
KARTON EVCİYİN DAĞILMASI
Levon Ter-Petrosyanın qorxusu çin çıxdı: Ermənistan iqtisadiyyatı borcların altında çökdü
Müəllif: Nurlanə QULİYEVA Bakı
Beləliklə, MDB-də ilk dəfə olaraq dünya böhranı nəticəsində Ermənistan iqtisadiyyatı çökdü. Təbii ki, bunda qəribə heç nə yoxdur. Əksinə, çoxları təəccüblənir ki, indiyə kimi bu prosesi necə ləngitmək mümkün olub. Ancaq ermənilərin çox sevdiyi ifadə ilə söylənsə, "çox zülümlər" gözlənən dönəm başlayıb. Amma hər halda, hiyləgər erməni hökuməti milli valyutanı devalvasiya edəcəyini bəyan etmək üçün uyğun zaman seçib. Bu, demək olar ki, Dünya Bankının (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) təmsilçilərinin dünya iqtisadi böhranının təsirlərinin nəticələrini aradan qaldırmaq üçün Ermənistana kredit verməyə hazır olduqlarını bəyan etməsi ilə eyni zamanda baş verdi.
Erməni devalvasiyası
Nədənsə, erməni hakimiyyətinin öz xalqı üçün kədərli sürprizləri həmişə marta təsadüf edir. Ermənistan hakimiyyətinin xalq üsyanını vəhşicəsinə dağıtmasından düz bir il sonra bu ölkənin hökuməti ermənilərə daha bir "xidmət" göstərdi. 2009-cu il martın 3-də səhər-səhər Ermənistan mərkəzi bankının (MB) sədri Artur Cavadyan gözlənilmədən mətbuat konfransı keçirərək, MB-nin valyuta hərraclarında iştirakının məhdudlaşdırılacağını və "üzən dram" siyasətinə keçiləcəyini bəyan etdi. Onun bəyanatından dərhal sonra dolların məzənnəsi 305 dramdan 370 drama qalxdı, axşam isə 400 dramlıq həddi keçdi. Ermənistanda panika başladı. Xalq valyuta və dükanlardan köhnə qiymətlərlə ərzaq almağa qaçdı. Buna cavab olaraq, az-çox tanımış mağazalar şəbəkələri fəaliyyətlərini dayandırdı, başqaları isə tələm-tələsik qiymətləri qaldırdı, bəzən hətta ifrata vardılar. Yalnız ertəsi gün baş nazir Tiqran Sarkisyan bəyan etdi ki, dolların qiyməti 360 - 380 dram arasında dəyişəcək və o, Rusiyada tətbiq edilən üzən devalvasiyanı tənqid etdi.
Qeyd edək ki, Ermənistan bu addımı atmağa məcbur olan ilk MDB ölkəsi deyil: artıq adı bununla bağlı çəkilmiş Rusiya ilə yanaşı Belarus və Qazaxıstan da valyutalarını müəyyən səviyyəyə qədər endirməyi qərara alıblar. Amma Ermənistan dramı bazarın taleyinə buraxaraq, özünəməxsus mövqe tutdu. Lakin... ertəsi gün dramın məzənnəsini bir dollar üçün 370 dram səviyyəsinə qaytardı.
"Əslində, 3 martda hamının gözlədiyi iş baş verdi", - deyə bu hadisələrlə bağlı parlamentin maliyyə-kredit və büdcə məsələləri üzrə komissiyasının sədri Qagik Minasyan bildirib. Onun sözlərinə görə, ötən ilin sonlarından mərkəzi bank elan edilmiş sərbəst məzənnə siyasətindən geri çəkilərək, bu keçidi xalq üçün daha yumşaq etmək naminə dramın məzənnəsini müəyyən sərhədlər daxilində saxlayıb. "Bank sistemi elə olmalıdır ki, 100 faizlik depozit lazım olanda bank əmanətçilərin tələbini yerinə yetirə bilsin",- deyə Q.Minasyan vurğulayıb. Ermənistan maliyyə nazirinin müavini Vardan Aramyan əmindir ki, dramın devalvasiyası obyektiv vəziyyətdir və maliyyə-iqtisadiyyat bazarında təsirli olan üç amili - ticarət şərtlərini, kapital axınını, məhsuldarılığı düzgün əhatə edir. Onun fikrincə, bu amillərin dəyişməsi məzənnənin dəyişməsinə gətirib.
Məzənnənin ardınca məntiqi olaraq, ÜDM də düşür. Ölkənin maliyyə naziri Tiqran Davtyan düşünür ki, ilin yekunlarına görə Ermənistanın real ÜDM-ində 1,5 faizlik azalma mümkündür. Ermənistan hökuməti təcili qaydada 2009-cu ilin dövlət büdcəsinin rüb-rüb planlaşmasına, sərt iqtisadiyyat rejiminə keçmək barədə qərar qəbul edib və sosial yönümlü olmayan xərcləri azaltmaq niyyətindədir. Nədənsə, müdafiə sahəsinə xərclər də sosial yönümlü sayılıb, halbuki onsuz da müflisləşmiş dövlətin hansı müdafiə qabiliyyətindən danışmağa dəyər.
Hər şeyin öz vaxtı var
İstənilən halda, indi analitiklərin çoxu düşünür ki, niyə hər şey məhz indi baş verməli idi? Axı heç kimdən sirr deyil ki, erməni iqtisadiyyatı daxili amillərdən çox az asılıdır. Ölkədə istehsal səviyyəsi aşağıdır və maliyyə-bank bölməsinin inkişafı daha aşağı həddədir. Bu iqtisadiyyat əsasən xarici borcların və dotasiyaların hesabına yaşayır. Göründüyü kimi, dotasiyalar böhran nəticəsində azalıb. Amma böhran hələ ötən ildən başlayıb və görəsən, erməni hökumətini dramın məzənnəsini saxlamağa nə məcbur etmişdi?
"Bütün bunlar ona aparır ki, elə bunsuz da kasad olan və dramın məzənnəsinin sabitliyi üçün qurban masasına atılan xarici valyuta ehtiyatları, mütəmadi olaraq, gündən-günə əriyir, istehsal həcmləri də azalır və inadla elə ana yaxınlaşılır ki, artıq həmin an Ermənistan iqtisadiyyatının gerçək durumunu gizləitmək mümkün olmayacaq. Əslində isə dünya maliyyə-iqtisadi böhranı Ermənistan iqtisadiyyatına yetərincə müvafiq təsirlər göstərərdi. Amma bundan ötrü hökumətin böhranla mübarizə üçün müvafiq addımlar atması şərt idi. Başqa sözlə, hökumət tərəfindən görülən tədbirlər iqtisadiyyatı içindən dağıdır", - deyə daha öncə "Haykakan Jamanak" qəzeti yazırdı.
Hətta Ermənistanın özündə də çoxları sanırlar ki, hakimiyyət dramın məzənənəsinin martın 1-ə kimi süni yollarla saxlayıb. Bir il qabaq prezident seçkilərindən dərhal sonra müxalifət və güc strukturları arasında qanlı toqquşmalar olmuşdu. O zaman 10 nəfər həlak olmuşdu. Hakimiyyət bilirdi ki, bu il Ter-Petrosyan tərəfdarları böyük mitinq planlaşdırıblar və bu mitinq baş tutmuşdu. Eks-prezidentin mitinqdə öncədən dedikləri iki gün sonra gerçəkləşdi. "Ölkə uçuruma yuvarlanır. Yaxın zamanlarla hakimiyyət dramın məzənnəsini süni yollarla saxlamaq siyasətindən əl çəkməli olacaq. Və dram sadəcə çökəcək",- deyə o vurğulamışdı.
Bununla yanaşı, dramın devalvasiyasının başqa, daha praktik və gerçəyə uyğun versiyası da var. Amerikanın "Stratfor" (Strategic forecast) araşdırma mərkəzinin analitiklərinin fikrincə, Ermənistanın maliyyə hakimiyyətinin əl atdığı bu üsul göstərir ki, ölkənin iqtisadiyyatı çox pis vəziyyətdədir və Yerevanın başqa seçim imkanı qalmayıb. Həm də aydın olub ki, respublikada onsuz da kasad olan pul ehtiyatları tükənir. "Bu gerçəklik Ermənistan hakimiyyətini xaricdən maliyyələşmə əldə etmək üçün bazara valyuta interverensiyası praktikasından əl çəkməyə vadar etdi. Bu isə milli valyutanın bir gün ərzində kəskin düşməsi ilə nəticələndi", - deyə mərkəzin ekspertlərinin dərc etdirdiyi məqalədə bildirilir.
Təsadüfi deyil ki, Ermənistan mərkəzi bankının (MB) rəhbəri ilə demək olar ki, enyi vaxtda Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankının (DB) təmsilçiləri də çıxış ediblər. DB tamamilə Ermənstan MB-nin qərarını dəstəkləyib və bu ölkəyə $525 mln kredit verməyə hazır olduğun bildirib. Öz növbəsində BVF də xarici valyuta ehtiyatlarını dəstəkləmək üçün Ermənistana $540 mln vermək imkanlarına baxdığını bəyan edib. Özü də bunun $239 mln.-unu ölkə proqram təsdiq olunandan dərhal sonra əldə edə bilər. "Ermənistan MB-nin bir tərəfdən DB və o biri tərəfdən BVF ilə bu cür razılaşmış hərəkətləri güman etməyə imkan verir ki, Ermənistan maliyyə hakimiyyətinin milli valyutanın dəstəklənməsindən imtina etməsi kreditlərin verilməsi üçün erməni tərəfi qarşısında qoyulmuş əsas şərt olub", - deyə "Armenian today" bildirir.
Ermənistan iqtisadiyyatının nə qədər dayana biləcəyini bu ölkənin hökumətində heç kimi deyə bilmir. Amma xalqa hələ ki iki şey - beynəlxalq qurumların və Rusiyanın kreditləri təskinlik verir. Ümid etməyə ayrı bir şey yoxdur.
Manat nəzarət altındadır
Beləliklə, Ermənistan öz xarici borclarını qovuq kimi köpdürür və bununla da ölkəsini nəinki az və ya çox strateji önəmə malik olan obyektlərini satın almış Rusiyadan, həm də BVF və DB-də əsas söz sahibi olan ABŞ-dan da asılı vəziyyətə salır. Hər şey demək olar ki, Gürcüstanda olduğu kimidir, qonşu ölkə hökumətinin vədlərinə xilaf olaraq, 2009-cu ilin mart ayına kimi xarici borcunu 30 faiz artırıb. Dövlət borcunun artması bir neçə səbəblə - London birjasında hökumət istiqrazlarının satılması ($500 mln), larinin məzənnəsinin aşağı düşməsi və Güney Osetiyadakı müharibədən sonra müxtəlif beynəlxalq təşkilatlardan kreditlərin alınması ilə izah edilir.
Ancaq bu gün regionda yeganə dayanaqlı və iqtisadi cəhətdən müstəqil ölkə Azərbaycanı saymaq olar. 2008-ci ilin yekunlarına görə, ölkənin dövlət tərəfindən zəmanət verilən xarici borcu 2,686 mln manat olub. Bu, ümumi daxili məhsulun (ÜDM) yalnız 7,1% -nə bərabərdir ki, yolverilən normadan çox aşağıdır. Maraqlıdır ki, qonşularda baş verən proseslərin fonunda Azərbaycan Milli Bankının (AMB) başçısı milli valyutanın kəskin devalvasiyasının yolverilməz olduğunu bildirir. Bu açıqlama son bir ayda manatın məzənnəsinin tezliklə düşəcəyi barədə təkidlə yeridilən dedi-qodulara cavab oldu. Manat depozit hesablarının dollara çevrilməsi faktları təkcə fiziki şəxslər tərəfindən deyil, hüquqi şəxslər tərəfindən də gerçəkləşdirilib və bu az deyil. Böhran qarşısında dünyanın, hətta ən inkişaf etmiş ölkələrinin və iqtisadi sistemlərinin də dayana bilmədiyi nəzərə alınarsa, bu cür narahatlığı anlamaq olar. Ancaq AMB başçısının cavabı dəqiq oldu: Azərbaycan gündəmində devalvasiya məsələsi yoxdur.
Məsələ bundadır ki, bu ilin ilk iki ayı ərzində AMB tərəfindən valyuta satışı cəmi $300 mln. olub. AMB-nin strateji ehtiyatları dövriyyədə olan manat kütləsindən iki dəfədən də çoxdur. Bu lazım olandan da artıqdır. Məhz buna görə ilin əvvəlindən milli valyutamız dollara baxanda yalnız 0,5% ucuzlaşıb, avroya baxanda isə əksinə - 9% möhkəmlənib. Xarici ticarət əməliyyatlarında əsas həcmin dolların payına düşməsi nəzərə alınanda, manatın avroya baxanda möhkəmlənməsinin yerli ixracatçılara heç bir mənfi təsir göstərmədiyi ortaya çıxır. Deməli, qorxulu heç nə yoxdur.
MƏSLƏHƏT GÖR: