
ETIBARLI TƏRƏFDAŞLAR
Müəllif: Redaksiya
Aprelin ilk yarısı ölkəmizin xarici siyasətində olduqca vacib hadisələrlə əlamətdar oldu: Azərbaycan XİN başçısının Gürcüstana baş çəkməsi, bunun ardınca Litvanın xarici işlər nazirinin Bakıya gəlişi, nəhayət, Ukrayna prezidenti Viktor Yuşşenkonun Azərbaycana rəsmi səfəri.
Son səfər bir çox parametrlərdən Bakı ilə Kiyev arasında ikitərəfli münasibətlərin inkişafı baxımından vacib oldu - həm geniş spektrdə problemlərin müzakirəsi, imzalanmış razılaşmaların kəmiyyəti və keyfiyyəti, həm də ikitərəfli dialoq və əməkdaşlığın qurulmasında yeni mexanizmlərin hazırlanması baxımından. Azərbaycan prezidenti İlham Əliyevin səfərin nəticələrini qiymətləndirən zaman Bakının "Ukraynaya dünyadakı ən etibarlı tərəfdaşlarından biri kimi yanaşdığını" söyləməsi də təsadüfi deyil.
Səfər çərçivəsində müzakirə edilmiş problemlərə gəlincə, tərəflər ticarət və investisiya, energetika və nəqliyyat, hərbi-texniki və aerokosmik sahələrdə əməkdaşlıq məsələlərinə xüsusi diqqət ayırdılar. Prezidentlər Bakı ilə Kiyev arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını sadəcə deklarativ şəkildə bəyan etmədilər, həm də bunu konkret razılaşmalar və sazişlərlə möhkəmləndirdilər. Ukrayna prezidenti V.Yuşşenko bu məsələ ilə əlaqədar bildirdi ki, "bizim strateji tərəfdaşlığımız bu gün daha geniş hüquqi-normativ baza əldə etdi".
İki ölkə arasında imzalanmış razılaşma və sazişlərə, (ümumilikdə onların sayı 8-dir) xüsusilə 2009-2010-cu illər ərzində Azərbaycan-Ukrayna əməkdaşlığı üçün tədbirlər planı, Ukraynanın Volnsk vilayəti administrasiyası ilə Gəncə şəhər İcra Hakimiyyəti arasında regionlararası saziş, eləcə də 2009-2010-cu illər üçün iki ölkə XİN-nin məsləhətləşmə planı daxildir.
Həmçinin hərbi-texniki, kosmik məkanın dinc məqsədlərlə istifadəsi üçün tədqiqi, bundan başqa, iki ölkənin kəşfiyyat orqanları arasında əməkdaşlığa dair sazişlər də imzalanıb.
Tədbirlər planını xüsusi qeyd etmək lazımdır. Bu miqyaslı və strukturlu sənəddə 2 il ərzində həm ikitərəfli, həm də beynəlxalq qurumlar çərçivəsində (BMT, ATƏT və s.) siyasi dialoq və əməkdaşlıq, ticarət və iqtisadiyyat, yanacaq-energetika, nəqliyyat, təhlükəsizlik, hərbi-texniki, humanitar və regionlararası əməkdaşlıqla bağlı əsas prioritetlər və tədbirlər əks olunub.
Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında ikitərəfli dialoq və əməkdaşlığın tamamilə yeni mexanizmi - Prezidentlər Şurasının yaradılması xüsusi vacib məqamdır. Xatırladaq ki, Şura hələ 2008-ci ilin mayında Litva, Polşa və bir sıra digər ölkələrdə Prezidentlər Şurası çərçivəsində əməkdaşlıq etmək təcrübəsi olan Kiyevin təşəbbüsü ilə təsis olunub. Bakı Kiyevin bu təşəbüsünə müsbət yanaşıb: Azərbaycanda inanırlar ki, bu, ikitərəfli münasibətlərin daha da inkişafına əlavə dinamiklik verəcək.
Qeyd edək ki, Şuranın əsas vəzifələrindən biri iki ölkə münasibətlərinin strategiyasının müəyyənləşdirilməsi, yüksək səviyyələrdə aktual məsələlər üzrə razılaşmalara əməl olunmasına nəzarətdir.
Prezidentlər Şurasının ilk - Bakı iclasının yekunu olaraq tərəflər protokol imzalayıblar. Orada iki ölkənin benəlxalq və regional səviyyədəki bir çox vacib məsələlərə yanaşma və münasibətinin üst-üstə düşdüyü qeyd edilib, iki ölkənin nazirlik və idarələrinə ikitərəfli əməkdaşlıqla bağlı konkret məsələlərin həllinə dair dəqiq tapşırıqlar verilib.
Azərbaycan-Ukrayna sammitinin vacib nəticələrindən biri də Avropa və regionun təhlükəsizliyi ilə bağlı daha geniş miqyasda qarşılıqlı anlaşmanın əldə olunmasıdır. Hər iki ölkə başçısı bəyan edib ki, onlar öz xarici siyasətlərində Avropa İttifaqı istiqamətinə böyük əhəmiyyət verirlər. Prezidentlər Avropaya inteqrasiya və Aİ ilə əməkdaşlıq sahəsində məsləhətləşmələr və təcrübə mübadiləsinin aparılması haqda razılıq əldə ediblər.
Qeyd edək ki, iki ölkənin "Şərq Tərəfdaşlığı" sammitinin mayın 7-də Praqada keçiriləcək inauqurasiya sammiti ərəfəsində bu məsələdə əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir.
Ukrayna nümayəndə heyətinin Bakıya rəsmi səfərinin proqramındakı son maddə iki ölkə başçısının 1919-cu ildə Ukraynanın ADR-dəki səfirliyinin binası üzərində xatirə lövhəsinin açılışına qatılması olub. Tərəflər ilk demokratik respublika - Azərbaycanla Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 90 illiyini bu cür qeyd ediblər.
Dövlət başçıları iki ölkə arasında kökləri ötən əsrin əvvəllərinə gedib çıxan mehriban qonşuluq, qarşılıqlı dəstək və əməkdaşlıq siyasətinin ardıcıllığını vurğulayıblar.
Ümumilikdə, Bakıda baş tutmuş görüşlər və aparılmış danışıqlar göstərdi ki, hər iki ölkənin lideri Azərbaycanla Ukrayna arasında strateji tərəfdaşlığı möhkəmləndirmək, ikitərəfli əlaqələri keyfiyyətcə yeni səviyyəyə yüksəltmək, ona həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq arenada dinamik əməkdaşlıq xarakteri vermək niyyətindədirlər.
Beləliklə, prezidentlər öz sözlərini dedilər. İndi qalır əldə edilmiş razılaşma və imzalanmış sazişlərin reallaşdırılması. Bu isə birbaşa iki ölkənin nazirlik və idarələrinin rəhbərliyi və əməkdaşlarının icraedicilik, təşəbbüskarlıq və operativliyindən asılıdır.
MƏSLƏHƏT GÖR: