14 Mart 2025

Cümə, 22:35

POLAD NECƏ BƏRKİDİ

Yerli xammal bazasının yaradılması bizim istehsalçılara istənilən riskə qarşı daha dayanıqlı olmağa yardım edəcək

Müəllif:

01.05.2009

Azərbaycan dövləti ölkə ərazisində fəaliyyət göstərən və qlobal iqtisadi böhranın mənfi təsirlərini öz fəaliyyətində hiss edən bütün iri müəssisələrə istənilən yardım və dəstəyi göstərəcək. Bunu Nazirlər Kabinetinin 2009-cu ilin 1-ci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ölkə prezidenti İlham Əliyev bildirib. "Məsələn, bu gün alüminiumun istehsal xərcləri onun satış qiymətini üstələyir və bu səbəbdən sözügedən sahədə çalışan sahibkar zərərlə işləyir. Odur ki, alüminium, metallurgiya, kimya və digər istehsal sahələrində bizdən asılı olmayaraq meydana çıxan problemləri həll etməyə çalışmalıyıq ki, orada çalışan insanlar əməkhaqlarını ala bilsinlər", - deyə İ.Əliyev qeyd edib.

Həqiqətən də, ötən ilin yayından ABŞ-da tüğyan edən ipoteka-maliyyə böhranı tikinti sahəsinə, həmçinin maşınqayırmaya və avtomobil sahəsinə ciddi zərbə vurub. Eyni vəziyyət gəmiçilik və dəmir yolu sahəsində də yaşanmaqdadır. Bütün bu sahələrdəki istehsal mərhələsi ilə metallurgiya müəssisələrinin fəaliyyəti birbaşa bağlıdır. Bu müəssisələrdə hazırda bütün dünya üzrə istehsalda kəskin azalma və iş yerlərinin ixtisarı müşahidə edilir.

Neft-qaz bölməsinin intensiv inkişafı və son illərin tikinti bumu Azərbaycanda metallurgiya sənayesinin dirçəldilməsi üçün əlverişli şərait yaradıb. Ancaq bütün bu illər ərzində yüksək bazar tələbatı olmasına baxmayaraq, yerli şirkətlər lazım olan miqdarda polad və yayma istehsalını təşkil edə bilməyiblər və bunun əsas səbəbi ölkədə filizdən dəmir konsentrantı emalı üzrə müəssisənin olmamasından qaynaqlanır. Bu ildən başlayaraq isə sahəyə qlobal iqtisadi böhranın nəticələri - dünya bazarında polad yaymaya tələbatın azalması və qiymətlərin düşməsi, həmçinin bizim ölkədə tikinti səviyyəsinin müəyyən qədər azalması da təsir göstərməyə başlayıb. 

   

Tələbatın azalması 

Ötən ilin yayından ABŞ-da tüğyan edən ipoteka-maliyyə böhranı payızda artıq daha çox sayda ölkəni və iqtisadiyyat sahələrini əhatə etməyə başladı. Ən çox zərər çəkənlər tikinti, maşınqayırma və avtomobil sahələri oldu, gəmiqayıranların və dəmiryolçuların da sifarişləri azaldı. Bu sahələrin istehsal dövriyyəsi birbaşa metallurgiya müəssisələri ilə bağlıdır və nəticədə bu müəssisələrdə bütün dünya üzrə məhsul istehsalı azalıb, işçilərin kütləvi ixtisarı müşahidə edilir. 

Belə ki, 2008-ci ilin noyabr-dekabr aylarında Rusiyanın poladtökmə və yayma məhsulları sahəsində son 10 il üzrə ən yüksək azalma müşahidə edilib. Bu barədə "Financial Times" məlumat verir. 2009-cu ilin yanvar ayında istehsalın ümumi azalması 16% təşkil edib və "ən çox düşənlər" siyahısında bütün dünya üzrə sifarişləri olmaması üzündən istehsal həcmlərini azaltmağa məcbur olmuş Rusiya metallurgiya sənayesinin də adı var. Bu ilin birinci rübünün yekunlarına görə, adı çəkilən ölkənin dörd böyük müəssisəsi  - "Evraz", Maqnitoqorsk Metallurgiya Kombinatı (MMK), "Severstal", Novolipetsk Metallurgiya Kombinatı (NLMK) istehsal həcmlərini orta hesabla üç dəfə azaldıblar. 

Ukraynada isə vəziyyət daha da pisdir. Metal yaymasında dünya qiymətlərinin düşməsi, öz məhsullarını daha aşağı qiymətlərlə satan Çin və Rusiya istehsalçılarının rəqabəti, metallurgiya böhranına gətirib. Ukraynanın metallurgiya kombinatları istehsal həcmlərini kəskin azaltmağa məcbur olublar. 36 domna sobasından artıq 20-si işləmir, aylıq metal buraxılışı göstəricisi isə son dörd il üzrə ən aşağı səviyyəyə düşüb. Dünya iqtisadi böhranı qonşu Gürcüstanın Rustavi şəhərindəki metallurgiya müəssisələrinə də təsir göstərib. Alıcı olmaması üzündən orada boru yayma və xırda çeşid məhsulları buraxılışı tam dayandırılıb. 

