
QAZANILMIŞ SEÇKİLƏR VƏ İTİRİLMİŞ REYTİNQ
ƏİP-in səhvləri bir-birini əvəzləyir
Müəllif: Ramin ABDULLAYEV Bakı
Türkiyədə mayın 29-da keçirilmiş bələdiyyə seçkisinin nəticələri son illər imicini xeyli korlamış Rəcəb Tayyib Ərdoğanın rəqiblərini sevindirib. Hakim Ədalət və İnkişaf Partiyası (ƏİP) seçkidə 40,1% səs alaraq qələbə qazansa da, 2004 və 2008-ci il seçkiləri ilə müqayisədə mövqelərini xeyli zəiflədib.
R. Ərdoğanın partiyası 81 vilayətdən 45-nin bələdiyyəsinə rəhbərliyi ələ keçirib ki, bu, 2004-cü il seçkisi ilə müqayisədə 18 vilayət azdır.
Baş nazirin əsas rəqibi - Dəniz Baykalın rəhbərlik etdiyi Cümhuriyyət Xalq Partiyası 21,18% (2004-cü ildə olduğundan 5,5% artıq) səs qazanaraq 13 vilayətdə birinci olub.
Daha ciddi nailiyyətə isə Dövlət Baxçalının Milliyyətçi Hərəkat Partiyası (MHP) nail olub. Onun birdən-birə 10 vilayətdə bələdiyyə rəhbərliyini ələ keçirməsi Ərdoğan üçün arzuolunmaz sürpriz sayıla bilər.
Digər partiyaların mövqelərində isə gözlənildiyi kimi, ciddi fərq qeydə alınmayıb. Məsələn, etnik kürdlərin dəstəklədiyi Demokratik İnkişaf Partiyası 4,98% səs toplayaraq, 8 vilayətdə yerli özünüidarəetmə orqanlarına rəhbərliyi ələ keçirib.
Bir sözlə, seçicilər Ərdoğana aydın mesaj ünvanlayıblar: hazırkı siyasətin davam etdiriləcəyi təqdirdə, Türkiyədə növbəti birpartiyalı hökumət qurmaq mümkün olmayacaq. Demək, hakim partiya müxalifətə tərəf baxmalı olacaq. Hər halda 2009-cu ilin 29 mart seçkisi Türkiyənin siyasi xəritəsini dəyişdirərək, onu çoxpartiyalı yola qaytarıb. Bununla da Ərdoğanın 2002-ci ildə qazandığı qələbə ilə başlanmış təkpartiyalı idarəetmə mərhələsi sona çatmaqdadır.
Müxalifət isə açıq şəkildə bəyan edir ki, Ərdoğanın 7 illik rəhbərliyi seçiciləri bezdirib və hökumətə tezliklə hakimiyyətdən getməli olacağının işarələri verilib. Baxmayaraq ki, cəmi 20 ay əvvəl keçirilmiş parlament seçkisində ƏİP səslərin 47%-i toplamaqla şəksiz qələbə qazanmışdı.
Görəsən, o vaxtdan nə dəyişib?
ƏİP-in populyarlığını itirməsində hökumətin qlobal iqtisadi böhran nəticəsində yaranmış sosial problemlərin həllinə başısoyuqluqla yanaşması böyük rol oynayıb.
Birincisi, 2007-ci ilin iyul seçkisindən dərhal sonra reytinqi bir adamdan asılı olan ƏİP müxalifətlə istənilən dialoqdan imtina edib və bununla da opponentlərinin elektoratına hansısa dərəcədə təsir etmək imkanını tam itirib.
Bundan başqa, hakim dairələrin hicaba qadağanın aradan qaldırılması məsələsindəki uğursuz kampaniyası da onun nüfuzuna zərbə vuran amillər arasındadır. Bu məsələdə Mustafa Kamal Atatürkün postulatlarını, xüsusilə "dünyəvilik" prinsipini dəstəkləyən CHP öz mövqelərini kifayət qədər möhkəmləndirib.
Üstəlik, əhalinin dini baxımdan fəal təbəqəsinin gözləntilərinin əksinə olaraq, ƏİP Konstitusiyaya hicaba qadağanı aradan qaldıracaq düzəliş edilməsinə getmədi. Axı Ərdoğanın partiyasının 2007-ci il seçkisindəki qələbəsində məhz "incimiş partiya" imici böyük rol oynamışdı.
Bundan başqa, Ərdoğan hökumətinin fəaliyyətindəki islamçılıq çalarları İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyatlar zamanı özünü xarici siyasi kursda da tam çılpaqlığı ilə göstərmiş oldu.
Üstəlik, "Deniz Feneri" təşkilatı ətrafındakı qalmaqal (hakim partiyanın bu təşkilatın köməyi ilə Avropada yaşayan türklərdən pul topladığı məlum olub) da ƏİP-in reytinqinin düşməsi prosesinə təkan verib.
ƏİP-in Türkiyənin media bazarının 60%-nə nəzarət edən "Doğan" media-holdinqlə sərt qarşıdurması da hakim partiyanın imicinə mənfi təsir göstərmiş amillərdəndir. Üzvləri dövlət çevrilişində ittiham olunan "Ergenekon" təşkilatı ilə bağlı əməliyyat çərçivəsində yalnız Ərdoğanın əleyhdarlarının yox, hərbçilərin də həbsi ictimaiyyətin gözündən yayınmayıb və bu, ordunu xalqın gözündən salmağa cəhd kimi qiymətləndirilib.
Prinsipcə, texniki baxımdan, ƏİP digər partiyalarla müqayisədə əlində olan bütün hüquqi imkanlardan istifadə etməklə daha yüksək seçkiqabağı fəallıq göstərdi. Hətta seçkiyə az qalmış hakim partiyanın adından yoxsul ailələrə hədiyyələrin paylanmasına da gedilmişdi. Lakin bunların köməyi olmadı - hətta seçkiqabağı dövrdə 2 ay ərzində 66 vilayətdə çıxışlar etmiş Ərdoğanın enerjisi də işə yaramadı.
Amma ƏİP tərəfdarları panikaya düşmür, ölkənin ən böyük bələdiyyələri olan İstanbul və Ankara bələdiyyələrinə hakim partiyanın rəhbərlik etdiyini, növbəti parlament seçkisinə isə hələ 2 ildən artıq vaxtın olduğunu əsas götürürlər.
Bununla yanaşı, iqtisadi durumu getdikcə pisləşən ölkədə narazılığın artdığı göz önündədir. Təkcə son bir neçə ayda Türkiyədə 100 minlərlə insan işsiz qalıb. İnsanlar yorulublar. Baş nazirin həm müxalifətə basqıları, həm də xarici siyasi səviyyədə (Davos qalmaqalını misal göstərmək olar) bitib tükənməyən qalmaqalları ictimaiyyəti boğaza yığıb. Müxalifət təmsilçilərinin bildirdiyi kimi, "hakim partiyanın bəxti gətirib ki, bələdiyyə seçkisi 2 ay gec keçirilməyib".
CHP lideri Dəniz Baykal daha da irəli gedərək, "Xalqın Ərdoğana sarı vərəqə göstərdiyini, bunun ardından qırmızı vərəqənin gəldiyini" bəyan edib. "Heç kəsin hamını tənqid hədəfi seçərək, özünü təkbaşına lider elan etməyə haqqı yoxdur. Alternativ həmişə var və olacaq", - deyə Baykal qeyd edib.
Onu da deyək ki, Ərdoğan hökuməti son 1,5 il ərzində xarici siyasətdə "erməni istiqaməti"ndən başqa, heç bir istiqamətdə özünü göstərə bilməyib. Daxili siyasi mövzulardan fərqli olaraq, Ermənistanla münasibətlərin normallaşması məsələsində Türkiyə müxalifətinin mövqeyi heç zaman olmadığı qədər birdir - onlar Yerevanla yaxınlaşma cəhdlərini hakimiyyətin növbəti "avantürası" sayırlar. Maraqlıdır ki, Abdullah Gülün məsələyə dəstəyi hakimiyyətlə ictimaiyyət arasında çatı daha da dərinləşdirib, hakim Ədalət və İnkişaf Partiyasının və şəxsən prezident və baş nazirin nüfuzuna zərbə vurub. Bunun nəticəsi olaraq hakim elitanın təmsilçiləri bir-birinin ardınca ictimaiyyətin sərt tənqidinə səbəb olan yanlışlıqlar etməyə başlayıblar. Misal kimi, baş nazirin müavini Cəmil Çiçəyin mart seçkisinin nəticələrini necə şərh etdiyinə nəzər salaq: "Biz Demokratik Toplum Partiyasının (etnik kürdlər tərəfindən dəstəklənən təşkilat - R+.) hətta İqdır vilayətində qələbə qazanması, bununla da Ermənistanla sərhədə çıxması üzündən təhlükəli tendensiya ilə üzləşmişik".
Ermənistanın sözügedən partiya ilə eyni kontekstdə xatırlanması nəinki mətbuatın tənqidinə tuş gəlib, hətta ölkənin cənub-şərq hissəsində - hakim partiyanın nüfuzunun onsuz da aşağı olduğu vilayətlərdə itaətsizlik aksiyalarına yol açıb.
Türkiyədə ehtirasların coşduğunu seçkiyədək və seçki günü baş vermiş insidentlər də göstərir. Türkiyə "qanlı seçki"nin nə olduğunu çoxdan unutmuşdu. Martın 29-da isə seçki məntəqələrində onlarla seçici yaralanıb və müxtəlif zədələr alıb.
Qurbansız da ötüşmək mümkün olmayıb - ölənlər arasında hətta namizədlər və merlər var.
Yuxarıda qeyd olunanları ümumiləşdirərək, Rəcəb Tayyib Ərdoğanın partiyası üçün 12 neqativ tendensiyanı sadalamaq olar:
. Qərb vilayətlərinin əksəriyyətində ƏİP-in seçkini uduzmasına səbəb regionun iqtisadi cəhətdən geri qalması ilə əlaqədar yerli əhalinin narazılığıdır.
. Siyasi qütbləşmə və müxalifətlə daimi qarşıdurmaya yönəlmiş siyasi kurs neqativ effekt verərək, hakim partiyanın nüfuzunun azalmasına səbəb olub.
. Bəzi nazirlərin bələdiyyə rəhbərliyinə müxalifətçilərin seçiləcəyi təqdirdə, xidmətlərin keyfiyyətinin kəskin aşağı düşəcəyi ilə bağlı şantaj etməsi və bunun nəticəsi kimi hakim partiya Antalya və Mersin kimi böyük şəhərləri "itirdi". Seçicilərə məişət cihazlarının pulsuz paylanması da nəticə vermədi.
. Seçki nəticəsində MHP mərkəzçi mövqe tutmaqla "qütblülük" prinsipini dağıdıb - siyasi səhnədə özünəməxsus "balanslaşdırıcı qütb" tutub.
. Türkiyənin iri şəhərlərində partiyalar arasında kəskin qarşıdurma yaşanıb. Məsələn, ƏİP İstanbul və Ankarada qələbəni minimum fərqlə qazanıb, Antalyada isə məğlub olub. Bu, Ərdoğanın məhz iri şəhərlərdə də nüfuzunun aşağı düşdüyünü sübut edir.
. Dini qütbü təmsil edən "Saadət" partiyasının Numan Kurtulmuşun simasında yeni lider əldə etməsi hakim partiyanın elektoratının bir hissəsinin bu partiyanın tərəfinə keçməsinə səbəb olub.
. Seçki ölkənin cənub-şərq hissəsində "kürd faktoru"nun böyük rola malik olduğunu göstərib və məhz bu faktor hakim partiyanın elektoratının bir hissəsini öz tərəfinə çəkib.
. Bəzi siyasi liderlərin seçkidə əsas rolu namizədin yox, partiyanın imicinin oynamasına dair bəyanatları özünü doğrultmayıb. Məsələn, Şanlıurfa və Adana kimi vilayətlərdə əhalinin daha yaxşı tanıdığı şəxslər qələbə çalıb.
. "Türkiyə siyasətində qadınlara yer yoxdur" postulatı özünü tam doğruldub. Qaliblər sırasında qadınların sayı son dərəcə azdır.
. Seçicilər vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində fəal işləmiş bələdiyyə başqanlarının postlarında qalmasına səs veriblər. Məsələn, hakim partiyanın ciddi səylərinə baxmayaraq, Əskişəhər şəhərində yenidən Demokratik Sol Partiyasının nümayəndəsi Yılmaz Büyükerşen qalib gəlib.
. Reytinqindəki 8%-lik azalmaya baxmayaraq, hakim partiya böhranlı vəziyyətdə liderliyini qoruya bilib. Bu, Rəcəb Tayyib Ərdoğana partiyasını növbəti seçkiyə növbədənkənar kampaniya elan etmədən aparması üçün "viza" verib.
. Uzun onilliklər boyu ölkədə siyasi qüvvələr nisbətinə fəal təsir göstərmiş Silahlı Qüvvələrin "laqeydliyini" görən seçicilər hökumətə özləri "cavab vermək" qərarına gəliblər. 2007-ci ilin parlament seçkisi özünəməxsus "Abdullah Gülə dəstək səsverməsi" olmuşdusa, martın 29-da Antalyada vətəndaşlar yerli universitetə əhalinin bəyənmədiyi şəxsi rektor təyin etmiş ölkə rəhbərliyinə "yox" deyiblər.
Türkiyədə növbəti parlament seçkisinə qalmış 2 ildə hadisələrin necə inkişaf edəcəyi məlum deyil. Lakin bu gün bir şey aydındır - hazırkı hakimiyyətin səhvləri bir-birini əvəz edir. İstənilən koalision hökumət isə bundan sonra şərtləri təkbaşına diktə edə bilməyəcək Ərdoğan üçün "qürub" deməkdir - imici hazırkı baş nazirdən asılı olan hakim partiya, sadəcə, parçalanacaq.
MƏSLƏHƏT GÖR: