış eyniadlı hitlerçi təşkilatın ideologiyasından gedir. Bu adamın özü haqda ətraflı danışacağıq. Hələliksə, görək onun bu ideyalarının kökündə nə dayanır. Vikipediyaya nəzər salaq: "Sexakronizm (seqakronizm - müəll.) ideologiyası erməniləri 3 şüuri hissəyə bölür. Ermənilərin əksəriyyəti, yəni erməni xüsusiyyətlərinə malik olan müəyyən sayda insan "joğovurd" hesab edilir. Azlıqda olan ikinci hissə özünün milli şüur və həyat üslubuna görə sex (nəsil, millət üçün yaşayanlar) adlanır. Üçüncü hissəni isə takankalar təşkil edirlər.

Sexemardlar, yəni nəsil və millət üçün yaşayanlar erməni millətinin ən yaxşı zümrəsi sayılır ki, onun da ümdə məqsədi nəsli qoruyub saxlamaqdır. Sexemard erməni dünyası qarşısında məsuliyyət daşıyır və bu məsuliyyəti gələcək nəsillərə ötürür. 

Joğovurd öz yolunu müəyyən etməmiş və tərəddüd içində yaşayan ermənilərə deyilir. Joğovurd sexemartların deyil, takankların təsiri altına düşərsə, daha çox kütləyə çevrilir.

Takank isə erməni ideyasına xəyanət edənlərdir, bu, xarici düşmənin dəyirmanına su tökən daxili düşməndir. Bir erməni kimi takankın milli qürur hissi yoxdur, insan kimi isə o, iyrəncdir".

Göründüyü kimi, Seqakron, hətta ermənilərin özlərini belə üç hissəyə bölür - birinci sort, ikinci sort (buraya bütün joxovurd, yəni xalq aid edilir) və ümumiyyətlə mənfurlar. Türkləri və bolşevikləri isə bu ideyanın yaradıcıları ermənilərin orqanik düşmənləri sırasına aid edir. 

 

Tarix dərsi

"Seqakron" təşkilatının əsasını qoyan Qaregin Ter-Arutunyan (Njde) Naxçıvanda anadan olub. 1917-ci ilin Oktyabr inqilabından sonra azərbaycan türklərilə müharibə etmək üçün "erməni milli ordusu"nu yaratmağa başlayıb. Vedibasar, Şərqi Anadolu və Naxçıvanda qanlı etnik təmizləmələr törətdikdən sonra o Avropaya, oradan isə ABŞ-a köçüb və bu ölkədə 1933-cü ildə Türkiyə səfirinə qarşı sui-qəsddə iştirak edib. Elə ABŞ-da yaşayarkən də erməni diasporu arasında hitlerçi təşkilatın yaradılmasına başlayıb və sonra isə Berlinə köçərək burada SS-in erməni legionunu qurub. Özü də Njde fürerə xidmətdə tək deyildi, onunla bir yerdə bu gün Ermənistanda "general Dro" kimi tanınan Drastamat Kanayan adlı birisi də olub. "Drodanın heç bir vicdan əzabı çəkmədən adam öldürmək təcrübəsi var idi. Və Himler buna çox yüksək önəm verirdi. Nə Dro, nə də Himler insanları ölümə göndərdiklərinə görə narahatlıq keçirmirdilər. Dronun çağırışına cavab olaraq 30 min erməni nasistlərin sıralarına qoşuldu", - deyə Kanayanla Himmlerin görüşündən yazan avstriyalı tarixçi Erik Fayql bildirir. 

Erməni batalyonu Ukrayna və Polşada partizanlara qarşı döyüşlərdə iştirak edib və buna görə Vermaxtın komandanları Hitsinger və İlqendən minnətdarlıq da qazanıb. Dronun adını daşıyan "Dromedar" zonderkomandası Şimali Qafqaz cəbhəsində kəşfiyyat-diversiya fəaliyyətində xüsusilə fərqlənmişdi. "1942-ci ilin avqustunda Rostov şəhərinin işğalı zamanı şəhərə general Dronun başçılıq etdiyi bir qrup erməni millətçisi gəldi. Hitler onlara Sovet hakimiyyətinə qarşı mübarizə aparmaq üçün Qafqaz millətlərinin nümayəndələrindən ibarət könüllü legionun yaradılması səlahiyyəti vermişdi. Alman qoşunları Cənubi Qafqaza hücuma keçəcəyi zaman bu legion Ermənistanın bolşeviklərdən azad olunması ilə məşğul olmalı idi", bütün bunlar Rusiya arxivlərində saxlanılan Rostov vilayəti daxili işlər xalq komissarlığı İdarəsinin sənədində göstərilib. 

Hitlerin erməni "silahdaş"larının antisemit fəaliyyəti də xüsusilə maraq doğurur. ABŞ-da çox populyar olan "The Times of Israel" qəzeti ravvin Barukun Amerikanın erməni icması barədə məqaləsində deyilir: "Yəhudilərə və nasist ideologiyasının "arzuolunmaz" saydığı digərlərinə qarşı cinayətlərdə və həbs düşərgələrindəki kütləvi qırğınlarda 20 minə yaxın erməni millətçisi iştirak edib. Bu erməni birləşmələrinin rəhbərləri general Dro (Drastamat Kanayan) və general Njde (Qareqin Njde) idi. 1930-cu illərdə isə ABŞ-da nəşr olunan "Hayrenik" kimi erməni jurnalları açıq şəkildə Hitler ideologiyasını təbliğ edir, yəhudiləri "zəhərli elementlər" adlandırır, "cərrahiyyə əməliyatı" adlandırdıqları Holokosta bəraət qazandırırdılar".

"Dromedar" zonderkomandasının özü isə Qərbi Krımda 20 mindən artıq insanın məhv olunduğunu etraf edirdi. Mərhum azərbaycanlı tarixçi Rövşən Mustafayevin "Ölüm tanqosu" kitabında "Dromedar"ın müvafiq məruzələri ilə tanış olmaq mümkündür. "1941-ci ilin 16 noyabrından 15 dekabrına qədər 17 645 yəhudi, 2504 qaraim, 824 qaraçı və 212 partizan güllələnib. Simferopol, Evpatoriya, Aluşta, Qarasubazar, Kerç, Feodosiya, həmçinin Qərbi Krımın digər rayonları yəhudilərdən təmizlənib", - deyə sənəddə vurğulanır.

 

Neoseqarkon və nasistlərin qəhrəmanlaşdırılması

Rusiya prezidenti Vladimir Putinin tarixin unudulması və təhrif olunmasını yolverilməz sayır. Həmin tarix isə elə bu yaxdıqlarımızdır. "Bu cür cinayətlərə "saxlama müddəti" şamil edilə bilməz, onları bağışlamaq və unutmaq mümkün deyil! Bu hadisələri gizlətmək, təhrif etmək, tarixi yenidən yazmaq yolverilməz əxlaqsızlıqdır", - deyə ən dəhşətli ölüm düşərgələrindən birinin yerləşdiyi Polşanın Osvensim şəhərinin faşistlərdən azad olunmasının 70 illiyi münasibətilə çıxışında V. Putin bəyan edib.

Amma bu gün hitlerçi generallar Dro və Njdenin əsas təbliğatçıları Ermənistan başçısı Serj Sarqsyanın simasında utanmadan faşizm üzərindəki qələbənin 70 illiyini bayram etməyə hazırlaşırlar. Halbuki elə onların özləri Ermənistanda, indisə artıq Rusiyada da dövlət səviyyəsində nasistlərin qəhrəmanlaşdırılmasına cəhd edirlər. Belə ki, İrəvanda nasist Njdenin adına metro stansiyası açılıb, meydan salınıb və medal təsis edilib. Dro da "milli qəhrəman" səviyyəsinə qaldırılıb, Ermənistan Müdafiə Nazirliyinin Strateji Araşdırmalar İnstitutuna onun adı verilib. Biz hələ Monte Melkonyan kimi məşhur beynəlxalq terrorçunun "qəhrəman" kimi təbliğ edilməsindən danışmırıq. 

Bu əməllər Ermənistanın özü ilə məhdudlaşsaydı, dərd yarı idi. Bununla bağlı Rusiyanın "Naşa versiya" qəzeti yazır: "Bu gün Rusiya KİV və bizim ölkəmizin mədəni məkanı cinayətkarların qəhrəman kimi təqdim olunmasında bir kanala çevrilə bilərlər". 

Qəzetin yazdığına görə, erməni diasporunun fəalları mütəmadi olaraq Njdenin dəfn olunduğu Vladimirski sentrala ziyarətlər təşkil edir, amma bu zaman, təbii ki, Njdenin vaxtilə bu şəhərdə həbsə atılmasının səbəblərini qabartmamağa çalışırlar. Onlar, hətta burada Njdenin heykəlinin ucaldılması məsələsini də qaldırırlar. "Rusiya paytaxtında isə "Qaregin Njde ilə söhbət və ya Njdenin 125 illiyinə həsr olunmuş "Abidə" kitabının təqdimat mərasimi keçirilir. Bu azmış kimi, bu gün Ermənistan və Rusiya KİV-də erməni rejissor Qraç Keşişyanın çəkdiyi, tanınmış rusiyalı aktyorlar Çulpan Xamatova və Mixail Yefremovun da çəkildiyi "Qaregin Njde" filminin reklam kampaniyası gedir. Bu filmdə hərbi cinayətkar və faşistlərin silahdaşından, az qala, "milli büt" yapmağa çalışırlar", - deyə məqalədə göstərilir. 

Hitlerlə əlbir olanların qəhrəmanlaşdırılması cəhdi İkinci Dünya müharibəsi veteranlarını da hiddətləndirib və onlar Rusiya prezidenti V. Putinə müraciət edərək, Rusiya resurslarında faşistlərin təbliğatına imkan verilməməsini istəyiblər: "Sovet İttifaqının hüquqi varisi olan bir ölkədə faşistlərlə əlbir olanların və satqınların təbliğ olunması bizi çox kədərləndirir. Çünki məhz Rusiya daim tarixin yenidən yazılmasına, İkinci Dünya müharibəsinin reallıqlarının təhrif olunmasına qarşı aktiv mübarizə aparır". Faşizmlə müharibədə qanlarını tökmüş insanların hiddətini anlamaq olar. Njde və Dro kimi hərbi cinayətkarların qəhrəmanlaşdırılması həmin müharibədə həlak olan insanların xatirəsinə təhqirdir. Xüsusilə də, bu bütləşdirmə Ermənistanın rəsmi dövlət siyasəti çərçivəsində aparılırsa. 

Bu ölkə rəhbərinin faşizm üzərindəki qələbənin yubiley mərasiminə dəvət almasını əsaslandırmaq çətin deyil. Amma Rusiyanın informasiya məkanında özü də Rusiya ziyalılarını da cəlb etməklə erməni nasistlərinin qəhrəmanlaşdırılmasına Moskvanın reaksiya verməməsi bir çox suallar doğurur. Xüsusilə də indi - Rusiyanın Baltika ölkələrində faşizmə dəstək verənlərin qəhrəmanlaşdırılmasına qarşı çıxdığı bir vaxtda...



MƏSLƏHƏT GÖR:

719