
MÜHARİBƏ ASTANASINDA
Pxenyanla Seul bir-birini qarşılıqlı zərbələrlə hədələyir
Müəllif: Mehman MİRZƏYEV Bakı
Koreya yarımadasında yenə müharibə kabusu dolaşmaqdadır. Şimalda sosialist, cənubda isə kapitalist quruluşlu iki Koreyanın mövcud olduğu yarıməsrlik tarix boyunca, tərəflər dəfələrlə bir-birinə kimin daha qüdrətli dövlətə malik olduğunu sübut etmək istəyiblər. Amma bu dəfə vəziyyət bir qədər fərqlidir: hazırkı böhran nüvə silahından istifadəyə yol aça bilər. Məhz buna görə, dünya birliyi Asiyanın bu bölgəsində baş verənləri narahatlıqla izləyir.
"Süd yolu"" və " qətiyyət"
Martın 8-də Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) Koreya Respublikasının (Cənubi Koreya) hərbi komandanlığı ilə mövcud olan yeganə rabitə əlaqəsini kəsdi və özünün hərbi qüvvələrinin tam hazırlıq vəziyyətinə gətirildiyini bəyan etdi. Pxenyanın bu addımı Seulla Vaşinqtonun martın 9-20-də yarımadanın cənubunda "Ki rizolv" adı altında birgə hərbi təlimlərinin keçirilməsinə cavab idi.
Düzünə qalsa, ABŞ-la Cənubi Koreya bu cür təlimləri hər il keçirir, amma budəfəki təlimlər öz miqyasına görə əvvəlkiləri kölgədə qoyur: "Ki rizolv"da Amerika tərəfdən 26 min hərbçi, "Con Stennis" atom təyyarə gəmisi, Hərbi Dəniz Qüvvələrinə məxsus və üzərində "İdjis" Havadan Müdafiə Sisteminin quraşdırıldığı gəmilər, həmçinin müasir F-22A Raptor qırıcı təyyarələri iştirak edir.
Amerikalıların təlimlərə bu cür böyük miqyasda qatılması Şimali Koreya hökumətində belə təsəvvür yaradıb ki, "ABŞ-ın yeni administrasiyası özünün cənubi koreyalı marionetlərinin əli ilə KXDR-in suverenliyinə qəsd etməyə hazırlaşır".
Buna cavab olaraq, Koreya münaqişəsinin bütün tarixi boyu, ilk dəfə olaraq, Pxenyan rəqibin sərnişin laynerlərinin də təhlükədə olduğunu bəyan edib: "Hərbi təlimlərin getdiyi dövrdə rəsmi Pxenyan bizim hava sərhədimizdən (xüsusilə də Yapon dənizi istiqamətində) keçən Cənubi Koreyanın sərnişin təyyarələrinin təhlükəsizliyinə zəmanət verə bilməyəcək".
Amma hazırda yaşanan intriqanın əsasını bu hədə-qorxu yox, Şimali Koreyanın kosmosla bağlı planları təşkil edir.
Məsələ bundadır ki, hələ fevral ayında Pxenyan "eksperimental rabitə peykli" "Inxa-2" ("Süd yolu") raketini orbitə buraxmaq niyyətini açıqlamışdı. ABŞ-la Cənubi Koreyanın birgə təlimlərinin üçüncü günü isə KXDR bəyan etdi ki, bu peyk 2009-cu il aprelin 4-dən 8-dək orbitə buraxılacaq.
Öz növbəsində, Cənubi Koreya, Yaponiya və Birləşmiş Ştatlar Pxenyanın bu niyyətini özlərinə qarşı birbaşa təhlükə kimi qiymətləndirirlər. Onların versiyasına görə, Şimali Koreyanın peyki "Tepxodon-2" qitələrarası ballistik raketinin daha təkmilləşdirilmiş modelidir - bu raket isə hətta ABŞ ərazisini də vura bilər.
Digər tərəfdən, söhbət doğrudan da, rəsmi Pxenyanın iddia etdiyi kimi, sırf dinc məqsədli peykin buraxılmasından getsə belə, yenə də "Inxa-2"nin orbitə çıxarılması BMT Təhlükəsizlik Şurasının 1718 saylı qətnaməsinə ziddir. Xatırladaq ki, bu qətnamə Pxenyana ballistik raketlər hazırlamağı qadağan edir. Cənubi Koreyanın xarici işlər naziri Yu Men Xvan və ABŞ prezidentinin KXDR üzrə xüsusi nümayəndəsi Stiven Bosuort da şimali koreyalılara məhz bunu xatırladıb. Yaponiyanın müdafiə naziri Yasukadzu Xamada isə hətta xəbərdarlıq edib ki, "Inxa-2" ölkənin təhlükəsizliyinə xətər yetirərsə, raket məhv ediləcək.
Bu bəyanatlara Pxenyanın cavabı da kifayət qədər sərt olub: KXDR bildirib ki, ABŞ, Cənubi Koreya və Yaponiya "Inxa-2"ni məhv etməyə cəhd göstərsə, güclü zərbə alacaqlar.
Bir sözlə, yeni Koreya müharibəsi təhlükəsi getdikcə reallaşır.
Sülh müqaviləsi yoxdur
Dünya birliyi regiondakı "barıt çəlləyi"nin gec-tez partlayacağını çoxdan gözləyir. Çünki yalnız iki Koreyanın və xarici qüvvələrin sülh istiqamətində səyləri bunun qarşısını ala bilər, bu istiqamətdə isə hələ də real nəticə əldə olunmayıb.
1953-cü ildə Koreya yarımadasında müharibənin başa çatmasına baxmayaraq, ABŞ və KXDR formal olaraq, hələ də müharibə şəraitindədirlər. Çünki bu ölkələr arasında sülh müqaviləsi hələ də imzalanmayıb. Şimali Koreya gizlətmir ki, Seul Vaşinqtonla hərbi ittifaqda olmasaydı və bu ölkədə ABŞ hərbi bazaları yerləşməsəydi, Cənubi Koreya çoxdan Şimalın nəzarətinə keçərdi. Xatırladaq ki, KXDR hələ də hesab edir ki, onun sərhədləri iki ölkə arasındakı ayırıcı xətdən (bu xətt məhz amerikalı generalların təkidi ilə çəkilib) yox, daha cənubdan keçməlidir. Və məhz buna görə bu ərazidə mütəmadi olaraq silahlı toqquşmalar qeydə alınır. Məsələn, 1968-ci ildə şimali koreyalılar öz sahilləri yaxınlığında ABŞ-a məxsus "Pueblo" casus-cəmisini ələ keçirmişdi, KXDR-in xüsusi təyinatlıları isə birbaşa Cənubi Koreyanın siyasi həyatının mərkəzi sayılan Seuldakı "Mavi evə" hücum etmişdilər. O vaxt böyük çətinliklə yeni müharibənin qarşısını almaq mümkün oldu.
1999 və 2002-ci illərdə isə Şimalla Cənub arasında əməlli-başlı dəniz döyüşləri gedirdi. Və bu döyüşlər nəticəsində Seul Koreya Respublikasının hazırkı sərhədlərinə olan hüququnu qoruyub saxlaya bildi.
Qeyd etmək lazımdır ki, daim ideoloji səbəblərlə bağlı olan koreya münaqşəsi, son vaxtlar daha çox, texnoloji xarakter almağa başlayıb. 2006-cı ildə Şimali Koreyanın kommunist rejiminin atom texnologiyalarına yiyələnməsi bu münaqişədə "dönüş nöqtəsi" sayıla bilər. Düzdür, Pxenyanın nüvə silahını sınaqdan keçirməsi ölkədəki ağır iqtisadi böhran fonunda baş verdi: yalnız onu qeyd etmək kifayədir ki, son illər KXDR-də yüz minlərlə vətəndaş aclığın qurbanı olub.
Bu ilin yanvarından etibarən koreyalararası gərginlik artıq yeni - "ballistik" mərhələyə qədəm qoydu. Pxenyan Cənubi Koreyadakı ABŞ hərbi birləşmələrinin sayının artırılmasını özünə qarşı təcavüz planı kimi dəyərləndirərək, son illər ərzində Cənubi Koreya ilə əldə olunmuş bütün razılaşmaları (o cümlədən, sərhədlə bağlı müqaviləni) ləğv etdi.
Rəsmi Seul isə öz növbəsində bəyan etdi ki, Pxenyan iki ölkə arasında əldə olunmuş bütün pozitiv irəliləyişləri pozur və birbaşa müharibə təhlükəsi yaradır.
Odur ki, ABŞ-Cənubi Koreya birgə hərbi təlimləri və Şimali Koreya peykinin buraxılması planı ilə başlamış hazırkı gərginlik, 1953-cü ildən davam edən "sülh qarşıdurması"nın kulminasiyası hesab edilə bilər.
"Qüdrətli dövlət" üçün variantlar
Yaranmış vəziyyətin mürəkkəbliyi göz qabağındadır. Amma istənilən halda, məsələni şişirtmək də olmaz. Mümkündür ki, Şimali Koreyanın öz nüvə proqramının reallaşdırılmasında nümayiş etdirdiyi növbəti inadkarlıq, KXDR-in elementar ehtiyaclarını ödəmək istəyi ilə bağlıdır. Axı, dəfələrlə şahidi olmuşuq ki, öz əzələlərini nümayiş etdirən Pxenyan yalnız bir məqsəd güdür: nüvə silahından imtina müqabilində, Qərbdən və cənublu soydaşlardan ərzaq və yanacaq almaq. Amma şimallılar bu fənddən cənubda konservator Li Men Bakın hakimiyyətə gəlməsinədək istifadə edə bilirdi. Li Men Bak isə Pxenyana istənilən yardım (məlum olduğu kimi, KXDR əsasən Cənubi Koreya düyüsünün hesabına yaşayır) üçün şərt kimi Şimali Koreyanın birmənalı olaraq denuklearizasiyasını irəli sürüb.
Hadisələri analiz etdikdə o da aydın olur ki, Pxenyanın məqsədi yeni Amerika administrasiyasının diqqətini cəlb etməkdir. Şimali Koreyanın rəhbərliyi 1994-cü ildə demokrat-prezident Bill Klintonla əldə olunmuş razılaşmanı yaxşı xatırlayır - o zaman KXDR özünün atom proqramını müvəqqəti olaraq dondurmağın müqabilində, ölkəni aclıq təhlükəsindən qurtara bilmişdi. Lakin sonradan Ağ evə sahib çıxmış respublikaçı Corc Buş Pxenyanla razılaşmanı dayandıraraq, bu ölkəni iqtisadi təcrid siyasəti ilə zəiflətmək kursunu götürdü. Amma hətta C.Buş administrasiyası da bəzən mövqeyini yumşaltmağa məcbur olurdu və Kim Çen İrin "nüvə oyunları"nı dayandırması müqabilində, bu ölkəyə yardımı bərpa edirdi.
Bu gün də əzələ nümayiş etdirən Pxenyan, əsas prioritet kimi qlobal iqtisadi böhran, Yaxın Şərq, İran və Əfqanıstan problemlərini qabardan Barak Obamanın diqqətini cəlb etməyə çalışır. Amma istisna etmək olmaz ki, Obama və Li Men Baka təsir göstərə bilməsə, Pxenyan şantajdan real addımlara keçə və İrana nüvə texnologiyalarının inkişafında yardım göstərə bilər.
Digər tərəfdən, Pxenyanın "özündən çıxması"nın ölkədaxili səbəbi də var. KXDR rəsmən özünün "raket-peyk" addımlarını hələ ötən əsrin 80-ci illərində başladığı kosmik proqramla əlaqələndirir. Bu proqram 2012-ci ildə KXDR-in "qüdrətli fövqəldövlət"ə çevrilməsini nəzərdə tuturdu. Niyə məhz 2012? Bunun çox sadə cavabı var: 3 ildən sonra KNDR-in "ölməz rəhbəri", hazırkı prezident Kim Çen İrin atası Kim İr Senin anadan olmasının 100 illiyi qeyd olunacaq.
Bundan başqa, hazırda orbitə peykin buraxılması, həm də Kim Çen İrin xəstəliyinə dair yayılmış şayiələr fonunda şimali koreyalılarda dövlətlərinin gücü və qüdrəti haqda fikir formalaşdırmağa da xidmət edə bilər.
Nəhayət, Şimali Koreya rejimi özünün zəif tərəflərini bilməmiş deyil. Pxenyanda yaxşı anlayırlar ki, ABŞ kimi qüdrətli dövlətlə müharibə KXDR üçün çox pis nəticələnə bilər. Doğrudur, bu gün KXDR-in ordusunun sayı 850 minə çatır, üstəlik Pxenyan istənilən an daha 4 milyon ehtiyatda olan hərbçini də səfərbər edə bilər. Amma bu dövlətin müasir silah-sursat texnologiyası (burada söhbət zirehli texnika, donanma, aviasiya və hava hücumundan müdafiə sistemindən gedir) yoxdur. Şimali Koreya ordusunda yalnız yüngül silah növləri var, müharibəni yalnız "Kalaşnikov" avtomatları ilə silahlanmış piyada qoşun hesabına udmağın mümkün-lüyünə isə ancaq diletantlar inana bilərlər.
KXDR rəhbərliyi isə diletantlardan ibarət deyil.
Digər tərəfdən, müharibə başlayacağı təqdirdə, Şimali Koreya hərbi texnika üçün yanacaq belə tapa bilməyəcək.
Üstəlik, onu da nəzərə almaq lazımdır ki, Pxenyanın addımları ənənəvi olaraq KXDR ilə yaxşı münasibətlərdə olan Rusiya və Çinin də dəstəyini qazanmayıb. Moskva ilə Pekin bütün tərəfləri "təmkinli olmağa" və "regionda sülh və sabitliyi poza biləcək addımlardan çəkinməyə" çağırıb.
Odur ki, Pxenyan əzələ və güc nümayiş etdirsə də, danışıqlar masasına əyləşməkdən birmənalı şəkildə boyun qaçırmağa cəsarət etməyəcək.
Digər tərəfdən, ABŞ-ın o qədər də sərt olmayan reaksiyasından da belə görünür ki, Barak Obama da problemin diplomatik yolla nizamlanmasına qarşı deyil. Dövlət katibi Hillari Klinton bəyan edib ki, Pxenyan "Inxa-2" raketini orbitə buraxarsa, Vaşinqtonun bir neçə "variantı" (o cümlədən, BMT Təhlükəsizlik Şurasına müraciət) var. Bununla yanaşı, dövlət katibi ABŞ prezidentinin regiondakı xüsusi nümayəndəsinin yaranmış vəziyyəti müzakirə etmək üçün Pxenyana dəvət almamasından təəssüfləndiyini də vurğulayıb.
MƏSLƏHƏT GÖR: