15 Mart 2025

Şənbə, 00:25

YEDDİ RƏQƏMİNİN SİRRİ

Zaman və məkana təsir edən bu rəqəm insan həyatının bütün mərhələlərində onu müşayiət edir

Müəllif:

01.04.2009

Şərq xalqlarının qeyd etdiyi Novruz Bayramı müxtəlif ənənə və inanclarla bağlıdır. Və onların hamısının öz mənası, öz incəlikləri, öz tarixi var. Bəzi inanjlara görə, Novruz süfrəsinə yeddi cür yemək və şirniyyat qoyulmalıdır. Nə üçün məhz yeddi? Ümumiyyətlə, nəyə görə bu rəqəm qədim  Şərqdə müqəddəs sayılır? Bu suallara birmənalı cavab vermək çətindir, lakin hər bir xalqın yeddi rəqəmi ilə bağlı öz fəlsəfəsi var. 

Yeddi rəqəmi ən  tərcüb  doğuran rəqəmlərdən biridir. 7 rəqəmi sirli  rəqəmdir, müqəddəs, ilahi, xoşbəxtlik rəqəmidir. Dini təsəvvürlərə görə, 7 rəqəmi zaman və məkanı idarə edir. Dünyanın bütün xalqları  7 rəqəminə həmişə xüsusi diqqət yetirmişlər.  

Misirdə yeddi rəqəmi əbədi həyat rəmzidir, allah Osirisin rəqəmidir. O, yaradıcılıq rəmzi sayılır.

Eramızdan əvvəl 2500-ci ildə hökmdarlıq etmiş Şumer padşahı Luqulannemundu  ölkəsinin Adabe şəhərində ilahə Nintu məbədi tikdirmişdi. Məbədin yeddi darvazası,  yeddi qapısı var idi. Tikinti işi qurtarandan sonra yeddi buğa və yeddi qoyun qurban kəsərək təqdis etmişdilər.

Qədim Yunanıstanda yeddi rəqəmi Zevsin oğlu, injəsənət hamisi Apollonun rəmzi sayılır. Apollon ayın yeddinci günü doğulmuşdu, lira çalğı alətinin yeddi simi vardı. İslam ənənələrində Cənnətin yeddi qapısı, cəhənnəmin yeddi pilləsi  ifadələri məlumdur. Peyğəmbərlər də yeddidir- Adəm, Nuh, İbrahim, Musa, Davud, İsa, Məhəmməd. Məkkəyə Həcc ziyarəti zamanı  zəvvarlar müqəddəs Kəbə daşının ətrafına yeddi dəfə dolanırlar. Mərhumun ruhu yeddi gün   məzarının yanında olur. Təzə dünyaya gəlmiş körpəyə   yeddinci gün ad qoyurlar. 

Bağışlanılmaz yeddi günah  mövjuddur: Qəzəb, Tamahkarlıq, Paxıllıq, Acgözlük( qarınqululuq), Şəhvət, Xudpəsəndlik, Tənbəllik. 

Yeddi rəqəminə  çox tez-tez müxtəlif kəlamlarda, atalar sözlərində (zərb-məsəllərdə), habelə tarixi faktlarda  təsadüf olunur. Məsələn, Bakı yeddi təpə üstündə salınmışdır, həftənin yeddi günü, yeddi dəfə ölç, bir dəfə biç, Göyün yeddinci qatı, soğan yeddi dərdin dərmanıdır, yeddi qapı qonşu, yeddi günbəz, yeddi gözəl... İşıq spektri yeddi əsas rəngdən ibarətdir, musiqidə  səs sırası  yeddi tondan(notdan) təşkil olunmuşdur və s. 

Şübhə yoxdur ki, qədim zamanlarda 7 rəqəmi öz mistik xüsusiyyətini səmadakı gözlə görünən 7 planet (Günəş, Ay, Venera, Mars, Merkuri, Yupiter, Saturn) sayəsində almışdı. Yeddi planet bir-birindən həmişə eyni bərabər məsafədə qalır və eyni bir orbit üzrə  fırlanır. Buna görə də yeddi rəqəmi Kainatın əbədi harmoniyası ideyasının əsasını təşkil etmişdir. Beləliklə də,  yeddi rəqəmi təbiətdə ilahi quruluşun  obrazı və modeli, həm də   harmoniyası kimi müqəddəs sayılmış və astroloqlar üçün həmişəlik olaraq böyük əhəmiyyət kəsb etmişdir. Yeddi rəqəmi  müqəddəs sayılan  iki "3" rəqəminin  üstünə  "1" rəqəmi gəlməklə  alınan  ilahi monada hesab edilmişdir: 3+ 3 + 1.  Misirlilərdə, bununla əlaqədar olaraq 7 parlaq səma jismi allahlara çevrilmişdi. Finikiyalılarda  yeddi kabir (yunan mifologiyasında  allahlar), farslarda Mitranın (qədim Şərq dinlərində günəş allahı) 7 müqəddəs atı  səcdəgah sayılırdı. Ərəb rəvayətlərinə görə, yeddi mələk Günəşi buzun və qarın köməyi ilə soyudurdu ki, o, Yeri yandırıb külə döndərməsin, 7 min mələk hər səhər Günəşi hərəkətə gətirirdi.

7 məşhur  dəfinə, qızıl ilə dolu 7 şəhər mövcud olmuşdur. Burada dünyanın 7 möcüzəsinin adı da xatırlanmalıdır. Həftənin yeddinci günü, yəni bazar günü qədim romalılar  tərəfindən Günəş günü kimi  bayram edilirdi.

İnsan həyatının bütün tsikllərində  yeddi rəqəmi onu həmişə müşayiət edir. Körpə yeddinci ayında diş çıxarmağa başlayır. Körpə  on dörd aydan sonra ( 2x7)  oturmaq, iyirmi bir aydan sonra ( 3 x 7)  isə yerimək öyrənir, otuz beş aydan sonra ( 5 x 7) anasını əmmir. Uşaq on dörd yaşında ( 2x 7) tam formalaşmağa başlayır, iyirmi bir yaşında ( 3 x 7)  boy atması dayanır.

7 rəqəmi  ilə əlaqədar digər faktlar da məlumdur. Məsələn, insanın hamiləlik dövrü  280 gün ( 7 x  40)  davam edir. Heyvanlar aləmində siçan  21 günə ( 7x 3), dovşanlar və siçovullar 28 günə (7x4), pişik 56 günə ( 7x8), it 63 günə ( 7x9), Aslan 98 günə ( 7x14), qoyun 147 günə ( 7x21) doğur. Quşlarda, məsələn, toyuqlarda inkubasiya dövrü  21 gün (7x3) , ördəklərdə 28 gün ( 7x4) çəkir.

Yeddi  rəqəmi digər rəqəmləri zərb etməklə alınmır, o özü zərb ediləndə birinci onluq həddində rəqəm hasil olunmur.Bu cəhətdən heç bir rəqəmə bənzəmir. Ona görə ki, 9= 3x3, 8= 2x4, 6=2x3, 10= 5x2  və s.

Qədim xalqlardan başlayaraq 7  rəqəminə xüsusi diqqət yetirilməsi   Yer kürəsinin  peyki olan Ay ilə əlaqədardır. İbtidai  xalqlar arasında  belə bir inam vardı ki, yerdəki həyat və ölüm tsikli  Ayın böyüməsi və kiçilməsi ilə əlaqədardır. Klassik astroloq Ptolomey deyirdi ki, Yerə yaxın olan səma cismi Ay Yerdə olan hər bir şeyə öz təsirini göstərir. Ayın çıxması və batması zamanı çaylarda su gah artır, gah da azalır, qabarmalar və çəkilmələr baş verir, insanlar və bitkilər də dəyişikliyə məruz qalır. Təzə Ay çıxanda təbiət də yeniləşir, insanlara yeni qüvvə gəlir, hər dəfə Ay çıxanda qüvvəsi  insanlara keçir  və s. Ay tsikli dörd fazadan ibarətdir, bu fazaların hər biri yeddi günə bölünür. Şumerlilər Ay tsiklinə əsasən öz təqvimlərini tərtib etmişdilər. Təqvim ayı  dörd həftədən ibarət idi. Hər bir həftədə yeddi gün var idi. Tsikllərin sonuna əlavə günlər gəlmişdi ki, Ayın səmada görünməz olduğu günlərin yeri dolsun. Babilistanda Ay tsiklinin müəyyən  mərhələsinin  başa çatdığını  göstərən hər bir yeddinji gün Ay Allahı Sinə (Sin şumer-akkat mifologiyasında  Ay Allahıdır) həsr edilirdi. Həmin gün təhlükəli, bədbəxtlik törədən gün sayılırdı. Ona görə də həftənin yeddinci günü istirahət etmək üçün nəzərdə tutulurdu və təhlükə ilə üzləşməməkdən  ötrü heç bir iş görülmürdü. 

Okkultistlərin fikrincə,  insan bədəni  hər yeddi ildən bir təzələnir. Okkultistlər belə düşünürlər ki, xəstəliklər yeddigünlük tsiklə müvafiq olaraq inkişaf edir. Elə çıxır ki, 7 rəqəmi doğum, inkişaf, qocalıq, xəstəliklər, ölüm kimi həyati tsiklləri və ritmləri idarə edir. Həmin səbəblərə görə, 7 rəqəmi  mükəmməllik rəqəmidir. İnsanın inkişafının hər bir mərhələsi  yeddi günə  bölünür, Ayın hər fazası yeddi gün ərzində sona yetir. İstənilən yeddi obyekt  tamamlanmış tsikldən ibarətdir.  Məsələn, yeddi mövcud planet, yeddi günə bərabər həftə, yeddi  spektr rəngi, insan üzünün yeddi hissəsi, insan bədənində yeddi dəlik və i.a.  Okkultistlər  7 rəqəminin xassələrini  həyatın gizli ritmləri hesab edirlər.

Deyilənlərə görə, Dubayda dünyanın yeddi möjüzəsi natural ölçülərində bərpa ediləjəkdir. Dünyanın diqqət çəkən Piza  qülləsi və Tajmahal da  tikiləcəkdir. Bu tikililəri Böyük Çin səddi  əhatəyə alacaqdır.  Böyük Ehramda  yaşayış  apartamentləri və ofislər olacaqdır. Babil bağlarında qəhvəxanalar və restoranlar fəaliyyət göstərəcək. İsgəndəriyyə mayakında və Tacmahalda otellər, Eyfel qülləsində isə yaşayış  iqamətgahları  yerləşdiriləcək. Çox hündürdən baxanda həmin ərazi səmada süzən şahin quşunun silueti kimi görünəcək. Şahin quşu isə Birləşmiş Ərəb Əmirliklərinin rəmzlərindən biridir. Lakin dünya maliyyə böhranı belə getsə, çətin ki, yeddi möcüzənin dublikatını bu yaxınlarda yaratmaq mümkün olsun. 


MƏSLƏHƏT GÖR:

470