
QRAN-PRİDƏN "BÖYÜK DƏBİLQƏ"YƏDƏK
Azərbaycan cüdoçuları reytinq xalı toplanmasına sıfırdan başladılar
Müəllif: Zəki FEYZULLAYEV Bakı
Azərbaycan cüdoçuları qış mövsümünü yekunlaşdırdılar. İlin əvvəli onlar üçün kifayət qədər dolğun keçdi - ehtiyatda olanlar güclərini Tbilisi və Varşavada keçirilən Dünya Kubokunda sınadılar, komandanın liderləri isə Parisdə keçirilən "Böyük dəbilqə" turnirinə və Hamburqda düzənlənən Qran-Priyə qatıldılar, üstəlik bu yarışlardan sonra iki kiçik təlim-məşq toplantısı da keçirdilər.
Odur ki, artıq ilkin nəticələr haqda danışmağın vaxtıdır.
"BÜRÜNC" OĞLANLAR
İlk növbədə qeyd edək ki, rezerv qüvvələrimizin çıxışı o qədər də möhtəşəm alınmadı. Hər halda, unutmayaq ki, bu cüdoçuların əksəriyyətinin böyük turnir təcrübəsi yoxdur. Odur ki, Tbilisi və Varşavadakı çıxışlar uğurlu alınmasa da, idmançılarımız üçün təcrübə qazanmaq baxımından, yarışları əhəmiyyətli saymaq olar.
Digər tərəfdən, atletlərimizin əksəriyyəti yarışı hələ ilk turlardaca tərk edərək, potensiallarını göstərə bilmədilər. Beynəlxalq Federasiyanın (IJF) yeni reqlamentinə əsasən, bürünc uğrunda yarışa yalnız ? finalda məğlub olmuş cüdoçuların qoşula bildiyini nəzərə alsaq, idmançılarımızın turniri başlamadan başa vurduqlarını söyləyə bilərik.
Turan Səfquliyevin (90 kq) Tbilisidəki Dünya Kubokunda ilk dövrəni keçə bilməsi, Samir Dadaşzadənin (60 kq) Varşavada 1/8 finala çıxması kimi müəyyən uğurlar əldə edilsə də, təbii ki, buna ümumən müsbət nəticə demək olmaz.
Ehtiyat idmançılardan danışarkən, Azərbaycan cüdoçularının Praqada təşkil olunmuş Dünya Kubokunda da xüsusi nailiyyət əldə edə bilmədikləri qeyd olunmalıdır. Bu yarışda müəyyən uğurlu nəticə kimi, yalnız Xanım Hüseynovanın seçmə mərhələni adlamasını göstərmək olar. Lakin onun bundan artığına gücü çatmadı. Odur ki, bu gün üçün ölkənin yeganə rəqabətədavamlı xanım cüdoçusu Avropa çempionatının üçqat mükafatçısı, Olimpiada iştirakçısı Kifayət Qasımovadır (57 kq). Doğrudur, o, hələ özünün ən yaxşı formasından uzaqdır və zədədən sonra bərpa mərhələsi keçməkdədir. Məhz bu səbəbdən Kifayətin idman formasını bərpa etməsi üçün zamana ehtiyac var.
Əsas heyət və milliyə düşməyə namizədlərə gəlincə, komandanın həm Parisdə, həm də Hamburqda göstərdiyi nəticəni uğurlu adlandırmaq olar. Çünki hazırda mübarizə yalnız medallar deyil, həm də reytinq xalları uğrunda gedir. Xatırladaq ki, IJF apreldə ranqlar haqqında yeni siyahını açıqlayacaq və orada idmançıların yalnız builki çıxışlarda əldə etdikləri nəticələr nəzərə alınacaq. Bu baxımdan, xüsusilə Hamburqda düzənlənmiş Qran-Prinin uğurlu alındığını söyləmək olar: turnirdə 2008-ci ilin Avropa çempionu Elxan Məmmədov (90 kq) və Ümumdünya Universiadasının qalibi Ramil Qasımov (66 kq) komandaya bürünc medal qazandıra bildilər. Bundan başqa, Pekin Olimpiadasının bu iki iştirakçısının topladığı 80 xal da onların aktivinə yazılacaq.
