
YENİ LİDERLƏR AXTARIŞINDA
Taekvondo üzrə Azərbaycan Millisi Bakıda keçiriləcək komanda üzrə Dünya Kubokuna hazırlaşır
Müəllif: Zəki FEYZULLAYEV Bakı
Taekvondo Azərbaycanda sürətlə inkişaf etməkdə olan idman növlərindən hesab olunur. Son iki olimpiya mərhələsində milli beynəlxalq arenada ciddi uğurlar qazanıb, dünya və Avropa çempionatlarında medallar əldə edib, hazırda isə var gücü ilə bu ilin iyununda Bakıda keçiriləcək Dünya Kubokuna hazırlaşır. Millimizin üzvlərinin Olimpiada mükafatları uğrunda hələ ki nəticə verməyən səyləri fonunda, məhz iyunda keçiriləcək turnir idmançılarımızın perspektivi ilə bağlı bir sıra suallara aydınlıq gətirməlidir.
İdmandankənar
Aşkar uğurlara, həmçinin taekvondoçularımızın artıq iki Olimpiadada iştirak etmələrinə baxmayaraq, millimiz hələ ki bu mötəbər turnirin mükafatçıları sırasına düşə bilməyib. Üstəlik, qaçılmaz olan nəsil dəyişikliyi ilə əlaqədar, onlara səviyyələrini qorumaq hər ötən il daha da çətin olur. Son illər ərzində medallar qazanmış idmançılar zaman keçdikcə ikinci plana keçirlər və buna yalnız nəsil dəyişikliyi yox, həm də zədələr səbəb olur. Yalnız Azərbaycanda yox, bütünlükdə postsovet məkanında ən titullu taekvondoçu olan Niyaməddin Paşayevi (67 kq) buna misal göstərmək olar. 2 dünya birinciliyi, 2 qitə çempionluğu qazanmış, həmçinin 2 dəfə Olimpiadada iştirak etmiş idmançı zədələrdən heç cür qurtula bilmir. Məhz bu səbəbdən Niyaməddin, hətta karyerasını bitirmək haqda düşünməyə başlasa da, millinin məşqçilər korpusu atletimizin hələ ki idmanda son sözünü demədiyinə əmindir.
Taekvondo üzrə milli komanda məşq üçün bazanın yoxluğundan da şikayətlənə bilməz. Onların ixtiyarında milli federasiyanın təşəbbüsü ilə tikilmiş möhtəşəm mərkəz var. Hətta Azərbaycanda məşq edən xarici komandalar bu mərkəzi "Kiçik Kukivon" adlandırır - söhbət Koreyada yerləşən və dünya taekvondosunda məşhur olan mərkəzə bənzətmədən gedir. Odur ki, millinin beynəlxalq turnirlərə hazırlaşmaq və ustalığını daha da artırmaq üçün bütün imkanları var.
Lakin taekvondonun olimpiya idman növü statusunu nəzərə alsaq, burada rəqabət hər il daha da artır və səviyyənin qorunub-saxlanması üçün yeni nəsil taekvondoçulara ehtiyac duyulur.
Yeni nəsil dalğasının ən parlaq simalarından biri isə İlkin Şahbazovdur (67 kq). O artıq Avropa çempionluğunu qazanmağa nail olub və indi qarşıda yeni hədəflər durur.
Bununla yanaşı, millinin hazırkı heyəti gənclərlə təcrübəlilərin "qarışıq"ından ibarətdir - Elnur Amanov (57 kq), Rəşad Əhmədov (78 kq) və Təvəkkül Bayramov (82 kq). Bunlardan birincisi hazırkı "çağırış"ın ən yaşlı üzvüdür və bu, ötən il onun qitə birinciliyini qazanmasına mane olmayıb. Rəşadın da Pekin Olimpiadasında imkanlarından xeyli aşağı çıxış etməsinə baxmayaraq, daha sabit atlet hesab olunur.
Dünya Kuboku öncəsi
Hazırda Federasiya tam gücü ilə Dünya Kubokuna hazırlaşır. Məsələ ondadır ki, komanda qarşılaşmaları idmanda həmişə böyük maraq doğurur. Axı burada hər şey ayrıca götürülmüş döyüşün nəticəsindən yox, ümumilikdə millinin özünü necə göstərməsindən asılıdır. Təbii ki, bərabər heyətə, hər çəki dərəcəsində bərabər atletlərin olduğu komandaya sahib ölkələrin uğur qazanmaq şansı daha çoxdur.
Odur ki, Dünya Kubokuna ev sahibliyi edəcək Azərbaycan, özünü daha yaxşı tərəfdən göstərmək üçün ciddi şəkildə çalışmalıdır. Çünki etiraf edilməlidir ki, millimizdə güclənməyə ehtiyacı olan çəki dərəcələri var. Bu boşluqların bir neçə aya doldurulması isə mümkün görünmür. Üstəlik, rəqiblər də (elə dünya taekvondosunun əsas siması sayılan koreyalıların adını çəkmək kifayətdir) yarışa layiqli şəkildə hazırlaşacaqlar.
Sırf idman perspektivi hələlik bir qədər dumanlı görünsə də, turnirin təşkilatçılığı baxımdan hər şey tam əksinədir. Azərbaycan indiyədək MDB Kuboku, lisenziyalı turnirə ev sahibliyi edib, ölkədə iki dəfə gənclər arasında Avropa çempionatı keçirilib. Odur ki, artıq Federasiya bu tipli turnirlərin təşkilində təcrübəyə malikdir. Dünya Kubokunun da kifayət qədər yüksək səviyyədə təşkil ediləcəyinə şübhə yoxdur.
Artıq görülən işləri nəzərdən keçirmək və Bakının turnirə hazırlığını qiymətləndirmək üçün Dünya Federasiyasının (WTF) baş katibi Cin Sun Yanq Azərbaycana baş çəkib. Qonaq görülmüş işlərdən razı qalıb və bildirib ki, turnirə hazırlıq qrafik üzrə gedir. Baş katib Bakıda Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla görüşdə ölkəmizin dünyada taekvondonun inkişafında vacib rol oynadığını söyləyib. Yanq xüsusi olaraq qeyd edib ki, Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi, yarışa xüsusi kolorit verəcək. Baş katib statistikaya əsasən, Azərbaycanda 10 min adamın taekvondo ilə məşğul olduğunu söyləyib və bunun kifayət qədər ciddi rəqəm olduğunu qeyd edib.
Maraqlıdır ki, Bakıda təşkil olunacaq turnir WTF-nin yeni qaydalarına əsasən keçiriləcək: döyüşlər zamanı idmançıların əynində xüsusi sensorlu geyim olacaq və o, zərbələri qeydə alacaq: qarşılaşmanın hesabı məhz bu yolla müəyyənləşəcək. Bu sistem gənclər arasında keçirilmiş dünya birinciliyində sınaqdan keçirilib və müəyyən təkmilləşdirmə işlərindən sonra "həyata vəsiqə alıb". Azərbaycan taekvondoçuları da bu sistemdən bir neçə turnirdə istifadə ediblər, Federasiya isə elektron jiletlərdən ibarət partiyanı ölkəyə gətirməklə məsələni müsbət həll edib.
İlk yarış Hollandiyadadır
Bütün bunlarla yanaşı, taekvondonun Olimpiadada qalıb-qalmaması məsələsi hələ ki dumanlıdır və məsələ bu il Beynəlxalq Olimpiya Komitəsinin Kopenhagendə keçiriləcək Konqresində həllini tapmalıdır. Yeri gəlmişkən, Bakının təşkilatçılığını üzərinə götürmək istədiyi dünya birinciliyi də payızda məhz bu ölkədə keçiriləcək. Orada 2012 və 2016-cı ilə bağlı olimpiya proqramı müzakirə olunacaq.
Milli Federasiyanın birinci prezidenti Füzuli Musayev isə hesab edir ki, taekvondonun Olimpiadadakı mövqeləri kifayət qədər möhkəmdir: "Son dünya çempionatı və Olimpiada göstərdi ki, bu idman növü sürətlə inkişaf edir. Yalnız mundiala nəzər salsaq, onun qalibləri arasında Mali, İraq, Əfqanıstan və Xorvatiya kimi ölkələrin olduğunu görərik. Bu ölkələrdə taekvondo son dövrlərədək o qədər də məşhur olmayıb. İndi isə situasiya kökündən dəyişib və düşünürəm ki, bu idman növü olimpiya proqramında özünə yer edə biləcək. İstənilən halda, narahatlıq üçün əsas yoxdur".
Yeri gəlmişkən, taekvondo Milli Federasiyanın nümayəndələrinin beynəlxalq strukturlarda da yüksək postlar tutduğu yeganə idman növüdür. Məsələn, Kəmaləddin Heydərov WTF-nin vitse-prezidenti, Füzuli Musayev isə Avropa Taekvondo İttifaqında (ETU) Hakimlər Komitəsinin rəhbəri postlarını tuturlar. F.Musayev hesab edir ki, qarşılaşmaları idarə edəcək hakimlər bilavasitə döyüşöncəsi püşk vasitəsiilə müəyyənləşməlidir: "Bu çox vaxt aparmayacaq. Çünki kompüter özü hakimlər briqadasını bu və ya digər qarşılaşmaya "paylaşdıra" bilir. Düşünürəm ki, belə olarsa, hakimlərin obyektivliyilə bağlı problemləri aradan qaldırmaq daha asan olacaq. Axı bu halda baş hakim öz "adamlarını" bu və ya digər döyüşə təyin edə bilməyəcək".
Ümumiyyətlə, taekvondoda kifayət qədər yeni ideyalar var. Məsələn, raundlar sisteminin aradan qaldırılması və ümumilikdə 5 dəqiqə davam edən tam döyüşün keçirilməsi kimi.
Azərbaycan millisi ilə bağlı vəziyyətə qayıdaraq qeyd edək ki, yığma hazırkı mövsümə hazırlıq planını müəyyənləşdirib və ona müəyyən dəyişiklik edilib. Məsələn, əvvəlcə komandanın fevralda İsveçdə keçiriləcək "Trelleborg Open" turnirinə qatılması nəzərdə tutulsa da, sonradan məşqçilər heyəti diqqəti Hollandiyada düzənlənəcək Qran-Priyə yönəltmək qərarına gəliblər. Xatırladaq ki, bu turnir martın sonlarında keçiriləcək. Məsələ ondadır ki, son illər ərzində ETU nüfuzlu turnirlərin sayının artırılması istiqamətində ciddi işlər görüb. Hollandiyada təşkil olunacaq yarış da belələrindəndir - oraya adətən dünyanın aparıcı atletləri təşrif buyurur və bu səbəbdən yarış idmançıların qüvvələrini sınaması üçün əsl imkan olur. Bu dəfə də məhz bu turnirin nəticələrinə əsasən milliyə namizədlərin durumu və gələcək perspektivlərə aydınlıq gələcək.
Və təbii ki, Eyndhovendə keçiriləcək Qran-Pri mövsümün əlamətdar yarışı olacaq Dünya Kubokuna hazırlıq baxımından vacib mərhələ sayılır. Onun başlanmasına isə o qədər də çox vaxt qalmayıb - üç ay bir göz qırpımında keçəcək.
MƏSLƏHƏT GÖR: