15 Mart 2025

Şənbə, 00:41

AVROPANIN FATEHLƏRİ

Güləş üzrə Azərbaycan millisi Vilnüsdə keçirilən qitə birinciliyinin qalibi oldu

Müəllif:

15.04.2009

Azərbaycanın güləşçilərdən ibarət milli komandası Vilnüsdə keçirilən Avropa çempionatında qazanılan medalların sayına görə rekord müəyyənləşdirib. Sərbəst, yunan-Roma və qadın güləşi üzrə 5-i qızıl olmaqla, ümumilikdə 9 medal qazanılıb. 

Qızılların sayını da nəzərə alsaq, bu, həqiqətən çox nadir uğurdur. Odur ki, qitə birinciliyi Azərbaycan güləşinin tarixində yeni səhifənin başlanğıcını qoydu.

 

"Sərbəstçilər"in uğuru

Çempionatın əsas qəhrəmanları 4 dəfə ali kürsüyə qalxan "sərbəstçilər" olub. Qeyd edək ki, Avro-2009-da uğurlu çıxış üçün kifayət qədər əlverişli şərait var idi. Axı bu il Tehranda keçirilmiş Dünya Kubokunu da məhz Azərbaycan millisi qazanmışdı. Həmin yarışda güləşçilərimiz finalda meydan sahiblərinə qalib gəlməklə özlərinə olan inamı daha da artırmışdılar. 

Odur ki, sərbəst güləşçilərimiz Litvaya ənənəvi olaraq favorit sayılan Rusiya idmançıları ilə layiqli rəqabət aparmaq əzmi ilə yollanmışdılar və buna nail oldular. Üstəlik, komanda ümumi hesabda birinci yeri tutaraq, ikinci yerin sahibini iyirmi xalla üstələdi.

Ayrı-ayrı idmançılara gəlincə, "qızıl məhsul"un toplanışında əsas rolu son zamanlar nəzərəçarpacaq irəliləyiş əldə etmiş Əli İsayev (120 kq) oynadı. Dünya Kubokunun finalında o, iranlı idmançını məğlub etməklə, komandamıza ümumi qələbə gətirmişdi, Vilnüsdə isə Ermənistan təmsilçisi Ruslan Basiyevdən üstün oldu (0:0, 2:0). 

"Son illər bir qayda olaraq mən daim dünya və Avropa çempionatlarının bir addımlığında qalır və ya bürünclə kifayətlənirdim. Lakin inanırdım ki, qətiyyətlə mübarizə aparsam və hədəfə doğru irəliləsəm, istəyimə mütləq nail olacağam. Nəhayət, bu il çoxdan gözlənilən irəliləyişi əldə etdim", - deyə Ə.İsayev bildirib: "Yanvarda Yarıqinsk turnirində medalsız qalsam da, 2008-ci il Olimpiadasının gümüş mükafatçısı Bəxtiyar Əhmədova qalib gələ bilmişdim. Bundan sonra nəticələr yüksələn xətt üzrə getməyə başladı və bir ay əvvəl mən Dünya Kubokunun finalında meydan sahibi olan rəqibimi üstələməklə Azərbaycan yığmasına qələbə gətirdim. Güləş həvəskarları iranlı idmançıya İranda qalib gəlməyin nə demək olduğunu yaxşı anlayırlar. Bu qələbə məndə özümə inamı artırdı və artıq hamı məndən Avropa çempionatında qələbə gözləyirdi. Qitə birinciliyinin gedişində medal haqda düşünmürdüm və sadəcə, hər qarşılaşmadan əvvəl döyüşə hazırlaşırdım. Basiyevlə final çox çətin oldu. Qarşılaşmanın əvvəlində əsəbləşirdim və ilk hissədə məğlub olmağım da bununla əlaqədar idi. İkinci hissədə püşk atılmalı oldu və rəqibimin bəxti gətirdi. Həmin anda nə düşündüyüm yadımda deyil, amma panika qətiyyən yox idi. Basiyev üstünlüyündən düzgün istifadə edə bilmədi və mən onu yıxa bildim. Taleyin belə hədiyyəsindən sonra üçüncü hissədə məğlub olmağa haqqım çatmırdı".

Əlinin komanda yoldaşlarından digər qızıl medalları Çamsulvara Çamsulvarayev (74 kq), Zəlimxan Hüseynov (60 kq) və Xetaq Qazyumov (96 kq) qazanıblar, özü də son iki idmançı finalda rus güləşçiyə qalib gəlib. 

Z.Hüseynovun Adam Batırovla keçirdiyi həlledici qarşılaşmanın kifayət qədər gərgin keçdiyini söyləmək olar: tam bərabər keçən qarşılaşmada rəqiblər münasibətləri 3 hissədə aydınlaşdırmalı olublar. Sonda Azərbaycan pəhləvanı bir qədər güclü və cəld olub.

Turnirin əsas favoriti sayılan Rusiya millisinə növbəti zərbəni finalda Georgi Ketoyevi üstələyən Xetaq Qazyumov vurdu. İlk hissəni pəhləvanımız qazansa da, ikinci hissədə rəqib üstün oldu, amma üçüncü hissədə Xetaq öz sözünü deyə bildi - 2:0. 

Beləliklə, Qazyumov məşqçilər heyətinin ona olan etimadını tam doğruldaraq, karyerasında ilk qitə çempionluğunu qazandı. 

İdmançı özü yarışı belə xatırlayır: "Ketoyevlə qarşılaşmada çox əziyyət çəkdim. O, mənim çəki dərəcəmə bir müddət əvvəl keçsə də, 96 kiloqram çəki dərəcəsində güləşçilərdən heç biri fiziki gücdə onunla müqayisə oluna bilməz. Daim rəqibi təzyiq altda saxlamaq heç də asan deyildi. Georgidə yalnız sürət çatışmırdı və mən bu məqamdan istifadə etməyə çalışırdım. Bir qələbə gəldisə, demək, alınır. Azərbaycan millisi bu çempionatda çox möhtəşəm çıxış edir və mən komandaya daha bir qələbə qazandırdığım üçün şadam. Məncə, mənimlə müqayisədə, Georgini nəticəyə görə məsuliyyət daha çox sıxırdı. Axı indiyədək nə vaxt Azərbaycan komanda hesabında Rusiyanı üstələməyi bacarmışdı?!"

Yeri gəlmişkən, Rusiya millisinin məşqçisi Malik Tedyeyev etiraf edib ki, bu gün Avropa güləşinin lideri Azərbaycan yığmasıdır. Mütəxəssis hesab edir ki, məhz Vilnüsdəki çempionat Avropada liderin artıq dəyişdiyini göstərir. "Ketoyevlə Qazyumov arasında baş tutan finalda mən partlamaq dərəcəsinə çatmışdım", - deyə Tedyeyev Rusiya Güləş Federasiyasının rəsmi saytına müsahibəsində bildirib: "Hər iki idmançı mənim yetirməmdir və onlarla uzun illərdir işləyirəm. Bu güləşçilər eyni zalda məşq edir, bir-birinin imkanlarını yaxşı bilirlər. Odur ki, mənim tərəfimdən bu döyüşdə onlardan hansınısa dəstəkləmək düzgün olmazdı, ona görə də qarşılaşmanı tribunadan izlədim".

Digər pəhləvanlarımız da özlərini yaxşı tərəfdən göstəriblər. 66 kiloqramadək olan çəki dərəcəsində Cəbrayıl Həsənov finalda Pekin Olimpiadasının ikinci mükafatçısı, ukraynalı Andrey Stadnikə layiqli müqavimət göstərib. Gənc atletin qələbə qazanmasına, sadəcə, təcrübəsizliyi mane olub və o, gümüş mükafatla kifayətlənib. 

Bürünc mükafatı isə komandaya Novruz Təmrəzov (84 kq) qazandırıb. Komandada medalların bir addımlığında yalnız üçüncülük uğrunda yarışda Vladimir Andreyevə uduzan Yaşar Əliyev dayanıb.

 

M. Stadnik yenə ən yaxşıdır

Avropa çempionatı Mariya Stadnikin (48 kq) titulunu qoruması ilə də əlamətdar oldu. Ötən il "qızıl" əldə etmiş idmançımız bu turnirdə də heç kimə güzəştə getməyərək finalda rumıniyalı rəqibi Ester Dobreni asanlıqla məğlub etdi - 6:0, 7:0. Bir neçə il əvvəl ölkəmizin qadın güləşində belə böyük uğurlara imza atılacağına bəlkə də heç kəs inanmazdı. Lakin son 2 Avropa çempionatında komanda bu proqram üzrə 2 qızıl medal qazanıb. 

Bundan başqa, artıq M.Stadnikə Londonda keçiriləcək Olimpiadada iştirak edəcək əsas iddiaçı güləşçilərdən biri kimi baxılır və buna kifayət qədər əsas da var.

Diqqət çəkən daha bir məqam ondan ibarətdir ki, Mariyanın mütləq liderliyinə baxmayaraq, komanda yalnız onun üzərində qurulmayıb. Məsələn, Litvada yalnız finalda ukraynalı Yekaterina Burmistrovaya məğlub olmuş Zümrüd Qurbanhacıyevanın (67 kq) uğuru da dəqqiti cəlb etməyə bilməz.

Bunların fonunda Vilnüsdə yunan-roma güləşçilərimizin nəticələri bir qədər kiçik görünür - cəmi 1 üçüncülük (Şalva Qadabadze (84 kq)). Baxmayaraq ki, Litvaya ikiqat qitə birincisi ranqlı Rövşən Bayramov (55 kq) da yollanmışdı, amma o, ardıcıl olaraq üçüncü dəfə ali kürsünün ən yüksək pilləsinə qalxa bilmədi. R. Bayramovun turnirdəki çıxışı dörddə bir finalda bolqarıstanlı Aleksandr Kostadinova məğlubiyyətlə (1:3, 3:3) bitdi. Bolqar güləşçi finala yüksələ bilməməklə Rövşəni təsəlliverici qarşılaşmaya çıxmaq imkanından da məhrum etdi.

Afina Olimpiadasının çempionu olmuş Fərid Mənsurov (74 kq) isə üçüncülük əldə etmək imkanından yararlana bilmədi. Dövrddəbir finalda Rusiya təmsilçisi Ambako Vaşadzeyə (0:1, 0:1) məğlub olan Fərid Mənsurov Vaşadzenin finala çıxması səbəbindən gürcü Manuçar Çxadaviya ilə "bürünc" uğrunda mübarizə aparsa da, nəticə rəqibin xeyrinə oldu (0:1, 1:1, 0:1). 

Amma "Avropa nəticəsi" Fərid üçün o qədər də vacib deyildi - hazırda Mənsurov yeni çəki dərəcəsində (74 kq) döyüşməyi öyrənir və bunun üçün güləşçiyə vaxt lazımdır. Üstəlik bir müddət əvvəl zədəsini sağaltmış Mənsurov hələ ki idman formasını bərpa edə bilməyib.

Ümumilikdə, Azərbaycan millisinin Avro-2009-dakı çıxışından danışsaq, onun uğurlu alındığını söyləmək lazımdır. Məsələn, sərbəst güləşçilər artıq idman formalarının pikindədirlər və qazanılmış son nəticələr pəhləvanların Danimarkada keçiriləcək dünya çempionatında daha çətin vəzifələrin öhdəsindən gələ biləcəklərini düşünməyə əsas verir.

"Klassiklər" isə hələ ki, necə deyərlər, axtarışdadırlar. Lakin bu kollektivin potensialı da kifayət qədər böyükdür və komandaya sadəcə gec-tez bunu sübut etmək qalır.

Qadın güləşinə gəlincə, burada da nəticələrin yaxşılaşdırılmasına ümid etmək olar. Nəzərə alaq ki, M.Stadnikin aktivində hələ ki mundial medalı yoxdur. Ona görə də ümid edək/.


MƏSLƏHƏT GÖR:

448