Olimpiya mükafatçılarımız - çempion Elnur Məmmədli (73 kq) və bürünc mükafatçı Mövlud Mirəliyevə (100 kq) gəlincə, onlar turnir təcrübəsi toplamağa apreldə Tbilisidə keçiriləcək Avropa çempionatından sonra başlayacaqlar.
M.Mirəliyev ilin əvvəli ilə müqayisədə, hazırda idman formasının daha yaxşı olduğunu bildirir: "Bunun səbəbi aydındır. Axı intensiv məşqlər başlanıb, Fransa və Almaniyada təşkil olunan təlim-məşq toplantıları da öz təsirini göstərib. Bütün bunlar qarşıdan gələn yarış ərəfəsində lazımi tonus qazanmağa imkan verib. İndi bizi Zaqatalada məşqlər gözləyir - Fransa millisi də oraya gələcək. Ənənəvi olaraq, beynəlxalq arenada sözünü deyən bu ölkənin yığmasının üzvləri ilə sparrinq keçirmək çox maraqlı olacaq".
Potensial rəqiblərini qiymətləndirən Mirəliyev bildirir ki, hazırda 100 kiloqramadək olan çəki dərəcəsində qüvvələr nisbətində ciddi dəyişiklik baş verməyib. "Doğrudur, bəzi yeni uşaqlar gəlib, lakin özül dəyişməz qalıb. İstənilən halda, Paris və Hamburqdakı təlimlərdə əsasən bizim uzun illər ərzində müxtəlif turnirlərdə qarşılaşdığımız cüdoçular iştirak edirdi. Biz bir-birimizi yaxşı tanıyırıq və onları hansısa yeniliklərlə təəccübləndirmək çox çətindir", - deyə Mövlud Mirəliyev vurğulayır.
Mövlud üçün, güman ki, bu il ilk yarış mayda Moskvada düzənlənəcək "Böyük dəbilqə" turniri olacaq. "Reytinq xallarının toplanması çox vacibdir. Çünki 2012-ci ildə Londonda keçiriləcək Olimpiadaya qatılmağın yolu məhz budur. Üstəlik, bu ilin əsas turniri avqustda Rotterdamda təşkil ediləcək dünya çempionatı olacaq. Odur ki, hazırlıq üçün vaxtımız çox azdır", - deyə Pekin Olimpiadasının bürünc mükafatçısı bildirir.
ELNUR MƏMMƏDLİ HƏLƏ Kİ KÖLGƏYƏ ÇƏKİLİB
Azərbaycan millisinin baş məşqçisi Ağayar Axundzadə Qran-Prinin nəticələrindən razıdır. Çünki bu turnir onun üçün üzərində düşünməyin lazım olduğu yeni məqamları üzə çıxarıb.
Məsələ ondadır ki, Almaniyada ehtiyatda olan uşaqlar özlərini kifayət qədər müsbət tərəfdən göstərə biliblər.
A.Axundzadə bildirir ki, böyüklər arasında ilk güc sınağına qatılmış Elmar Qasımovun (100 kq) göstərdiyi nəticə onu sevindirməyə bilməz: təcrübəsinin azlığına baxmayaraq, Elmar kubalı Oreidis Despeyn və rusiyalı Maqomed Maqomedovu üstələyərək, beşinci yeri tutmağı bacarıb. "Elmar özünü əla göstərdi və çox cəsarətlə döyüşdü. O, turnirin əsl kəşfi oldu. İnanın ki, onun əldə etdiyi beşincilik çox qiymətlidir", - deyə A.Axundzadə bildirir.
Baş məşqçi daha bir debütant - Asim Qocayevin (60 kq) çıxışını da xüsusi qeyd edir. Xatırladaq ki, ilk dövrəni adlayan bu idmançı kifayət qədər gözəl döyüş nümayiş etdirib.
Sərxan Əhmədov (66 kq) isə hələ ötən ilin dekabrında Tokioda keçirilmiş Dziqaro Kano Kubokunda körpücük sümüyündən aldığı zədə üzündən potensialını nümayiş etdirə bilməyib. Baş məşqçi bununla bağlı deyir: "Sərxan pis döyüşmədi. Lakin təlimlər zamanı biz onu zədəsinin yenilənməməsi məqsədi ilə çox yükləmədik. Hələ Sərxanın tam bərpa olunması üçün müəyyən vaxta ehtiyac var".
Ramil Qasımovun (66 kq) üçüncü yeri tutması isə A.Axundzadə üçün xoş gözlənilməzlik olub: "Olimpiadadan sonra bu idmançının heç bir turnir təcrübəsi yox idi, üstəlik o, cərrahiyyə əməliyyatına da məruz qalmışdı. Lakin turnir göstərdi ki, Ramil artıq lazımi formanı yığıb və döyüşlərə hazırdır. Bundan başqa, o, dözümlülüyünü də artırıb və Hamburqda kifayət qədər keyfiyyətli döyüş nümayiş etdirib".
Turnirdə qazanılmış daha bir "bürünc"ün sahibi Elxan Məmmədova (90 kq) gəlincə, A.Axundzadə onun mövsümün əvvəlindəki sabitliyinə xüsusi diqqət çəkir. "Parisdə keçirilən "Böyük dəbilqə" yarışında o, beşinci yeri tutdu, indi isə sürətlə reytinq yığmaqla bərabər, üçüncülüyü əldə etdi. Üstəlik qarşılaşmaların əksəriyyətini o, vaxtından əvvəl qazandı və bu, idmançının yaxşı yarış tonusu qazandığını göstərir", - deyə baş məşqçi bildirir.
Bununla yanaşı, o, "Böyük dəbilqə" və Qran-Pri yarışlarının xüsusiyyətini də xatırladır: burada 1/4 və yarım finalda məğlubiyyət idmançıya təsəlliverici döyüşə çıxmaq hüququ vermir - məğlublar avtomatik, müvafiq olaraq beşinci və üçüncü yerlə kifayətlənməli olurlar.
Hazırkı ay isə yarışlarda bir qədər fasilə yaranıb - böyük turnirlər fasiləyə yollanıb və milli üçün ən yaxın böyük yarış apreldə Tbilisidə keçiriləcək Avropa çempionatı olacaq. Bu turnir zamanı Gürcüstana olimpiya çempionu Elnur Məmmədlinin də yollanması mümkündür, lakin sadəcə tamaşaçı qismində - növbəti dəfə əsas rəqibləri iş başında izləmək üçün. Xüsusilə, nəzərə almaq lazımdır ki, Elnur çəki dərəcəsini dəyişmək və 81 kiloqramadək çəki dərəcəsində döyüşmək fikrindədir. E.Məmmədlinin Pekin Olimpiadasındakı qələbəsi onun bugünədək IJF reytinqində liderliyi qorumasına yardım edir.
Lakin onun adına siyahının yuxarı hissələrində rast gəlinməyəcək. Çünki həmin andan etibarən siyahı bu il keçirilmiş turnirlərdə toplanılmış xallara əsasən müəyyənləşəcək, Elnur isə 2009-cu ildə heç bir yarışa qatılmayıb. Amma reytinq əldə edilə biləcək məsələdir və hər şey yarışın statusundan asıldıır. Məsələn, Rotterdamda bu ilin avqustunda keçiriləcək dünya birinciliyində əldə olunacaq qələbə beş yüz xalla qiymətləndiriləcək və bu səbəbdən E.Məmmədli məqsədyönlü şəkildə məhz həmin turnirə hazırlaşır.
Millinin baş məşqçisi A.Axundzadə bu haqda deyir: "Mundiala qədər Elnurun bir neçə yoxlama qarşılaşmasında (xüsusilə, yeni çəki dərəcəsinə keçirsə) gücünü sınaması vacibdir. Bunsuz heç nə mümkün deyil. Axı, dünya çempionatı kimi nəhəng turnirlərdən öncə sınağa ehtiyac var. Rotterdama hazırlaşmadan yollanmaq olmaz. Odur ki, Elnur bir neçə yarışa mütləq qatılacaq".
Bir sözlə, millinin planları böyükdür və komandanın üzərində əlavə psixoloji məsuliyyət var. Axı, Olimpiadada komanda Avropa milliləri arasında ən yaxşı nəticəni göstərərək ümumi hesabda üçüncü yeri tutub. Bu yüksək nəticəni isə qoruyub saxlamaq vacibdir.
MƏSLƏHƏT GÖR: