15 Mart 2025

Şənbə, 00:26

RUHA və BƏDƏNƏ TƏSİR

Azərbaycanda sağlam həyat tərzi doktrinasının hazırlanmasına ehtiyac var

Müəllif:

01.04.2009

İş elə gətirib ki, bizim cəmiyyətdə çox şeylər qəbuledilməzdir və hətta sadəcə ayıb sayılır. Şəxsi nəqliyyat vasitəsi kimi velosipeddən istifadə etmək olmaz, onunla işə, alış-verişə getmək də o cümlədən. Səhər-səhər qaçmaq da yaxşı çıxmaz, çünki qonşular nəsə bir cür baxarlar, heç  düşüb həyətdə idman etmək də adi qarşılanmaz.  “Və bunları niyə etmək olmaz?” - sualının cavabını sanki hamımız bilirik, amma lazım gələndə buna, demək olar ki, heç bir cavab tapmırıq. Biz XXI yüzillikdə yaşayırıq və baxdığımız Qərb filmlərinin baş qəhrəmanları hər səhər qaçırlar və buna gözlərimiz alışıb. Amma mental qavramamıza  keçmiş bu məsələ bizim sağlam həyat tərzinə münasibətimizi, demək olar ki, dəyişə bilmir. Ancaq öyrənmək, dəyişmək, demək olar ki, heç zaman gec deyil. 

Kəsəsi, bizim toplumda yeniyetmə çağlarında siqaretə alışmamaq və siqaretdən  imtina etmək, sağlam həyat tərzinə üstünlük verdiyini dilə gətirmək də ayıbdır. Düzdür, son illərdə ölkədə sağlam həyat tərzinin təbliğatı ilə bağlı vəziyyət bir xeyli yaxşılaşıb. Bu da regionlarda çoxsaylı idman komplekslərinin açılması, idmanın populyarlaşdırılması ilə bağlıdır. Amma bu prosesə əhalinin bütün yaş qruplarından olan geniş kütləsinin cəlb edilməsi problem olaraq qalır. Beləliklə, siqaret, içki, çox yemək, aşağı fiziki fəallıq bizim ölkədə sağlamlıq üçün əsas risk amilləri sayılmalıdır. Amma şəhərdə velosipedlə gəzmək hələ də ayıbdır. 

 

Sağlamlıqdan danışaq   

Çox tezliklə xalqlar Ümumdünya Sağlamlıq Gününü qeyd edəcək. Bu bayram  7 aprel 1948-ci ildə Ümum-dünya Sağlamlıq Təşkilatının (ÜST) yaradılması ilə bağlı keçirilir. Həmin vaxtdan keçən müddət ərzində dünyanın 190-dan artıq dövləti ÜST-nin üzvü olub, Azərbaycan da bu sıradadır. Hər il sağlamlıq günü keçirmək ənənəsi isə 1950-ci ildən başlayıb. Bu gün ona görə qeyd edilir ki, insanlar sağlamlığın onların həyatı üçün nə demək olduğunu anlasınlar və dünyanın bütün insanlarının sağlamlığının yaxşılaması üçün nə etmək lazım gəldiyinə qərar versinlər. Hər bir Ümumdünya Sağlamlıq Günü planetin səhiyyə sisteminin qarşısında duran bir problemə həsr edilir və müxtəlif şüarlar altında keçirilir: "Sənin qanının təhlükəsizliyi  çoxlarının həyatının xilasıdır", "Fəallıq uzunömürlülüyə gedən yoldur", "Hamiləlik insanın həyatında xüsusi hadisədir. Onu təhlükəsiz edək", "Özünütəcriddən çıxın, yardım göstərin". 

Ona görə də bu günlərdə Azərbaycanda xəstəliklərin sayından və xüsusiyyətlərindən danışmaqdansa, onlardan necə yaxa qurtarmağın yollarına diqqət yetirmək daha önəmlidir. Axı onların çoxunu yaradan səbəblər gerçəkdən də ölkədə sağlam həyat tərzinin yayılması ilə bağlı doktrinanın olmaması, insanların özünün "sağlam bədəndə sağlam ruhu qorumaq" istəməməsi ilə əlaqəlidir. 

"Heç kim demir ki, insanları sağlam həyat postulatları ilə yaşamağa məcbur etmək lazımdır. Burada söhbət əhvali-ruhiyyədən gedir. Əgər siz Nyu-Yorkun və ya Parisin küçələri ilə gəzsəniz, mütləq sizdə səhərlər təmiz havada qaçmaq həvəsi yaranar", - Milli Məclisin sosial siyasət üzrə komissiyasının rəhbəri Hadı Rəcəbli "Region plus"un əməkdaşı ilə söhbətində bu şəhərlərin adını təsadüfən dilə gətirmədi. Qızıl Xaç Cəmiyyətinin məlumatına görə, Fransa sağlam həyat tərzinin təbliğatı üçün hər il $800 mln xərcləyir. ABŞ-da isə 40 ilə nəzərdə tutulmuş sağlam həyat proqramına hər il üçün  $100 mln pul ayrılır. 

"Sağlam həyat tərzinə alışmağı amerikalılara beşikdən öyrədirlər. ABŞ-da elə məktəb tapmaq olmaz ki, orada idman fənlərinin bütün növləri tam spektrlə keçilməsin. Mənim tanışım olan bir Amerika vətəndaşı söyləyir ki, idmanla məşğul olmaq orada həyat konsepsiyasıdır. Gəlir səviyyəsi və yaşı müxtəlif olan amerikalılar öz gündəlik qrafiklərinə müəyyən vaxtı idmanla məşğul olmağı da daxil edirlər. Təkrar edirəm, gündəliyə daxil edirlər, yəni təsadüfdən təsadüfə idmanla məşğul olmurlar. Bura hər səhər qaçmaq, serfinq, alpinizm daxildir. Özününz düşünün, səhərlər qaçmaq üçün istək və vaxt lazımdır. Tennisə, qolfa, sualtı ova və ya dağ-xizək idmanına gəldikdə isə buna həm də pul lazımdır, özü də çox pul. Ancaq imkanlı azərbaycanlı ailələrindən fərqli olaraq, amerikalılarda idman üçün pul həmişə tapılır. Yemək, geyim, təhsil xərcləri ilə yanaşı, onlar da ailə büdcəsinə salınır".

Bu məsələdə ABŞ-ın son 30 ildə inkişaf etməyə başlayan sağlamlıq sənayesi də başlıca rol oynayır. Ötən yüzilliyin 70-ci illərindən, nə qədər paradoksal olsa da, Birləşmiş Ştatlarda əhalinin rifahının yaxşılaşması ilə paralel olaraq, sağlamlığının pisləşməsi ilə əlaqədar xeyli problemlər də ortaya çıxdı. İşdən öz avtomobilləri ilə qayıdan insanlar televizoru birləşdirib, pivə içməklə, pop-korn, çips yeməklə məşğul olurdular. Beləliklə də az hərəkət nəticəsində kütləvi  kökəlmə başladı. Çəkisi normadan yuxarı olan insanların sayı sürətlə artdı. Bu, yalnız Amerika həkimlərində deyil, hökumətdə də böyük narahatlıq doğururdu. Onda ABŞ prezidentinin yanında fitnes üzrə şura yaradıldı və oraya bu sahədə ən nüfuzlu olan 20 mütəxəssis  və müxtəlif ştatlardan olan siyasətçilər daxil edildi. Şuranın vəzifəsi sağlam həyat tərzinin populyarlaşdırılması, hamının getməyə imkanı çatan fitnes komplekslərinin yaradılması idi. 1983-cü ildə amerikalı Mark Mastrov  "24 saat fitnes" sistemi yaratdı. Onun əsasında iş rejimindən tutmuş qiymətə qədər hamının imkanının çatması dururdu. İndi, demək olar ki, ABŞ-ın hər bir yaşayış məntəqəsində müxtəlif fitnes-klublar var. Bununla yanaşı, son illərdə ABŞ-da siqaret çəkənlərin sayı kəskin azalıb. İdarələrin, ofislərin, teatrların, vağzalların, hava limanlarının çoxu siqaret çəkməyin kəskin qadağan olunduğu zonalar elan edilib. Və ya konkret yerlərlə məhdulaşdırılıb. Bu, tütün əleyhinə dövlət tərəfindən elan edilmiş kütləvi kampaniya nəticəsində əldə olunub. 

 

İdmanın əlçatarlığı 

Hadı Rəcəblinin sözlərinə görə, Azərbaycanda bədən tərbiyəsi və idman qiymətinə və çeşidlərinə görə əlçatar olmalıdır. "Biz sağlam həyat tərzi üzrə fəaliyyət meyarlarını müəyyən etməliyik". Bu, sağlamlıq vəziyyətinin yaxşılaşması, içki və siqaretin azaldılması, təhsil səviyyəsinin yüksəldilməsi, ölüm göstəricisinin azaldılması, məişət, əmək, təhsil şəraitinin yaxşılaşdırılmasıdır. "Sağlam həyat tərzinin populyarlaşdırılması konsepsiyasını biz qanunvericilik səviyyəsində qəbul etməliyik və oraya sağlam həyat tərzi normalarının geniş tətbiqinə yönəlmiş kampaniyanın gerçəkləşdirilməsi üzrə metodik yanaşmaların işlənməsi də daxil olmalıdır. Burada əhalinin bədən tərbiyəsi və sağlam həyat tərzi məsələləri üzrə savadlı olması da az rol oynamır. Sağlam həyat tərzi daim KİV-də təbliğ edilməlidir. Milli Məclis tərəfindən 2008-ci ilin aprel ayında baxılmış "Uşaq və yeniyetmə idmanı haqqında" Qanunun qəbul edilməsinin də vaxtı çatıb. Sağlam həyat tərzinin populyarlaşması üçün dövlət müəyyən vəsaitlər ayırmalıdır", - deyə deputat bildirir.    

Qeyd edək ki, məhz "Uşaq və yeniyetmə idmanı haqqında" qanun layihəsinin müzakirələri zamanı gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bildirmişdi ki, Azərbaycanda uşaq idmanının inkişafında ciddi problemlər var. Və bütün bunlar maliyyə təchizatı, idman qurğularının azlığı, idman məktəblərinin maddi-texniki bazasının zəif olması ilə bağlıdır. Nazir müavini əsas problemlər arasında ölkə üzrə mövcud idman məktəblərinin müxtəlif idarələrə tabe olunmasını, təsərrüfat hesabında olan olimpiya komplekslərinin uşaq idmanı sahəsinə yetərincə cəlb edilməməsini,  uşaq idmanında kadr çatışmazlığını  göstərib. 

 Nazir müavini qeyd edib ki, bu çətinliklərin həlli olmadan Azərbaycanda uşaq idmanının inkişafından, onun kütləviliyinin təmin edilməsindən söhbət belə gedə bilməz. İ. İsmayılov  "Uşaq və yeniyetmə idmanı haqqında" qanunun qəbul edilməsinin çox vacib olduğunu da bildirib, çünki o, bu sahədə olan mübahisəli məsələlərə müsbət təsir göstərə bilər. Ancaq qanun layihəsinin müzakirəsindən bir il keçsə də, heç nə dəyişməyib. Hadı Rəcəblinin dediyinə görə, hazırda qanun yenidən işlənmə mərhələsindədir. 

"Biz ictimaiyyətin bu məsələyə münasibətini dəyişmək istəyirik. Bu yaxınlarda tikilmiş məktəblərin yeni isitmə sisteminə malik idman zalları var. Nəticə hardadır? Belə qəbul olunub ki, məktəb üçün əsas uğur meyarı ali məktəblərə qəbul olunmuş uşaqların sayı və onların qəbul imtahanlarında yığdıqları ballardır. Amma heç kim ali məktəbə daxil olan bu uşaqların sağlam, ya xəstə olması barədə düşünmür. Bu cür məlumatların əldə edilməsi də mümkün deyil. Bunun nəticəsidir ki, milli təhsil sistemində idman və bədən tərbiyəsi üçüncü dərəcəli sayılmağa başlayıb. Bu yolverilməzdir. Biz bu stereotipləri sındırmağa çalışırq. Bir çox orta məktəblərin ərazilərində yüksək binalar tikilir. Məktəblərin ətrafında olan idman meydançaları və sadə idman qurğularının sayı fəlakətli şəkildə azalır. Təhsil Nazirliyi bu cür problemlərin həlli ilə məşğul olmalıdır", - deyə millət vəkili vurğulayır. 

Hadı Rəcəblinin fikrincə, bunun nəticəsidir ki, indi Milli Orduda çəkisi 45 kiloqram və boyu 1 metr 50 santimetr olan gənclər xidmət edir. Bu onların mütəmadi idmanla məşğul olmamasının nəticəsidir. "Bu, həyəcanlı faktordur. Biz əgər millətin genfondu barədə düşünürüksə, onda uşaq idmanına çox ciddi fikir verməliyik. Bəllidir ki, sağlam bədəndə sağlam ruh olar. Çox təəssüf ki, hazırda uşaq idmanının idarə edilməsində ciddi çatışmazlıqlar var".

Onun sözlərinə görə, yoxsulluq girdabı kimi anlayışdan yaxşı təhsil almaq və sağlam olmaqla çıxmaq mümkündür. "İndiyə kimi biz idman və bədən tərbiyəsi sahəsində yalnız çərçivə qanunlarına malik idik. Buna görə də biz uşaq-yeniyetmə idmanı barədə qanun hazırlamışıq, bu qanun millətin sağlamlığını, onun genfondunun qorunmasını təmin etməlidir. Həm də ki dövlət başçısının müəyyən etdiyi kimi, Azərbaycanda yoxsulluğun aradan qaldırılması və neft kapitalının insan kapitalına çevrilməsi üçün məhz təhsilin, elmin və mədəniyyətin inkişafı ilə şüura, idmanın və səhiyyənin inkişafı ilə sağlamlığa  təsir göstərmək qərara alınıb", - deyə Rəcəbli vurğulayıb. 


MƏSLƏHƏT GÖR:

424