16 Mart 2025

Bazar, 00:01

DƏVƏÇİ: HƏM ZİYARƏT, HƏM TİCARƏT

Azərbaycan təbiətinin bütün rənglərinə burada rast gəlmək olar

Müəllif:

15.03.2009

Buranın adı çəkiləndə hamının ağlına, ilk növbədə,  bir ünvan gəlir: Çıraqqala. Əslində isə Dəvəçi ilə bağlı bilinməyən çox şey var. Dəvəçi sözü heyvan adı ilə bağlı olsa da, indi burada dəvəyə rast gəlmək çətindir. Qədimdə isə buranın sakinləri dəvə saxlayır, dəvə ticarəti ilə məşğul olurmuş. Deyilənə görə, vaxtilə dəvə karvanlarının əsas dayanacaqlarından olub.

Bu rayon Bakıdan 122 km şimalda yerləşir. Əsasən, yarımsəhra və quru çöl iqlimi, dağlıq yerlərdə isə mülayim - isti iqlimə sahibdir. Böyük Qafqaz dağlarının şimal-şərq yamacında yerləşir. Ərazi şərq tərəfdən Xəzər sahillərinə qovuşur. Dənizdən başlanan hamar düzənliklər tədricən təpəliklərə, daha sonra meşələrə, qayalara və dağlara çevrilir. Meşələrin ümumi sahəsi 21500 hektardır. Mineral suları və palçıq vulkanlarıyla məşhurdur. Dəvəçi meşələrinin  Zağlı-Zeyvə zonasında neft aşkar edilib. Yolboyunca neft buruqlarına rast gəlmək mümkündür. Ərazidə 2 tarixi - arxeoloji  qoruq mövcuddur. 

 

“Keçi qayası”

Zağlı Zeyvə turizm zonasındakı  “Keçiqayası” adlanan yerin çox gözəl mənzərəsi var. Sıx meşə ilə keçilməsi çətin olan sıldırım qayanın arasından çay axır. Müalicə əhəmiyyətli kükürdlü suların çıxdığı bu yerə insanlar müalicəyə və istirahət etməyə gəlirlər. Ərazidə vəhşi dağ keçiləri yaşadığından, buranı belə adlandırıblar. 

 

“Liman” ovçu klubu

Rayon mərkəzindən 12 km məsafədə, Xəzər sahilində yerləşir. Sahəsi 1180 ha olan ərazidə 3 göl yerləşir. Gölləri tamamilə qamışlar əhatə edib. Gözəl mənzərəli bu yerdə qayıqla gəzintiyə çıxmaq olar. Liman payız və qış fəslində aktiv fəaliyyət göstərir. Göldə bütün ilboyu şirin su balıqları, kürü tökən vaxtı isə dənizlə əlaqəsi olduğu üçün dəniz balıqları olur. Payızda gölə qu, qaz, ördək, qaşqaldaq kimi köçəri quşlar toplaşdığı zaman quş ovu başlayır. Limandakı peşəkar ovçularla söhbətlər maraqlıdır. Ovla bağlı bəzi detalları öyrənmək olar. Məsələn, balıq ovuna səhər tezdən çıxmaq lazımdır. Çünki bu vaxt balıqlar suyun üstündə yığışır. Ən ləzzətli, delikates hesab edilən quş əti qaşqaldaq ətidir. Gecələmək üçün ovçu daxmaları mövcuddur. 

 

“Qalaaltı” sanatoriyası

Böyük Qafqazın ətəklərində, dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşir. 1976-cı ildən fəaliyyət göstərən “Qalaaltı” Azərbaycandakı ən böyük və məşhur kurortlardandır. Burada dağ və dəniz havası bir - birinə qarışır və rütubət yoxdur. Hər tərəfdən meşəylə əhatə olunub.

Sanatoriyada müalicə Qalaaltı kəndi ərazisindən çıxan  təbii sularla aparılır. Yerlilər müalicə əhəmiyyətli bu suya “naftsu”, yəni neftli su deyirlər. Naftsu kəskin qoxusu və dadı ilə seçilir. Qalaaltı suyunun tərkibi və keyfiyyəti Ukraynadakı Truskavets və Çexiyanın Karlovi Vari kurortlarının suları ilə müqayisə edilir. 

Qalaaltıda “Çıraqqala” uroloji sanatoriyası tikilib. Əsasən, böyrək ağrıları müalicə edən su,  maddələr mübadiləsi, mədə - bağırsaq, öd kisəsi xəstəliklərindən əziyyət çəkənlər üçün də şəfalı hesab edilir. 

 

“Qaynarca” palçıq vulkanı 

Qalaaltı ərazisində palçıq vulkanlar da mövcuddur. Onlardan ən məşhuru “Qaynarca” palçıq vulkanıdır. Qaynarca palçığı oynaq xəstəliklərinin müalicəsi üçün idealdır. Eyni zamanda dərini  hamarlaşdıraraq dəriyə qulluq edir. Istixanalarda 45 dərəcə qızdırılan palçıq xəstənin bütün bədəninə sürtülür. Bir saat qaldıqdan sonra yuyulur. Bu qayda ilə palçıq seansları bir neçə gün davam edir.

Çıraqqala qoruğu ərazisində yerləşən Qalaaltı, tarixi qalanın alt tərəfində olduğu üçün belə adlandırılıb. Bura müalicəyə, ya da istirahətə gələn qonaqlar qədim Çıraqqalanı görmək üçün dağın zirvəsinə çıxırlar. Həmin zirvədən ətraf kəndlərə və vadilərə heyranedici mənzərə açılır. Qalaya piyada çıxıb-enmək bir gün vaxt aparır. Dağ və meşə ərazisində piknik üçün ideal yer çoxdur. Qalanın yaxınlığında ancaq yayda fəaliyyət göstərən çayxanada bitki və otlardan dəmlənmiş çaydan içmək olar. 

 

Çıraqqala 

Dəvəçinin simvoludur. Rayonun hər tərəfindən görünür. Azərbaycanda bunabənzər başqa abidə yoxdur. Mərkəzdən, təxminən, 20 - 25  km aralıda, sıldırım qayanın zirvəsində yerləşir. Çıraqqalanın 5-6 cı əsrlərdə tikildiyi, 18-ci əsrə qədər müdafiə və kəşfiyyat məqsədilə istifadə edildiyi ehtimal olunur. Vaxtilə qaladan dənizə yeraltı gizli tunellər qazılıb. Çıraqqaladan düşmən ordularının gəlişi ilə yaranan təhlükəni tonqal vasitəsilə Azərbaycanın digər qala və məntəqələrinə çatdırıblar. Çıraqqalanın yerləşdiyi hündür dağ zirvəsi xalq arasında "Çıraqqaya" adlanır. Görünür, hələ qala tikilməmişdən öncə də əhali bu dağın başında tonqal qalamaqla xəbərləşib. Sonralar həmin qaya başında möhtəşəm qala tikilib və onun bu günədək sağ qalan ən uca bürcündə tonqalqalanma ənənəsi davam edib. Buna görə də o vaxtdan Çıraqqala adlandırılıb. Çıraqqala əsasən Dərbənd qalasından tüstü ilə verilən məlumatı qəbul edib. Xəzər dənizindən Böyük Qafqazın ətəklərinə qədər uzanan müdafiə səddinin üç böyük qalasından biri, eləcə də Gilgilçay səddinin baş qarovulxanası olub. Siyəzəndəki Gilgilçay səddi  və Beşbarmaq qalası, Dəvəçidəki Çıraqqala və Dağıstan ərazisindəki Dərbənd qalası Qafqaz Albaniyasının şimal sərhədlərini qoruyan bütöv bir müdafiə kompleksini təşkil edib. Zaman içərisində səddin böyük bir hissəsi uçub-dağılıb. İndiyə qədər salamat qala bilən Çıraqqala 2003-cü ildən qoruq elan edilib.   

Dəvəçinin mütləq görülməli bəzi kəndləri ərazini əhatə edən ucsuz - bucaqsız meşə - dağ zonasına səpələnib. Onlardan biri rayon mərkəzindən təxminən 45 km-lik məsafədədir. 

 

Nohurlar kəndi

Dəniz səviyyəsindən 1000 m yüksəklikdə yerləşən qədim kənddir. Salınma tarixinin 16-cı əsrə aid olduğunu deyirlər. Əvvəlki adı Gömür olub. Sonradan Nohurlar adlandırıblar. 

Nohur buralarda qapalı su hövzəsinə deyirlər. Göl mənasında da işlədilir. Kənd adını ərazidəki göllərdən alıb. Ərazidə bir - birindən gözəl 7 dağ gölü yerləşir. Bunlar keçmişdə baş verən güclü zəlzələdən sonra yaranan şirin su gölləridir. Yerlilər bunlara möcüzəli dağ gölləri deyirlər. Hamısının rəngi fərqli, suyu şirindir. Çox dərin və suyu da çox soyuq olduğundan üzmək təhlükəlidir. Nohurlar turizm cənnətidir. Buranın təzyiqə, böyrəyə, ürəyə, baş və qarın ağrılarına xeyri olan bitki çaylarının ləzzəti və ətrinə doymaq olmur. Keçən əsrin 60-cı illərində, kommunist lider N. Xruşşovun rəhbərliyi ilə aparılan əyalətlərin inkişafı proqramına uyğun olaraq kənd əhalisini tamamilə rayon mərkəzinə köçürüblər. Odur ki, bu günədək kənddə heç bir sosial infrastruktur qurulmayıb. Ona görə də kənddə yaşayış yoxdur. Ərazidən yaylaq kimi istifadə edən kənd sakinləri yay aylarında yığışıb buraya gəlirlər. Qışa tədarüklərini görüb soyuqlar düşən kimi geri qayıdırlar. Sayca çox az olan kənd əhliylə ünsiyyət qurmaq nəsib oldu. Nohurlardakı məişət həyatı ilə yaxından maraqlandıq. Evlərinə girdik. Kənd evləri daşdan tikilib və üstü ağacla örtülüb. İçərisini gəc ilə ağardıblar. Bu da evlərin içinə spesifik qoxu verir. Hər ev 2 - 3 kiçik otaqdan ibarətdir. Mebeldən istifadə etmirlər. Əvəzində bol sayda yorğan, döşək, yastıq və mütəkkə var. Kənddə elektrik yoxdur. Neft lampalarından istifadə edirlər. 

Qonağı olduğumuz evdəki ağartı məhsullarının, motalların çoxluğu diqqətimizdən yayınmadı. Evin ağbirçəyi bunların hazırlanmasıyla bağlı bütün ipuclarını məmnuniyyətlə bizimlə paylaşdı. 

 

Motal pendiri

Motal pendiri öz keyfiyyətinə və ləzzətinə görə hər zaman yüksək qiymətləndirilib. Burda evə gələn qonağa mütləq motal pendiri, yağ və lavaş ikram edirlər. Motalın içinə bəyaz pendir və şor doldurulduqdan sonra ağzı möhkəm bağlanır. İki ay müddətində yoxlama məqsədilə kif bağlamasın deyə, motalın hərdən bir havası dəyişdirilir. Motal pendiri heç xarab olmur. Onu dərinin içində bir il saxlamaq mümkündür. 15 - 20 - 25 kq-lıq tutumu olan motalın əsas sirri içinə hava girməməsidir. Çox incə iş olduğundan hər kəs öhdəsindən gələ bilmir. Əsas sirr dəridədir. Yaxşı pendir üçün düzgün hazırlanmış dəri qab lazımdır. Bununla bağlı məzəli bir deyim də var: “Arvadı əri saxlar, pendiri dəri”.

Motal  qoyun və ya keçi dərisindən hazırlanan xüsusi qabdır. Heyvan təmiz qırxılıb-kəsilir, dəri başdan - ayağa dəri bıçaqla soyulub ətdən ayrılır. Daha sonra təmizlənən və çevrilərək duzlanan dəri bir müddət qurudulur. Pendir motalın çevrilmiş bayır - tüklü üzündə saxlanılır. 

 

Şabran xarabalığı

Şahnəzərli kəndi yaxınlığında qədim şəhərin xarabalıqları var. Şabran çayının hər iki sahilində,  I979-I989-cu illərdə aparılan arxeoloji qazıntılar nəticəsində, 450 kvadrat km  sahədə qədim Şabran şəhərinin qalıqları aşkar edilib. Vaxtilə Avropa ilə Asiya arasında, Xəzər dənizinin sahili ilə gedən karvan yolunda salınmış tarixi şəhər indi qoruq - muzeydir.

VI əsrdə Sasanilər sülaləsindən Şah Xosrov Ənuşiravan (531-579) tərəfindən tikilən Şabranı VII əsrdə ərəblər işğal edib. IX-X əsrlərdə iri siyasi-inzibati, ticarət, sənət və mədəniyyət mərkəzinə çevrilib. X-XII əsrlərdə Şirvanşahlar dövlətinin əsas siyasi mərkəzlərindən biri olub. Şirvanşah hökmdarlarının ailə qəbrstanlığı, eləcə də mərkəzi zindanxanaları burada yerləşib. Yazılı qaynaqlara görə, Qızıl Orda xanı Toxtamışa qalib gələn Teymurləngə, Şirvanşah İbrahim qələbə şərəfinə Şabranda böyük bir ziyafət verib. 

Monqol hücumları, Osmanlı  basqınları Şabranın təsərrüfat həyatına ağır zərbə vurur. Səfəvilər dövlətinin tənəzzülü dövründə şəhər kiçik yaşayış məntəqəsinə çevrilir. XVIII əsrin əvvəllərində ölkədə yaranmış qarışıqlıqda baş verən daxili çəkişmələr zamanı Şabran tənəzzül edərək tədricən xarabalığa çevrilir. 

Şabran əhalisinin etnik tərkibi müxtəlif olub. Əhalinin əsas hissəsini müsəlmanlar təşkil etsə də, xristian və yəhudilər də yaşayıb. Şəhər camaatı keramika istehsalı ilə məşğul olub.  Şabranın xarabalıqları altında dulusçuluq emalatxanası üzə çıxarılıb. Azərbaycanda ilk dəfə məhz Şabranda 9-cu əsrə aid kanalizasiya sistemi aşkar edilib. Daş və kərpicdən hörülmüş örtülü şəbəkə mərkəzi məhəlləni çay ilə birləşdirirdi.  11 - 12-ci əsrlərdə 14 kmlik məsafədən xüsusi borularla şəhərə bulaq suyu çəkilib. Şabran çiy kərpicdən hörülmüş malikanə tipli evlər şəklində planlaşdırılıb. Orta əsr Azərbaycanında ilk küçə məhz Şabranda mövcud olub. Çörəkçilər məhəlləsindəki təndirlər indi qədər durur. Şərqin ən böyük zərbxanalarından biri Şabranda yerləşib. Qazıntılar zamanı üzə çıxan müxtəlif metal sikkələr, orta əsrlərdə şəhərdə mis işi, zərgərlik, silahqayırmanın inkşaf etdiyini göstərir. 

Şabran sözünün etimologiyası barədə müxtəlif mülahizələr mövcuddur. Şəhər çox əlverişli coğrafi mövqedə, dəniz və quru ticarət yolunun kəsişdiyi yerdə yerləşdiyindən, dəvə karvanlarının dayanacağı burda olub. Şəb - gecə, ran məkan bildirir. Gecələmək yeri, gecə karvansarası mənasında işləndiyi ehtimal edilir. Şəhərin adının türk soyundan sabirlər tayfası ilə  əlaqədar olması ehtimalı daha inandırıcıdır. Hunlara (5-ci əsr) mənsub olan sabirlər qəbiləsinin şərəfinə Sabiran, yəni Sabirlər ölkəsi adlandırılıb. Sonralar Şabran şəklinə düşüb.  

Dəvəçini bir az daha yaxından tanımaq üçün yerli bələdçilərimizdən daha haraları görməli olduğumuzu soruşuruq. Cavab verirlər ki, ötən əsr Azərbaycan tarixinə damğasını vurmuş bəzi şəxsiyyətlərin vətəni olan kəndə mütləq getməlisiniz. Söhbət, Az.SSR MİK RH-nin sədri, ixtisasca həkim olan Qəzənfər Musabəyovun, Azərbaycan SSR-in ilk ədliyyə naziri olan Ayna  Sultanovanın, bəstəkar Tofiq Quliyevin kəndindən gedir.

 

Pirəbədil kəndi

Dəvəçidən 20 km aralıda, 2000 metr yüksəklikdə yerləşən dağ kəndidir. Vaxtilə, Suriyanın Şam şəhərindən İslamı yaymaq üçün buraya köç etmiş tayfanın başçısı Pir Bədəl adlı şeyxin yaxınlarıyla yerləşdiyi kənd olub. Toponimi də bu ada bağlayırlar. Pirəbədil ərazisində gəzməli-görməli yerlər çoxdur. Burada çaylar, qalın meşələr, sərin bulaqlar, böyük meyvə bağları, təmiz və quru hava diqqəti cəlb edir. Keçmiş Quba qəzasında ilk dünyəvi rus - tatar məktəbi və şimal bölgəsinin ilk xəstəxanası  məhz bu kənddə açılıb. Bu işdə Quba quberniyasının aristokratlarından, əslən Pirəbədildən olan Musabəyovlar nəslinin böyük rolu olub. Kənddə Qəzənfər Musabəyovun ev-muzeyi yerləşir. Muzey binası 1862-ci ildə tikilib və Musabəyovların şəxsi mülkü olub və quruluşuna görə digər evlərdən seçilir. Çünki avropalı məmurlar tərəfindən hazırlanıb. 

Kənd kərpic evləri, hələ də bulaq başına səhənglə su gətirməyə gedən qızları, köhnə məişət qaydalarına uyğun həyat tərzinə davam etməklə orijinallığını qoruyub. Pirəbədildə qapılara kilid vurulmur. Həyətləri çəpərləyib, qapını qonaq üzünə bağlamaq burda qəbul edilməzdir. Amma qonaq da qonaq olduğunu dərk etməli, əsas ev sahibinə, torpağa hörmət göstərməlidir. 

 

Pirəbədil xalçası

Rəngliliyi, zərifliyi, ornamentlərin incəliyi ilə şöhrət qazanıb. Ən populyar motivləri qoç buynuzları və çiçək naxışlarıdır. Pirəbədil xalçasında bu yerlərin təbiəti, bitki və heyvanat aləmi naxışların dili ilə ös əksini tapıb. Yerli xalça ustalarının toxuduğu bu xalçaların heç vaxt biri digərini təkrar etməyib. Hər əl işi eksklüzivdir. Çünki hər xalça, tamamilə onu toxuyan ustanın fantaziyasının məhsuludur. Kənddə həm də “Herat” çeşnili xalçalar toxunur. El arasında buna “Urusiyyət” də deyirlər. Rusiya sözü, kənd qadınlarının dialektində “Rusiyət, Urset” kimi  tələffüz olunur. Bu xalçaların maraqlı tarixçəsi var. 

1913-cü ildə çar Rusiyasının paytaxtı Sankt-Peterburqda müxtəlif sənətkarlıq sərgisi təşkil edilir. Sərgiyə aparılacaq xalçanı toxumaq Pirəbədilin məşhur ustalarından Münəvvər Əfəndiyevaya tapşırılır. Həqiqətən ustanın xalçası bu sərgidə çox bəyənilir və müxtəlif sərgilərə, yarmarkalara dəvət edilir. O vaxtdan xalçanın adı “Urusiyyət” qalır.  

Əslində, “Herat Pirəbədil” xalçasının kompozisiyası Əfqanıstanın Herat şəhərində toxunann xalçanın yerli interpretasiyasıdır. Buna baxmayaraq “Herat Pirəbədil” öz forma və rəng koloritliyinə görə tamam fərqlənir. 

Pirəbədillilər qonaqpərvərdirlər. Kəndə gələn müsafirlərinə canla - başla qulluq edirlər. Olduğumuz yerdə bir təlaş gördük. Əl-ayağa düşmüş xanımlar tələsərək iş görürdülər. Baxdıq ki, bir yerdə camış qatığından nehrə yağı hazırlayırlar. Salam verdik. Ayrana və nehrə yağı sürtülmüş isti yuxaya qonaq etdilər. öyrəndik ki, Pirəbədil yuxaları standart kiçik ölçüsü və nazikliyi ilə məşhurdur. Biz qonaqların şərəfinə kənddə əməlli - başlı nahar hazırlığı getdiyini anlamaq uzun çəkmədi. Bir az utandıq. Amma heç kimsənin qəlbini qırmamaq üçün təklifi qəbul etdik və maraqla mətbəxdəki prosesi yaxından izlədik. Nahardakı bir yemək diqqətimi çəkdi. Daha öncə heç bir yerdə rastlaşmadığım bu yeməyi Pirəbədilə gələn bütün əziz qonaqlar üçün mütləq bişirirlər.

 

Ətrəli aş

Xəmirdən doğranmış əriştəyə ətrə deyirlər. Bu, mərcimək, düyü və əriştədən hazırlanan plovdur. Əvvəlcə əriştə kəsir, açıq havada saxlayaraq bir az qurudurlar. Ayrıca düyü və mərcimək də soyuq suda isladılır. Daha sonra qaynayan suya tökülür. 5 dəqiqə sonra süzülür. Süzmə işi bitdikdən sonra düyü, mərcimək və əriştə qarışdırılaraq mis qazana doldurulur. Bu yeməyi ocağın üstündə dəmə qoyurlar ki, daha ləzzətli olsun. Bir saat dəmləndikdən sonra hazır olan yeməyi geniş və dərin bir qaba boşaldırlar. Masaya servis edilərkən yanına mütləq stəkanlarda əridilmiş nehrə yağı qoyurlar. Pirəbədildə plovu yağlı yeməyi xoşlayırlar. 



MƏSLƏHƏT GÖR:

645