15 Mart 2025

Şənbə, 00:24

"LUJNİKİ"DƏKİ ŞEYTAN VƏ QAPIMIZ

Futbol üzrə Azərbaycan millisi üzərində qələbə Ruslara o qədər də asan başa gəlmədi

Müəllif:

01.04.2009

Futbol üzrə 2010-cu il dünya çempionatının seçmə mərhələsində 4-cü qrupun qarşılaşmaları "Lujniki" stadionunda Rusiya və Azərbaycan milliləri arasında keçirilən matçla başa çatdı. Qarşılaşma Rusiya millisinin 2:0 hesablı qələbəsi ilə bitdi. Artıq matçın 32-ci dəqiqəsində hesab Roman Pavlyuçenkonun standart vəziyyətdən vurduğu qolla açıldı. Əslində, zərbə o qədər də təhlükəli alınmasa da, Azərbaycan millisinin qapıçısı Fərhad Vəliyevin son dərəcə uğursuz çıxışı hesabın açılmasına səbəb oldu. R. Pavlyuçenkonun qolununu "Sport-Ekspress"in təhlilçisi belə şərh edib: "Qapıçının bu zərbəni necə qaytarmasığını yalnız Lujniki şeytanı bilər". Qarşılaşmadan sonra qolun müəllifi özü bildirdi ki, o, "zərbənin hansı tərəfə göndərilməli olduğunu bilib və topun tora daxil olacağını hiss edib".

İkinci hissədə Berti Foqts Branamir Subaşiçi Vaqif Cavadovla əvəzlədi və bu, millinin hücumda fəallığını bir qədər artırması ilə nəticələndi. İkinci hissənin əvvəlində - 50-ci dəqiqədə Rusiya millisinin hücumunun qolla bitməsi son anda baş tutmadı: Arşavin qapı xətti üzərində topa sadəcə toxuna bilmədi. 71-ci dəqiqədə isə Konstantin Zıryanov ikinci topu millimizin qapısından keçirməyi bacardı.

 

Zəif nöqtələr

Şübhəsiz ki, qarşılaşma boyunca meydanda oyunu Rusiya millisi diqtə edirdi. Amma elə rusiyalı şərhçilər də etiraf edirdilər ki, yerli azarkeşlərin gözlədiyi oyun nümayiş etdirilmədi. Birinci hissədə rusiyalı futbolçular, əgər belə demək mümkünsə, meydanda gəzişirdilər. 20 dəqiqə onlar yalnız komanda oyununu tapmaq haqda düşündülər. Nəhayət, rusiyalıların hərəkətə gəlmələri üçün isə düz 45 dəqiqə vaxt sərf olundu. 

Azərbaycan millisinin isə heç olmasa, 1 cavab topu vurmaq cəhdləri nəticəsiz qaldı. Bununla yanaşı, futbolçularımız müdafiədə oturmayaraq hücumlar da təşkil edir, rəqib müdafiəçilərini yaxşıca tərlədirdilər. Lakin hücumları məntiqi sonluğa çatdırmaq mümkün olmadı. Futbolçularımızda kəsərlilik və sürət çatmırdı. Görünən odur ki, onlar Rusiya millisi ilə sürətli futbol oynamaq iqtidarında deyildilər. Məhz bu səbəbdən Azərbaycan millisinin üzvləri oyunun tempini aşağı salmağa çalışırdılar. Rəqibin qapısı önündə ən təhlükəli məqam 90-cı dəqiqədə yaşandı - müdafiəçilərin cərimə meydançasında uğursuz oyunundan sonra top Vaqif Cavadova düşdü və onun zərbəsi qapı dirəyindən döndü.

Qeyd edək ki, hələ qarşılaşmadan əvvəl şərhçilər, həmçinin rusiyalı futbolçuların özləri Berti Foqtsun məşqçi postuna gətirilməsi ilə güclənmiş Azərbaycan millisinə yuxarıdan aşağı baxmağın yolverilməz olduğunu bildirirdilər. Azərbaycan millisi isə qarşılaşma öncəsi problemlə üzləşmişdi. Söhbət zədəli oyunçulardan gedir - ötən il üçün Azərbaycanın ən yaxşı futbolçusu seçilmiş Kamran Ağayev zədə üzündən sıradan çıxmışdı. Zaur Tağızadə və Zaur Ramazanov kimi aparıcı oyunçular da eyni səbəbdən meydana çıxa bilmədilər. Rəqibdə isə belə problem yox idi.

