15 Mart 2025

Şənbə, 00:36

PASİENTDƏN SONRA GƏLƏN PULLAR…

Azərbaycanda məcburi tibbi sığorta sistemi nə vaxt tətbiq ediləcək?

Müəllif:

15.03.2009

Son 15 ildə Azərbaycanda əsl islahat bumu yaşanır. Ölkənin müxtəlif fəaliyyət sahələrində, o cümlədən əhalinin sosial müdafiəsi sahəsində uğurlu dəyişikliklər aparılır. Hökumət vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına və yoxsulluq səviyyəsinin azalmasına böyük diqqət yetirir. Ölkədə 2007-2015-ci illər üzrə yoxsulluğun azaldılması üzrə dövlət proqramı işlənib və o, bir sıra layihələri əhatə edir. Özü də bu zaman hər il dövlət büdcəsindən sosial sahəyə böyük vəsaitlər ayrılır və dövlət büdcəsi artıq neçənci ildir ki, sosial yönümlü xarakter alır. Şəksiz ki, dəyişikliklər milli səhiyyə sahəsindən də yan keçə bilməzdi. Ancaq indi vətəndaşlar üçün ən aktual olan məsələ ölkədə məcburi tibbi sığorta (MTS) sisteminin tətbiqidir və bu məsələ hələ öz həllini tapmayıb. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) araşdırmalarına görə, yalnız bir neçə birgə müəssisədə və şirkətdə işçilərin tibbi sığortası gerçəkləşdirilir. Hər il ölkədə vətəndaşlara tibbi xidmət üçün $200 mln.-a yaxın pul xərclənir.   

 

Zamanı da çatıb, pul da var

Azərbaycanda MTS sistemini hələ 1999-cu ildə tətbiq etmək planlaşdırılırdı, amma gördüyümüz kimi bu, uğursuz oldu. Dövlət məmurlarının sözlərinə görə, bunun əsas səbəbi "qanunun tətbiqi mexanizmləri" ilə bağlı idi. Necə olur-olsun, vətəndaşlar üçün MTS yalnız deklarativ şəkildə mövcud idi. Məsələ bundadır ki, dünya üzrə MTS-in bir neçə növü mövcuddur. Buna görə də xarici təcrübəni, hər şeydən öncə bu sistemi ilk tətbiq etmiş və  Azərbaycanla səhiyyənin maliyyələşdirilməsində oxşar mexanizmlərə malik ölkələrin təcrübəsini yaxşı öyrənmək lazım idi ki, onların səhvləri təkrarlanmasın. Buna misal Rusiyanı göstərmək olar. Bu ölkə MTS sistemini çoxdan tətbiq edib və RF vətəndaşları bir neçə il qabaq onlar üçün bağlı olan idarə tibb müəssisələrinə giriş əldə ediblər. 

Və bütün bunlar MTS-in əsas prinsipi hesabına baş verib: pullar pasientdən sonra gəlir. Eyni zamanda tibbi yardım sisteminin struktur dəyişikliyinə təkan verilib. Bu zaman gündüz stasionarlarına üstünlük verilib. Həmin  insanlar üçün rahatdır və MTS sistemindən ucuz başa gəlir. Daha bir üstünlüyü hər bir insan qrupu və hər bir tibbi yardım növü üzrə böyük məlumat toplusu yığılmasındadır. Nəticədə, bu gün MTS Rusiya əhalisinin 100%-ni əhatə edir. Özü də pulsuz tibbi yardım həm işləyən, həm də işləməyən vətəndaşlara göstərilir. Birincilər üçün iş sahibləri, ikincilər üçün dövlət pul ödəyir. 

Göründüyü kimi, müsbət məqamlar az deyil:  Rusiyada MTS-in tətbiqi illər çəkdi, çünki geniş hazırlıq olmadan bu süğorta növünü dərhal fəaliyyətə gətirmək mümkün deyildi. Burada qanunvericilik bazasının işlənməsindən tutmuş, onun tətbiq mexanizminə kimi hər şey hazırlanmalıdır. Ona görə də son 9 ildə Azərbaycanda bu istiqamətdə az iş görülməyib və bu işlər davam etdirilir. 

Belə ki, hələ 2006-cı ildə ölkədə MTS sisteminin tətbiq edilməsi ilə bağlı məsələləri öyrənmək üçün qurumlararası komissiya (koordinasiya şurası) yaradılıb. Strukturun başçısı Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev seçilib. 

Bu zaman komisssiyanın işinin birinci mərhələsində  hökumət bu sistemin mərhələ-mərhələ tətbiqinin məqsədəuyğunluğuna tərəfdar idi. İlkin mərhələdə onun dövlət qulluqçuları üçün tətbiq olunacağı düşünülürdü. Koordinasiya şurası tərəfindən MTS-in tətbiqiqnin müxtəlif cəhətləri nəzərə alınaraq, Nazirlər Kabinetinə verildi. Onda sistemin ölkənin pilot rayonlarında tətbiqinə qərar verildi. Səhiyyə Nazirliyi burada müvafiq tibbi infrastruktur olmasını əsas götürərək Siyəzən rayonunu seçib. Onda bəlli olub ki, MTS məcburi sosial sığorta elementlərindən biridir. Bununla bağlı, sığorta şirkətləri MTS-i öz siyahılarından çıxarıblar. Dünyanın başqa ölkələrində də bu cür praktikadan istifadə edilir. 

Bir sıra yerli sığorta şirkətlərinin rəhbərliklərinin reaksiyası birmənalı olmayıb. Amma istər-istəməz yerli tibbi xidmətdən istifadə etməyə məcbur olan vətəndaşları isə sığorta şirkətlərinin problemləri az narahat edir. Onlara keyfiyyətli xidmət lazımdır. Şəksiz,  bu barədə ekspertlər və dövlət məmurları da düşünüblər və belə fikrə gəliblər ki, ölkədə MTS-in tətbiqi tibbi sahənin özündə aparılmalı olan islahatlarla bağlıdır. Bir sıra ölkələrdə, o cümlədən yaxın xaricdə bu, belə olub. Ona görə də Azərbaycan Maliyyə Nazirliyi diqqəti səhiyyə sistemində struktur islahatlarının aparılmasına yönəltdi və bunu artıq islahatlar üçün maliyyə vəsaitinin olması ilə izah etdi. Hökumətsə bu sahədə yaxşılaşdırma və vəziyyətin düzəldilməsi üçün maliyyə yardımı etməyə hazırdır. Bu məqsədlə, hələ 2006-cı ildə müvafiq proqram layihəsi hazırlanıb. Layihəyə görə, MTS-in tətbiqi üçün DSMF tipli xüsusi fondun yaradılması planlaşdırılırdı və artıq 27 dekabr 2007-ci ildə Azərbaycan Nazirlər Kabineti yanında Məcburi Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb. 

MTS-in hesabına yeni maliyyələşdirilmə sistemi formalaşdırılacaq, tibbi fondların planlaşdırıması və istifadəsi, səhiyyə sisteminin funksionallığı və şəffaflığı  yaxışlaşdırılacaq. Dövlət maliyyələşdirilməsi dövlətin və məcburi sığortanın hesabına gerçəkləşdirilən pulsuz baza xidmətlər zərfi üzrə dövlət zəmanətinin təmininə yönəldiləcək.  Əlavə xidmətlər isə vətəndaşların və könüllü sığortanın hesabına maliyyələşdiriləcək. Gələcəkdə bu iki maliyyələşdirmə yönümləri öz aralarında qovuşdurulacaq. 

Dövlət Agentliyi bütün işləyənləri sığortaya cəlb edəcək və işəgötürənlərdən alınan vəsait paylanmaq üçün bu quruma yığılacaq. Bu qaydanın təsdiqindən sonra agentlik əvvəlcə yuxarıda göstərilən Siyəzən rayonu ərazisində, sonra isə bütün ölkədə fəal işə başlayacaq. 

Qeyd edək ki, 2008-ci ilin dövlət büdcəsində MTS-in tətbiqi üçün 1,4 mln manat, 2009-cu ilin büdcəsində isə artıq  51,1 mln manat nəzərdə tutulub. Milli Məclisin sosial məsələlər üzrə komissiyasının başçısı Hadı Rəcəbli "Region plus"a bildirib ki, ölkədə MTS sisteminin tətbiqi ən optimal variant sayılır: dövlət  tibbi xidməti lazım olan keyffiyyətdə təqdim edə bilmir və çox vaxt bu, vəsaitlərin səmərəli paylanmaması üzündən baş verir, özəl tibb xidmətinə isə hər adamın imkanı çatmır.

 Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək ilkin tibbi yardım xidmətləri siyhaısına 190 adda xidmət daxil olacaq.  Əhalinin gəlirlərində  MTS ödənişlərin dəqiq faizi hələ dəqiqləşdirilməyib. "Böyük ehtimalla bu sığorta növünü tətbiq edən başqa ölkələr kimi əhalinin gəlirlərinin 2,5-4 faizi MTS üçün ödəniləcək", - deyə H.Rəcəbli bildirib. "Region plusu"un həmsöhbəti sözlərinə MTS-in tətbiqinin ən çətin məqamı Məcburi Tibbi Sığorta üzrə Agentliyin  xərclərinin idarə edilməsini də əlavə etdi: "Bunun üçün müvafiq səhiyyə şəbəkəsinin formalaşdırılması tələb edilir. Bundan başqa, vətəndaşlara başa salınmalıdır ki, tibbi sığorta individual uçot ödənilən vəsatilərdən asılı olaraq aparılır". 

 

İşəgötürənin hesabına sağlamlıq  

Hazırda Azərbaycanın səhiyyə sahəsində struktur islahatları üçün beynəlxalq donorlara  ehtiyac duyulur. Və Azərbaycanda MTS sisteminin yaradılması Dünya Bankının (DB) səhiyyə sistemi islahatları, göstərilən tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırıması layihəsi çərçivəsində aparılır. DB artıq bu məqsədlə $50 mln ayırıb. Səhiyyə Nazirliyi də DB tərəfindən maliyyələşdirilən layihənin gerçəkləşdirilməsinin master-planını hazırlamaq üçün podratçı seçiminə başlayıb. İşin görülməsi üçün Amerika, Kanada və Almaniya şirkətləri maraq göstərirlər. Müxtəlif qiymətləndirmələrə görə,  MTS-in tətbiqi üçün 100 mln manatdan 200 mln manata kimi vəsait lazımdır. 

Əlbəttə, səhiyyə sahəsində islaşhatların aparılması dövlətə bu sahənin maliyyələşdirmə həcmlərini artırmağa imkan yaradacaq. Özü də Maliyyə Nazirliyi bütövlükdə "dövlət xərclərinin səmərəliliyinin artırılmasının təmin edilməsinin vacibliyini" vurğulayır və əvvəlki kimi MTS sisteminin mərhələli tətbiqinin tərəfdarı kimi çıxış edir və bu prosesin 2010-cu ildə başa çatdırılmasını istəyir. Özü də bu sığorta növü 4,2 mln insanı əhatə etməlidir. Sadə sözlə, MTS-in tətbiqindən sonra bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da işləyən vətəndaşların müayinə və müalicə xərcləri işə götürənlərin hesabına olacaq; uşaqların, tələbələrin, pensiyaçıların xərcini isə dövlət özü çəkəcək. Doğrudur, Maliyyə Nazirliyi dövlət büdcəsi hesabına MTS əldə edəcək insanların sayını azaltmağa çalışır və məcburi tibbi sığortanın yalnız bir neçə xəstəliyə aid edilməsinin tərəfdarıdır. 

Çoxdan gözlənən bu sığortanın hanısı ağırları kəsəcəyini zaman göstərəcək. Hazırda isə  əhalinin məşğul və MTS almağa iddialı hissəsinə aid olan başqa problemi də həll etmək önəmlidir. Sirr deyil ki, bir çox postsovet ölkələrində işçini işə qeyri-leqal götürürlər. Yəni bu və ya başqa işəgötürən işçiyə əmək müqaviləsi bağlamadan iş verir. Belə olan halda işəgötürən udur. O, indi nə verigi, nə də məcburi sosial sığorta ödənişi verir, gələcəkdə də MTS üzrə Dövlət Agentliyinə ödəniş verməyəcək. Bunun boş söz kimi görünməməsi üçün misal göstərək. 

Belə ki, Azərbaycan Vergilər Nazirliyi tərəfindən 2009-cu il fevralın 1-dən martın 1-ə kimi keçirilmiş yoxlama zamanı 47 vergi ödəyicisi üzrə 50 fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb etməsi faktı ortaya çıxıb. Özü də vergi işçiləri bu cür qanun pozuntuları ilə daim rastlaşırlar.  Buna görə də MTS-in tətbiq edilməsi zamanı ölkənin bütün əməkqabiliyyətli əhalisini əhatə edə biləcək pulsuz tibbi xidmət göstərilməsinə hüquq verəcək sığorta ödənişlərinin  tutulmasının mexanizmini düşün-mək lazımdır. Başqa sözlə, dövləti sosial ödənişi kimin - işəgötürənin, ya işçinin ödəməsi məsələsi narahat etməməlidir. Onda işə götürülən istənilən ağıllı insan işəgötürənə tamamilə əsaslandırılmış tələblər təqdim edəcək. 

Hazırda dövlət tibbi qurumlarında xidmətin pulsuz olduğu nəzərə alınanda belə bir sual yaranır ki, MTS  sisteminə keçmək Azərbaycana nə verəcək? Özü də Səhiyyə Nazirliyi qeyd edir ki, MTS tətbiq ediləndən sonra dövlət büdcəsi tərəfindən maliyyələşdirilən baza tibbi xidmətlər zərfi pulsuz qalacaq. 

Bu sualın cavabı sadədir. Dövlət tibbi yardım sistemində səhiyyə tamamilə dövlət büdcəsindən maliyyələşdirilir, sığorta sistemində isə maliyyələşdirmə müəssisələrin, idarələrin, müxtəlif mülkiyyət və təşkilati-hüquqi formalı təşkilatların ödənişləri, fiziki şəxslərin üzvlük haqları hesabına gerçəkləşdirilir. Vətəndaşlara xüsusi tibbi sığorta kartları veriləcək, oradan göstərilən xidmətlərin dəyəri çıxılacaq. MTS maliyyələşdirmənin"özəyini" dəyişir - xidmətin özünə yox, onun nəticəsinə pul verilir. Bu da mümkündür ki, pulsuz tibbi xidməti yalnız sığorta rüsumlarını vaxtında ödəyənlər alacaqlar. Hər halda, bu da hansı MTS modelinin seçilməsindən asılı olacaq. 

Daha bir məqam isə əhalinin pulsuz tibbi xidmətə tələbatının nə qədər olması ilə bağlıdır. Axı bizim çoxumuz hesab edirik ki, "əgər pulsuzdursa, deməli pis və keyfiyyətsizdir"  və bahalı özəl klinikaların xidmətinə müraciət edirik. 

Göründüyü kimi, MTS-in tətbiqi ilə bağlı suallar çoxdur. Buna görə də dövlət məmurları onun mərhələli tətbiqinə tərəfdardırlar. Yeri gəlmişkən, Səhiyyə Nazirliyi yeni tibbi müəssisələrinin tikintisi  və köhnələrinin təmiri ilə yanaşı, MTS-in tətbiqinin praktiki yollarının tapılması ilə bağlı ciddi iş aparır. Bu iş bütün maraqlı dövlət qurumlarında davam etdirilir. Onlar da bu fikirdədirlər ki, tibbi yardım göstərilməsinin ən optimal təşkilati forması MTS-dir. Bir daha qeyd edirik: vətəndaşların həmişə alternativ seçimi var  - ya MTS sisteminin yaradılmasını gözləməli, ya da könüllü tibbi sığortaya müraciət edilməlidir.


MƏSLƏHƏT GÖR:

509