
YALNIZ ONUN HAQQINDA
Böyük Azərbaycan rejissoru Rasim Ocaqova ithaf olunur
Müəllif: Rizvan HÜSEYNOV Bakı
Kinodramaturq Rüstəm İbrahimbəyov: "Rasim Ocaqov dünyagörüşünə, insan münasibətlərində və həyatdaki bir çox dəyərlərə anlaşıqlı yanaşma tərzinə görə mənə yaxın olan adamlardan biridir"
Bəstəkar Emin Sabitoğlu: "Mən onu bir insan, dost və böyük - ustad kinorejissor, fikir adamı kimi çox yüksək qiymətləndirirəm. O, Azərbaycanda ən yaxşı kinorejissorlardan biridir".
Kinooperator Kənan Məmmədov: "Rasim Ocaqov, əlbəttə, kino ustadıdır, böyük peşəkardır, o hər şeyi içdən bilir..."
Aktyor Fəxrəddin Manafov: "Sadəcə əminəm ki, Ocaqovsuz mən bir aktyor kimi özümü təsdiq edə bilməyəcəkdim".
Ən yaxşı olmaq
Gecikdik. Rasim Ocaqov haqqında layiqli yaza biləcək müəllifi uzun müddət axtarmalı olduq, 75 illik yubileyi noyabrda idi. Onunla tanışlığı olan adamı axtarırdıq. Amma kimsə səfərdə idi, kimsə gözləməyimizi xahiş etdi, çünki heç cür vaxtı yox idi. Amma heç kim imtina etmədi. Böyük şəxsiyyətin adını eşidən kimi deyirdilər: "Təəssüf ki, o, indi bizimlə deyil. Yaxşı insan idi. Onsuz çox pisdir, onun haqqında yazmaq çətindir - o itkinin ağrısı hələ keçməyib. Heç zaman da keçməyəcək". Tanınmış kino tənqidçilərindən biri dedi: "Ondan bir az ayrı cür yazmaq lazımdır, amma bunun necə olmasını bilmirəm".
Bizə isə bu adamla heç zaman tanış olmaycağımıza və söhbət edə bilməyəcəyimizə dərin təəssüf hissi keçirmək qalır. Bu, hardasa bir daha geri dönə bilməyəcəyimiz, itmiş uşaqlığımızın həsrətini çəkməyə bənzəyir. Filmlərinə baxdıqca, adam onu görmək istəyir. Çünki biz kino tənqidçisi yox, tamaşaçıyıq. Yalnız deyə bilərik: "Rasim Ocaqovun filmləri o qədər səmimi və gerçəkdir ki, adamın tükləri biz-biz olur". Hər halda, filmlər adi adamlar üçün çəkilir... Həm də ona görə çəkilir ki, hər dəfə insanlar baxandan sonra əbədi və gerçək, sarsılmaz dəyərlər barədə düşünsünlər. Bizim hər birimiz hər dəfə böyük rejissorun dahi əsərlərindən birinə baxdıqdan sonra azacıq da olsa, yaxşı olmağa çalışırıq. Görünür, bu, Rasim Ocaqovun yerdəki ən böyük missiyası olub, yəni özü yaxşı adam olub ki, bununla da ətrafındakı dünyanı yaxşılaşdırmaq istəyib. Zaman ötür, amma bizim Rasim Ocaqovu xatırlamamağa heç bir mənəvi haqqımız yoxdur. Və bu material yalnız onun rejissorluq dühasına həsr edilə bilər. Belə olan halda isə biz, adi adamlar, hiyləyə əl atmağa məcbur olardıq. Ən yaxşı yol isə Rasim Ocaqovla birgə işləmiş insanların Azərbaycan kinosunun son mogikanlarından olan bu dahi haqqında dediklərindən qısa "ədəbi" çıxarışlar etməkdir.
Aktyor Aleksandr Kalyagin: "...Beləliklə, elçilik baş tutdu. Rasim çox ciddi və mənim imtina edəcəyimə ehtiyat etdiyindən çox sakit tərzdə "İstintaq" filmi barədə danışmağa başladı... Mən deyirəm: "Gəlin, ssenarini oxuyaq". Əlbəttə, mən başa düşürdüm ki, tanımadığım sulara tərəf üzürəm. Məni tək dəstəkləyən amil Rüstəm İbrahimbəyov idi. Mən bilirdim ki, onun yazdıqları həmişə yararlı və maraqlı olur... İndi deyə bilərəm ki, Rüstəm məni bu maraqlı, gözəl insanla - Rasim Ocaqovla tanış etdiyinə görə xoşbəxtəm. Rasim isə öz növbəsində gerçəkdən məni Azərbaycanla tanış etdi".
Yazıçı Anar: "Ən ideal rejissor, gözəl insan, fədakar dost idi, amma çəkiliş meydançasına gələndə onun fikrini dəyişmək çox çətin olurdu".
Aktyor Fəxrəddin Manafov: "Nəticə bu idi ki, halların 99%-də o, haqlı idi. Biz çox vaxt sonradan bunu başa düşürdük. Onun filmləri, yəqin ki, ona görə belədir. Gerçəkdir. Doğrudur. Vicdanlıdır".
Aktyor Aleksandr Kalyagin: "Sən, Rasim, aktyor üçün rahat, xoş və yaradıcı olsun deyə hər şeyi etməyi bacarırdın. Hər rejissor bunu bacarmır".
Aktyor Fəxrəddin Manafov: "Onda hər şey təkmil və sınaqdan çıxmış düsturlar idi. Və bu düsturlardan heç nəyi çıxarmaq və ya əlavə etmək olmazdı".
Aktyor Stanislav Sadalski: "Rasim Ocaqov öz peşəsinə və birgə çalışdığı komandasına sadiq idi. O, ssenari müəllifini də dəyişmirdi. Rasim demək olar ki, bütün filimlərini, ən azından, mən gördüklərimi Rüstəm İbrahiməyovla birgə çəkmişdi. Onun aktyorları da etibar etdiyi eyni adamlar idi. Onlardan biri Aleksandr Kalyagindir. Saşa onun üçün etalon, talisman, gözəl sparrinq-partnyor idi. Aktyora qarşı bu cür münasibət məni ruhlandırırdı. Onunla "Park" filmində işlədiyim dövrü çox doğmalıqla xatırlayıram".
Aktrisa Şəfiqə Məmmədova: "Mən çox rejissorların yanında çəkilmişəm. Amma mənim ən yüksək uğurlarım Rasim Ocaqovla bağlıdır: "Ad günü" filminə görə Azərbaycanın Dövlət Mükafatı və "İstintaq" filminə görə SSRİ Dövlət Mükafatı".
Aktyor Rodion Naxapetov: "Həmin vaxt mən rejissorluğa meyllənmişdim və Rasim Ocaqovun peşəkar addımlarını təhlil edirdim. Mənə ən xoş gələn onun xeyirxah mühit yaratmaq qabiliyyəti idi və bu, aktyora açılmaq, özünü göstərmək imkanı verirdi. Heç bir əmr, heç bir özünü göstərmək yox idi. Qısa və məhrəm izahlar verirdi. Hər şey sakit, panikasız, əsəbsiz, ədəbazlıqsız gedirdi. Aktyor onun üçün çəkiliş yoldaşı deyil, sanki filmin həmqurucusu idi.
Aktyor Yuri Yakovlev: "Mən aktyora hörmət edən, onun rola yanaşma tərzini anlayan rejissorlarla işləməyi xoşlayıram. Rasim Ocaqov da çəkildiyim "Qətldən yeddi gün keçmiş" filminin çəkiliş meydançasında belə idi. O elə bir mühit yaratmışdı ki, insanlar bir yerdə işləməkdən məmnunluq duyurdular. Bizdə qarşılıqlı hörmət hissi yaranmışdı".
Kinodramaturq Rüstəm İbrahimbəyov: "O, "Tütək səsi" filmini çəkirdi. Böyük material hazırlamışdı və mənə baxmağı təklif etdi. Material maraqlı idi, amma nələrsə mənə xoş gəlmirdi. Mən açıq adamam, fikirləşdiklərimin hamısını ona dedim. Rasim mənə qulaq asıb başı ilə təsdiq edirdi... Sonra mənə elə gəldi ki, o, döşəmədə nəsə gördü və əyildi. Sonra başı dəhşətli səslə parketə dəydi. Elə bildim öldü. Bir neçə dəqiqə, demək olar ki, tam hərəkətsiz idi. Biz onu tibb məntəqəsinə apardıq. Həkimlər gəldi, ürəyi döyünmürdü... Birdən Rasim gözlərini açdı və soruşdu: "Film haqqında mənə nəsə deyirdin?" Cavab verdim: "Sən nə danışırsan, film nədir?" O dedi: "Yox, sən bunları deyirdin..." Sonra əlinə karandaş və kağız alaraq söhbəti davam etdirdi, sanki həmin dəqiqələr olmamışdı".
Dövlət Mükafatı laureatı, kinooperator Rafiq Qəmbərov: "1978-ci ildə mən kinooperatorluğa yeni başlamışdım. O, mənim əlimdən tutub böyük kino dünyasına apardı. Onda "İstintaq" filmini çəkirdi. Bundan qabaq isə "Ad günü" filmi ilə bağlı böyük uğur qazanmışdı. Mənim fikrimcə, bu, onun ən uğurlu filmlərindən biridir, təkrarolunmaz rejissor işidir. Burda həm də millilik var. Bu filmlər ssenarist Rüstəm İbrahimbəyovun və rejissor Rasim Ocaqovun uğurlu və uzun sürən duetinin əsasını qoydu. Bundan sonra Rasim Ocaqov daha 14 film çəkdi və onların hamısına məni kinooperator kimi dəvət etdi. "İstintaq" filmi 1980-ci ildə Düşənbədə Ümumititfaq film festivalının birinci mükafatına layiq görüldü. 1981-ci ildə bu filmin çəkiliş qrupundan yeddi nəfərə SSRİ Dövlət Mükafatı verildi. Bu, "Arşın mal alan"ın 1948-ci ildə Stalin mükafatı (Onda Dövlət mükafatı belə adlanırdı) almasından düz 33 il sonra baş vermişdi. Bununla da Rasim Ocaqov bir daha Azərbaycan kinosunun yüksək səviyyəsini təsdiq etdi. Bundan sonra biz bir neçə film - "Bağlı qapı arzxasında", "Park", "Hava məbədi" və s. çəkdik".
Yazıçı Anar: "O, kinoda İtaliya neorealizmi hakim olan zamanlarda VQİK-də - dünyanın ən yaxşı kinematoqrafiya məktəblərindən birində oxuyurdu. R.Rosselininin, V. de Sikanın, C. De Santisin, L.Viskontinin və başqa tanınmış ustadların filmləri - "Roma açıq şəhərdir", "Velosiped oğruları", "Roma saat 11 radələrində", "Rokko və qardaşları", "İki quruş ümid" kimi dünya kinosu şedevrləri Ocaqovun ömürlük yaradıcılıq şövqünü müəyyən etmişdi. Bu yönümün yetirməsi olan böyük Federiko Fellini ən sonda neorealizmin qəbrini qazdı. Və məsələ yalnız dünyaya tamamilə fərqli kino təqdim edən Fellini dühasının nadir xüsusiyyətləri ilə bağlı deyil. Neorealizm özü-özünü tükəndirdi, ya da ki, İtaliyada onu törədən gerçək iqtisadi və sosial durum yoxa çıxdı. İlk öncə Fellini, həmçinin qismən Antonioni, Pazolini, sonradan Viskonti bunu anladılar."
Rasim Ocaqov isə bizim Azərbaycan kinosunda bu istiqamətin əsasını qoydu. Və ona sadiq qalması öz tələbəlik illərinin estetik həvəsinin və ehtirasının sehrindən çıxa bilməməsi ilə bağlı deyil. Bu, ona görə idi ki, Azərbaycan gerçəkliyi məhz bizim milli gerçəkliyimizi əks etdirə bilən kino yaradıcısını gözləyirdi. Həyatı bənzətməyə çalışan saxta və şit filmlər deyil, tam realist, lazım gələrsə, neorealist əsərlər gözləyirdi. Rasim Ocaqov öz əsərlərində öz bədii "kimliyini" ortaya qoyur. Bu heç də o demək deyil ki, o, "özü haqqında" film çəkir. Bu, o deməkdir ki, o, bir yaradıcı və bir vətəndaş kimi onu narahat edən məsələlər haqqında film çəkir. Onun ssenari üçün material seçimi məhz bununla bağlı idi. Baxmayaraq ki, o, öz filmlərində məhz özünəməxsus cizgilərdən də istifadə edirdi. Bir dəfə mən ondan soruşdum: "Rasim, sən niyə evə dönən zaman birbaşa çaydanın lüləyindən qaynar su içirsən?" "Sən bunu hardan bilirsən?" - deyə o heyrətləndi. "Filmlərindən. Fəxrəddin Manafov "Təhminə"də də, "Otel otağın"da da belə edir. Bu, təsadüfən üst-üstə düşə bilməz". Rasim gülərək razılaşdı".
Biz həmişə harasa qaçırıq. İnanılmaz dərəcədə tələsirik və istənilən halda bir-birimizə çox önəmli saydığımız sözləri deməyə gecikirik. Sonra isə insan gedir, onunla birgə bütöv bir dünya da yoxa çıxır...
MƏSLƏHƏT GÖR: