14 Mart 2025

Cümə, 21:42

ÖZGƏ SAVAŞ

Erməni cəmiyyətinin Azərbaycanla münaqişəni haqlı olaraq özününkü hesab etməməsi İrəvana məğlubiyyət vəd edir

Müəllif:

31.03.2015

Dağlıq Qarabağ sanki 1990-cı illərin əvvəllərinə qayıdır. Münaqişə zonasında yeni qeyri-sabitlik müşahidə edilməkdədir. Azərbaycanın Müdafiə Nazirliyi, demək olar ki, hər gün işğal edilmiş ərazilərdəki düşmənin silahlı qüvvələrinin Azərbaycanın mövqelərini atəşə tutması (son günlər, hətta irikalibrli pulemyotlardan) və diversiya həmlələri haqqında məlumat yayır. Amma etiraf etmək lazımdır ki, bu gün baş verən hadisələr 20 il əvvəlkindən tamamilə fərqlənir.

2015-ci ilin əvvəlindən Ermənistan silahlı qüvvələri cəbhə xəttində böyük itkilər veriblər. Dəqiq rəqəmlər açıqlanmasa da, bu sahədə monitorinqlə məşğul olan QHT-lərin hesablamalarına görə, real itkilər rəsmi açıqlamalardakından qat-qat çoxdur. Yalnız mart ayının əvvəlindən təmas xəttində ermənilər 20-dən artıq hərbçisini itirib, onlardan 20-si martın 19-da Goranboy rayonunun Gülüstan kəndi istiqamətində düşmənin Azərbaycan mövqelərinə hücum cəhdi zamanı məhv edilib. 

Ölənlər haqqında məlumatı gizli saxlamaq üçün əlindən gələni edən erməni tərəfinin iddiasına görə, guya onların itkiləri 5 dəfə az olub. Hərçənd, Azərbaycanın Müdafiə Nazirliyi diversantların məhv edilməsi videokadrlarını yaydıqdan sonra qarşı tərəf susmalı oldu.

Yeri gəlmişkən, ermənilərin özləri belə öz hərbçilərini atəşkəsi pozmaqda ittiham edirlər. Erməni telekanallarında yayımlanan süjetdə Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan erməni sakinlər bildirirlər ki, atəşkəsi məhz erməni hərbçiləri pozurlar, Azərbaycan tərəfinin cavab atəşi isə əhalini sakit yaşamaq imkanından məhrum edir. 

Erməni tərəfinin son diversiyasından sonra ajiotaj aradan qalxmamış, cəmi bir neçə gün sonra erməniləri məyus edən daha bir hadisə baş verdi: Qarabağdakı erməni silahlı qüvvələrinin hərbçisi 24 yaşlı Andranik Qriqoryan silahını ataraq Azərbaycan tərəfə keçib. Sonradan o, öz addımını Ermənistan SQ-nin hərbi hissələrində hökm sürən dəhşətli vəziyyətlə izah edib. "Bu cür həyatdan bezənlər və bu tərəfə keçmək istəyənlər çoxdur. Amma açıq deyirəm, onlar buna cəsarət etmirlər, çünki bu tərəfdə onları nə gözlədiyini bilmirlər. Buradan əllərində silah tutmağa məcbur edilən yoldaşlarıma müraciət edirəm - azərbaycanlılar illərboyu cinayətkar hakimiyyətin bizə təqdim etdiyi kimi deyillər. Nə qədər gec deyil, mənim kimi edin", - deyə Qriqoryan bildirib.

Ermənistanda və separatçı Dağlıq Qarabağda bu fərarilik faktını illərboyu adət etdikləri kimi, "səhnələşdirilmiş tamaşa" adlandırdılar, amma Qriqoryanın valideynlərinin açıqlamaları hər şeyi alt-üst etdi. Onlar açıq şəkildə bildiriblər ki, oğulları hərbi xidmətdə ciddi problemlərlə üzləşirdi və bu haqda hərbi hissənin komandanlığına məlumat verilmişdi. Andranikin anası danışır ki, sonuncu dəfə evə gələndə oğlu kefsiz idi, valideynlərinin sorğu-suallarına isə cavab vermirdi.

Valideynlərin bu etirafları, təbii ki, ölkənin hərbi rəhbərliyinin planlarını pozdu və onsuz da oğlu ilə bağlı kolliziyadan pərt olmuş atanı istintaq orqanlarına çağırmağa başladılar. Müdafiə naziri Seyran Ohanyan isə hərbi hissələrdəki dözülməz vəziyyət haqqında deyilənləri təkzib etmək üçün erməni hərbçinin hərəkəti ilə bağlı müxtəlif bəhanələr gətirməkdədir: "Erməni hərbçinin Azərbaycan tərəfə keçməsinin səbəbini onun ailə vəziyyətində axtarmaq lazımdır". Baş vermiş fərariliklə bağlı cinayət işi qaldırılıb və daxili təhqiqat aparılır. 

Təbii ki, nazirin sözləri hiddətlə qarşılanıb, özü də yalnız Qriqoryanlar ailəsində yox. Hərbi xidmətdə ölmüş əsgərlərin valideynləri Ermənistan prezidentinin iqamətgahı qarşısında etiraz aksiyası keçiriblər. Onlar nazirin Andranik Qriqoryanın ailəsinin ünvanına səsləndirdiyi ittihamlara etirazlını bildiriblər, övladlarının ölüm faktları ilə bağlı izahat istəyiblər və ordudakı özbaşınalıq hallarının araşdırılmasını, əsgərlərin isə yemək və paltarla təmin olunmasını tələb ediblər. 

Bu hadisələrdən az sonra Azərbaycanın Müdafiə naziri Zakir Həsənov cəbhə bölgəsinə baş çəkib və bir sıra bəyanatlar səsləndirib. Təmas xəttindəki vəziyyəti şərh edən nazir bildirib ki, düşmən təlaş içindədir: "Biz onlara elə zərbələr endiririk ki, onlar qorxub qaçırlar. Onlar cəbhədə xidmət çəkmək istəmirlər, səngərləri qoyub qaçırlar. İndi düşmən postlarda mülki şəxsləri yerləşdirməyə məcbur olur".

Z.Həsənov, həmçinin bəyan edib ki, Azərbaycan Ordusu bir zərbə ilə düşmən qüvvələrinin 70 faizini məhv etməyə qadirdir.

Bu cür bəyanatların səslənməsi təsadüfi deyil. 

Məlum olduğu kimi, Sarqsyan rejiminin indiyədək hakimiyyətdə qalmasına kömək edən yeganə vasitə "Qarabağ kartı"dır. Qarabağ cəbhəsində vəziyyəti gərginləşdirməklə rejim, ənənəvi olaraq, əhalinin gözündə "xarici düşmən"dən gələn təhlükəni şişirdir, bununla da xalqın diqqətini daxili sosial-iqtisadi problemlərdən yayındırır. Sarqsyanın ölkənin Aİİ-yə üzvlüyündən sonra xalqın daha yaxşı yaşayacağı, ölkənin isə bölgədəki mövqelərini möhkəmlədəcəyi haqqında bəyanatları onu erməni ictimaiyyətinin gözündə qaldırmayıb. Aİİ-yə daxil olan ölkə liderlərinin son sammitində yalnız Rusiya, Qazaxıstan və Belarus prezidentləri iştirak ediblər, erməni tərəfinə isə heç dəvət də göndərilməyib. Bu, adi erməni vətəndaşlarına əyani şəkildə göstərdi ki, prezidentlərinin növbəti addımı ölkənin xaricdən asılılığını nəinki azaltmadı, əksinə, daha da artırdı. Və bu gün Ermənistanın yeni ittifaqdakı gələcəyi ölkənin özünün iştirakı olmadan müzakirəyə çıxarılır. 

İndi Qarabağ cəbhəsindən Ermənistana daşınan tabutların sayı artdıqca, Sarqsyanın mövqeyi daha da laxlamağa başlayıb. Əsgər analarının aksiyası prezidentin devrilməsinə yönəlmiş etirazların yalnız başlanğıcıdır. Bu yaxınlarda Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev tam haqlı bir sual səsləndirmişdi: "Erməni əsgəri Ağdamda və digər Azərbaycan torpaqlarında nə gəzir?!". Yəqin ki, indi oğulları, qardaşları, ərləri Ermənistandan kənarda, yad torpaqda, yad müharibədə həlak olan ermənilər də bu sualı özlərinə tez-tez verirlər.

Sarqsyanın bir alternativi var - Azərbaycan ərazilərindən qoşunların çıxarılması. Və bu gün Ermənistan prezidenti və onun ətrafı bu haqda daha ciddi şəkildə düşünməlidirlər. Təmas xəttindəki son hadisələr göstərir ki, Azərbaycan rəhbərliyinin torpaqların işğalı ilə bağlı səbrin tükəndiyi haqqında bəyanatları spiçrayterlərin sevimli fəndi deyil. Ermənilərdən fərqli olaraq, azərbaycanlılar üçün Qarabağ uğrunda müharibə - azadlıq müharibəsidir, bu isə hərbi ruhu yüksəldən əsas motivdir. Üstəlik, orduların texniki təminatı da qələbənin əsas səbəblərindən biri sayılır və Ermənistanın müdafiə naziri bunu anlamaya bilməz. Əks halda, o, bu yaxınlarda "İstənilən ölkədən istənilən silahın nəqli Ermənistanı narahat edir" bəyanatını səsləndirməzdi. S. Ohanyanın dünya ədəbiyyatını yaxından bildiyinə şübhə edirik, amma hər halda, yəqin ki, rus klassiklərindən olan Anton Pavloviç Çexovun məşhur fikri ilə tanışdır: divardan asılmış tüfəng də gec-tez atəş açacaq... 



MƏSLƏHƏT GÖR:

762