 Oxşar proseslər postsovet məkanının əksər inkişaf etmiş iqtisadiyyatlarında, həmçinin Çində və Hindistanda da müşahidə edilib. Yaponiya da ağır böhran keçirir, onun yüksək tenxnologiyalı metallurgiyası bütövlükdə qıraqdan gətirilən xammaldan və ixrac konyukturasından asılıdır və dünya üzrə düşən qiymətlər Gündoğar ölkəndə poladərdənlərin şansını azaldır. Avtomobil istehsalının azalması və tikinti sektorunda baş verən böhran Amerika poladəridənlərini də çətinliyə salıb. Bütövlükdə, böhran dünya polad istehsalını dörd-beş il dala atıb və metallurgiya gözlənilmədən riskli və aşağı rentabelli sahəyə çevrilib. Ekspertlərin qiymətləndirilməsinə görə, yaranmış durum ən azı il yarım çəkəcək. 

 

Bazarın obyektiv reallıqları

Bəs qlobal böhran şəraitində Azərbaycanın metallurgiya kompleksinin durumu necədir? Əfsuslar olsun ki, mənfi meyllər bizim ölkədən də yan keçməyib. Belə ki, "Sumqayıtda yerləşən "Azərboru" boru yayma müəssisəsi ilin əvvəlində istehsalla məşğul olan minə yaxın işçinin böyük hissəsini məcburi məzuniyyətə göndərib. 

Zavodun inzibati departamentinin rəisi Mirsəlam Məmmədovun sözlərinə görə, bu addım qlobal böhranın təsiri altında atılıb. "Bizim məhsulların satışı dayandı, əsas alıcılar Rusiyada və Qazaxıstanda idi, zavodun anbarları satılmamış boru ilə doludur. Hələ ki, "Azərboru" yeni alıcılar axtarışındadır. Saziş bağlanandan sonra bütün işçilər yerlərinə qayıdacaq",- deyə o vurğulayıb. 

Ölkənin aparıcı poladəritmə müəssisəsi olan "Baku Steel Company" (BSC) də oxşar duruma düşüb. "BSC"-nin mətbuat xidmətinin başçısı Namiq Əhmədov bldirir ki, məcburi dayanma istehsal üçün lazım olan səviyyədə metal qırıntısı əldə edilməməsi ilə bağlıdır. Onun sözlərinə görə, təkrar metal satanlar "BSC" tərəfindən təklif edilən topdanalış qiymətləri ilə razı deyillər. Əgər əvvəllər zavod metal qırıntısının tonunu 200 manatdan alırdısa, indi 115 manat təklif eir. Bu, zavodun satdığı armaturun qiymətinin düşməsi ilə bağlıdır. Əvvəllər zavod artmaturun tonunu təxminən 1100 manatdan təklif edirdi, indi qiymət təxminən 620 manata düşüb. Yayma məhsullarının qiymətinin düşməsi ölkənin tikinti sektorunda tələbatın azalması, həmçinin Rusiya və Ukraynadan idxal edilən armaturun həddindən ucuzlaşması ilə bağlıdır. 

Maraqlıdır ki, xammal çatışmazlığına və "BSC"dəki mütəmadi boşdayanmalara baxmayaraq, ötən il burada 200,5 min ton polad əridilib və 193,1 min ton armatur istehsal edilib. 2007-ci ildə də təxminən bu həcmdə məhsul istehsal edilmişdi. Ancaq metal qırıntısının çatışmazlığı bu il müəssisənin 350 min ton polada bərabər olan layihə gücünə çıxmasına imkan verməyib. Bu il də istisna olmayacaq, hazırda müəssisəyə sutkada orta hesabla 350-500 ton təkrar metal daxil olur, amma zavodun tam gücü ilə işləməsi üçün ən azı gündə 1,5 min ton metal qırıntısı lazımdır. 

Tam mərhələlilik çatışmır  

 

Azərbaycan metallurqlarının başlıca problemi ölkədə metallurgiya istehsalında tam mərhələliyin hələ ki, yaradılmamasındadır. Yerli poladəridənlər  xammal kimi metal qırıntısı istifadə etmək məcburiyyətindədirlər və onun çatışmazlı artıq neçənci dəfədir ki, ciddi problemlərə səbəb olur. 2001-ci ildə qara və əlvan metal qırıntısının ixracının müvəqqəti dayandırılmasına baxmayaraq, təkrar metal bazarında gedən sərt rəqabət ona gətirdi ki, 2005-2007-ci illərdə tədarükçülər yararlı metal qırıntısını getdikcə daha yüksək qiymətə almağa başladıdılar. Bu, daha çox təkrar metalın xaricdə də bahalaşması və artıq 2007-ci ildə tonunun qiymətinin $280-ı ötməsi ilə bağlıdır. 