Rusiya millisinin kapitanı Sergey Semak Azərbaycan üzərində qazanılmış qələbədən sonra qarşılaşmanın çətin keçdiyini etiraf edib: "Rəqib oyununu əks-hücumlar üzərində qurmuşdu və bu səbəbdən müdafiədə diqqətli olmaq lazım idi. Bu gün oyun çətin keçdi. Ola bilsin ki, biz daha çox səhvlərə yol verdik". S.  Semak bildirib ki, "Azərbaycan millisinin oyuna köklənmə səviyyəsi yüksək idi, çünki onlar üçün heç-heçə oynamaq və ya qələbə qazanmaq sensasiya olardı. Bizim üçün isə xal itirmək, xüsusilə uduzmaq yolverilməz idi".

Azərbaycan millisinin oyununu şərh edən S. Semak bildirib ki, "komanda yaxşı oynayıb və xeyli çalışıb. Müdafiədə ciddi təşkilatçılıq duyulurdu. Bir sözlə, Berti Foqtsun "bacarıqlı əli" hiss olunurdu".

Azərbaycan millisinin baş məşqçisinə gəlincə, o, Rusiya yığması ilə qarşılaşmada nümayiş etdirilən oyundan məmnundur. Oyun haqda danışan alman mütəxəssis deyib: "Rusiya millisini 3 xal qazanması münısibəti ilə təbrik edirəm. Biz rəqib üçün çətinlik yaratmağa çalışdıq və hesab edirəm ki, bunu müəyyən qədər bacardıq. Bu qarşılaşmada güclü rəqiblə oynamaq baxımından çox şey öyrəndik. Hesab edirəm ki, biz düzgün yoldayıq, əsl Avropa futbolu oynamaq istiqamətində irəliləyirik. Komandamız gəncdir və onun beynəlxalq arenada çıxış etmək təcrübəsi yoxdur. Bu gün komandanın nümayiş etdirdiyi oyundan fərəhləndirici təəccüb hissi keçirtdim. Rusiya ilə oyun bu il ilk qarşılaşmamız idi və buna görə də çətin idi. Nə isə. Bir daha Qus Hiddinqi təbrik edirəm".

 

Gələcək var

Yüksək səviyyəyə malik olmayan, özünü təzə-təzə göstərməyə və təsdiqləməyə çalışan milli ilə işləməyin nə dərəcədə çətin olması haqda jurnalistlərin sualını cavablandıran Foqts bildirib ki, o, Azərbaycana çətin missiyanı yerinə yetirmək üçün gəlib: "Bir il ərzində biz xeyli iş görmüşük və müsbət tərəfə dəyişikliklər hiss olunmaqdadır. Mənim fəaliyyətim yalnız əsas yığmanı yox, bütünlükdə ölkədə futbolun inkişafını əhatə edir. Biz doğru yoldayıq".

Nə qədər təəccüblü olsa da, rusiyalı jurnalistlər Berti Foqtsa dünya çempionatından sonra Rusiya millisinin baş məşqçisi postunu tərk edəcək Qus Hiddinqin yerini tutmağı təklif ediblər. Alman mütəxəssis isə təklifi diplomatikcəsinə rədd edərək bildirib ki, o, iki gün sonra nə baş verəcəyi haqda danışmağı xoşlamır: "Hiddinqə millinizin sükanı arxasında mümkün qədər çox qalmağı arzulayıram. Onun rəhbərliyi altında komanda tamamilə fərqli oyun nümayiş etdirməyə başlayıb. Ona tamaşa etmək mənə zövq verir. Hazırkı sürətli və hücum futbolunu Rusiya millisinin əvvəllər göstərdiyi oyunla müqayisə etmək mümkün deyil. Rusiya yığması bu baş məşqçini hazırkı vəzifəsində mümkün qədər çox saxlamağa çalışmalıdır".

Qarşılaşmadan sonrakı mətbuat konfransında jurnalistlər millimizin problemlərindən biri - əcnəbi oyunçuların milliləşdirilməsi məsələsinə də toxunublar. Berti Foqts isə Azərbaycan yığmasında əcnəbilərin çıxış etmədiyini söyləyib: "Onların Azərbaycan pasportu var və bu oyunçular Azərbaycan vətəndaşlarıdır. Əks halda bu idmançılar millimizin formasını geyə bilməzdilər. Həmin futbolçular Azərbaycanda çoxdan yaşayırlar, nəinki mən. Məsələn, mənim Azərbaycan pasportum yoxdur".

Yetirmələrindən kimlərin daha güclü milli çempionatlarda çıxış etmək iqtidarında olması haqda sualı cavablandıran baş məşqçi deyib ki, Azərbaycan millisinin "7-8 üzvünə lazımi münasibət göstərilərsə, onlar nəinki Rusiya, hətta Almaniya çempionatında forma geyə bilərlər. Azərbaycanda istedadlar az deyil. Biz futbol akademiyası açmışıq. Odur ki, gələcəyimiz çox yaxşı olacaq".

Rusiya yığmasının baş məşqçisi Q.Hiddinq isə öz növbəsində oyunun nəticəsini şərh edərkən deyib ki, komanda ilə 1 aylıq ayrılıq və 1 həftədən az müddətə işləməklə qələbə qazanmaq xoşdur: "Bizim müdafiəmizdə heç bir problem yox idi, yalnız sona yaxın bir qədər problem yaşandı. Bunun da səbəbi odur ki, bəzi futbolçularımız oyunun artıq başa çatdığını düşünməyə başlamışdı. Bu məsələyə xüsusi diqqət ayırmaq lazımdır. Daha güclü rəqiblərlə belə nömrələr keçməyəcək".

Azərbaycan millisinin oynuna gəlincə, Hiddinqin fikrincə, yığmamız heç də pis oynamayıb: "Rəqib xeyli vaxt topa sahib oldu və bu, bizim üçün sürpriz deyildi: biz qonaqların bacarıqlı rəqib olduğunu bilirdik. Onların hücumda təhlükə yarada bilməməsi isə başqa məsələdir. Rəqibimiz yaxşı oyun oynadı, müdafiədə oturmadı və irəlidə nəticə əldə etməyə çalışdılar".

Ümumilikdə, Azərbaycan millisinin oynunu qənaətbəxş hesab etmək olmaz. Həmişəki kimi, yanlışlıqlar yenə var idi. Millinin ən böyük problemi ən sakit məqamlarda kobud səhvlərə yol verilməsidir. İkinci qolu qapımıza müdafiəçi Cəmşid Məhərrəmovun tam boş buraxdığı Konstantin Zıryanov vurdu. Birinci qol isə qapıçının kobud səhvi idi. Hücumda texniki hazırlıq çatışmır, bu səbəbdən də hücumçular heç cür rəqibin cərimə meydançasına daxil ola bilmirlər. 

Bütün bunlarla yanaşı irəliləyişlər də göz qabağındadır və bu, almaniyalı mütəxəssisin xidmətləridir.

Sözügedən qarşılaşmada ən xoş məqamlardan biri azarkeşlərlə bağlıdır. Rusiya və Azərbaycan milliləri arasında oyun elə də ciddi qarşılaşma sayılmasa da, meydançanın tribunaları dolu idi: oyuna baxmaq üçün "Lujniki" stadionuna 60 mindən artıq azarkeş gəlmişdi.

İndi bütün ümidlərimiz Bakıda keçiriləcək cavab qarşılaşmasınadır. Ümid etmək istərdik ki, doğma divarlar futbolçularımıza kömək edəcək və onlar yaxşı oyun nümayiş etdirə biləcəklər.


MƏSLƏHƏT GÖR:

472