 İndi isə fərqli meyl hiss edilir: dünya böhranı və enerjidaşıyıcılarının qiymətinin xeyli düşməsi hazır polad yaymaların da qiymətini azaldıb və təkrar metalla qiymət fərqini xeyli aşağı salıb. İstifadə üçün yararlı metal qırıntı ehtiyatlarının artıq istifadə edildiyi bizim ölkə üçün bu, yetənicə mənfi amildir. İş belədir ki, bu gün artıq dünya bazarlarında kəskin ucuzlaşmış polad məhsulu almaq bahalı Azərbaycan metal qırıntısına pul verib ondan rəqabətə dözümsüz yayma almaqdan daha əlverişlidir. 

  Açıqca görünür ki, ölkənin poladəritmə kompleksinin problemləri qəti həll tələb edir. Mütəxəssislərin fikrincə, bunun üçün bütün texnoloji zəncir formalaşdırılmalıdır. Buraya yerli yataqlardan filizin çıxarılması, onun təmizlənərək, yüksək faizli dəmir konsentratı halına salınması, həmin konsentrantdan polad əldə edilməsi daxildir. 

Bizim ölkədə sənaye əhəmiyyətli dəmir filizi yataqları azdır və metallurqların yeganə ümidi hələ 1954-cü ildə yaradılmış Daşkəsən Dağ-Zənginləşdirici Kombinatının (indiki "Dashkesan Filizsaflashdirma" ASC) işinin bərpa edilməsi ilə bağlıdır. Üç il bundan qabaq bu müəssisənin səhmlərinin 99,22%-i "Det.Al Holding Limited" şirkətinə verilib və onun qarşısında öhdəlik kimi müəssisənin inkişafına üç il ərzində $235,1 mln. dollar yatırmaq qoyulub. 

İnvestisiya proqramında filizin çıxarılması, ondan qranullaşdırma və ardıcıl reduksiya zavodlarında dəmir konsentrantın alınması nəzərdə tutulur. Daşkəsəndə tərkibində 64-67% dəmir olan dəmir qranulların istehsalı üzrə zavod tikmək planlaşdırılıb. Hesablamalara görə, Daşkəsənin çıxarıla bilən dəmir filizləri 250 mln. ton təşkil edir. Əgər ildə 2,5-5 mln. ton filiz çıxarılarsa, müəssisənin işi on illər boyu təmin edilmiş olar. 

"Dashkesan Filizsaflashdirma" ASC-nin baş direktoru Mehmed Kaya ötən ilin sonlarında şirkətin planlarını şərh edərkən bildirib: "Biz Daşkəsəndən ildə 5 milyon ton filiz çıxarmağı planlaşdırırıq, təmizlədikdən sonra ondan ildə 1 milyon ton təmiz dəmir əldə ediləcək". Müəssisənin investisiya proqramı filiz və konsentratın istehsalı ilə yanaşı, yeni texnologiyalar tətbiq etməklə boru, tikinti armaturları, profillər və başqa yayma məhsulları buraxmağı nəzərdə tutur. İstehsal edilən məhsulun bir hissəsinin xaricdə satılması planlaşdırılırdı. Ötən il "Det.Al Holding Limited" şirkəti Azərbaycan İnvestisiya Şirkəti  ilə metallurgiya layihəsində AİŞ-in də pay alması barədə memorandum bağlayıb. 

Bu gün dünya böhranının "Det.Al Holding Limited"in gələcək planlarına nə cür təsir etməsi barədə dəqiq bir şey demək mümkün deyil. Hələ ki, polad yaymanın dünya qiymətləri azalmaqdadır və ekspertlər sahədə istehsal artımını yalnız gələn ilin sonlarına proqnozlaşdırırlar. Oxşar durum Azərbaycanda da müşahidə edilir. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında ölkənin poladtökmə müəssisələrində istehsal ötən ilin anoloji dövrü ilə müqayisədə 34,6% azalıb. Qurum 2009-cu ilin yanvar-fevral aylarında Azərbaycanda metallurgiya sahəsində 11 879 insanın işlədiyini və onların orta aylıq əməkhaqqının 346,8 manat təşkil etdiyini bildirir. Nə cür olursa olsun, yalnız tam metallurgiya tsiklinin inkişafı və ilk növbədə yerli xammal bazasının yaradılması bizim istehsalçıların istənilən cür risklərə, polad yaymanın və ya metal qırıntısının qiymətinin dəyişməsinə qarşı daha dayanıqlı olmasına imkan yaradar. 


MƏSLƏHƏT GÖR:

341